Biz imzaları yox, əsərləri dərc edirik...

Şairlər və rəhbərlərBuninin əziz şəhəri
5376
16 Aprel 2021, 16:03

artkaspi.az yazıçı Lev Kolodnının "Şairlər və rəhbərlər" kitabının ikinci hissəsini təqdim edir:


İvan Bunin "Ən əziz şəhər..."

 


 

Ədəbiyyat yollarında yeni addımlayan, şeirləri davamlı olaraq dərc olunan gənc şair İvan Bunin Moskvaya ömrünün iyirminci ilində gəldi. Qədim şəhərə qatarla gələn İvanı burada gözləyən və qarşılayan yox idi.

 Onun tərcümeyi-halını qələmə alan arvadı Vera Muromtseva-Bunina ərinin Moskvaya ilk səfər etdiyi günü dəqiqliklə təsvir etməyib. Bu hadisə 1889-cu ilin sonunda baş vermişdir. Elə həmin ilin yazında valideynlərinin himayəsindən çıxaraq ilk dəfə səyahətə qoşulan gənc o vaxta qədər hətta yaxın quberniyaya daxil olan Orl şəhərini də görməmişdi. Uşaqlıqda, yeniyetməlik və gənclikdə tanıdığı ən böyük məkan gimnaziya təhsili aldığı Yelets vilayəti idi.

Əgər Bunin anket doldurmalı olsaydı, təhsil haqqında suala "üç sinif gimnaziya" cavabını yazmalı idi. "Arsenyevin həyatı"nda qəhrəmanının keçmişindən bəhs edən yazıçı qeyd verir: "Mən gimnaziyada dörd il oxumuşam..." Riyaziyyatla arası olmayan gimnaziyaçı Bunin üç sinif bitirmiş, amma ikinci sinifdə təkrar qaldığı üçün ömrünün dörd ilini burada keçirməli olmuşdur.

 Müəllifin özü də, bioqrafiyasını yazan Vera Muromtseva da dəfələrlə "Arsenyevin həyatı"nın Buninin deyil, hansısa "xəyali şəxsin tərcümeyi-halı" olduğunu bildirmələrinə baxmayaraq, hətta "Rus ədəbiyyatı tarixi" dördcildliyində də "Bunin, Yelets gimnaziyasında dörd il oxumuşdur..." deyə iddia edilir.

 


 

Abstrak elmlərə marağının olmaması insan xarakterinin xüsusiyyətlərini anındaca duya bilmək bacarığı, təbiəti, musiqini, rəssamlığı hiss etmək qabiliyyətləri ilə əvəz olunurdu. Tale İvan Buninə həm də aktyorluq istedadı bəxş etmişdi. (Sonralar Stanislavski yazıçıya "Hamlet” obrazını canlandırmağı təklif edəcəkdi) . O, kənddə gimnaziyaya getmədən, sərbəst şəkildə ingilis dili öyrənir, poetik tərcümələrlə məşğul olurdu.

Amma hər halda gimnaziyada təhsil ala bilməmiş və oranı yarımçıq tərk etmişdir. Bu mühüm məqam onun qarşısında dvoryan ailələrindən olan yaşıdlarının addımladığı adi "gimnaziya-universitet” yolunu həmişəlik bağlamışdı. Artıq ali təhsili arzulamaq da mümkün deyildi. Buna baxmayaraq İvan Bunin əsaslı təhsil əldə etdi: inqilabi fəaliyyətlə məşğul olduğuna görə polis nəzarəti altında valideynlərinin yaşadığı yerə-kəndə göndərilən böyük qardaşı Yulidən üç il ərzində evdə dərs aldı.

Buninin valideynləri Yeltsdən kənara çıxmırdılar: ilbəil müflisləşən ailə özünə böyük şəhərlərə və ya xaricə getmək kimi təmtəraq təşkil edə bilməzdi. Buna görə də oğulları İvan daim evdə olurdu. İxtiyarı tərki-dünyalıq ona kəndi tanımağa və sevməyə şərait yaratmışdı. Buninini gimnaziyaya hazırlaşdıran ilk müəlliminin onda "dünyanı görmək" arzusu oyatmasından bəri  onu "yoldan çıxarmağa çalışan" fantastik səyahətə ancaq fikirlərində qovuşa bilirdi.

Bax elə buna görə də doğma yuvadan uçmaq zamanı gəldikdə İvan Bunin əvvəlcə yaxın, sonra uzaq yerlərə səyahətə başladı. İlk əvvəl Oryol, Xarkov şəhərlərini gəzdi, sonra uzun zamandır can atdığı Sevastopolu gördü. Krım müharibəsi zamanı Lev Tolstoyla atası bu şəhərdə birgə döyüşmüşdü. Yenə Oryol, ardınca Smolensk, Vitebsk...

 

Yuli və İvan Buninlər

 

Nəhayət növbə Moskvaya çatdı.

" İnsanların bol olduğu nəhəng Moskva məni parlaq Günəşin hərarəti, əriyən qar, axınlar və gölməçələr, konkaların zəngi, gedib-gələn səs-küylü izdiham, kirli küçələrin darısqallığı, Kremlin divarlarındakı bayağı rəsmlər, palatalar, saraylar, onlar arasında darıxdırıcı görünüşlü, parıldayan kilsə qübbələri  ilə qarşıladı. Mən Vasili Blajennını (Moskvada Qızıl meydanda yerləşən Provoslav kilsəsi – X.N.) gördüm, Kremldəki kilsələri gəzdim, Oxotno cərgəsindəki məşhur Yeqorov yeməkxanasında səhər yeməyi yedim..."

Bu, "Arsenyevlərin həyatı"ndan bir hissədir. İvan Bunin ilk gəlişində paytaxtı təxminən bu cür görmüşdü.

Moskvaya ilk qısa səfəri zamanı İvan Bunin qədim şəhərə diqqətlə baxmaqla kifayətlənməmişdir.  Görünür onun "Moskva jurnallarının redaksiyaları ilə əlaqə yaratmaq" kimi daha bir əsas məqsədi var idi. Və o Moskvanın mərkəzində yerləşən Leontyev küçəsinə tələsdi. Qonaq küçədəki digər evlər kimi o qədər də hündür olmayan 21 nömrəli evin qarşısında dayandı.

