Biz imzaları yox, əsərləri dərc edirik...

Moskvada Maya Bədəlbəylinin poeziya axşamı keçirilib
457
07 İyun 2021, 12:17
 Moskvada M.İ.Rudomino adına Xarici ədəbiyyat kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının üzvü, Rusiya Yazıçılar İttifaqı və Kaliforniya Poeziya Elmləri İnstitutunun üzvü Maya Bədəlbəylinin sərgisinin təqdimat mərasimi və poeziya axşamı keçirilib.
 AZƏRTAC xəbər verir ki, "Kainatın səsləri” adlı poeziya axşamı Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilib.
 
 

Sərgidə Maya Bədəlbəylinin iyirmidən çox rəsm əsəri nümayiş olunub. M. Bədəlbəylinin əsərləri Bakıda və Moskvada nümayiş etdirilib, onun "Söz”, "Dialoq”, "Kainatın səsləri” və sair kimi şerləri poeziya sevərlərə tanışdır.
 Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova gecənin açılışında çıxış edərək, Maya Bədəlbəylinin bədii dəst-xəttinin unikallığını qeyd edib. "Bu gün bizim görüş üçün ikiqat səbəbimiz var – Azərbaycan rəssamı Maya Bədəlbəylinin nəqqaşlıq işlərinin sərgisi və "Düşüncələr” kitabının təqdimatı. Mən bu salonda sənətkar, yazıçı və rəssam Maya xanımı salamlayıram”, - deyə o bildirib.
 T.Əhmədovanın bəhs etdiyi kimi, Maya Bədəlbəyli şeir istedadını hələ uşaq ikən özündə tapmışdı. O, beş yaşında şeir yazmağa başlayıb, artıq yetkin yaşında isə rəssamlığa müraciət edib və vizual görünüşlər vasitəsilə öz duyğularını və daxili dünyasını ifadə edib.
 "Maya Bədəlbəyli öz əsərlərini yaratmaq üçün alət qismində öz əllərindən istifadə edir. Məhz bu həm rəng, həm də formanın gözəl ifadəliliyinə nail olmağa imkan verir. Rəsm əsəri sanki rəssamın zehnində yaranır və birbaşa onun əlləri vasitəsilə kağız və ya kətan üzərində təcəssümünü tapır. Mexaniki vasitəçi olmadan, dərhal barmaqların ucu vasitəsilə. Bəlkə də buna görə bu işlər bu cür canlıdır və sözün əsl mənasında onların  müəllifinin qəlbinin izini daşıyır”, - deyə T. Əhmədova qeyd edib.
Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, tarix elmləri namizədi Nisə Mustafayeva müəllifi sərgi münasibətilə təbrik edib.
 N. Mustafayeva deyib: "2011-ci ilin oktyabr ayında bizim mərkəz Heydər Əliyev Fondunun himayəsi ilə yarandı. O vaxtdan bəri Fond bizim bütün layihələrimizi, o cümlədən bədii sərgiləri, ədəbi axşamları, təqdimatları, studiyaları, ustad dərslərini, gözəl insanlarla görüşlərimizi dəstəkləyir. Bütün bunlar Azərbaycan Mədəniyyət Mərkəzinin divarları arasında və Xarici Ədəbiyyat Kitabxanasının meydançalarında baş verib”.

Xəbər lenti