Biz imzaları yox, əsərləri dərc edirik...

Zakirin zikri - Gülbala Dadaş yazır
687
29 Oktyabr 2020, 12:53
 Artkaspi.az saytı Gülbala Dadaşın "Zakirin zikri" adlı yazısını təqdim edir:
 
 Bədii fikir tariximizə nəzər saldıqda ədəbiyyatımızın inkişafına müstəsna xidmətlər göstərmiş ədiblərimizin kifayət qədər olduğununu danılmaz fakt kimi qəbul edirik. Sanki dünya hər dəfə köksünü ötürdükdə onlar dünyanın qarşısından keçib-getmiş, zamansa qarşısına çıxan maneələrə baxmayaraq onları tarixin yaddaşına əbədi həkk etmək üçün çiyinlərində, büdrəmədən, yıxılmadan, heç birinə toz dənəsi belə qondurmadan günləri aylara, aylarısa illərə calayaraq özünü əsrlərə çevirmək missiyasını məharətlə yerinə yetirmişdir. Zaman həm də öz ədalət prinsipinə əsasən unudulmağa haqqı olmayan kimsəni kimsəyə unutdurmayıb. Yəni, heç kimin heç kəsi unutmağa haqqı yoxdur!
 
 

 Əbədi yaşamağa haqqı olan şairlərimizdən biri XIX əsrin birinci yarısında yaşamış Qasım bəy Zakirdir. O, 1784-cü ildə Qarabağ mahalının Şuşa şəhərində sayılıb-seçilən bəy ailəsində dünyaya gəlmişdir. Ömrünün çox hissəsini Qarabağ hakimi Mehdiqulu xanın ona bağışladığı Xındırıstan kəndində keçirmişdi. Qasım bəyə qədər Azərbaycanda Zakir adına rast gəlinmir. Şairin seçdiyi Zakir təxəllüsü ərəb sözüdür, mənası "zikr edən" deməkdir. Məhz Qasım bəy Zakirdən sonra Qarabağda, xüsusilə də Şuşada oğlan uşaqlarına Zakir adı verilməsi geniş yayıldı. Bu hal, adın özlüyündə daşıdığı məna ilə yanaşı, həm də şairin xatirəsinə ehtiram əlaməti hesab olunurdu...
 Bu günümüzdə də Zakir adına az rast gəlmirik. 
 Qasım bəy Zakir Şuşa ruhani məktəbində fars dilində təhsil almış, Firdovsi, Xəyyam, Xəqani, Nizami, C.Rumi və.s kimi nəhəng klassiklərdən bəhrələnmişdir. Elə bu səbəbdəndir ki, görkəmli şair istedadından savayı ədəbi zövqü ilə də müasirlərindən öndə olmuşdur. Qasım bəyin qəzəllərində yuxarıda adlarını sadaladığım klassiklərin təsir yükü öz yerini tutur. Şairin ədəbi düşüncələrində özünəməxsus kamil fikirlərin zənginliyi ilə bərabər bədii ifadələrin və sənətlərin harmoniyası yerində qalmaqla, nəzəri-ürfan terminlərindən istifadə etməsi öz əksini tapmışdır...
 
 

 Q.Zakir irsinə "qohum" şairlərdən biri də XIX əsrdən bu günümüzə qədər öz yaradıcılığı ilə, məxsusən qəzəlləriylə Azərbaycanla yanaşı dünyanın bir çox ölkələrində, əsasən də şərqdə sevgi və sayqıyla anılan Seyid Əzim Şirvanidir. Seyidin Zakirdən təsirlənməsi məntiqdən kənar olsa da, Qasım bəyin qəzəllərindən ilham alması aydın görünür. nəzərdən qaçılmazdır. Belə düşünməyimə əsas verən maqam, Şirvaninin aşağda qeyd beytinin, Zakirin yazdığı digər beytlə məna baxımından üst-üstə düşməsidir.
 
 S.Ə.Şirvani:

 Olmasaydı qəmi-eşqin dili-viranımda,
 Saxlamazdım onu bu izzət ilə yanımda.
 
 Q.Zakir:

 Nola gər saxlar isəm təndə dilü canı əziz,
 Bir pərinindi, onunçün tutaram ani əziz.
 
