Biz imzaları yox, əsərləri dərc edirik...

“Xəmsə” üslubunda sufi terminologiya sistemi – Zəhra Allahverdiyeva yazır
257
06 May 2021, 12:01
 Artkaspi.az saytı Zəhra Allahverdiyevanın "Xəmsə” üslubunda sufi terminologiya sistemi” adlı yazısını təqdim edir:
 
 Sufizm və onun terminologiya sistemi son dövrlərdə mütəxəssislərin diqqətini əsaslı şəkildə cəlb etməkdədir. Xüsusən sufi poeziyası və lüğətlərinin öyrənilməsinə marağın artması buna parlaq sübutdur. Zəngin və çoxşaxəli poetik-fəlsəfi üslubi xüsu­siyyətlərilə seçilən Şərq poeziyasına məxsus sufi terminləri əslində çox da geniş sistem təşkil etmirlər. Buna baxmayaraq, poeziyada sufi simvollarının analoji funksiyalarının inkişafı və poetik obrazların zənginləşməsi hesabına bu terminlər geniş inkişaf etdirilmişdir.
 Ümumiyyətlə, orta əsrlər dövründə sufizm fəlsəfəsinin nəzəri əsasları inkişaf etdikcə, praktiki həyatda rolu və təsiri möhkəmləndikcə, sufi terminləri ədəbiyyata geniş nüfuz etdi və qanunauyğun olaraq, poeziyada sufi simvolikasına aid terminlər yaranaraq sistemə çevrildi.
 Məlum olduğu kimi, sufi terminləri islami inkişaf döv­ründə Qurana, İslam dininin əsaslarına bağlanırdı. Məşhur şərqşünas Y. E. Bertelsin də qeyd etdiyi kimi, "Quranın dinlə­nilməsi” ilə bu terminlərin qeydə alınmasına təbii və qətiyyətli keçid mümkün olmuşdur. [3,58]
 Həm də bu terminlərin formalaşması və yayılması fəlsəfə tarixinin inkişafı ilə bağlıdır.
Beləliklə, ədəbiyyatda fəlsəfi fikrin inkişafında mühüm rol oynayan bu terminlər, həm də poetikada əsas üslub göstəri­cilərindən birinə çevrilir.

Bu terminlərin Nizami "Xəmsə”sində spesifik xüsu­siyyət­lərini izləmək mümkündür. Şair bu terminlərdən çox sadə bir üslubla həqiqəti söyləmək, ilahi sirləri açmaq – Allahın birliyi (tövhid), Aləmin vəhdəti (vəhdəti-vücud), məhəbbət və mər­həmətdən yoğrularaq dünya adlı "bir mülkə” göndərilmiş insa­nın, cəmiyyətin əxlaqi dəyərlərinin inkişafında rolu, şahların ədalətə dəvəti, cəmiyyətin və idarəçiliyin ədalət üzərində qurulması və sair məsələlərin izah edilməsi üçün istifadə edir. Buna görə də, Nizami "Xəmsə”sində sufi terminləri şair tərəfin­dən xüsusi seçilmiş olan yaradıcılıq metodologiyasına uyğun müəyyənləşdirilmiş ədəbi - bədii qanunlara tabe edilmiş şəkildə istifadə olunmuşdur. Bu terminlərlə Nizami çox ehtiyatla, lakin səlist davranır. Həmçinin şair "Məxzənül-əsrar” əsərində yeri düşdükcə sufizmin yüksək mövqeyinə öz münasibətini də bildirir. Odur ki, yazır:
 Əhl-e yəqin taife-ye digərənd
 Ma həme payeim gər işan sərənd. [6,130]
 - Yəqin əhli başqa bir tayfadır,
 Biz hamımız ayaq, onlarsa başdırlar.
Xacu Kirmani:
 عاشقان را نبود نام و نشانی پیدا
 زانکه این طایفه را نام و نشانی دگرست [10,67]
 Aşiqlərin ad və nişanı peyda olmaz,
 Ondan ötrü ki, bu tayfanın ad və nişanı başqadır.
Sufi terminləri orta əsrlər ədəbiyyatında daha geniş vüsət aldığından, onlar Nizami davamçılarının "Xəmsə” yaradıcılığında bir sıra mühüm tipoloji xüsusiyyətlərilə diqqəti cəlb edir. ”Xəmsə” yaradıcılığı üzrə bu termilərin təsnifatını aşağıdakı qayda üzrə aparmaq mümkündür:
1. Sufizmin mərhələlərinə (şəriət, təriqət,mərifət, həqiqət) aid terminlərin işlənməsi –seyr-süluk (səfər), salik (yolçu,) mə­qam, tövbə, halal-haram, zöhd, fəqr, səbr, təvəkkül, qürb (Allaha yaxınlıq), məhəbbət, xouf (qorxu), rəca (ümid), şövq, yəqinlik, fəna-bəqa və s.
