Biz imzaları yox, əsərləri dərc edirik...

Poeziya dahisi – Abdulla Tukay
1984
11 İyun 2021, 11:51
  Artkaspi.az professor Rezeda Qəniyevanın "Abdulla Tukay dünya ədəbiyyatı kontekstində" adlı məqaləsini təqdim edir:

  Tatar ədəbiyyatının XX əsrin başlanğıcındakı yeni renessansı, onun ümumrusiya və dünya arenasına çıxışı Abdulla Tukayın adı ilə bağlıdır. Tukay çox gənc yaşlarında vəfat etmiş, cəmi 27 il ömür sürmüşdür. Şairin tərcümeyi-halına, keşməkeşli taleyinə nəzər saldıqda qeyri-ixtiyari olaraq dahi Azərbaycan şairi Nizami Gəncəvinin "İsgəndərnamə” poemasındakı böyük tarixi şəxsiyyətlərin, rəssamların, şairlərin xilaskarlıq missiyası haqqındakı sətirləri xatırlamalı oluram:
 
 Ömründən keçərkən tam iyirmi il
 Şahlığa ucadan vurdurdu təbil.
 İyirmi yeddiyə çatınca yaşı
 Peyğəmbər olaraq ucaldı başı.
 

 
 Tukayın yaradıcılıq yolunun cəmi yeddi-səkkiz il sürməsinə baxmayaraq o, öz hərtərəfli istedadını çox parlaq şəkildə görkəmli şair, satirik, publisist, jurnalist kimi aşkara çıxarmağa və əsərlərində yeni əsrdə tatar xalqının əldə etdiyi yenilikləri, islahatları dərindən təsvir etməyə nail olmuşdur. Çoxəsrlik müstəmləkə zülmündən bezən tatar xalqı Tukayın poeziyasında azadlıq və xoşbəxt gələcək haqqındakı arzularının ifadəsini eşidirdi. Onun şeirləri yüksək milli ideallarla ilhamlanır, ən uzaq, qaranlıq tatar kəndlərinə qədər gedib çıxır və xalqın qəlbinin ən zərif simlərinə toxunurdu. Bu şeirlər əzbərlənir, oxunur, musiqiçilər onlara mahnı bəstələyirdi. Onun şeirləri xalqın nəğmələrinə çevrilirdi. Qalimcan İbrahimovun (Tatar yazıçısı, dilçi, ictimai xadim, 1887-1938 – X.N.) yazdığı kimi Tukay "xalqın öz qəlbində gizlətdiyi, lakin sözlə ifadə edə bilmədiklərini dilə gətirmək bacarığına malik idi”. Milli həyatın dərinliklərini tarixi və mənəvi-mədəni yaddaşla bədii dildə təsvir etmək bacarığı Tukay poeziyasının xalq arasında qeyri-adi uğurunun əsas səbəbi idi. Romantik şair Sagit Ramiyevə tatar ictimaiyyəti, xalqı qarşısındakı vəzifəsindən bəhs etdiyi məktubunda yazırdı: "Mən axı sənin kimi təkcə şair deyiləm. Mən həm də diplomatam, siyasətçi və dövlət xadimiyəm. Mənim gözlərim çox şey görür, qulaqlarım çox şey eşidir”. Həqiqətən də, Tukay təkcə poeziya dahisi deyildi, həm də istedadlı nasir, parlaq publisist, jurnalist, tarixçi, filosof, ictimai-siyasi xadim, xalqını dünya sivilizasiyasının inkişafının axarına qoşmağa çalışan diplomat idi. 
 
 Tukay və rus ədəbiyyatı
 Tukayın ədəbi maraqları olduqca geniş idi. O, ictimai və estetik diapazonda şair olduğu halda, hər sahədə təcrübə əldə etməyə çalışırdı: həm Qərbdə, həm də Şərqdə. Humanist və ifşaedici pafosa malik olan  rus ədəbiyyatı Tatar şairinin yaradıcılığına nəhəng ideoloji-bədii təsir göstərmişdir. Rus realizmi və romantizminin zəngin ideoloji-bədii təcrübəsi Tukaya ictimai-siyasi və sosial ziddiyyətləri aşkara çıxarmağa, tatar xalqının həqiqətlərinin ən mühüm mənəvi tələbatlarına münasibət bildirməyə yardım etmişdir.
