Biz imzaları yox, əsərləri dərc edirik...

Xaqani Şirvani. “Ərəbcə şeirləri” – filoloji tərcümələr
1707
06 İyun 2017, 09:36

 

ATV-nin "Parlaq imzalar”la birgə "ATV Kitab" seriyasının layihəsi çərçivəsində silsilənin növbəti – 14-cü nəşri dahi Azərbaycan şairi və mütəfəkkiri Xaqani Şirvaninin "Ərəbcə şeirləri”–filoloji tərcümələr kitabı işıq üzü görüb. Kitabın tərcüməçisi, "ön söz” və şərhlərin müəllifi AMEA-nın şöbə müdiri, qocaman şərqşünas alim, prof. İmamverdi Həmidov, redaktoru şair Səlim Babullaoğludur. Nəşrin elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru akademik Vasim Məmmədəliyevdir. 

Kitab Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə çapa hazırlanmışdır. Eyni zamanda titul vərəqində kitabın nəşrində yaxından iştirak etdiyinə görə Şabran rayon icra hakimiyyətinə, cənab Novruz Novruzova yaradıcı heyət adından minnətdarlıq qeydi yer alıb. 
"Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariq Xaqaninin "Ərəbcə şeirləri”nin nəşrin fundamental iş, gecikmiş, amma xoş və ciddi ədəbi hadisə hesab edir: "Bu bir ilkdir, sevindiricidir ki, bu ilkə də biz imza atmışıq...”

"ATV” layihəsinin rəhbəri Səlim Babullaoğlu kitabla bağlı deyir: "Klassiklərə yeni və təkrar-təkrar müraciətlər çağdaş sənət mühitləri üçün əvəzolunmaz xidmət göstərir, olduqca əhəmiyyətlidir. Xaqani kimi olduqca ciddi, "Ümumşərq ədəbi-mədəni hadisəsi”ndən söz gedəndə isə bu əhəmiyyət birə beş artır. Çünki təkcə estetik planda deyil, bəlkə də, daha çox etik planda biz öz keçmişimizlə görüşür, ona baxmaq və keçmişin o cür "qənirsiz güzgüsü”ndə bu günümüzü qiymətləndirmək imkanı qazanırıq, unudulmuş mənəvi xəzinələrə yenidən qovuşuruq...”

Qeyd edək ki, "ATV kitab” seriyası ilə "Parlaq imzalar” nəşriyyatının birgə layihəsi əsasında nəşr olunan kitabların redaksiya heyətinə Vüqar Qaradağlı (sədr), Məsiağa Məhəmmədi, Cavanşir Yusifli, İlqar Fəhmi, Etibar Babayev, Səlim Babullaoğlu (layihə rəhbəri), Seyfəddin Hüseynli və Dilman Şahmərdanlı da daxildir.

Kitabı şəhərin əksər kitab dükanlarından əldə etmək olar. Eyni zamanda kitabı  www.parlaqimzalar.az saytından və 055 259 72 59 telefon nömrəsi ilə də sifariş edə bilərsiz.