Biz imzaları yox, əsərləri dərc edirik...

Ağlın toxluğundan qəlbin aclığına – Fərid Hüseyn yazır
2784
05 May 2021, 14:09
 Qəlbin və ağlın sirri

 İnsan qarşı tərəfə tam aydın olandan sonra onun üçün nəyisə gizlətməyin mənası, demək olar, qalmır. Sanki səni saatlarla çılpaq görmüş birindən əllərini gizlədirsən... Anna bir məqamdan– Dollinin Vronski ilə söhbətindən sonra tam açılmaq – ürəyindəkiləri ona boşaltmaq istəyir. Dolli ona deyir ki, sən ərindən boşanmalısan, əks halda, indiki və sonrakı uşaqların Kareninin soyadını daşıyacaq. Anna yenidən ana olmaq istəmədiyini bildirir və açıq şəkildə etiraf ki, həkim ona ana olmağı qadağan edib, əksi baş versə, o ağır xəstəliyə düçar olacaq. Bu ağır durumda Anna bədbəxtliklərindən birini açır – ana olmaqdan imtina etdiyini bildirir. Eyni zamanda, o ərinə kömək etmək istəyir, əgər  o, xəstələnib yataq dustağına çevrilsə, həmin arzusu ürəyində qalacaq. Anna bədbəxtliyini gizlətdiyi Dolliyə çıxılmazlığının birini beləcə etiraf edir.
 Sonra Anna daha irəli gedir və gərginliyini daha dəqiq ifadə etmək üçün deyir: "Morfisiz yuxuya gedə bilmirəm”. Beləcə, onun bədbəxtliyinin ikinci gizlini də açılır. 
 Anna boşanmaq istəyir, ancaq əvvəlki ərinin Lidiya Aleksandra ilə münasibətlərindən sonra bu məsələnin  də mümkünsüz olacağını düşünür və bu xüsusda ərinə müraciət edib sözünü yerə salmaq istəmir. O, Dolli qarşısında üçüncü etirafı ilə də faş olur.
 Və Anna daha bir faciəsini açır: Əgər əri razılıq verib boşansa ona oğlunu verməyəcəklər və o, nəticədə oğlunu görmək imkanlarını itirəcək və uşaq daim anasına nifrət edərək böyüyəcək. 
 Və Anna əsl faciəsini sonda dilə gətirir: "Mən iki məxluqu: Serjojanı və Alekseyi, demək olar ki, eyni dərəcədə, lakin özümdən artıq sevirəm”. Sonra əlavə edir: Yalnız bu iki məxluqu sevirəm, onların biri digərini istisna etmir. Mən onları birləşdirə bilmərəm, mənəsə yalnız bu lazımdır. Əgər bu mümkün deyilsə, onda mənim üçün fərqi yoxdur. Hamısı, hamısı birdir. Necə olsa hamısı bitəcək. Buna görə də mən bu barədə danışa bilmirəm, bu barədə danışmağı xoşlamıram. Məni heç bir şeydə qınama, günahlandırma”. 
 Anna yaşadığı iztirabları ilə Dollidən aşağı mərtəbədə dayanıb – ancaq bunu hər ikisinin anlaması üçün gərək onlar rəqiblik mərtəbəsini keçələr – bir-birlərinə tam açılalar. Dolli gələrkən "Bağışlanmayacaq qədər xoşbəxtəm” deyən Anna Karenina sonra sadaladığı müşküllərlə, əslində, çıxılmazlıqda olduğunu – bədbəxtliyinin islanmış düyünə çevrildiyini dilə gətirir. Beləcə onların arasındakı buzlar əriyir.
 
 

