Biz imzaları yox, əsərləri dərc edirik...

Mahanın nağılı
615
03 May 2021, 11:21
 Mahanın nağılı
 ("Məğrib gözəlinin hekayəti”)
 
 Bəhram şah yeddi ölkənin yeddi şahzadə qızını gətirib onlar üçün yeddi rəngli yeddi köşk tikdirmişdi. Sonra şah köşkləri gəzərkən yeddi gözəlin bir-birindən maraqlı hekayələrinə qulaq asırdı. O artıq dörd köşkdə qonaq olub, dörd gözəl şahzadənin nağılını dinləmişdi. Bu gün növbə firuzəyi köşkdə yerləşmiş Məğrib gözəlinin idi.
Şah səhər tezdən başının dəstəsi ilə firuzəyi köşkə yol aldı. Firuzəyi köşkün yolu, divarları firuzəyi məxmərlə bəzədilmişdi. Sağ və sol tərəfdə firuzəyi paltarlı kənizlər səf çəkib durmuşdular. Bir neçə nəfər firuzəyi paltarlı nökər yarağı firuzə ilə bəzədilmiş bir atı tutub saxlamışdılar.
 Bəhram şah cah-cəlal içərisindən keçib bir ağacın altında dayandı. Şahın ayaqqabıları altına firuzələr atdılar. O, atdan düşüb ağacın altında qurulmuş taxtda əyləşdi.
 Süfrəyə hər cür yemək-içmək düzülmüşdü. Kəmali-ədəblə taxtın üstündə oturdular. Şah üzünü Məğrib gözəlinə tutub dedi:
 – Ey ruhi-rəvanım, bizə bir şirin hekayət söylə!
Gözəl şahzadə bu kəlamı Bəhram şahdan eşidib təbəssümlə dedi:
 – Fərmanınız göz üstündədir. Dinləyin, sizə bir hekayət söyləyəcəyəm.
 Gözəllər-gözəli bunu deyib hekayətini – Mahanın nağılını danışmağa başladı:
Misir elində Mahan adlı çox dövlətli, mötəbər, gənc bir tacir vardı. Mahan ağıllı, bilikli cavandı. Bütün elmlərə yiyələnmişdi. Gündüzlər ticarətlə məşğul olur, gecələr isə elm öyrənirdi.
 Bir nəfərlə şərik dükan açmışdı. Özü dükanda oturur, şəriki isə gedib başqa şəhərlərdən mal gətirirdi.
Bir gecə dostları Mahanı ziyafətə dəvət etdilər. Mahan dostlarını qırmayıb ziyafətə getdi. Həmin gecə şəriki mal dalınca getmişdi. Ziyafətə gələnlər yeyib-içir, şellənir, çarhovuzun qırağında oturub maraqlı söhbətlər edirdilər.
Mahan durdu ki, bir az gəzişsin. Dostlarından aralanıb bağa düşdü. Axşam qaranlığında gül kollarının arasında gəzməyə başladı. Nə qədər gəzmişdi, bilmədi, bir də hiss etdi ki, yanında kimsə dayanıb. Çevriləndə şərikini görüb çox təəccübləndi, soruşdu:
 – Qardaş, nə vaxt gəldin, buranı necə tapdın? Gecənin bu vaxtı xeyir ola?
Şəriki cavabında dedi:
 – Getdiyim şəhərdə malı yaxşı qiymətə satdım, bizə lazım olan malı alıb geri döndüm. Axşama düşdüm. Şəhərin darvazaları bağlandığı üçün malı içəri keçirə bilmədim. Şəhərin kənarındakı karvansaraya qoydum. Malımıza müştəri var. Məmurların xəbəri olunca gecəykən sata bilsək, çoxlu mənfəət əldə edərdik.
 
 

Mahan mənfəət sözünü eşidib şirnikdi. Şərikinə qoşulub dostlarına heç nə demədən bağı tərk etdi. Şəriki qabaqda, Mahan da onun ardınca xeyli at çapdılar. Gecə qaranlığında uzun bir mənzil kəsdilər.
