Biz imzaları yox, əsərləri dərc edirik...

Günəşi unutduğum üçün üşüdüm - Emil Rasimoğlunun şeiri
263
09 İyun 2021, 11:23
 Artkaspi.az saytı Emil Rasimoğlunun yeni şeirini təqdim edir:


Gecəyarı
gözümdən bir film düşdü külqabının içinə
və toxundum;
dağıldı dişimin üstündəki bir quş yuvası,
bir ilan süründü
ağ rəngli reportajın qarşısına,
tanıdı yağışın adını
ayaqlarını itirmiş bir tabut...
...mənsə
çörəyi intihar edən rəssamın
tablosunda
günəşi unutduğum üçün üşüdüm.
 
Yaxşı yadımdadır, maestro;
bir ağac bitmişdi göyərçin qanadında
tənha dirijordan gizlin...
Kölgəsində kilsə zəngləri qanla bəzənirdi
...və
boyalar böyüyüb ayaq açdığına görə
sonrasınından xəbərim olmadı.
 
Bilirsən,
həyətimizdə hər səhər uşaqlar oynadığı üçün
bircə anamın şahmat xanasında
unutduğu saçları ağarmadı...
Demək, hələ sular sağdı,
hələ skamyaların
yanından gəlib keçir saatın kəfkiri...
gecikdim,
vaxtında qayıqlara bu xəbəri apara bilmədim...
 
Daha mən
açar rəsmi çəkirəm boş yürüyün üstünə
yoxsa bu dən eynəyimdə cücərməyəcək
kilidlərin acığına,
gün düşməyəcək
işıqfordan asılmış güllələrin çaxmağına...
və bir gün
polislər tapacaq yelləncəkdəki tarix dərsini.
Çünki yalqızların
hərəsi bir buğda dənəsi atır
əlimdəki sonuncu damino daşına sarı...
 
...qəfl yuxum müharibədən sağ qayıdır
və mənə xəbər verirlər ki,
aktyorun ömrü bitib deyə
filmi sona qədər izləyə bilməmişəm, maestro.
 
Bağışlasın məni
edam kötüyündəki not dəftəri,
bağışlasın məni
xəritələrdən qovulan telefon zəngi...


Xəbər lenti