2. Poetik ədəbi obraz və sufi simvollarına çevrilmiş adlarla bağ­lı termin sistemi-Allahın adları ilə bağlı terminlər (İzzəd, Əbəd, Əzəl, Əhəd və sair) Kəbə, rah, rahnüma, abid, cənnət, sidr, deyr, pir, rahib, səma, mehrab, süxən, sirr, eşq, vəfa, səbuh, röv­zə, afetab, Ay, mah, səbuh, səccadə, göz, qaş, dodaq, xal, məst, huşyarlıq (bidari), şərab, mey, cam, saqi, piri-muğan, muğbeçə, meyi-səbuhi, meyi- gülgun və sair saqinamə kom­ponentinə aid çoxlu perefrazlar nəzərdə tutulur.
Sufi ədəbiyyatının müasir tədqiqatçısı Nəsib Göyüşov haqlı olaraq yazır: ". . . pak Haqq sevgisini pak İslam hikmətindən və Quran işığından ayrı düşünmək qeyri-mümkündür. ” [9,8]
Nizaminin "Xəmsə” də işlətdiyi sufi terminləri Quran hə­qiqət­lərinə yönəldilmişdir. Məsələn, "yol” – "rah” sufi terminini nəzərdən keçirək. Quranın Fatihə surəsindən 6-cı – "İhdinəs sirətəl-müstəqim” – "Bizi doğru yola hidayət et”- ayəsi ayrı-ayrı sənətkarların yaradıcılığında geniş istifadə olunmuş, sufi termini olaraq- rah-yol . "rah-e həqiqət” işlək forma almışdır. "Yol” sufi termini olaraq, "tərəqqi çevrəsi qövsündə ən aşağı mərtəbələri (pillələri) ifadə edir. ” [3,151] Nizami Gəncəvinin "Xosrov və Şirin” əsərinin "Minacat” hissəsində fikrə diqqət yetirək:
رهی دارم بهفتاد و دو هنجار
از او یک ره گل و هفتاد و یک خار
عقید مرا درین ره کش عماری
که هست آن راه راه رستگاری
ترا جویم ز هر نقشی که دانم
تو مقصودی ز هر حرفی که خوانم
ز سرگردانی تست اینکه پیوست
بهرنااهل و اهلی درزنم دست
 بعزم خدمتت برداشتم پای
گر از ره یاوه گردم راه بنمای [8,14]
 Bir yolum var, yetmiş iki cürdür.
 Onlardan biri gül, yetmiş biri isə tikandır.
 Bu yolda mənim əqidəmi o tərəfə çək ki,
 O yol, xilas yoludur.
 Tanıdığım hər bir naxışda səni axtarıram,
 Oxuduğum hər bir hərfdə məqsəd sənsən.
 Səndən üz döndərdiyimdəndir ki, daim
 Hər bir əhlə və naəhlə əl uzadıram.
 Sənə xidmət əzmi ilə yola düşürəm,
 Əgər yoldan büdrəsəm, mənə yol göstər.
 Sözün semantik mənbəyi –Allahın birliyi –tövhid elminə aparan doğru yol – anlamı, şairlər tərəfindən müxtəlif bədii-üslubi dəyişikliklərə məruz qalsa da, əsas fikir – başlanğıc semantika itirilmir. Fərqli, yaxud tipoloji fikirlər sistemində "yol” termin olaraq məcazi anlam kəsb edir və termin olaraq "semantik irəliləməsi və genişlənməsi” [12,91] digər əlavə olunmuş komponentlərin birləşməsi ilə baş verir.
 Nəvainin "Heyrətül-əbrar”ında termin sabit xarakterini qoruyub saxlayır:
 Yolıda can-ü könül eylep fida,
 Can-ü köngüldin anqa kıl iktida. [1,340]
Füzulinin "Leyli və Məcnun”unda terminin tipoloji, lakin daha dəqiq və səlist ifadə olunmuş forması nəzərə çarpır. "Rahi tələbimdə biqərarəm” söyləyən şair yazır:
 Doğru yola getmədim nə hasil?
 Bir mənzilə yetmədim nə hasil?