Əyalətdən gələn utancaq, cəsarətsiz qonaq "Russkaya mısl" adlı səviyyəli nəşrin redaksiyasında peyda oldu. Bu mötəbər jurnal Peterburqun "Oteçestvennıe zapiski" və "Vestnik Yevropı" kimi "qalın" jurnalları ilə rəqabət aparırdı. Bu səviyyəli jurnalın redaksiyası məhz Leontyevski küçəsi 21 nömrəli evdə yerləşirdi. Nə üçün İvan Bunin məhz bu jurnala üz tutmuşdu, başqasına yox? Bəlkə ona görə ki, onun naşiri və redaktoru Buninin həmyerlisi, gənclik illərində Orlov vilayətinin Yeltsdən Moskvaya xoşbəxtlik dalınca gələn Vukol Mixayloviç Lavrov idi. Milyonlarla sərvətə sahib olan tacir oğlu Lavrov aldığı mirası ədəbiyyat uğrunda xərcləmişdi...

Amma İvan Bunin möhür qoymuş müəlliflərlə yeni başlayan şairlərə eyni münasibət göstərən Vukol Lavrovun gözünə görünmədi. Stol arxasında əyləşən redaksiya işçilərindən biri kandarda dayanmış mavigözlü, yanaqlarında kəndlilərə məxsus qızartı olan gənc oğlanı (baxan kimi ilk baxışda qarşısındakının şeir yazan olduğunu dəqiq bildi) bu sözlərlə susdurdu: "Şeir gətirmisizsə bizim doqquz illik poeziya ehtiyatımız var!"

İvan Bunin "qalın" jurnala ilk gəlişini ömür boyu yadda saxladı və uzun zaman anlamadı ki, nə üçün jurnalda şeir ehtiyatı səkkiz və ya on il deyil, məhz doqquz ildir?

Buninin həmin zaman müvəqqəti olaraq harda yaşadığını araşdırmağa cəhd etməyək: gecələməyə yer kirayələmək üçün pulu yox idi, məşhur traktirə (Əvvəllər içərisində restoran da fəaliyyət göstərən mehmanxanalar belə adlanırdı – X.N.) səyahət etdikdən sonra görünür nahar üçün də pulu qalmamışdı...

İvan Bunin Moskvadan kor-peşman Oryola qayıtdı. Burada onun ilk şeirlər kitabı çap olundu. Peterburqun nüfuzlu "Novaya vremya" dərgisində kitab haqqında kobudcasına istehza ilə yazılmışdı : "Rus ədəbiyyatında daha bir soğanbaş peyda oldu..."

İvan Buninin həyatı haqqında "Rus yazıçıları Moskvada" kitabındakı oçerkdə yalnışlıqla iddia olunur: "Yazıçının Moskva ilə ilk görüşü 1894-cü ilin əvvəllərində baş tutdu (bu qeyri-dəqiq məlumat "Moskva" ensiklopediyasına da buradan köçürülərək yazılıb). Bunin "Nikitskie vorota” ya yaxın ərazidə yerləşən mebellə təchiz olunmuş otaqda qalmağa başladı..."

Lakin əslində belə deyildi. O, "Orlovski vestnik" jurnalının jurnalist və müxbiri kimi , 1891-ci ilin yayında – fransız sərgisi açılan günlərdə qəzetin təsisçisi ilə birgə Moskvaya gəldi. Həmin vaxt onlar Neqlinnı küçəsindəki evlərdən birində kirayə qaldılar. Bu haqda "Buninin həyatı" kitabında Vera Muromtseva-Bunina yazırdı. Qəzetin xüsusi müxbiri olan İvan Bunin Rusiyanın bir çox şəhərlərində böyük maraq doğuran sərgi haqqında hesabat yazdı.

Həmin gəlişində Bunin diş-diş divarları ilə onun təxəyyülünü heyrətləndirən Kremlə getdi. Bu vaxt o təkcə Borovitski yüksəkliyini gəzməklə qalmadı, həm də quş yüksəkliyindən şəhəri görmək ücün İvan Veliki zənginə qalxdı. Kremldəki hər şey onun xoşuna gəlirdi. O, tarixlə, məkan topoqrafiyası ilə bağlı hər bir qədimi adı yadda saxlayır, hər bir söz onu həyəcanlandırırdı: "Necə gözəldi! Xilas edir! Bax, məni məhz bu cür rus dili maraqlandırır, qədimliyi ilə, onunla qan bağlılığımla fəxr edirəm", -Bunin yazırdı. Həmin səfər zamanı o, məşhur yay bağı "Ermitaj"ı, Rumtantsevski muzeyin kitabxanasını da ziyarət etdi. Bir neçə dəfə Xodınkada günümüzə qədər "Yunıy pioner” stadionunun tikintisi ilə bərabər qorunub saxlanmış sərginin pavilyonlarının qərar tutduğu yerə getdi.

 Bir çox qonaqlar kimi İvan Bunin də Vorobyov dağlarına yürüş etdi. Həmin zamanlar bu heç də sadə iş deyildi, amma Moskvaya yüksəkdən baxmaq bu cəhdlərə dəyərdi.

İki ildən də artıq müddətdən sonra gənc yazıçı Moskvanı yenidən gördü. Bu dəfə onun böyük arzusu gerçəkləşdi. Ona Xamovnikidə (Moskvada yerləşən qədim rayon – X.N.) Lev Tolstoyu ziyarət etmək nəsib oldu. Bu müddət ərzində yazdıqlarına görə isə Rusiyanın nəhəng ədəbiyyatçılarının rəğbətini qazana bildi; nəsr əsərinə görə Mixaylovskinin (Nikolay Georgiyeviç Qarin-Mixaylovski-1852-1906- Rus yazıçısı– X.N.), şeirlərinə görə Jemçujnikovun(Aleksey Jemçujnikov-1821-1908-Rus şairi, satirik– X.N.).