 Həyatda ikən və ölümündən sonra Tukayın şəxsiyyəti, onun poetik fəaliyyəti daima iki yöndə xarakterizə olunurdu: "milli şair” və "xalq şairi”. Məsələn, "Russkaya molva” (1913, 25 aprel) qəzetində məşhur publisist Cey Dağıstani (Azərbaycan yazıçısı Ceyhun Hacıbəyli inqilabaqədərki dövrdə bu imza ilə dərc olunurdu – X.N.) yazırdı ki, "Tukay doğma ədəbiyyatına yenilik, şərq ədəbiyyatına isə xəlqilik gətirmişdir”. Tukay ədəbiyyata orta əsrlər ərəb-fars-türk ədəbiyyatı ənənələri, Quran əxlaqi-etik dəyərləri və ənənəvi şərq romantizmi  ilə tərbiyə olunaraq qədəm basmışdır.
 Tukayın rus ədəbiyyatı ilə ilk tanışlığı Uralskda baş tutmuşdur. Mədrəsədə təhsil aldığı zaman o, üç illik rus sinfini ziyarət edir. Axmetşi müəllimin rəhbərliyi altında onda rus ədəbiyyatına, onun görkəmli nümayəndələrinə qarşı sevgi yaranır. 1902-1904-cü illərdə, hələ öz əsərlərinin çapından əvvəl o, tərcümə ilə məşğul olmuş və İ.A.Krılovun yetmişdən artıq təmsilini uşaqlar üçün tatar dilinə uyğunlaşdırmışdır. Nəticədə Krılovun təmsillərinin realist ənənəsi Tukayın yaradıcılığının tənqidi-ifşaedici motivlərinin formalaşmasında zəmin rolunu oynamışdır.
Tukayın ilk nəşr edilən "Mujikin yuxusu” (1905) əsərinin A.V.Koltsovun kəndlilərin acı həyatından bəhs edən "Nə yatmısan, mujik?” şeirinin sərbəst tərcüməsinin olması da simptomatik haldır. Tukayı bir çox rus şairinin yaradıcılığı maraqlandırırdı. Onların sırasında İ.İ.Dmitriyevin, A.E.İzmaylovun, A.N.Maykovun, A.N.Pleşeyevin, İ.S.Nikitinin, V.A.Jukovskinin, K.D.Balmontun və başqalarının adlarını çəkmək olar. 
 Öz qısa həyatı boyunca şair rus ədəbiyyatı dahiləri olan Puşkin və Lermontova hədsiz sevgi bəsləmişdir. 
 Şairin dostu, tatar teatrının əsasını qoyan məşhur artist Abdulla Karıyev yazırdı "Mədrəsədə Tukayın əlində həmişə iki qalın kitab görürdüm – Puşkinin və Lermontovun seçilmiş əsərlərini. Onun oxuduğu rus şeirləri hələ də qulaqlarımda səslənir”. 
 Tukayın yaradıcılığının ilkin mərhələsi böyük rus şairinin xatirəsinə həsr etdiyi "Puşkinə” (1906) adlı romantik odasının (Oda — lirik şeir və musiqi janrı. Bir şəxsin, yaxud mühüm, təntənəli hadisənin şərəfinə yaradılan şeir, mahnı – X.N.) adı ilə bağlıdır. Burada Puşkin "günəş kimi parlaqdır, onun qəlbini çiçəkləndirən və gənc ruhlu şeirlərlə ovsunlayan dünya qədər nəhəngdir”.
 "Puşkindən və Lermontovdan nümunə götürürəm, davamlı olaraq poetik yüksəkliklərə qalxıram” – Tukay "Bir tatar şairinin düşüncələri” (1907) şeirində yazırdı. Ölümündən bir həftə əvvəl o, öz yaradıcılığının Puşkin və Lermontovun ilham pəriləri ilə uyğunluğunu yenidən dərk edir:
 

 
 Puşkin, Lermontov – iki günəş –
 Yüksəyə ucalmış,
 Mənsə onların işığını əks etdirirəm
 Ay kimi. 