 Hər ərsədə hər əsər ki, gördüm,
 Sənsən deyib ol əsər, yügürdüm. [5,12]
Yaxud:
 Bu rahdan etmək olmaz ikrah,
 Xoş rahdurur sənə gedən rah. [5,13]
İlahi həqiqətə aparan "yol” termini bədii əsərlərin tovhid və minacat hissələrində olmaqla, ənənəvi dini-fəlsəfi üslubun xü­su­siyyətlərini özündə daşıyır. "Xəmsə” davamçıları bu termin­lərin istifadə olunmasında çox zaman Nizami obrazlarından faydalan­mış­lar. Xacu Kirmani yaradıcılığında terminin semantik geniş­lənməsi diqqəti cəlb edir; təriqət şairi olmaqla (rah-e del) – qəlbin yolu, "düz yol” (rah-e rəvan) və sair formada sufi poeziyasının parafrazlarından istifadə edir. "Rah-e xoda gir və ze xod dərqozər”[11,124] - Allah yolunu tut və özündən keç,- söyləyən şair sufizmin dominant nəzəri görüşlərini əks etdirir.
Qeyd olunmalıdır ki, Əmir Xosrov və Cami yara­dıcılığında bu terminlə bağlı əslində Nizaminin fəlsəfi - poetik obrazlarının təkrarını izləyirik. Məsələn, Cami:
در راه تو عقل فکرت اندیش [4,24]
 Sənin yolunda ağıl fikrini azdı
Beləliklə, sufizmin inkişafı ilə əlaqədar bu terminlər hər bir sənətkarın bədii təxəyyülü və yaradıcılıq imkanlarından asılı olaraq ədəbi mühitin sınaqlarından keçir.
Sufizmin nəzəri bazası möhkəmləndikcə, ədəbiyyatda möhkəm kök salan bu terminlərin bir neçəsini "Xəmsə” ənənəsi üzrə nəzərdən keçirmək maraq doğurur.
"Aləm” –dünya, mülk anlamında "vəhdət” anlayışını bildirir, - ərşi-müəlla”(ən uca göy qatı - 9 –cu göy), aləmi-kübra (böyük aləm, kainat), "mülk-e əl ərş” və başqa adlarla ifadə olunur.
Nizaminin "Məxzənül-əsrar”ında dünya və insan obrazı "mülk” və "məmləkət” anlayışı ilə eyniləşdirilir və hər ikisinin vəhdətdə yarandığı göstərilir.
Beyt:
 چون ملک العرش جهان آفرید
مملکت صورت و جان آفرید [6,53]
 Elə ki, cahan mülkünü - ərşi qurdu,
 Surət və can məmləkətini yaratdı.
Surət – sufilərə görə, mütləq məna və vəhdətin zatının təcəllasıdır.
Aləm sözünün vəhdəti-vücud fəlsəfəsinə bağlılığını Əlişir Nəvai "Heyrətül-əbrar” əsərində aşağıdakı kimi aşıqlayır:
 Salik anı ərşi-müəlla dedi,
 Sufi anı aləmi-kübra dedi. [1,34]
Sufizmdə Allahın adlarının rəmzləşdirilməsi əsas üslub atributl­arından biridir; əzəl, əhəd, izzəd – adlarından ibarət ter­minologiya sistemi diqqəti cəlb edir. Bu adlar Nizami Gən­cə­vinin dilində daimi ideya qaynağı və üslub göstəricisidir. "Məx­zənül-əsrar” əsərində Peyğəmbərin meracına həsr olunan hissədə şair yazır:
 لطف عزل با نفسش همنشین
رحمت حق نازکش او نازنین [6,18]
 Əzəlin lütfü onun nəfəsiylə qovuşdu,
 Haqqın rəhmi o nazəninin (Peyğəmbərin) naz çəkəni (oldu)
"Xəmsə”lərdə əksər halda poetik obrazların terminlə eyniləşdirilməsi halları müşahidə olunur, bədii təsvir vasitələrinin tərəflərindən biri kimi çıxış edir.
Cami "Leyli və Məcnun” da:
 زد چون صبح عزل ز عشق دم
عشق آتش شوق در قلم زد [4,35]
 Əzəl sübhü eşqdən dəm vuran kimi,
 Eşqin atəş şövqünü qələmlə yazdı.
Əzəl - obrazı ilahi qüdrətin izahında monumental, həm də birmənalı mahiyyət daşıyır. Sufizmin müəyyən mərhələsində Əzəl- məşuqla eyniləşdirilir:
 معشوق ازل که اوست پیدا در دیدۀ عاشقان شیدا
 [4,91]
 Şeyda aşiqlərin gözündə
 Peyda olan məşuq - Əzəldir.