Lev Tolstoyun malikanəsini ziyarət etdikdən sonra gözünə yuxu getmirdi. "Bu nə yuxu, nə də sayıqlama idi, mən yerimdən sıçradım, mənə elə gəlirdi ki, onunla danışıram". İvan Bunin Lev Tolstoyu öyrənməyə xüsusi həvəs göstərirdi. "Tolstoyşünas" olmağa çalışdığı zaman isə , Lev Tolstoyun təbliğatçısı bəraət istədi, lakin heç nə alınmadı. Lev Tolstoy Buninlə görüş zamanı onun atasını xatırladı, baxmayaraq ki, onların Krımda görüşündən on illərlə zaman keçmişdi:

– Moskvada uzun müddət qalacaqsız? Niyə? Mənim yanıma? Gənc yazıçı? Yazın, yazın, əgər çox istəyirsizsə yazın, amma unutmayın, ki, bu, həyatın mənası ola bilməz... Əyləşin zəhmət olmasa və özünüzdən bəhs edin...

İvan Bunin Lev Tolstoyla görüşləri haqqında birmənalı xatırlayıb danışmırdı. 1902-ci işdə odessa qəzetinin müxbiri olan Korney Çukovskinin götürdüyü müsahibədə (həmin dövrdə jurnalistlər Bunini izləyir, onun hər bir sözünü dinləyirdilər), Bunin Lev Tolstoyla olan son görüşünü xatırladı. Həmin görüş Xamovnikdəki evdə yox, toranlıqların dolaşdığı Arbat küçəsində baş tutmuşdu.

Həmin zaman Buninin özünü təqdim etməsinə gərək olmadı. Lev Tolstoy iti baxışları ilə qarşısındakı şəxsin kim olduğunu gördü və birinci olaraq salamlaşdı.

– Xoş gördük, İvan Alekseyeviç. Niyə görünmürsüz?

Gözlənilməz görüşdən özünü itirən İvan Alekseyeviç papağını başından çıxardı, utanc və narahatlıq hiss etdi, qəzəbli müəllim qarşısındakı şagird kimi, eyni zamanda özünəməxsus açıqsözlülük və vicdanla həyəcanı dəf etməyə çalışaraq cavab verdi:

– Evinizə gəlməyə qorxuram...

Lev Tolstoyla ilk və son görüşdən cəmi yeddi il keçmişdi, lakin bu illər ərzində İvan Bunin onlarla şeir və hekayə yazmış, təcrübəli ədəbiyyatçıya çevrilmiş, bir çox qabaqcıl müasirləri ilə tanış olmuşdu: şairlər, yazıçılar, aktyorlar, rəssamlarla. Rusiyanın mütaliə edən hissəsi də onun adı ilə tanış olmuşdu.

Xamovnikdəki görüşə qədər Lev Tolstoy Buninin bir şeirini oxumuşdu. Qorki ilə söhbət edərkən müəllifin adını xatırlamayan Lev Tolstoy onu heyrətləndirən şeirdən sitat gətirdi: "Göbələklər soldu, amma yarğanlardan göbələk nəmliyi iyi gəlir".

İvan Buninin Moskva səfərləri zamanı dostlaşdığı ilk böyük şair Konstantin Balmont idi. Onları yaxınlaşdıran təkcə poeziya deyil, həm də səyahət həvəsi, poeziyaya və müxtəlif ölkə və xalqların tarixinə olan maraq idi. Balmont Bunini moskvalı simvolistlərlə, əsasən də Valeri Bryusovla tanış etdi. Ustad onun "əsl şair" olduğunu etiraf etdi. Uzaqgörən Bryusov isə hiss etdi ki, Bunin həyatda olduqca bədbəxtdir.

Ailədəki çətinliklər şair üçün uzun illər uğursuzluq yaşatdı. İlk məhəbbəti Varvara Paşenko gizlicə evdən qaçaraq onu tərk etdi. İkinci nigahı da uğursuzluqla nəticələndi, bundan başqa çox sevdiyi azyaşlı oğlu vəfat etdi...

Şairin narahat qəlbi quşun uçmaq arzusu kimi çırpınırdı. Buninin marşrutlarının trayektoriyası – xüsusilə də gənclikdə olduqca qarışıq idi. Sonralar vəziyyət sabitləşdi. Bunin ən çox Moskva ilə Peterburq, Odessa və Krım arasında hərlənir, ona yazmaga maneə törətməyən doğma diyarlara və əlbəttə ki, kəndinə mütləq baş çəkirdi.


  

  Bunin və Maksim Qorki

 

Heç zaman Moskvada öz evi olmadığı ücün müxtəlif mehmanxanalardakı mebelli otaqlarda qalırdı, elə hekayələrindəki qəhrəmanlar da məhz bu cür hərəkət edirdi:

" Mən Moskvaya gələndə oğru kimi Arbat yaxınlığındakı dalanda nəzərə çarpmayan otaqlarda qalırdım" ("Qafqaz")

"Arbatda, "Praqa" restoranının yaxınlığında "Stolitsa" nömrələrində qalırdım". ("İlham pərisi")

Bir vaxtlar general Şanyavskiyə məxsus olan, daha sonra elə generalın özü tərəfindən şəhərə hədiyyə edilən Moskvadakı sadə"Stolitsa" mehmanxanası ikimərtəbəli evdə yerləşirdi. 1898-ci ilin yazında, 1902-ci ilin qışında Bunin burada yaşamışdı... Bina bu günə qədər qorunub saxlanıb. Ünvan: Arbat küçəsi, 4-dür.

"Arbat küçəsi yaxınlığındakı" keçmiş mebelli otaqlar isə əvvəli yerində – Xruşevski küçəsindədir, doğrudur, otaqların yerləşdiyi qədimi evin fasadı dəyişib, müasir memarlığın ruhuna uyğun olaraq bəsitləşmişdir. Bu küçədə 5 nömrəli evdə İ.A.Qunst adlı şəxs kiçik mehmanxanalara sahib idi.

İvan Bunin mebellə təchiz olunmuş otaqlara bəzi səbəblərə görə üstünlük verirdi. Yazıçı Moskvaya səfər edənə qədər onun böyük qardaşı Yuliy Alekseyeviç Bunin Moskvaya köçərək "Vestnik vospitaniya" jurnalında çalışmağa başladı.