Arada Mahan şübhəyə düşdü, düşündü ki, bu şəhər kənarı nə uzaq odlu, hesabla gərək çoxdan çatmış olaydılar, amma tez şübhəni qovub özündən uzaqlaşdırdı. Şərabdan başının hələ də dumanlı olduğunu fikirləşib tam arxayınlaşdı.
 Yol uzandıqca uzanırdı. Artıq hava işıqlanırdı, qaranlıq yavaş-yavaş əriyirdi. Birdən Mahanın qabaqda at çapan şəriki yox oldu. Mahan atının yüyənini qəfildən elə çəkdi ki, özünü saxlaya bilməyib yıxıldı.
Ağlı başına gələndə özünü biyabanda tək-tənha gördü. Hərəkət etməyə halı qalmamışdı. Bu minvalla günortaya qədər yatdı.
 Günorta göy qızıb yeri-göyü yandıranda Mahan yuxudan oyandı. Göz işlədikcə uzanan boş çöldə bir ağac, bir kol gözə dəymirdi. İstidən gizlənmək üçün axtarıb bir mağara tapdı. Burada az qala əjdaha boyda ilanlar vardı. Ayaqları bir-birinə dolaşsa da, mağaradan çıxıb getməyə üz qoydu.
 Hara getdiyini bilmədən ta axşama qədər yol getdi. Hava qaralanda bir kahanın ağzında yıxılıb qaldı. Üzüüstə taqətsiz düşüb başına daha nələr gələcəyini gözləyərkən qulağına addım səsləri gəldi. Başını qaldıranda gördü dalında ağır şələ olan iki nəfər yol gedir. Yolçuların biri qadın, biri kişi idi. Kişi onu görüncə yaxınlaşıb kim olduğunu, bu kimsəsiz çöldə tək-tənha nə etdiyini soruşdu. Mahan, nəhayət, bir insan səsi eşitdiyinə sevindi.  Kişiyə dedi:
 – Nabələdəm. Adım Mahandır.
 – Ey biçarə, buraya necə düşmüsən? Bu yerlər divlərin məskənidir.
 Mahan başına gələn əhvalatı kişiyə danışdı. Kişi onu axıra qədər dinləyib dedi:
 – Ey gözəl cavan, şükür et ki, xilas olmusan. O, divmiş, sənə insan kimi görünüb. Adına "çöllərin hayili” deyirlər. Çox sənin kimi insanların canını alıbdır. Bəxtin gətirib ki, sağ qalmısan. Gəl bizə qoşul. Biz də sənin kimi insanıq. Sənə zərərimiz toxunmaz.
 Mahan, nəhayət ki, xilas olacağına sevinib yolçulara qoşuldu. Bələdçilər yanda, Mahan ortada xoruz banına qədər yol getdilər. Qaranlıq yavaş-yavaş çəkilməyə başladı. Hava işıqlaşan kimi Mahanın yol yoldaşları qəfildən gözdən itdilər. Yazıq Mahan yenə çölün ortasında tək-tənha qaldı.
 Artıq yeriməyə dizlərində taqət qalmamışdı. Aclıq, yorğunluq onu tamam üzmüşdü. Çarəsiz qalıb yeməli otlardan, köklərdən axtarmağa başladı. Birtəhər aclığını dəf edib yola düzəldi. O qədər getdi ki, gün batdı. Ətrafı zülmət bürüyəndə bir mağaraya girib yatdı. Gecənin bir aləmində qulağına səs gəldi. "Bu nə səsdir?” – deyib mağaradan bayıra çıxdı. Gördü bir atlı yedəyində bir at yol keçir. Atlı Mahanın bərabərinə çatıb dayandı. Daşa qısılmış Mahandan soruşdu:
 – Kimsən, gecə vaxtı bu dağ-daşda nə gəzirsən? Sirrindən məni agah eləməsən, səni qanına boyayacağam!
Mahan qorxusundan sapsarı oldu. Dedi:
 – Ey yel kimi yol gedən igid, mən deyim, sən gör mənim başıma nələr gəlib.