 
 Abdulla Tukayın Puşkin lirikasından və onun "Qızıl xoruz” poemasından çoxsaylı tərcümələri vardır. Şairin özünün qeyd etdiyi kimi məşhur "Şurale” poemasını (1907) yaradan zaman o, Puşkinin romantik poemalarının təcrübəsindən bəhrələnmişdir. Tukay "Yevgeni Onegin”in tatar ruhunda, tatar qəhrəmanlarla milli variantını yazmaq arzusunda idi. Təəssüf ki, bu istəyi onun xəstəliyi ucbatından gerçəkləşməmiş qaldı. 
 Tukay tatar ədəbiyyatını inkişaf etmiş, yüksək bədii səviyyədə, sosial, mənəvi, əxlaqi dəyərləri müdafiə edən şəkildə görmək arzusunda idi. O, "Milli hislər” (1906) məqaləsində yazırdı: "bizim xalqın da Puşkinlərə, Lermontovlara, Tolstoylara ehtiyacı var. Yəni bizim xalqın əsl yazıçılara, rəssamlara... yeni həqiqi milli poeziyaya, musiqiyə və digər xalqların həyatında olduğu kimi tərəqqiyə aparan hər bir nəsnəyə ehtiyacı var”.
 Tanrının qisməti idimi, yoxsa taleyin hökmündən idi – həmin "milli Puşkin” tarixi-bədii missiyasını Tukay öz üzərinə götürməli oldu. Tatar, rus, xarici (Türkiyə, Fransa) publisistlərin, ədəbiyyatçıların bədii-tənqidi məqalələrində daima bu fikir qeyd olunur: "...həm tatar ədəbiyyatındakı roluna, həm də gənc tatar ədəbi dünyasına təsirinə görə Abdulla Tukay Puşkinlə müqayisə edilə və hətta haqlı olaraq "tatar Puşkini” adlandırıla bilər ("Musulmanskaya qazeta”, 1914, №12-13)”.
 Tukayın şərq ruhunda Puşkinə və Lermontovun əsərlərinə nəzirələr yazan ilk tatar şairi olması da maraq doğurur. Dini motivlərin incələnməsində Lermontovun bədii təcrübəsi ona son dərəcə cəlbedici görünürdü. Tukayın Lermontovun "Dua”, "Peyğəmbər” şeirlərinə yazdığı orijinal nəzirələr "Təəssürat” və "Peyğəmbər” şeirləridir. Şairlər insanın mənəvi inkişafı və dirçəlişi dövründə Müqəddəs Sözün rolunun təsdiqi istiqamətində bir-birinə yaxındırlar. 
 Nəzirələr yazmağa, yaradıcı eksperimentlər aparmağa, adaptasiyalar etməyə Tukayı sərbəst tərcümələr ustası şair-romantik V.A.Jukovski ilhamlandırmışdır. Onu rus şairlərini təqlid etməkdə günahlandıran tənqidçilərlə mübahisələr edərkən Tukay açıq şəkildə bəyan etdi ki, Jukovski onun digər xalqların ədəbiyyatının təcrübəsini mənimsəməsində əsas müəllimidir. Həqiqətən də, rus, Avropa, şərq şairlərinin əsərlərinə nəzirələr yaradarkən Jukovski kimi Tukay da tatar oxucusu qarşısında yeni poetik dünyanın qapılarını açan istedadlı tərcüməçi olaraq qalırdı. 
 Ədəbi uyğunlaşdırmalar və rus şairlərindən etdiyi bədii tərcümələr sayəsində Tukay ingilis, alman və fransız ədəbiyyatının Şekspir, Bayron, Şiller, Höte, Heyne və Beranje kimi görkəmli nümayəndələrinin yaradıcılığı ilə tanış olurdu.
