Biz imzaları yox, əsərləri dərc edirik...

Burda kiriyib hamı - Süleyman Muradlının şeirləri
196
06 May 2021, 10:20
 Artkaspi.az saytı Süleyman Muradlının şeirlərini təqdim edir:
 
MAYIN BEŞİ

Böyük böyük danışdım
Böyük böyük susuram
İndi
Bir vaxt sənə qaçardım
Özümdən də qaçıram
İndi
Bir vaxt vaxt arardım
Hər şeyə vaxt tapıram
İndi
Yaşamağa doğuldum
Ölməyə də hazıram
İndi
 
 

***
Cavab gəlsə də sənə
Göyün hansı qatından
Əl açıb dilənirsən
Sənsə öz Allahından
 
Dua ilə dilənib
Yerdə var arzuladın
Beləcənə bir ömrü
Dilənçitək yaşadın
 
Demədin ki ilahi
Bir sevgi yetir mənə
Bir qadın ver ilahi
Bənzəsin biraz sənə
 
Demədin ki ilahi
Bir övlad payı yetir
Onsuz təkəm tənhayam
Qalmışam həsir-yesir
 
Eləcə pul diləndin
Var istədin tanrıdan
Bəs nə oldu söylə bir
Səni belə ayıldan
 
Tanrı verdi anladın
Var dövlətli tənhasan
Puldan başqa heçnəyi
Olmayan bir kasıbsan
 
 
***
Salam axşamın xeyir
Uzaqlardan yazıram
Sənsizlikdən dəliyəm
Boş küçədə azıram
 
Gedib hər şeyin dadı
Qanadsız quş kimiyəm
Kimsə yerimə deyir
Mən bu qızın əriyəm
 
Hər bir yalanın xoşdur
Sənsən ilim ayım da
İndi öpürəm səni
Hər gecə öz yuxumda
 
Burda kiriyib hamı
Susdurdum hər kəsini
Heyf ki kəsəmmirəm
Ürəyimin səsini!

Xəbər lenti