Biz imzaları yox, əsərləri dərc edirik...

Damokl qılıncı – Niyə belə deyirik?
500
12 Fevral 2018, 12:53
 Artkaspi.az ədəbi dilimizdə işlədilən, ancaq mənasının dərinliyini, kökünü bilmədiyimiz ifadələri, məcazlaşan fikirləri, "qanadlı sözləri” anlamaq baxımından olduqca böyük əhəmiyyət kəsb edən Musa Adilovun "Niyə belə deyirik” kitabından bəzi parçaları təqdim edir:
 
 
 
 

 Damokl qılıncı – başqa sözlə, daimi təhlükə, insanın başı üstündən əskik olmayan təhlükə deməkdir.
 Bu ifadə vaxtilə Siseronun bəhs etdiyi qədim yunan əfsanəsi ilə əlaqədar yayılıb. Sirakuz hökmdarı Böyük Dionisanın (e. ə. IV əsr) ən yaxın dostu və sevimlisi olan Damokl padşaha paxıllıq etdiyini bildirmiş, onu insanların ən bəxtəvəri hesab etdiyini söyləmişdi. Bunun müqabilində böyük Dionisi onun yanıldığını sübut etmək üçün bütün hakimiyyətini Damokla verərək onu öz yerinə şahlıq taxtına çıxarır. Əmrinə bütün sarayın müntəzir dayandığı Damokl zövq-səfa içərisində yaşamağa başlayır. Lakin bir dəfə ziyafət zamanı Damokl başı üzərində tükdən asılmış çox iri və iti bir qılınc görür. Damokl həmin yerdən qalxıb qaçdıqda Dionisi ona deyir: "Bu qılınc hökmdarları daim hədələyən təhlükənin rəmzidir”.
 Fikrət Sadıq "Vaxt” şeirində yazır:
 Başımızın üstündə
 Vaxt – Damokl qılıncı,
 Hər işi vaxtında gör –
 Vaxt üstünü alınca.
 Mirzə İbrahimov "Gözəl dünya, dərdli dünya” məqaləsində yazırdı: "…Hazırda bəşəriyyətin qarşısında duran ən vacib məsələ sülhü, əminamanlığı qoruyub saxlamaqdır, müasir insan mədəniyyətini Damokl qılıncı kimi təhdid edən müharibə təhlükəsini aradan qaldırmaqdır. 
 Xəlil Rzanın "Hara gedir bu dünya?” şeirində deyilir: 
 Başımızın üstündə Damokl qılıncı var,
 Yalnız silahsızlığa ərzin ehtiyacı var.