Mahan başına gələnləri atlıya danışdı. Atlı mat qaldı. Mahana ürəyi yandı. Dedi:
 – Anan namaz üstəymiş. Sənin rast gəldiyin o arvadla kişi cindirlər, işləri-peşələri adamları azdırmaqdır. Xoruz banını eşidən kimi qaçırlar. Arvadın adı Nila, kişininki isə Kiladır. Şükür et ki, salamat qurtarmısan. Səni bir kahaya aparıb qanını tökməyiblər. Min yedəyimdəki ata, vaxtikən burdan uzaqlaşaq.
 Mahanın daha düşünməyə halı qalmamışdı. Sakitcə ata minib atlıya qoşuldu, getdilər. Bir təpəyə çatıb oradan düzə baxdılar. Aşağı göy çəmənlik idi. Oradan dəf-qaval, xanəndə səsi gəlirdi. "Nuş olsun” bağırtıları çölü başına götürmüşdü. Hay-küydən, çəpik səslərindən qulaq tutulurdu. Qara paltarlı, sallaqdodaq bədheybətlər bir oyun çıxarırdılar ki, gəl görəsən!
 Mahan çevrildi görsün yol yoldaşı bu işə nə deyir, gördü yoldaş nə gəzir, ətraf əcinnə ilə doludur. Məşəl tutmuş əcinnələr Mahanı araya alıb rəqs etməyə başladılar. Mahan hiss etdi ki altındakı at da əcinnələrə qoşulub oynayır. Bir də baxıb nə gördü? Altındakı at deyil, dördayaqlı, iki qanadlı, yeddi başlı əjdahadır. Əjdaha yığılıb-açılır, Mahanı daşa-qayaya vururdu.
 Səhər açılıb xoruz banlayanadək əjdaha Mahanı oyuncaq kimi oynadıb atıb-tutdu. Səhər açılan kimi onu yerə salıb yox oldu. Əldən düşmüş Mahan özündən getdi. Soyuq torpağa sərilib ölü kimi qaldı. Günorta günəş qalxıb istisi ilə onu oyatdı.
 
 

 Mahan başını qaldırdı, gözlərini ovub çölü nəzərdən keçirdi. Bu çölün torpağı qanla suvarılmış kimi qıpqırmızı idi. Mahan gecə çəkdiyi zillətdə yorulmasına baxmayaraq, qalxıb gücü gəldikcə qaçmağa başladı. Axşama qədər qaçdı. Hava qaralmağa başlayanda axar sulu bir yerə çatdı. Suyu görüb sevindi, doyunca içib əl-üzünü yudu. Yatmaq üçün yer axtarmağa başladı. Düşündü ki, bir az yatıb dincələ bilsə, bəlkə, bu qara-qorxudan çıxar. Çünki başına nə gəlirdisə, gecə gəlirdi. Yatsaydı, xəyalı onu dağa-daşa salmaz, qarabasmalara imkan olmazdı.
Xəlvət bir yer axtara-axtara gəzib bir mağara tapdı. Mağaranın içindən dar lağım keçirdi. Lağımın qurtaracağından pilləkən başlayırdı. Mahan pilləkənlə enməyə başladı. Beləcə, düz min pilləkəni endi. "Bu cür dərin quyuda mənə dəyib-dolaşan olmaz”, – deyib uzanıb yatdı. Bir az keçmiş oyanıb başının altını rahatlamaq istəyəndə zülmət qaranlıqda düymə boyda işıq gördü. Qalxdı ki, görsün bu işıq haradan gəlir. Yaxınlaşdı, kiçik bir dəlik gördü, dəliyi başı keçəcək qədər oyub genəltdi. Başını çıxarıb gördü nə? Bura əsl cənnət bağıdır. Yetişmiş almalara, armudlara baxanda adamın ağzının suyu axırdı. Heyvanın xoş ətri insanı bihuş edirdi. Yanağı qırmızı şaftalılar, ləl sandığına oxşayan narlar göz qamaşdırırdı. İnnab, püstə, üzüm o qədər gözəl idi ki, bunları gördükcə dünənki cəhənnəm Mahanın yadından çıxdı. Əlini uzadıb meyvələrdən dərdi, yedikcə yedi.