 Tukay A.S.Qriboyedovun "Ağıldan bəla” komediyası ilə yaxşı tanış idi. Əsər tatar şairi tərəfindən rus ədəbiyyatının görkəmli əsərləri sırasına əlavə edilmişdir. O, obrazların inandırıcı şəkildə həyatiliyi, nitqin səlisliyi, danışıq dilinə yaxınlığına heyran qalmışdı. Pyesi mükəmməl ədəbi nümunə kimi qiymətləndirən Tukay onu tatar dilinə tərcümə etməyə hazırlaşırdı. Amma hansısa səbəbdən müəllifin niyyəti həyata keçmədi. Tukay "Müfəttiş" komediyasının realistik dərinliyini və satirik istiqamətini yüksək qiymətləndirmişdir. N.V.Qoqolon yumoristik və satirik istedadının cizgilərini dostu Fatih Əmirxanın yaradıcılığında görürdü. Qayaz İsxak (Tatar Milli hərəkatının xadimi, yazıçı, publisist, naşir, 1878-1954 – X.N.) tərəfindən tatar dilinə tərcümə edilmiş və "Al-qasr-Əl-cədid” ("Yeni əsr” jurnalı, 1906 – X.N.) jurnalında dərc edilmiş "Köhnə dünya mülkədarları” povesti də Tukayın redaktorluğu ilə işıq üzü görmüşdür. Şairin F.M.Dostoyevskinin əsərlərində zəiflərin, həyatın girdabına sürüklənənlərin psixikasının əksi haqqında dedikləri də təqdirəlayiqdir. Ona A.Kuprinin, L.Andreyevin, S.Skitaltsın, M.Qorkinin əsərləri də məlum idi. "Kazana qayıdış” oçerkində Tukay yazırdı: "Meşşanlar, parazitlər, meşşanlar! Qorkini oxuyan zaman məndə onlara qarşı nifrət yaranır”. O, Qorkini zəngin ənənələrin təsiri altında formalaşan – zirvəsində L.N.Tolstoyun dayandığı rus ədəbiyyatının "müqəddəs düzülüş”ünün yazıçısı hesab edirdi. Tukay L.N.Tolstoyun "bütün dünya insanlarının qəlblərini fəth edən” dühasının "müqəddəs parlaqlığı” önündə təzim edirdi. Tatar şairi üçün Tolstoy beynəlxalq-tarixi hadisə, "qəlblərin qəlbi”, "insanlığın vicdanı” idi. 
 Bu cür hədsiz dərəcədə romantik rənglər altında o, nekroloq-məqaləsində Tolstoyun yaradıcılığı və şəxsiyyətini "müqəddəs təsbehin bağı qırıldı” ("Мөбарәк тәсбих өзелде”, 1910) kimi tərənnüm edirdi. Kamil Mutiginin xatirələrinə görə, tatar şairi Tolstoyu hətta xarici görünüşündə də təqlid etməyə çalışırdı: "Bəzən o, köynəyinin üstündən tolstoysayağı kəmər taxır, çiyninə xalat salır, çarıqla gəzirdi. Tolstoyu və digər məşhur yazıçıları təqlid etmək arzusu Tukayda həddən artıq güclü idi”.
 Eyni zamanda isə tatar şairi şərq poeziyasının korifeylərinin – Firdovsi, Xəyyam, Nizami, Rumi, Hafiz, Nəvai, Füzuli və bir çox başqalarının yaradıcılığına hədsiz maraqla yanaşırdı. Müasiri olduğu doğma şərq və əcnəbi dövrü mətbuatı izləyirdi. XIX əsrin sonu XX əsrin başlanğıcının realist və romantiklərinin yaradıcılıq cəhdləri ona olduqca yaxın idi: Abdulhaqq Həmidi, Namiq Kamal, Tofiq Fikrət, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi və başqalarının. Beləliklə, Tukay şərq və qərb ədəbiyyatlarının təcrübələrini yaradıcı yöndə dəyişdirərək, dünya ədəbiyyatının təcrübələrinə müraciət edir və öz xalqının həqiqi milli ədəbiyyatını yaradırdı. 