Jurnalın redaksiyası Starokonyuşennım küçəsi 32-də son illər dağılan kiçik həyətli ikimərtəbəli fligeldə (Digər yaşayış tikillilərindən ayrılıqda inşa olunan ikinci dərəcəli ev – X.N.) yerləşirdi. Qardaşların görüşmədiyi, gəzişmədiyi, axşam çay süfrəsində zaman keçirmədikləri gün olmurdu. Yuliy Buninin yaşadığı fligelin birinci mərtəbəsində keçirilən bu çay süfrələrinə ədəbiyyatçılar gəlirdi. Qardaşı ilə yaxın yaşamaq məcburiyyəti Bunini ya "Stolitsa" da, ya da Anna İvanovna Qunstun evində qalmaga sövq edirdi.

Starokonyuşennı və Xruşevski küçələri köhnə Moskvanın ən poetik hissəsi olan Arbatın çoxsaylı küçələri sırasında idi. Burada Puşkindən başlayaraq bir çox yazıçılar yaşamışlar. Təbii ki, Arbat Bunini heyrətləndirməyə bilməzdi.

Qunstun Xruşevski küçəsi 5-də yerləşən evində qalmağa daha bir səbəb var idi. Mebellə təchiz olunmuş otaqların yanında əvvəlki kimi indi də 1812-ci ildə Moskvanın bu hissəsində peyda olan birmərtəbəli malikanə yerləşirdi. Həmin zaman yanğın baş verən Arbatda hər birinə saf və harmonik memarlıq üslubunun poeziyasının möhür qoyduğu yüzlərlə taxta evlər var idi.

Arbatdakı bu malikanə haqqında qısaca danışmaq çətindi, çünki onun tarixi o qədər zəngindi, memarlığı o qədər yüksəkdi, onun kiçik divarları Lev Tolstoyu, Fyodr Dostiyevskini, İvan Turgenyevi dinləyən o qədər çox sayda gözəl insanlar görmüşdü ki... Bütün bunlar haqqında yazmayacağam, evin taleyi Aleksandr Basmanovun (1946- Rus yazıçısı – X.N.) "Moskovski raboçi" nəşriyyatında dərc olunmuş "Moskva evlərinin tərcümeyi-halı" seriyasından olan "Bağlı qapı arxasındakı malikanə" kitabında yazılıb

Bunini malikanə ilə nəyin bağladığını deməliyəm. Buna səbəb ev sahibinin qızı Yekaterina Mixaylovna Lopatina ilə dostluq idi. 1931-ci ildən son günlərinə qədər bu malikanədə yaşayan tarixçi, maraqlı həyat keçirən Yuri Borisoviç Şmarov (1898-1989-Rus dvoryanları tarixinin bilicisi, kolleksiyaçı – X.N. ) əlindən gələn hər şey etdi ki, şəhərin özünəməxsusluğu, diqqətəlayiqliyi haqqındakı abidəsini qoruya bilsin. Gənclik illərində burada məskunlaşarkən, o əsl kolleksiyaçı kimi əksər hallarda qiymətsiz əşyaların və sənədlərin saxlanıldığını dəqiq bildiyi tozlu çardağa qalxmış və bu marağa görə səxavətlə mükafatlandırılmışdı. Orada təkcə ev sahibəsinin deyil, ev sahibi Mixail Nikokayeviç Lopatinin də köhnə fotoşəkillərini tapmışdı.

Gizli məsləhətçi, Moskva məhkəmə palatasının nümayəndəsi olan Lopatin Moskvada məşhur olan vicdanlı, satılmayan hakim olmaqla yanaşı həm də malikanədə uzun illər "ədəbi mühüt" yaradan publisist idi. Bu cür mədəni mühitdə yaşayan qızı Yekaterinanın ədəbiyyatla maraqlanması, yazıçı olması qeyri-adi hal deyildi. Fotoşəkillərlə bərabər Şmarov bez parça ilə cilidlənmiş dəftər tapdı. Bu gündəlik idi. Oxumaga başladı. Və bunları öyrəndi:

"12 mart 1898-ci ildə İvan Alekseyeviç Bunin mənim sonuncu yazımdan iki gün sonra – çərşənbə günü evimə gəldi. Burada daimi qalacaqdı – biz birlikdə işləyirik. Onunla rahatdı, münasibətlərimizdə poetik çalarlar çoxdur. "Necə də olsa biz artistik lənət şeytana, vacibdir ki başqa fərqli formalar işləyib hazırlayaq." – mənə deyirdi".

Onların müştərək işi həmin uzaq günlərdə onfan ibarət idi ki, Bunin "Katerina Mixaylovna" ya kömək edirdi, özünün dediyi kimi jurnalda dərc olunan romanının (sonra ayrıca kitab halında) korrektəsini edir, bu arada əsəri yığcamlaşdırmaq haqqında məsləhət verirdi.

 

 

 

Yekaterina Mixaylovna Lopatina 


Onlar hər ikisi yəni həm Bunin, həm də Lopatina həmin vaxt qəlbinin dərinliyində hərəsi öz sevgisinin əzabını yaşayırdı. Zarafatla ailə qurmaları haqqında söhbətlər edirdilər, əslində isə olduqca fərqli insanlar idi. Birlikdə moskva gecəqondularının yerləşdiyi Protoçnıy küçəsinə gedirdilər, "dibdəki" insanların həyatı ilə tanış olur, dəfələrlə arbat küçələri ilə gəzişir, yayı Moskvanın bir hissəsinə çevrilmiş Tsaritsın bağında keçirirdilər. Sonralar buraya metro çəkilmişdir.

"Bəzən Arbatla gedirdik Bu zaman hündür dabanlı ayaqqabılar, quzu dərisi yaxası olan solğun  palto və quzu dərisindən papaq geyinmiş Bunin deyirdi:

– Budur siz hamınız ələ salırsız, inanmırsız, amma görəcəksiz, mən bütün dünyada məşhur olacam! - Gülməli adamdı-deyə düşünürdüm." Uzun illərdən sonra Yekaterina Lopatina Arbatdakı bu gəzintiləri xatırlayırdı – həmin günlər gənclik illərinin dostunun arzusu həyata keçmiş, o Nobel mükafatının laureatı oldu.