 Tolstoy özü barədə etiraf edirdi ki, mən yalnız Allaha inananda xoşbəxt oluram. Anna Karenina isə xoşbəxtliyinə inananda xoşbəxt olur. Ancaq xoşbəxtlik sadəcə xoş günlərə olan inam deyil, daha çox xoş günlərin nəticəsidir. Xoşbəxtliyə inanmaqla tam xoşbəxt olmaq mümkünsüzdür. Anna Karenina, sanki, yuxudadır, nə vaxt ki, səadətinə qapılır xoşbəxt olur, nə zaman ki, həqiqətinə – reallığa qayıdır, onda çıxılmazlığını bütünlüklə dərk edir. Anna Karenina sanki romantizm və realizm arasında vurnuxur. Xatirəsi olan, yəni keçmişi olan insanla xoşbəxt olmaq çətindir, çünki yaşadıqları həmin adamdan heç zaman bütünlüklə qopmur və bu daim qarşı tərəfi problemlərə sövq edir. Anna yeni həyata başlaya bilər, amma o, özü yeni deyil, yaşanılmış biridir – buna görə də onun keçmişindən tam xilası mümkünsüzdür. 
 Tolstoy əsər boyunca ailə problemlərini dərinləşdirir. Biz Annanın üzünü gülən görürük, ancaq onu xoşbəxtliyi tam aşkar olmur. Müəllif qəsdən bu məqamı bu şəkildə qabardır – bütün çılpaqlığı ilə verir. Tolstoy Annanın faciəsinə o qədər qapılır ki, nəticədə Kitti və Levinin səadətini unudur, romandakı o xətti sönük canlandırır, xoşbəxtliklərini ötəri əsaslandırır. Tolstoy Levin və Kiti xəttini örnək göstərir – amma o səadətin detallarını dəqiqliklə açmır. Levin və Kiti xəttini əsaslandırmamaqla Tolstoy şüurun mahiyyətini (beyni) gizli saxlayır, Anna və Vronskinin bütün bəlalarını göstərməklə isə qəlbin sirlərini faş edir.

 Rəqabət mühiti

 Və Anna Karenina ilə bağlı hər hissədə onun faciəsinə daha bir faciə əlavə olunur. Vronskini tanıyandan sonra Annanın yaşadıqlarına fikir versəniz, dediklərimin yanlış olmadığını görə bilərsiniz. Kaşin quberniyasında seçkilər olanda Vronski də ora getməli olur və təbii ki, Anna onsuz çox darıxacaq. Vronski düşünür: "Əvvəl-əvvəl indi olduğu kimi ortada anlaşılmaz, gizli bir şey olacaq, sonra buna öyrəşəcək. Hər halda, mən hər şeyi ona qurban verə bilərəm, öz kişilik müstəqilliyimi yox”.
 Bura qədər Vronski ilə Annanın məhəbbəti o qədər də məişət səviyyəsinə enmir, amma bu məqamda Vronski ona adi bir qadın gözündə baxır. Anna isə adi yox, qeyri-adi qadındır, o, ən çox verdiyi qurbanlarla – gözə aldığı nəticələrlə alidir. Məişət isə məhz qeyri-adiliyi gözdən salmağın, həyatı gündəlik yaşanan təkrarların mənasızlığına çevirməyin ustasıdır. Bu məqamda həyat həqiqəti məhəbbət həqiqətini üstələyir. Anna Karenina isə həyatını məhəbbətə qurban vermiş biridir, onun səadət tapması üçün gərək məhəbbət hökmran ola. Annanı öz məhəbbəti sıxışdırır, onu dalana dirəyir, məhəbbətin əlindən qaçıb, özünü "həyatın altına atıb öldürür”. 
 Nədənsə bir sıra hallarda ailə həyatı quran, yaxud böyük sevgi yaşayan bəzi insanların qəlbinə günün birində belə bir şübhə toxumu səpilir ki, o, öz azadlığını, müstəqilliyini məhəbbətə, ailəyə qurban verib. Sonra həmin adamlar öz azadlıqlarını nümayiş etdirmək, öz aləmlərindəki buxovdan yaxa qurtarmaq istəyirlər. Belədə azadlıq öz gücünü məhəbbətə göstərir. Vronski seçkilərə getməyi ona görə istəyir ki, evdən uzaqlaşsın – sübut etsin ki, o, ailə-məişət buxovlarından azaddır, Annadan ayrı yaşaya bilir, onun ailədən başqa da dəyərli seçimləri var. İnsanın özünü sevdiyi insana sübut etməsi onun daxilən zəifliyinin əlamətidir. Ümumiyyətlə, gücün göstərilməsi, dönə-dönə özünüsübut nümayişi zəiflik əlamətidir. Vronski nə üçün azadlığını itirdiyini zənn edir? Nə üçün o, öz azadlığını məhəbbətində görmür? Bu cür çevrilmənin kökündə nə dayanır? Tolstoy bu romanı dünyanın mahiyyəti ilə həmahəng qurub. Təbiətin, insan xislətinin qanunları əsərin mahiyyətinə, obrazların xislətinə hopub, ona görə də onlar bəzən özləri də bilmədən ona tabe olurlar. Zaman insanı insanın nəzərində adiləşdirir. Gözümüz alışan şeylər bizə çox zaman köhnə kimi görükür. İnsan qərar verəndə  əksərən zamanı unudur. Səadət ümidi insanı bəzən tamamilə çaşdırır. Vronski də Annayla səadəti öz nəzərində adiliyə çevirir. Beləcə o buna görə də özünü azadlığını itirmiş hesab edir. İnsan isə zəiflədiyini başa düşən kimi, qarşısında dayananları rəqib kimi görürlər. Beləcə Vronski özünü – azadlığını sübut etməyə çalışır: "Vronski seçkilərə ona görə gəlmişdi ki, həm kənddə darıxırdı, həm də Annanın qarşısında özünün azadlığını bildirmək... ...istəyirdi”.
 Bu hərəkəti Anna anlayır və beləcə onların məhəbbət aralarında bir rəqabət mühiti yaradır. Nəticədə Anna da Vronskiyə qarşı hərəkət etməli olur – ona məktub yazır. Məktubun mətnin də bilinir ki, Anna məkrinə məğlub olaraq çaş-baş qalıb. Anna Vronskiyə məktub yazır ki, qızı Ani xəstədir və halı pisdir. Eyni zamanda Vronskinin yanına gəlmək istədiyini deyir. Anlaşılmaz bir vəziyyət yaranır: Ani ağır xəstədirsə anası niyə onu qoyub ərinin yanına getmək istəyir. Vronski bu çaş-başlıqdan başa düşür ki, Anna məktubu məkrlə yazıb. Məktubdakı düşməncə ahənd, qəzəb tonu Vronskinin ürəyini yumşaldır və o gəlib görür ki, qızı sağalıb, halı yaxşıdır. O yenidən geri qayıdır. Evdən çıxanda Annaya soyuq nəzərlərlə baxır və qadının ürəyinə şübhə toxumu səpilir: "Bu baxışlar göstərir ki, o, məndən soyumağa başlayıb”. 
 Ancaq bu qarışıq vəziyyət Annanı qəti qərar verməyə vadar edir: O başa düşür ki, əgər Vronski ilə münasibətləri kəskinləşdirərək boşansa, onda həyatı tamam nizamdan çıxacaq və o, yaşadıqlarını unutmaq üçün gündüzlər başını iş-güclə qatacaq, gecələr isə morfi içəcək. Tolstoy bu məqamda unutmağın, məhəbbət əzabından xilas olmağın məkrli yolunu seçməsini göstərir. Çünki yada salmamaq, başını iş-güclə qatmaq, dərman içib, morfi istifadə edibunutmaq kimisə həyatından məcburən çıxarmaqdır. Başqasını bu yolla tez-tələsik həyatından çıxara bilərsən, amma bu çox məkrli yoldur. Bu, kimisə beynindən təhqiramiz formada qovmaqdır. Bu gərginlik – bu üsul göstərir ki, Anna psixoloji cəhətdən vəziyyəti, yumşaq desək, olduqca gərgindir. Bu gərginlik içərisində o qərar verir ki, Vronskini namüəyyən vəziyyətdən xilas etməlidir – yəni, ərindən boşanmalı və onunla evlənməlidir. 
 