 
 Tukayın yaradıcılığının türkdilli ədəbiyyata təsiri
 Tatarların yaşadıqları ərazidə kapitalizmin nisbətən tez inkişaf etməsi, milli-azadlıq hərəkatının güclənməsi, o cümlədən orta əsrlər dövründə (XII əsrin ikinci yarsıdan XVI əsrin birinci yarısına qədərki dövr) tatar ədəbiyyatının humanist kökləri onun şərq, qərb və rus ədəbiyyatı ilə məhsuldar şəkildə sintezinə imkan yaratmışdır. Bu, şərq xalqlarının ictimai və ədəbi-estetik düşüncələrinin inkişafına Tukayın yaradıcılığının müsbət təsirindən irəli gəlir. Tatar şairinin hələ sağlığında işıq üzü görən çoxsaylı topluları Kazan, Orenburq, Uralsk və Astraxandan – özünəməxsus darvaza rolunu oynayan, şərq və Avropa mədəniyyətinin görüşdüyü şəhərlərdən uzaq əyalətlərə yayılır, milli-azadlıq hərəkatının ideyalarının və qazaxlar, qırğızlar, özbəklər, türkmənlər, qaraqalpaklar, uyğurlar, kumıklar, taciklərin arasındakı artıq ömrü bitməkdə olan patriarxal-feodal ənənələrilə mübarizənin aktiv bələdçisinə çevrilir. Eyni zamanda onlar sosial və mənəvi yenilənmə ideyalarına malik olan öz yeni romantik və realist ədəbiyyatının inkişafına təkan verirdi. Dostoyevski dövründə türk mədəniyyətinin nümayəndələri Tukayı orijinaldan oxuyurdu. Buna dillərin qohumluğu, ərəb əlifbasının ümumişlək olması, mədəni və ədəbi ənənələr təkan verirdi. Qazax, qırğız, özbək oxucular Tukayın həmin dövrdə ictimai islahatların qarşısında böyük əngəl yaradan feodolizm qalıqları əleyhinə istiqamətlənən realist əsərləri ilə maraqlanırdı. 
 "Uklar” ("Oxlar”), "Yaşen” ("İldırım”), Yalt-yult ("Şəfəq”) jurnalları vasitəsi ilə Buxara, Səmərqənd, Xorəzm şagirdləri (mədrəsə və ya analoji müsəlman təhsil müəssisəsinin tələbəsi. Şagirdlər adətən, islamın əsaslarını və ərəb əlifbasını, dini intizam və kalliqrafiyanı (xəttatlığı) öyrənirdi – X.N.) Tukayın işanlar (sufi təriqətində rəhbərlər – X.N.), əmirlər tərəfindən tətbiq olunan orta əsrlər cahilliyini tənqid edən şeirləri, felyetonları, oçerkləri ilə tanış olur və onları müsəlmanların həyatındakı geriliyə qarşı mübarizəyə çağırış kimi qəbul edirdilər.
Bütün bunlar "din xadimlərini” qəzəblənməsinə səbəb olur, şagirdlərin, tatar şairinin – "öz şeirlərində "müqəddəs Buxarada” feodalizmin çürüklüyünü göstərməyə çəkinməyən "kafir Tukayın” (Ş.Xarisov. Poeziyanın qəribə dünyası. "Kommunist Tacikistana”, 1961, № 97) əsərlərini orijinalda oxumağa cürət edənlərin təqibinə başlanırdı. Amma tatar şairinin yaradıcılığından qaynaqlanan maarifçi və inqilabi ideyaların Orta Asiya və Qazaxıstana yayılmasını qadağan etmək artıq mümkün deyildi. 