Meyvə o qədər bol idi ki, Mahan dərdiyini axıradək yemirdi, eləcə dişləyib yerə atırdı. Birdən: "Oğrunu tutun”, – deyə qışqırıq qopdu. Mahan gördü əlində çomaq tutmuş bir qoca kişi ona tərəf gəlir. Qoca Mahanın yanına çatıb dayandı. Üzünü ona tutub qəzəblə dedi:
 – Sən kimsən, gecə vaxtı mənim bağımda nə işin var? Mən min bir əziyyətlə bağ becərmişəm ki, sən yolub-tökəsən?
 Mahan qocanın çox qəzəbli olduğunu görüb qorxdu. Dedi:
 – Mən evindən-eşiyindən didərgin düşmüş bir qəribəm, rəhmin gəlsin, günahımdan keç, cəzalandırma məni.
Qoca bağban onun yalvardığını görüb yumşaldı. Çomağını əlindən yerə qoyub soruşdu:
– Sənə nə bəla üz verib ki, yerindən-yurdundan didərgin düşmüsən? Hansı bədxislət səni bu günə salıb?
Mahan qocanın yumşaldığını görüb ürəkləndi. Dərdini açıb ona danışdı. O, başına gələnləri danışdıqca qocanın heyrətdən gözləri böyüyürdü. Mahan hekayətini qurtaranda qoca dedi:
– Sən zülm dəryasına düşübsənmiş, Allah səni qoruyub. Otur, dur ona dua elə.
Mahan qocanın mehribanlığını görüb onu bir dost, bir qardaş kimi sevdi. Dedi:
– Mən hələ də o mənhus diyarın hara olduğunu bilmirəm. Dünən başıma gələnlər ağlımı elə çaşdırıb ki, az qala adım da yadımdan çıxıb. Ömrümdə o cür dəhşət görməmişdim, yadıma düşəndə tüklərim biz-biz durur. Yenə şükürlər olsun Allaha, nicat tapıb qurtuldum. Belə gözəl bir bağa düşdüm, sənin kimi üzündən nur yağan insana rast gəldim.
Qoca Mahana dedi:
– O gördüyün çöllər divlərin məskənidir. Onlar insan cildinə girmiş cinlərdir. İnsanı aldadıb yalanlarla başını dumanlandırıb ümidlər verir, sonra zülm edib qanını tökürlər. Əvvəlcə adama kömək edir, sonra elə bir quyuya salırlar ki, oradan çıxmaq müşkül olur. İnsanların içində də belə divxasiyyət olanları var. Onlar da eyniylə divlər kimi sadəlövh insanları şirin dillə aldadıb yolundan çıxarır, min bir bəlaya salırlar. Ağıllı insan heç vaxt xam xəyallara uyub yolundan çıxmaz. Sənsə, görünür, sadəlövh olub oyuna düşmüsən. İndi tamahkarlıq edib artıq qazanc dalınca qaçmağının bəlasını çəkirsən. Olan olub keçib, daha qurtulmusan, qəm yemə. Yaradan özünü doğrultmağın üçün sənə təzədən imkan verib.
Bu gördüyün bağ-bağça mənim alın tərimlə ərsəyə gəlib. Onun hər ağacı bir bağdan gətirilib. Bu bağın meyvəsi bütöv bir şəhərə çatar. Üstəlik, dolu anbarlarım var. Qızılımın, ləl-cəvahiratımın qədəri yoxdur. Allah mənə övladdan başqa hər şey verib. Sən ürəyimə yatdın. Razı olsan, səni övladlığa götürərəm, bu varı-dövləti də sənə bağışlayaram. Burda qayğısız yaşayıb ömür sürərsən, evlənmək istəsən sənə gözəllər-gözəli bir qız alaram. Qoca vaxtımda mən də bağımdan, mal-dövlətimdən arxayın olub rahatlanaram. Əgər mənim təklifimi qəbul edirsənsə, gəl əhd-peyman bağlayaq.