 Bidari- huşyarlıq, oyaqlıq - sufizmin 1-ci mühüm mərhələsini bildirən bu termin poeziyada mühüm əhəmiyyət kəsb edir. Qəlbin qəflətən oyanması sufizmdə mühüm şərtdir. "Oyaq qəlbin əhvalı” və "ilahi sirlərin izahı” poeziyada geniş əks olunmuşdur. Oyaqlığın antonimi qəflətdir. Qəflətdə olan insan Allahı, dünyanı, eşqi duymaqda acizdir. Nizami Gəncəvi "Məxzənül-əsrar”ın” 14-cü məqalətini "oyaq olmağın şərti” ad­landı­raraq ardınca "Zalım padşah və zahid” hekayəsini bu möv­zuya həsr etmişdir.
Vəfa- termini təsəvvüfdə İlahi (Əzəli) əhdin yerinə yetirilməsinə deyilir. Sufilərə görə. Iki şəxs arasında əhd bağlanarkən, İzzəd (Allah) özü onların arasında dayanır. Bütün "Leyli və Məcnun” müəllifləri "vəfa” termininə xüsusi önəm vermiş, fəlsəfi məna və poetik obrazlılıq baxımından dolğun işləmişlər. Nizami:
 
 چهد بآن کن که وفا را شوی
خود نپرستی و خدارا شوی
خاک دلی شو که وفایً دروست
و ز گل انصاف گیایً دروست
هر هنری کان زدل آموختند
بر زه منسوخ وفا دوختند [6,238-239]
 Ona cəhd et ki, vəfalı olasan,
 Özünə deyil, Allaha pərəstiş edəsən.
 Torpaq könüllü ol ki, vəfalılıq ondadır,
 İnsaf(ədalət) gilindən bitənlər ondadır.
 Hər bir hünər ki, onu ürəkdən öyrənirlər,
 Vəfa yayına möhkəm bağlanmışdır.
Əmir Xosrov, Xacu Kirmani, Cami, Füzuli kimi sənət­kar­lar bu termini "vəfa qanunu”, "aşiqlərin vəfa qaydası” və başqa formada işlənmişlər. Cami "Leyli və Məcnun”da:
 بشنید چو آن دعا و زاریش
قانون وفا و دوستداریش [4,91]
 Elə ki, onun duasını və ağlamağını eşitdi,
 Vəfa qanununu və dostluğunu (bildi)
Sufi terminlərinin böyük əksəriyyəti məzmunca işrət məc­lislərinə xas ədəb, zövq, maddi dünya və ruhani aləm haqqında nikbin, eləcə də nostalji hissləri ifadə edən şərab kompo­nentlə­rinin simvollaşdırılması zamanı yaradılmışdır. İrfani təfəkkürə uyğun olaraq, dünyanı dərkin zahiri və batini anlamda şərab və ona əlavə olunmuş komponentlərin daşıdığı ekzotik əlamət ezoterik mahiyyətlə əvəzlənir. Zahirən zövqə, eyş- işrət məc­lisinə aid poetik mənalandırmalar artıq təsəvvüfdə "əbədi ilahi zövq” və "Allah zatının təcəllası”nın ifadəsinə xidmət edir.
X əsrdən başlayaraq, şərab və onun komponentlərinin sim­vollaşması ilə bağlı terminlər poeziyaya geniş sirayət edir. Bu rəmzlərin köməyilə tematik ifadə dəyişdirilmədən sufizmin əsas müddəaları açıqlanır. Təsəvvüfdə "aşiqlər məzhəbi” nin halal obrazına çevrilən "mey” və ona qoşulan elementlər ilahi eşqə, onun sirlərinin izahına xidmət edir. "Leyli və Məcnun”da Nizami yazır:
 ساقی بکجا که می پرستم
تا ساغر می دهد بدستم
آن می که چو اشک من زلالست
در مذهب عاشقان حلالست
 [7,86]
 Saqi hardadır ki, mən meypərəstəm,
 Əlimə mey dolu sağəri versin.
 O mey ki, mənim göz yaşım kimi zülaldır,
 Aşiqlər məzhəbində halaldır.
 Beləliklə, qədim və orta əsrlər ədəbiyyatında sufi sim­vollarının formalaşması və yayılması fəlsəfi-estetik fikrin tari­xi inkişafı ilə bağlıdır və bu dövrün poeziyasında sufi ter­mino­lo­giyası və məcaz sistemi ilə sıx vəhdətdə inkişaf et­diril­mişdir.

Xəbər lenti