 Oktyabr çevrilişinə qədər yazıçılar, rus Şərqindəki türk ziyalılarının nümayəndələri rus və Avropa ədəbiyyatının humanist motivləri ilə Tukayın orijinal və tərcümə əsərləri vasitəsilə tanış olurdular. Məsələn, Qamçı Cunusov (Qırğız şairi – 1915-1988) yazırdı ki, "Tukayın şeirlərini qırğızlar rus ədəbiyyatını oxuduqları kimi həvəslə oxuyurdular” ("Sovet ədəbiyyatı”, 1961, №4, səh.44). Eyni anda iki ədəbiyyatın – türkdilli özbək və farsdilli tacik ədəbiyyatının banisi olan Sədrəddin Ayninin fikirləri də diqqətə layiqdir. Məşhur şair-tərcüməçi Semyon Lipkinin "Keçmiş Buxarada Puşkin haqqında eşitmisizmi” sualına Ayni cavabında "Eşitmişəm də, oxumuşam da – Tukaydan öyrənmişəm” deyə cavab vermişdir. ("Sovet ədəbiyyatı”, 1961, №4, səh.62). Bu, tatar şairinin yaradıcılığının rus, tacik və keçmiş rus, daha sonra Şərqi sovet türkdilli ədəbiyyatı arasında halqa rolunu oynadığı düşüncəsini bir daha təsdiq edir. 
 Tukayın vaxtsız ölümü və faciəli taleyi Rusiya imperiyasının milli qonşuları olan xalqlar arasında nəhəng rezonans yaratdı, onun yaradıcılığına marağı gücləndirdi. Dağıstanın ictimai xadimi, yazıçı Səid Qabiyevin redaktoru olduğu "Musulmanskaya qazeta” (1913, №16,18) və "Dağıstan üfüqləri” (1913, №5) qəzetlərinin səhifələrində Tukayın istedadına dərin hörmətlə yazdığı publisistik məqalələri yer alır. 
 Səid Qabiyevi Tukayın həyat və yaradıcılığı ilə şairin şeirlərini rus dilinə tərcümə edən tatar tələbələr tanış etmişdilər. Texniki institutun iqtisadiyyat fakültəsinin tələbəsi Qəni Əzizov bir dəfə axşam Səid Qabiyevə Tukayın vəfat etdiyini xəbər verdi. Bu kədərli xəbər onu ildırım kimi vurdu. Həmin dəqiqə qələmə sarılaraq sonradan "Musulmanskaya qazeta”da (1913, № 16) dərc edilən "şair Abdulla Tukayın xatirəsinə” başlıqlı məqalə və şeir yazdı. Səid Qabiyev üçün Tukay "Volqa çayının Boyanı (qədim rus dilində el şairi – X.N.)”, "doğma aşıq”, "doğma bard (el şairi) idi". "Həmin nəğmələr gah susqunluqla, gah səs-küylə bütün Başqırdıstana, Tatarıstana, Krıma və Türküstan boyu yayılırdı. Bu səslərə diqqət var idi və bu diqqətdə Rusiyadakı müsəlmanların işıqlı günlərinin yaxınlığı duyulurdu". ("Musulmanskaya qazeta" 1913, № 16)
 Təqdirəlayiq hal odur ki, zamanın ictimai ziddiyyətlərini dərindən düşünməyə vadar edən, çarizm və feodalizmin qalıqlarına qarşı aktiv mübarizəyə çağıran Tukayın ölümü Qazaxıstan, Orta Asiya, Qafqaz, Dağıstanın gəncləri üçün böyük itki idi.
 Tukay haqqında məqalələr "Kaspiy", "Russkaya molva", "Den", "İqbal", "Turkestanski kuryer" qəzetlərinin səhifələrində dərc olunurdu. Görkəmli Azərbaycan satiriki Sabirin dostu və həmfikiri məşhur jurnalist Hacı İbrahim Qasımov Azərbaycan demokratik ziyalılığını A.Tukayı doğma istedad kimi qəbul etməyə, ondan öyrənməyə çağırırdı.
 H.İ.Qasımov məhz öz ədəbiyyatının çərçivələri daxilində qapanaraq doğma türk ədəbiyyatının dəyərləndirilməsində heç bir addım atmayan, Rusiyanın demokratik qüvvələrinin birləşməsinin əleyhdarı olan burjua ziyalılarına qarşı çıxış etmişdir ("Bakı”, 1913 2 iyul. "Kaspiy”, 1913, 6 iyul).
