Biz imzaları yox, əsərləri dərc edirik...

Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş “Poeziya günü” keçirilib
66
12 Aprel 2021, 08:57
 Muxtar respublikanın ümumtəhsil məktəblərində "Mütaliə aylığı” çərçivəsində reallaşdırılan tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində  Nizaminin həyat və yaradıcılığına həsr olunmuş "Poeziya günü” keçirilib.
 
 

 Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından, şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılması üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, muxtar respublikada gələcək nəslin sağlam mühitdə böyüməsi və savadlı olması üçün hər cür şərait yaradılıb. Bütün məktəblərdə kitabxana fondu zənginləşdirilir. Bu isə şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasına geniş imkanlar açır.
 "Bu il də aprel ayı ümumtəhsil məktəblərində "Mütaliə aylığı” elan edilib. Ay ərzində muxtar respublika ümumtəhsil məktəblərində mütaliə ilə bağlı müxtəlif tədbirlər, inşa yazı, dram, şeir, esse, sürətli oxu müsabiqələri, kitab müzakirələri və diskussiyalar, dəyirmi masa, kitab bağışlama aksiyası, Ədəbiyyat Muzeyi ilə interaktiv dərs, yazıçılar ilə şagirdlərin görüşü və digər bu kimi tədbirlərin keçirilməsi nəzərdə tutulub”, - deyən Heyran Əhmədova qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci 28 avqust il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən əsərlərin, o cümlədən həmin siyahıda yer alan Nizami Gəncəvinin əsərlərinin mütaliəsi şagirdlərin dünyagörüşünün və bilik dairəsinin genişlənməsinə, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafına müsbət təsir edir. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə, eləcə də muxtar respublikamızda hər zaman təntənə ilə qeyd olunub.
 Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 2021-ci il ölkəmizdə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə "Nizami Gəncəvi İli” elan edilib. Bu münasibətlə muxtar respublika ümumtəhsil məktəblərində silsilə tədbirlər həyata keçirilir.
 Tədbirdə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin direktoru Aytən Bağırovanın "Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında”, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin X sinif şagirdi Ayşən Qəriblinin "Nizami Gəncəvinin "Sirlər xəzinəsi” poemasının təhlili” mövzularında çıxışları dinlənilib.
 Sonra şagirdlər Nizami Gəncəvinin əsərlərindən parçalar səsləndiriblər. Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Səkinə Cəlilzadə "1000 sevincə dəyişmərəm uğrundakı bircə qəmi”, Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin IX sinif şagirdi Aytən Əliyeva "Səni bağda görən güllər pərdə çəkdi üzünə” adlı şeiri qiraət ediblər. Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdləri isə Nizami Gəncəvinin əsərlərindən seçmələr səhnələşdiriblər.

Xəbər lenti