 

 Annanın gərginliyini göstərən başa bir detal isə budur: "O nə qədər çalışsa da bu qızı sevə bilmirdi, saxta məhəbbət göstərməyi isə bacarmırdı”. Anna ruhi gərginlik ucbatından qızını – Anini sevə bilmir. Eyni zamanda Annanın məkri bir başa formada da üzə çıxır: O başa düşür ki, məktubu ilə, hərəkətləri ilə Vronskini bezdirir, ancaq ürəyindən keçir ki, eybi yox, qoy o bezərək evə gəlsin, ancaq təki daim onun yanında olsun.  Onlar arasında belə bir dialoq olur. Anna deyir ki, əgər Moskvaya gedib məni də aparmasan,onda səndən boşanacağam. Tolstoy bu söhbətdə Annaya baxan Vronskinin gözlərini "təqib olunan qəzəblənmiş bir adamın baxışları” kimi təsvir etməklə, qəhrəmanın daxilən necə sıxıldığını göstərir. 
 Beləcə Anna Karenina Aleksey Alekseyevə məktub yazıb boşanmağı xahiş edir. Vronski ilə Anna Moskvaya köçüb birgə yaşayırlar. 
Beləcə Vronskinin azadlıq ehtirası və onun hərəkətlərindəki əksi Annanın ruhi dincliyini əlindən alır, onu daha da məkrli edir, məhəbbət mühitinin yanında yeni bir rəqabət meydanı yaradır. Bu amil də  Anna Kareninanı faciəyə aparan yolu bir az da hamarlaşdırır...