 Beytlərdən göründüyü kimi qafiyələrin fərqliliyinə, eləcə də birinin rədifli digərinin rədifsiz olmasına baxmayaraq mənaların eyniliyi, gün kimi aydındır...
 Şairin özfəaliyyəti yalnız qəzəl, müstəzad və bu kimi janrlardan ibarət deyildir. Bütün bunlarla yanış Zakir həm də şeirdə yeni növlər-mənzum məktub, taziyana, mənzum hekayə və təmsil janrlarını yazıb-yaratmışdır. Eyni zamanda təmsil janrının yaradıcılarından biri olmuşdur. Bu əsərlər şairin realist yönümlü yaradıcılıqla məşğul olduğundan xəbər verir. Həmin dövrün ədəbiyyatına nəzər saldıqda məlum olur ki, elə realizmin təməl daşını qoyanlardan biri məhz Zakirdir...
 
 Bir kəsin bir kəsdə gər həqqi ola
Y etirib həqqinə, tez salın yola.
 
 Çünki nə müddətdi ərzə vermişəm
 Yüz dəfə özüm də ərz eyləmişəm
 ("Divanbəyləri Həcv" təmsilindən)
 
 Qasım bəy Zakirin yaradıcılığı bir də onunla seçilirdi ki, realist əsərlərdə o dövrün bütün mənfi xüsusiyyətlərini ümumiləşdirib nümayiş etdirməyi peşəkarlıqla yerinə yetirirdi. Bu böyük sənətkarın satira janrında yazdığı nümunələrdə xalqın maariflənməsinə mane olan, sadəlövh insanları maariflənmə ziyasından uzaq tutub, zülmətə sürükləyərək, uçurumdan yuvarlatmaq istəyən bəzi bəyləri, mülkədarları, ruhaniləri, çar məmurlarını və insanları soyub-talayan fırıldaqçıları ifşa etmişdir. Avam kütlənin gözünü açmaq üçün hər zaman yanlarında olmuş, onları maarifləndirməkdən ötrü maddi və mənəvi köməyini əsirgəməmişdir. Qasım bəy satiralarında xalqın həyatına laqeyd yanaşanları tənqid etməklə bərabər onları obrazlı şəkildə insanların gülüş obyektinə çevirmişdir. Bu səbəbdən başına gəlməyən bəla qalmamışdır...
 
 Heyf, səd heyf, bu iş bulmadı əncam yenə
 Üləma özlərini eylədi bədnam yenə.
 
 Şişəyə dəsti-qəza, səngi-cəfa yağdırdı
 Şişəvəş sındı bu gün rövnəqi-islam yenə.
 
 Xəl'əti-xosrovi-dəhr eylədi əngüştnüma
 Oldu ta Məmmədəli sahibi-ən'am yenə
 
 (Şuşa mollaları haqqında)
 
 O illərin "ruhani"ləri Zakiri "dindən çıxmış", "Allahı inkar edən kafir" deyə qələmə verirlər. Amma Q.Zakirin bir çox qəzəllərində rəmzi mənaların Quran ayələri və səhih hədislərlə bəzəndiyini ağılları həzm edə bilmirdi. Hələ şairin təxəllüsündəki mənanın da az qala fərqinə varmamışlar. Onun sufilərə mənsub olan papağı ilə yanaşı şərqli olduğunu dərhal hiss etdirən libası deyilənlərin əksini sübüt edirdi...
 Həyatındaki ən üzücü məqamlardan biri də odur ki, düşmənləri var-yoxunu talamaqla, mülkünü əlindən almaqla kifayətlənməmiş, oğlu və qardaşı oğlunu şərləyərək həbsə saldırmış, daha sonra qardaşı oğlunu öldürərərək, cəsədini yox etmişdirlər. 1849-cu ilin oktyabrında isə şairin özünü Bakıya sürgün edirlər...
 O, bir neçə aylıq zindan həyatı keçirdikdən sonra bir neçə həmkarının köməkliyi ilə azadlığa çıxaraq Şuşaya qayıdıb. Həbsdən sonra polis nəzarəti altında yaşayan şair, ömrünü ehtiyac içərisində başa vurmuşdur!
Qasım bəy Zakir 1857-ci ildə Şuşa şəhərində vəfat etmiş və ordakı Mirzə Həsən qəbristanlığında dəfn olunmuşdur...