Buninlə Lopatina arasındakı münasibətlər qeyri-adi idi. İvan Alekseyeviç Xruşevski küçəsindəki malikanəyə təkcə Yekaterina Mixaylovnanı görməyə deyil, həm də onunla və dostları ilə söhbətləşməyə gəlirdi. Buninlə Lopatina arasındakı davamlı görüşlər aralarında sevgi macərası olduğunu düşünməyə rəvac verirdi. Amma sevgi yox idi, vəziyyət belə idi ki, qonaq evə sahibəyə görə yox... evin özünə görə gəlirdi... Ev bər-bəzəyi, duz-çörəyi ilə deyil, memarlığı, burada yaşayıb boya-başa çatanların mədəniyyəti ilə seçilirdi.

Bunin bu haqda belə yazırdı: "küçə, onların yaşadığı ev mənim xoşuma gəlirdi, bu evə gəlmək xoş idi. Lakin həmin evə qarşı bəslədiyim sevgi orada sevimli xanımın yaşadığına görə deyildi, əksinə. Xanım mənim xoşuma gəlirdi, çünki ev xoşuma gəlirdi".

Və bu gün bu qədim, balaca malikanə sənət əsəri olması ilə heyranlıq saçır. Baxmayaraq ki, burda da bəzi şeyləri yox ediblər: malikanə ilə üzbəüz iki qədim ev yoxa çıxıb, yerində kollar və ağaclar bitib. Amma sevindirici dəyişikliklər də var. Xruşevskidəki qədim malikanədə (əvvəlki nömrələrin binası ilə üzbəüzdə) Buninin çox sevdiyi şair A.S.Puşkinin muzeyi yerləşirdi. Qonşuluqdakı Preçistenka küçəsində isə , gənc şairə öz diqqətini bəxş edən Lev Tolstoyun muzeyi açılmışdı.

Lopatinlərin malikanəsini Rəssamlıq Akademiyasına verdilər, orada memarlıq şöbəsi də yerləşdirilib. Bu malikanədə məni ömrün qürub çağında vəzifəsindən uzaqlaşdırılan, bir zamanlar əzəmətli hökmranlığı olan, Moskvanın keçmiş baş memarı Mixail Posoxin qəbul edib. O 1825-ci ilə qədər malikanənin sahibi olan baron Şteyngelin qonaqları yığışan gizli otağı göstərdi. Malikanəyə xidmətçilərdən gizli gələn dekabristlər (Dekabristlər – rus zadəgan inqlabçıları, XIX əsrin 20-ci illərində gizli cəmiyyətlərin üzvləri, 1825-ci ilin dekabrında mütləqiyyət və təhkimçilik quruluşuna qarşı hərbi çıxışın təşkilatçıları. 1825-ci ilin dekabrında Peterburqun Senat meydanında silahlı çıxış baş verir, bunun ardınca isə Ukraynada Çerniqov polkunda qiyam olur. – X.N.) onları Senat meydanına aparacaq söhbətlər edirdi.

İvan Bunin Moskvaya gələrkən əsasən mehmanxanalarda qalırdı. Hətta onların ixtiyarında çoxotaqlı mənzil və evlər olsa belə dostların evində yaşamaqdan imtina edirdi,. Yazıçı Teleşovun ədəbi çevrələr "yaradan" arvadı ona Çistıe Prudıya (Moskvada göl və bu gölün yaxınlığında yerləşən park zonası – X.N.) yaxın evdə sığınacaq təklif etdi. Moskvada yaşayarkən çərşənbə günləri İvan Alekseyeviç mütləq bu ədəbi toplantıları ziyarət edirdi. Rəssam dostlarının kolleksiyaçı Şmarovinin mənzilində təşkil etdiyi digər "çevrələr"ə də gedirdi.

Çexovla tanış olduqdan sonra onunla saatlarla söhbət edir, ilbəil daha çox yaxınlaşırdı. Çexov və Bunin eyni vaxtda Moskvada olduqda mütləq görüşürdülər.

Payızda – 1905-ci ilin oktyabrın sonunda – növbəti dəfə Moskvaya gələrək şəhərin ən yaxşı mehmanxanalarından biri olan yüksək komfortlu "Natsional"da yerləşən Bunin tezliklə Xruşevski küçəsindəki çox sevdiyi otaqlara köçür. Noyabr və dekabrı burada keçirən yazıçı 1905-ci ildəki silahlı üsyanın, inqilabın şahidi olur.

Buninin həmin günlər hətta tapançası da var idi ki bu da dəb xatirinə deyil, həyatı qorumaq ücün vasitə idi: qara kütlə künclərdə gizlənərək gözlərinə şübhəli görünən yol keçənlərə hücum edirdi. Konstantin Balmont, Maksim Qorkinin də tapançası var idi.

Həmin günlər Moskvada olmaq nə qədər təhlükəli olsa da Rusiya tarixində qeyri-adi hadisələrin gedişini izləmək arzusunda olan Bunin də, Qorki də o zaman məhz orada yaşamaq istəyirdilər. Amma əgər Bunin maraqlanan şahid idisə, Maksim Qorki barrikadalarda olmasa da inqilabın aktiv iştirakçısı idi,onun Moxovaya (Moskvanın mərkəzində küçə – X.N.) və Vozdvijenkada (Moskvanın mərkəzində yerləşən və 10 rayonun əhatə edən küçə – X.N.) yerləşən "Peterqof" mehmanxanasındakı nömrəsi isə inqilabi mübarizənin mərkəzlərindən biri olmuşdur. Burada gizli görüşlər və iclaslar keçirilirdi. Bolşeviklər bura bikford şnuru, bomba üçün fitil gətirirdilər... Lyuks nömrələrin ən xəlvət otaqlardan birində bomba hazırlanırdı. Maksim Qorkinin otaqlarını barrikadaya çevirmişdilər. Mühafizə üçün universitet tələbələrindən – gürcülərdən ibarət hərbi drujina ayırmışdılar. Otaqlar səhərdən axşama kimi adamla dolu olurdu. Maksim Qorkinin təbirincə desək, "güllə səslərindən otaqlardakı pəncərələrin şüşələri cingildəyirdi" . Bura Fyodr Şalyapin gəlirdi, Valentin Serov həmin günlər Maksim Qorkinin portretini çəkmişdi, bura bu faciənin Rusiya və şəxsən onun üçün nə ilə nəticələnəcəyini təsvir edə bilməyən İvan Bunin də gəlirdi.