 Gözəllik və detal
 
 Tolstoy Anna Karenina obrazını o qədər mükəmməl yaradıb ki, əsər irəlilədikcə sanki oxucu da ona heyran, bəlkə də, bir az da irəli getsək, deyə bilərik ki, oxucu da Annaya aşiq olur.  Romandakı bütün kədərin, ağrının, ailə faciəsinin içində – əsərin bir neçə yerində müəllif Annanın gözəl simasını təsvir edir. Bununla da yazıçı sanki bizi ayıldır.  Фyıldır ki, əziz oxucular, kədərə, ayrılığa, ortalıqda qalmağa aludə olmayın, Annanın timsalında gözəlliyi, özü də mükəmməl gözəlliyi seyr edin. Sanki müəllif bununla həm Annaya xanım olduğunu hiss etdirir, həm də bizim yadımıza salır ki, o, bir qadındır və özü də qeyri-adi dərəcədə gözəl qadındır. Sual oluna bilər ki, axı burda məxsusi nə var, məgər dünyada gözəl qadın azdır? Xeyr, gözəl qadın çoxdur, amma tamamlanmış qadın azdır. Tolstoy bütöv şəxsiyyətin simasında gözəl bir varlığın faciənin mahiyyətinmi açır.
 Bəs Annanı bunca gözəl edən nədir? Annanı bu qədər gözəl göstərən onun ruhunun azadlığı və zənginliyidir. O, uşaqlar üçün kitab yazır, çoxlu jurnalları oxuyur, dəbdə olan nəşrləri mütaliə edir, bir sözlə, bütün problemlərin məngənəsində belə dünyanın mahiyyətini bacardıqca dərindən anlamağa çalışır.  Tolstoy detalları ilə də möhtəşəmlik yaradan yazıçıdır, bir nümunəyə nəzər salaq: "Aldığı xarici qəzet, jurnallarda təriflənən kitabları gətizdirib yalnız tənhalıqda mümkün olan xüsusi bir diqqətlə oxuyurdu”. Doğurdan da, tənhalıq anlarımızda oxuduğumuz kitablara başqa vaxtlar mütaliə etdiklərimizlə müqayisədə daha artıq bağlanırıq, onları daha dərindən anlayırıq. Vronskinin seçki üçün getdiyi günlərdə Annanın tənhalığını Tolstoy bu cür dolğun bir detalla – kitabları xüsusi diqqətlə oxuması ilə əlaqələndirir.
 Annanın mütaliə edən, müzakirə aparan, dünyanın gərdişini düşünən obrazı onun yalnız fiziki gözəllik deyil, eyni zamanda mənəvi gözəllik sahibi olduğunu göstərir. Gözəlik bağışlanılmaz bir şeydir. Xüsusən də, əgər fiziki və mənəvi gözəllik bir adamda cəm olursa, onun əzabı ikiqat, düşmənləri birə min artır. Tolstoy varlığın – gözəlliyin insana qənim kəsilməsini də Anna obrazının başına gələnlərim timsalında göstərir. 

 İradə asudəliyi
 
 Müəllif əsər boyunca iradəsinin gücüylə seçimlər etmək haqqının oxucunu özünə verir. Və bu seçimlər, bu cür iradə asudəliyi romanın dinamikasını artırır. Nəticədə biz oxucular məntiqimizin gücüylə romanın hansı axara yönələcəyini tam müəyyənləşdirə bilmirik, çünki Anna öz həyatının qərarlarını özü verir və həmin qərarlar son dərəcədə gözlənilməzdir. Bu obrazın yox, insanın gözlənilməzliyidir. İnsanlar (oxucular) isə praqnozagəlməz adamlara qarşı daim maraq duyurlar. Anna müəllif üçün də, oxucular üçün də gözlənilməz qəhrəmandır. Ona görə də Tolstoydan soruşanda ki, "Annanı niyə öldürdün”, cavab verib ki, onu mən öldürmədim, o, özü özünü qatarın altına atdı. Yəni Tolstoyun əsas qəhrəmanı obraz olmaqdan çıxıb – o sanki canlı insandır və onu heç kəs idarə edə bilməz. Anna Karenina obrazı yaradıcılığın sırf müəllifdən asılı olmayan, təbii bir qanunauyğunluğa tabe qəhrəmandır.
 

 
 


Xəbər lenti