Məşhur inqilabçı, ictimai xadim, yazıçı N.N.Nərimanov Tukayın və onun müasiri Azərbaycan satiriki Sabirin əmək sərf etdikləri nəhəng işlərə lazımınca qiymət verilməsinə və onların xatirəsinin gələcək nəsillər üçün əbədiləşdirilməsinə çağırmışdır. ("Bəsirət”, 1914, №22)
 Tukayın faciəvi ölümü qarşıda duran ictimai-siyasi dəyişikliklərin dərk edilməsi istiqamətində çar senzurasını da hərəkətə keçirir. Bu fakt milli-azadlıq hərəkatı ideyalarının dərinləşməsinə və Kazan jandarmı tərəfindən mütləqiyyət əleyhinə milli çıxış kimi qiymətləndirilən müxtəlif xalqların çalışqan və demokratik ziyalıları arasındakı dostluq münasibətlərinə şahidlik edir. Bu cür arzuolunmaz əhvalı aradan qaldırmaq üçün jandarm idarəsi Rusiyanın müxtəlif şəhərlərinə iştirakçı gənclərin və ziyalıların demokratik əhvalını nəzarət altına almağın vacibliyi haqqında tamamilə gizli məzmunlu məlumat yollayır. (Ukrayna SSRİ Mərkəzi Dövlət Arxivinin materialları əsasında)
 

 
 Hətta şairin ölümündən sonra belə 1914-cü ildə keçirilən xüsusi müşavirə zamanı "Tukayın yaradıcılığında müsəlman kütlələrinin siyasi düşüncəsinə, qırğızların, qazaxların, özbəklərin və türkmənlərin zehni həyatına mənfi təsir etməsi” aşkar edildi. Məsələn, Tukayın "Orta məktəbdə milli ədəbiyyat dərsləri” kitab və məqalələri, "Xalq ədəbiyyatı haqqında” mühazirəsi, "Yalt-yult” jurnalındakı çıxışlarının zərərli olduğu təsdiq edildi. (R.İ.Nafiqov, Tatarların qabaqcıl ictimai düşüncəsinin formalaşması və inkişafı. Kazan, 1964, səh. 326-328)
Tukayın yaradıcılığının xəlqiliyi, ictimai-siyasi xarakteri əcnəbi nəşrlərdə, xüsusən də türk dövrü mətbuatında dəfələrlə vurğulanmışdır. Məsələn, "İslam dünyası” jurnalı yazırdı: "Biz etiraf etməliyik ki, Osmanlı türklərinin hələ ki, Abdulla Tukaya bənzəyən şairi yoxdur... bizim mədhiyyələr ya paşalara, ya da padşahlara müraciətlə yazılıb”. ("Mir İslama” 1913). Jurnal Tukayın poeziyasını milli həqiqətləri əks etdirdiyi üçün yüksək qiymətləndirmiş, türk konservativ romantik-mədhiyyəçiləri, kitablarını şərab, musiqi, qızılgül, bülbülə həsr etdikləri şeirlərlə dolduran sufi şairləri, o cümlədən, payız xəzanına görə ağlayan mərsiyə deyənləri tənbeh etmişdir. 
 Tukayın ölümünün ildönümü münasibəti ilə yazılan ən yaxşı məqalələrdən biri türk ədəbiyyatçısı Məhmət Fuat Köprülüzadənin "Türk yurdu” jurnalında dərc edilən məqaləsidir. Burada ədalətli şəkildə qeyd edilir ki, "Tukayda siyasi tendensiya xüsusilə güclüdür, bu cür böyük və fədakar şairi olan Kazan tatarlarının ədəbiyyatı möhkəm təməl üzərində dayanır, onun böyük gələcəyi vardır” ("Türk yurdu”. 1914, №16, səh. 497-515. "Bakı”, 1913. № 190).