Hətta küçələr barrikadalarla dolu olduqda, atışma başladıqda və çıxmaq təhlükəli olduqda belə, İvan Bunin Xruşevski küçəsindəki nömrədə qalmır, evdən çıxıb Arbatski meydanına yollanırdı. Vozdvijenkadan kəsə yolla keçərək Arbatın başlanğıcına çatırdı. Moxovayanın tinində universitet kitabxanasının yanında yeni beşmərtəbəli Rusiya sığorta cəmiyyətinin binası olan "Peterqof" mehmanxanası ucalırdı. 13 dekabr 1905-ci ildə polisin gəlişindən yarım saat əvvəl Maksim Qorki buranı tərk etdi...

Maksim Qorkinin ardınca tapancanı papağının içində gizlədən Bunin də birinci sinif vaqonda kupe götürərək, ram edilən Moskvadan getdi. 1905-ci il inqilabı süquta uğradı .

 

 

 Nikolay Teleşov, İvan Bunin, Maksim Qorki

 

Növbəti ilin baharında yazıçı yenidən Moskvaya üz tutur. Moskvasız, moskvalı ədəbiyyatçılar, bədii teatr, Ədəbi-bədii mühüt, sərgilər, toplantılar olmadan Bunin bacarmırdı.

1906-cı ildə o şəhərlər arasında var-gəl etsə də moskvalı oldu. Payızda noyabrın 4-də gənc ədəbiyyatçı Boris Zaytsevin (1881-1972-Rus yazıçısı, tərcüməçi – X.N.) ədəbi gecəsində Buninin Moskva universitetinin abituriyenti Vera Muromtseva ilə görüşü baş tutdu. Bu məşhur görüş 36 yaşlı yazıçının adət etdiyi həyat tərzini dəyişdi.

Görüş harada baş vermişdi?

İstedadlı hekayələr müəllifi yazıçı Boris Zaytsevi ilk dəfə Leonid Andreyev (1871-1919-Rus yazıçısı – X.N.) kəşf etmiş və "Mühit" çevrəsinə gətirmişdi. 1905-ci ildə Boris Zaytsev Arbat yaxınlığında Spasopeskovski meydançasındakı evdə yaşayırdı. Üst mərtəbədə və onun mənzilinin pəncərələrindən kilsə zəngləri və "Spasa na Peskax” kilsəsinin qübbəsi görünürdü. Zaytsevə yaxın yerdə həmin vaxtlar onun tez-tez görüşdüyü Konstantin Balmont (1867-1942-Rus şairi – X.N.) və Andrey Belıy (1880-1934- Rus yazıçısı, şair, tənqidçi – X.N.) yaşayırdılar.

Vera Muromtseva ömrünün qürubunda "Xatirələrlə söhbət"də Buninlə ilk görüşünü ətraflı yazmışdı: "Ruh yüksəkliyi əldə etmək üçün dördüncü mərtəbəyə qaçaraq Zaytsevlərin mənzilinin azca aralanmış qapısının önündə dayandım..."

Bura gələrkən düşünürdüm ki, Andrey Belıyvə Boris Zaytsevin özünün memuarlarda ətraflı yazdıqları bu hadisə Spasopeskovski meydançasındakı evdə baş verib. Zaytsevin mənzili onların xatirələrinə əsasən məhz dördüncü mərtəbədə yerləşirdi.

Amma Buninin nəzərdə tutulan ilk görüşü heç demə Arbata yaxın ərazidə yerləşən başqa evdə olubmuş. Vera Muromtseva oranı dəqiq təsvir edir. O zamanlar yazıçılar pul əldə etdikdə Moskvadakı mənzillərini tez-tez dəyişirdi. 1906-cı ildə istedadının pərəstişkarı olduğu gənc yazıçı, gimnaziya müəllimi, ədəbiyyatçı Viktor Strajevlə (1879-1950- Rus şairi, ədəbiyyatçı, pedaqoq – X.N.) tanış olan Zaytsev onunla eyni mənzildə yaşamaq qərarına gəlir. Onlar daha rahat mənzil kirayələyirlər. Vera Muromtsevanın yazdıqlarına əsasən "onlar mənzili Spiridonov və Qranatnı küçələrinin qovuşuğunda tapdılar". Zaytsev və Strajevin mənzilinə bir çox yazıçı, rəssam artistlər qonaq gəlirdi.

Həmin axşam Vera Muromtseva gəldikdə Vikenti Verasayev, Boris Zaytsev və başqa yazıçılar, o cümlədən Bunin "yaxşı köklənmiş səslə" hekayə oxuyurdu. Bunin artist kimi oxuyurdu, hətta onun oxuduqlarını görmək də olardı...

Bunin universitetə qəbul imtahanlarına hazırlaşan Vera Muromtsevadan yaşda xeyli böyük idi... O, utancaq qıza müsahibə alan jurnalist kimi bir neçə sual verdi və onun soyadını, nə ilə məşğul olduğunu öyrəndi. Və Muromtsevlərin evini ziyarət etməyə dəvət alan Bunin tezliklə bu dəvətdən yararlanmağa calışdı.

Hər şey iti sürətli baş verdi. Bunin qıza onunla Şimala, Finlandiyaya səyahətə çıxmağı təklif etdi. Onun sözləri toy səyahətinə dəvət kimi səslənirdi.

Muromtsevlər 1906-cı ildə Stolovaya və Skatertnı küçələri arasındakı malikanədə yaşayırdı. 1917-ci il inqilabına qədər onun yerində böyük "Doxodnıy dom” ("Sərfəli ev” – İnşası həmin dövrlərdən başlayan çoxmənzilli yaşayış evləri – X.N.) ucaldı.

Bunin buradan heç də sevinclə qarşılamadığı Stolovaya küçəsinə tələsirdi. Narazılığa səbəbsə təkcə bəy və gəlinin yaş fərqi deyildi, Bunin kilsə nigahı ləğv olunmamışdı ki, Rusiyada onun ləğvi ümumiyyətlə mümkün deyildi, yəni əvvəlki nigahı kağız üzərində qalmışdı.

