Biz imzaları yox, əsərləri dərc edirik...

Mənim bir yazı günüm
740
03 Yanvar 2018, 09:35
 "Kaspi” qəzeti "Mənim bir yazı günüm” adlı layihəyə start verib. Bu layihə çərçivəsində yaradıcılıqla məşğul olan tanınmış simalar özlərinin məhsuldar hesab etdikləri bir yaradıcı günü təsvir edirlər. Layihənin növbəti qonağı Rəbiqə Nazimqızıdır.
 
 
 
 

 Mənim yazı masam əvvəllər olub, o vaxtlar ki, nə oxucum vardı, nə həmkarım. Dəftərə yazırdım, vərəqə yazırdım, bloknot xəstəsiydim. Amma oxucuların, həmkarların bələd olduğu şeirlərin, məktubların, esselərin heç biri masada yazılmayıb. Mən müasir texnologiyadan yararlanmağı xoşlayıram. Vərdiş eləmişəm. Başqa cür alınmır. Ən yaxşı şeirlərin ideyası ağlıma küçədə gəlir. "Aynur üçün”ünü yalnız son bəndini işdə tamamlamışam, qalan bəndlər avtobusda min bir əziyyətlə yazılıb. Qələmlə az işləməyimin səbəbi, yəqin ki, səbirsizlikdir. Hə, bir də öz eybəcər xəttimi çox zaman özüm də oxuya bilmirəm. 
 Daha çox telefona yazıram. Əlbəttə, gecələr. Çox zaman çarpayıdaca. Yuxuya getməzdən əvvəl. Bir xəstəliyim var, nə yazıramsa, onu bir neçə dəfə oxuyuram ki, nəsə yadımda qalsın, yenə də qalmır. Məktubları sonra gəlib işdə redaktə edirəm, şeirləri word variantına salıram. Sayta-filana verəndə də bir neçə dəfə yenidən oxuyuram. Redaktə xəstəsiyəm, hər dəfə özümdə nəsə səhv tapıb əsəbiləşirəm, amma nadirən redaktorları narahat edərəm ki, filan misrada, ya sətirdə nəyisə düzəltsinlər. Utancaq adam deyiləm, sadəcə, qıymıram.
 Mənim yeganə materialım təəssüratlardır. Təəssürat xəstəsiyəm və bəzən öz hisslərimə, yaşantılarıma da sırf bu baxımdan baxıram ki, şeirə, mətnə çevirmək olar ya yox. Məsələ oxucuda deyil. Mən ədəbiyyatı yazmıram, oxumuram, yaşayıram, sonra mətnə çevrilirsə, əla və çox zaman da çevrilir. Yəqin, elə buna görə mənim mətnlərimdə başqalarını görmək mümkün olmur, olmayacaq. Eqosit yanaşmadır, amma olsun da. Yalandan nə deyim?
 Yazanda bütün sözləri əvvəlcə pıçıldayıram, səsi mütləq eşitməliyəm. Pəncərə ilə danışmağı xoşlayıram. Həmişə elə bilirəm, onun o biri üzündə kimsə var, bəlkə də, bu obyektdir, bəlkə, Tanrı, bilmirəm.. Bütün mətnlərim bir oxucuya hesablanıb, ondan kənarda heç kəs yoxdur. Bəlkə də, o adam da elə mən özüməm, bunu da bilmirəm. Mövzuya gəlincə, mövzu hissdir. Ondan kənarda mənə heç nə maraqlı deyil. Ağıl yalnız həyatda maraqlıdır. Mətndə isə onsuz ciyərdolusu nəfəs almaq olur.

Xəbər lenti