Mahan bunları eşidəndə çox sevindi, qocanın əlini öpüb dedi:
– Bu nə sözdür, atacan! Sənin təklifini mən Allahın bir lütfü kimi qəbul edirəm. Bu gündən mən sənin oğlunam. Hər işimlə mənə bəslədiyin etimadı doğrultmağa çalışacağam.
Qocayla Mahan bir-birinin əlini sıxıb əhd-peyman bağladılar. Qoca onu öz sarayına dəvət etdi. Eyvanı bağa baxan bu saray o qədər böyük və təmtəraqlı idi ki, Mahanın heyrətdən ağzı açıla qaldı. Divarı-daşı sanki qızıl-gümüşlə işlənmişdi. Tavan o qədər hündür idi ki, baxanda adamın gözü qamaşırdı. Sarayın eyvanında çox uca bir səndəl ağacı bitmişdi. Nəhəng ağacın qol-budağı üstündə ipəklə süslənmiş taxt qurulmuşdu. Qoca Mahana dedi:
– Ağaca dırman, elə orda ağacın budağından asılmış boğçanı götür, aç. Orda yemək üçün hər şey taparsan. Ye, qarnını doyur. Mən də gedim sənin üçün otaq hazırlayım. Mən qayıdana qədər nəbadə ağacdan düşəsən. Nə qədər gec gəlsəm belə, yolumu gözlə. Hər kəs çağırsa, "ağacdakı kimdir?” soruşsa, səsini çıxarıb cavab vermə. Hətta çağıranın mən olduğumu düşünsən, yaxşı-yaxşı yoxlayıb əmin olandan sonra yaxına burax. Unutma, əhdimiz baş tutsa, bu saray, bu bağ, var-dövlət səninkidir.
 Qoca Mahana xeyli öyüd-nəsihət verib getdi. Mahan baxın gördü ki, səndəl ağacından kəndir nərdivan asılıb. Yaxınlaşıb nərdivanla yuxarı dırmaşdı, sonra qocanın tapşırdığı kimi nərdivanı çəkib yığdı. Ağacda oturub ətrafı seyr edərək xəyala daldı. Bir az sonra hiss etdi ki, acıb. Boğçanı açıb sarı buğda çörəyindən, ağ lavaşdan doyunca yedi. Sərin sudan içib mütəkkəyə dirsəkləndi.
Artıq hava qaralmışdı. Qoca isə gəlib çıxmaq bilmirdi. Bir az keçmiş Mahanın gözünə sayrışan işıqlar dəydi. Gözünü ovuşdurub baxanda nə gördü? Əlində şam tutmuş bir dəstə qız ona tərəf gəlir. Qızlar yaxınlaşdılar, dövrə vurub oturdular. Mahan saydı, on yeddi qız idi, hamısı da bir-birindən gözəl, bir-birindən cazibədar.
Qızlar şahanə məclis qurub şənlənməyə başladılar. Süfrələr salıb hər cür naz-nemət düzdülər. Quşlar kimi səs-səsə verib oxuyur, rəqs edirdilər. Mahan onları nəzərdən keçirib gördü bu qızların içində biri o qədər gözəldir ki, üzünə baxanda adam valeh olur.
Qızların yeyib-içib əylənmələrinə baxan Mahan oturmaqdan bezdi. İstədi düşüb qızlara qoşulsun, qocanın sözlərini xatırlayıb fikrindən daşındı.
Qızlar isə şənlənməkdə idilər. Hamısı bir-bir rəqs edəndən sonra süfrəyə isti, zəfəranlı aş, narplov, bütöv qızardılmış körpə quzu, toyuq, balıq – daha nələr, nələr gəldi. Mahan bunları gördükcə tamahı düşür, külçələrin, yağlı fətirin iyi burnunu qıcıqlandırdıqca ağzının suyu axıb gedirdi. Birdən qızların xanımı üzünü yanındakı qıza tutub dedi:
– Bu səndəl ağacında bir adam gizlənib. Çağır düşsün gəlsin, qonağımız olsun, bu gözəl nemətlərdən o da dadsın. Söylə ki, onsuz ağzımıza bir tikə almayıb gəlməsini gözləyəcəyik.