1907-ci ilin yazında Bunin və Muromtseva nigah bağlamadıqlarına baxmayaraq yola düşdülər, amma Şimala deyil, Yaxın Şərqə, uzaq və riskli toy səyahətinə. Elçilik günlərində Bunin Xruşevski küçəsindəki Qunst nömrələrində yaşayırdı. Bura gələrək Buninin otağını görən Vera əsərdə onu olduğu kimi təsvir etmişdi. Nömrədə üzərində yazıçının əsərlərinin üçüncü cildinin qoyulduğu yazı stolu var idi. Həyətə pəncərəsi olan otaqda həmin illərə məxsus adi şərait var idi, divan, çarpayı. Vera Muromtseva qapıda №12 yazıldığını yadda saxladı.

 


Bunin həmin günlər uğurlu yazıçı həyatı yaşayırdı. Hər gün Starokonyuşennıda yaşayan qardaşı Yulinin evinə çay içməyə gəlir, eyni zamanda Bolşoy Dmitrovkadakı Ədəbi-bədii çevrədə, Moskva universitetində "rus şeiriyyatı sevərlərin cəmiyyəti”nin yığıncaqlarında iştirak etmək imkanı tapırdı. Sonuncuda hesabatlarla çıxış edirdi. Davamlı şəkildə Bədii teatrı ziyarət edirdi. Gecədən keçmiş, teatr və konsert tamaşalarından sonra Bunin "Bolşoy Moskovskoy" və ya "Loskutnoy" mehmanxanalarının restoranlarına gedirdi. Dəbdəbəli "Loskutnoy"un mehmanxanasının restoranı bütün gecə çalışırdı.

Bu mehmanxanalar rus yazıçılarının həyatı haqqındakı yazılarda tez-tez xatırlanır. Şəxsi evi olmayanlar məhz burada qalırdı. Əvvəla ona görə ki, bunlar ən yaxşı mehmanxanalar idi, ikincisi isə onlar şəhərin mərkəzində , hazırda "Moskva" mehmanxanasının olduğu yerdə yerləşirdi. "Loskutnaya"nın fasadı sovet dövründə Manej qarşısındakı enli meydanın olduğu yerə , əvvəllər burada tikilmiş çoxsaylı tikililərin olduğu küçə və dalanlara çıxırdı. "Loskutnaya"nı otuzuncu illərin əvvəllərində "Moskva"nı tikməzdən əvvəl sökdülər. İndi onun yerində "Oxotnıy ryad" ticarət kompleksi yerləşir.

Sonradan "Qrand-otel" adlandırılan "Bolşaya Moskovskaya" mehmanxanası isə uzun illər fəaliyyətsiz qaldıdan sonra 1977-ci ildə "Moskva" mehmanxanasını ikinci dəfə ucaldığı zaman sökdülər. Növbəti söküntü XXI əsrdə yeni "Moskva" mehmanxanasınının tikintisi məqsədi ilə baş tutdu, sonuncunun inşası isə 2008-ci ildə tamamlandı.

Bu nəhəng mehmanxana "Loskutnoy"un, "Bolşoy Moskovskoy"un və onlardan daha gözəl mehmanxana olan "Kontinental"ın yerində qərar tutub. Həmçinin gənc İvan Buninin 1889-cu ildə "belokamennı"ya ilk gəlişi zamanı üz tutduğu məşhur yeməkxananın yerində yerləşir.

Vera Muromtseva ilə tanışlığa qədər İvan Bunin Moskvanın ən yaxşı restoranlarının daimi ziyarətçisi idi, onu hamı tanıyırdı. "Praqa"da onun üçün dadlı blinlər hazırlayırdılar.

Evlilikdən sonra Bunin Moskvada daimi yerləşməsə də buraya daha çox gəlməyə və uzunmüddətli qalmağa başladı. Adətən Stolovaya küçəsində Muromtsevlərin malikanəsində yaşayırdı. Həmçinin "Loskutnoy"da da qalırdı.

1914-cü ildə Buninlər Plyuşixdə, Dolqo küçəsində, gənc memar, gələcəyin akademiki və Moskvanın baş memarı, yazıçının qonşusu olan Sergey Çernışev tərəfindən inşa edilmiş 14 nömrəli evdə (12 nömrəli mənzildə) məskunlaşdılar.

Mənim dostluq etdiyim Moskvalı ədəviyyatçı Aleksandr Venyaminoviç Xrabrovitski bu evin fotosunu çəkmiş və 1959-cu ildə digər fotolarla birgə Parisə – Vera Muromtsevaya göndərmişdir. Bu ev gimnaziya şagirdi Mişa Şoloxovun kirayə qaldığı evin sahibi olan gimnaziya müəlliminin yaşadığı evin yaxınlığında yerləşir. Şoloxovun keçmiş ədəbi katibi yazıçı Şaxmaqonov (Nikolay Şaxmaqonov – 1948- Rus yazıçısı – X.N.) mənim "Mixail Şoloxov müştərək fəaliyyətləri zamanı hansı rus yazıçılarını oxumağı sevirdi” sualıma ilk növbədə İvan Buninin adını çəkdi. Şoloxov Buninin şeirlərini yüksək qiymətləndirirdi, onları yadda saxlayır və mətnə baxmadan əzbər deyirdi.

Moskvada nahar zamanı ona təqdim olunan teleqramdan Bunin akademik seçildiyini bildi. Həmin unudulmaz anda masa arxasında onun ilk məhəbbəti və keçmiş arvadı olan, ona hədsiz sevgi bəsləyən şairdən gizlicə qaçan Vera Paşenko əyləşmişdi. Vera Paşenko "Arsenyevlərin həyatı"ndakı Liki obrazının prototipidir. Bunin "Kənd"i yazdığı ərəfədə, 39 yaşında, istedadı hər kəs tərəfindən etiraf olunduğu zaman akademik oldu. Hətta bədxahları da Buninin akademik seçilməsi zamanı təkcə yaşına görə təəssüf edə bilərdilər. Üçqat şair və nasir olan Bunin Peterburq elmlər akademiyası tərəfindən təqdim olunan Puşkin mükafatı laureatı olmaq şərəfinə də layiq görülmüşdür.

Bunin Moskvada yaşayarkən dəfələrlə Kremlə, Novodeviçye monastrına Vorobyov dağlarına getmişdir. Kremli ziyarətdən sonra kilsədə qorunan qədim abidələrdən birinə həsr olunmuş "Altıqanadlı" adlı şeiri yazmışdır.