 Bütün müəlliflər, o cümlədən də Köprülüzadənin Tukayın estetik baxışlarının genişliyini, onun Şərq və Qərb ədəbiyyatları ilə əlaqəsinin çoxtərəfli xarakterini qeyd edir. Tukayın rus və Avropa (xüsusilə alman) ədəbiyyatlarının uğurlu sintezi nəticəsində nail olduğu romantizminin zəngin köklərinə işarə edərkən Köprülüzadə qeyd edir ki, gənc Tukay qısa zaman ərzində "rus və alman romantiklərinin səviyyəsinə yüksələ bilmişdir”. (eyni nəşr, səh. 510). Tukayın yaradıcılığının romantik xarakteri barədəki düşüncə tərzi son nəticədə digər türk ədəbiyyatçısı, tatar əsilli Əhməd Timerin ədəbi fəaliyyətində inkişaf yolunu tapmışdır. ("Türk mədəniyyəti”, 1965, № 31, səh. 471)
 Əgər türk ədəbiyyatçıları Tukayın yaradıcı metodunu romantizmin "Avropa tipi” kimi təyin etmişdirsə, qazaxlar, məsələn, Nazipa Kulcanova (İlk qazax jurnalist qadın, 1887-1934 – X.N.) Abayın və Tukayın yaradıcılığını realizmlə, "tənqidi ruhlu”, rus klassik ədəbiyyatı ənənələri ilə sıx əlaqəli olan yeni istiqamət kimi nəzərdən keçirir. "Bu məsələdə və qazax ədəbiyyatının inkişafındakı gələcək istiqamət haqqında deməliyəm ki, mən rus və Avropa ədəbiyyatlarının yoluna üstünlük verirəm” – Kulcanova "Bizim ədəbiyyata baxış” məqaləsində yazır. "Məhz bu istiqamət Tukaya tatarlarda, Abaya isə bizdə məşhurluq qazandırdı”. ("Kazak”, 1916 №164)
 Abdulla Tukay tatar ədəbiyyatının fəxri – bir çox başqırdların, qazaxların, qırğızların, türkmənlərin, özbəklərin, kumıkların, qaraqalpakların, çuvaş yazıçı və şairlərinin ədəbiyyata gəlməsinə vasitəçilik edib. Onların arasında S.Donetayevi, A.Tirayqırovu, A.Tokambayevi, K.Cunusovu, B.Kərbabayevi, Ş.Tuktarqazi, X.Niyazi, N.Batırmurzayev (ata), Z.Batırmurzayev (oğul), Oktay Çələbinin adlarını qeyd etməliyik. 
Tukayın poeziyası məşhur qazax romançısı Sabit Mukanovun həyat məktəbi olmuşdur. Tukayın sosial aktivliyin tərbiyəsindəki, başqırd xalqının inqilabi şüurunun inkişafındakı rolu Hədiyyə Dövlətşinanın (Başqırd yazıçısı, 1905-1954 – X.N.) "İrgiz” (1957) (burada "İrgiz” Qazaxıstanda çay) romanında göstərilib. Tatar şairinin məşhur başqırd şairi Seyfi Kudaşın (başqırd və tatar şairi və yazıçısı, 1894-1993 – X.N.) yaradıcılığında xüsusilə parlaq və qabarıq təsiri olmuşdur.
 Əgər iyirminci əsrin əvvəlində Tukayın şöhrəti ancaq türkdilli çevrədə məhdudlaşırdısa, sovet və postsovet dövründə milli dillərə çoxsaylı tərcümələr sayəsində o, müxtəlifdilli və çoxşaxəli rus ədəbiyyatının sevimli şairi və qürur mənbəyinə çevrilmişdir. 
 "Abdulla Tukayın poetik irsi, onun möhtəşəm istedadı təkcə tatar şairlərinin sərvəti deyil, o, qardaş ölkələrin bütün şairləri üçün qiymətli və əzizdir... Abdulla Tukay kimi gözəl istedad yetişdirmiş tatar xalqına eşq olsun!” Azərbaycanın xalq şairi Süleyman Rüstəm yazırdı.
 
 Mənbə: gabdullatukay.ru
 Rus dilindən tərcümə edən: Xatirə Nurgül
Xəbər lenti