Qız səndəl ağacına yaxın gəldi. Səsləyib Mahanı çağırdı. Mahan qocanın tapşırığını unudub qızın sözü ilə ağacdan düşdü. Gözəllər-gözəli onu rəfiqələrinin yanına gətirdi. Süfrəyə dəvət etdi.
Mahan bütün gecəni səhərə qədər yedi-içdi, qızlara qoşulub əyləndi. Hava işıqlanana yaxın birdən baxıb gördü ki, yanında oturan qart ifritədir. Ətrafda da ifritələr əl-ələ yallı gedir. Mahan elə qorxdu ki, qorxusundan qışqırıb ağlamağa başladı. İfritə ondan əl çəkmədi, dan yeri ağaranadək Mahana işgəncə verdi: vurdu, döydü, qolları arasında sıxıb əzdi.
Xoruzlar banlayan kimi ifritələr Mahanı buraxıb qaçdılar. Yazıq Mahan özündən gedib bihuş yıxıldı.
Günəş qalxıb nurunu yayanda Mahan gözlərini açdı. Ayılıb gördü ki, o saray deyilən şeydən əsər-əlamət yoxdur. Dünən gördüyü sərv ağacları indi qaratikan kollarıdır. Meyvələr isə ilan-qurbağa olub, yan-yörədə qaynaşır. Leş iyindən baş çatlayır. Gecə ney, rübab, cəng saydığı o yan-bu yana atılmış heyvan sür-sümüyüdür. İçdiyi meylər, meyvə şirələri isə üfunət saçan çirkab imiş.
Mahan mat qalıb ah çəkdi. Öz-özünə fikirləşdi ki, nə qəribə işdir, dünən haradaydım, bu gün haradayam. Dünən bura gözəl bağça-bağ, gözəllər oylağı idi, bu gün buranın cəhənnəmdən fərqi yoxdur. Atalar yaxşı deyib, çox istəyən azdan da olar.
Mahan səcdəyə düşüb Allaha yalvardı, tövbə edib nəzir dedi. Xeyli dua etdi. Üzünü torpağa sürtüb bütün gün: "Ey kimsəsizləri qoruyan, mənə yol göstər, mənə nicat ver”– deyib ağladı.
Nəhayət, başını yerdən qaldıranda qarşısında firuzəyi paltar geyinmiş bir adam gördü. Bu kişinin üzünün nuru insanın gözünü qamaşdırır, sifətini görməyə mane olurdu. Mahan ağlamaqdan şişib qızarmış gözlərini ovuşdurub kişidən soruşdu:
– Kimsən? Niyyətin nədir?
Kişi cavabında:
– Xilaskarın Xızıram – gəlmişəm səni evinə aparam, əlini mənə ver, gözlərini yum! – dedi.
Mahan Xızırın əlindən tutub gözlərini yumdu. Bir an sonra gözlərini açanda özünü Misirdə dostlarının əhatəsində gördü. Dostları o itən gündən rahatlıq nə olduğunu bilmirdilər. Onun qayıtması üçün Allaha dua edirdilər. Hamısı firuzəyi rəngli paltarda idi. Mahan bildi ki, dostları onu unutmayıb, səlamətliyi üçün Allaha yalvarmışlar. Öz həmişəki libaslarından imtina edib Tanrının rəmzi olan firuzəyi paltar geymişlər. Çox kövrəldi. Düşündü ki, indiyə qədər necə də sadəlövh olub, ən böyük xəzinənin, yəni dostlarının qiymətini bilməyib. Onları burda qoyub var-dövlət dalınca qaçıb. Həmin gündən Mahan da özünə firuzəyi rəndə libas tikdirdi. Bundan belə dostlarından ayrılmayacağına, başqa rəng paltar geyməyəcəyinə and içdi.
Gözəl şahzadə Mahanın hekayətini başa vurub susdu. Şah çox məmnun olub gözəllər-gözəlinə bu maraqlı, ibrətamiz hekayətinə görə təşəkkür etdi. Firuzəyi köşkü tərk edərək öz iqamətgahına yollandı.
 
Uşaqlar üçün hazırlayan:
Gülər Ələkbərqızı
 

Xəbər lenti