1917-ci ilin payızında Fevral inqilabından sonra Bunin arvadı ilə birgə yenidən Moskvaya gəlib, arvadının valideynlərinin evində yerləşir. Bu zaman Muromtsevlər Povarskidəki yeni "Sərfəli evdə” yaşayırdılar. Bu, bütün mərkəzi küçələr kimi XX əsrin əvvəlləri üçün nəzərdə tutulan işıq, qaz, isti su, telefon kimi rahatlığa malik bu tipli çoxmənzilli binalarla əhatəənmişdi. Bura gəlməzdən əvvəl yazıçı başa düşdü ki, "rəhbərin hakimiyyəti mujikin gözündə heç bir məna kəsb etmir, amma Leninin hər bir sözü seçilərək həyata keçirilir".

Oktyabr gəldi. Povarskaya küçəsi küçə döyüşləri rayonuna çevrildi. Artilleriya atırdı. Mərmilər yazıçının ailəsinin yaşadığı evin pəncərələrinin yanından keçirilirdi.

1905-ci ildəki kimi Moskvada yenə döyüşlər gedirdi. 1917-ci il inqilabı qalib gəldi. Bu inqilab Rusiyanın gələcəyi üçün qorxu və həyəcan yaradırdı. Bunin bu inqilabı qəbul etmirdi. Hakimiyyət və imperiya ən radikal partiyalar olan bolşeviklərin və sosialist-inqilabçıların əlinə keçdi. Bolşeviklər individual terroru kütləvi terrorla əvəz etdilər, yetişən vətəndsş müharibəsindən çəkinmirdilər, aralarında Veranın qohumlarının da olduğu "sinfi düşmənlərin" həbs və edamlarına hazır idilər. 1910-cu ildə onun atasının dəfnində bütün Moskva iştirak etmişdi, 1905-ci ildə Nikolay Baumanın (1873-1905- Rusiya inqilabçısı, bolşevik qanadının rəhbərlərindən biri – X.N.) dəfn mərasimində olduğu kimi. Sergey Andreyeviç Muromtsev devrilmiş çar tərəfindən I Dövlət dumasının üzvü seçilmişdi. O, xalqın gözündə demokrat kimi tanınırdı. Ölərkən konstitusiyalı demokratlar olan kadetlərin (Kadet korpusu adlanan ibtidai hərbi-tədris müəssisəsinin tələbələri – X.N. ) nüfuzlu partiyasının liderlərindən biri idi. Bolşeviklər qəzəblə kadetlərin əleyhinə çıxırdılar. Hakimiyyəti ələ keçirən Lenin kadetləri xalq düşməni elan etdi.  


Vera Muromtseva və İvan Bunin 

 

Qorkinin arvadı Yekaterina Pavlovna Peşkovanın xatirələrinə əsasən Muromtsevlərin mənzilində Rusiyanın taleyi haqqında qızğın söhbətlər gedirdi. İvan Alekseyeviç deyirdi ki, getmək istəmir, amma özünü tamamilə gücsüz hiss edir və işləmək iqtidarında deyil".

Buninlərin yola salınması 21 may 1918-ci ildə baş tutdu. Həmin gün onların otağında yaxın adamlar toplaşmışdı. Qardaşı Yuli Bunin , yazıçı Teleşov, ədəbiyyatçı Koqan, Yekaterina Pavlovna Peşkova gəlmişdilər... O və Yuli Bunin sanitar vaqonda yer əldə etdikləri Savelovski vağzalına üz tutdular. Qəlb ağrısı yaşayan Buninlər buradan dolayı yolla Kiyevə, sonra Odessaya mühacirət etdilər.

Yazıçı haqqında bioqrafik materiallar kitabı nəşr etmiş Moskvalı ədəbiyyatçı Baborekoya (Aleksandr Baboreko 1913-1999– İ.Bunin yaradıcılığının məşhur tədqiqatçısı – X.N.) məktubunda Vera Muromtseva xəbər verirdi: "Biz Moskvadan 21 may 1918-ci ildə çıxdıq. Mənim valideynlərimin Povarskidəki mənzilində yaşayırdıq, Baskakovun evində, nömrə 26, aşağı mərtəbə. Girişdən solda".

İndi də həmin yerdə "26 nömrəli ev” yerləşir. Onun dalanına daxil olanda vestibülün pillələri ilə 2 nömrəli mənzilin qapısının önünə gəlirsən. Bunin buranı Moskvaya və hər zaman xatırladığı, bir an belə unutmadığı "Orta Rusiyaya" heç zaman qayıtmamaq üçün tərk etdi.

 

 

 

 

 

Lenin və Trotskinin Rusiyasını ilk tərk etmiş görkəmli rus yazıçısı İvan Bunin hər kəsdən əvvəl yaxınlıqdakı apokalipsisi gördü. Bu, onun köçməsindən az sonra Moskvanı və Rusiyanı cənginə almış Vətəndaş müharibəsindən, "hərbi kommunizm"dən, soyğunlardan, burjuaziyanın mərkəzdən köçürülməsindən, aclıqdan, soyuqdan, epidemiyadan əvvəl baş verdi. Bunin mühacirətindən heç zaman peşman olmadı, o Fransada, Parisdə yaşadı, onun haqqında SSRİ-də olduğunun əksinə, çox yazıldı, Nobel mükafatı laureatı oldu. Bunin 1917-ci il oktyabrdan sonrakı zamanı "lənətli günlər" adlandırırdı. Sovet hakimiyyəti ilə sözlə döyüşür, hakimiyyət də ona qarşılıq verirdi. Hətta Moskva universitetinin filologiya fakültəsində Buninin adı mühazirələrdə çəkilmirdi. Unutdururdular . Amma o, Stalinə də duruş gətirdi. Lakin Rusiyada onun şeirlərini və nəsr əsərlərini yenidən nəşr etdikləri günləri görə bilmədi – 1953-cü ilin sonunda Parisdə vəfat etdi. Seçilmiş əsərləri 1956-cı ildə Moskvada nəşr olundu.

Moskvalı yazıçıların sözlərinə əsasən İ.A.Bunin "həyat həqiqətinə heç zaman xəyanət etməyən rəssam, doğma təbiətin sirrlərini dərk etmiş şairdir". Bu isə hər kəsə nəsib olmur.

 

Rus dilindən tərcümə edən: Xatirə Nurgül

 

 

Xəbər lenti