Biz imzaları yox, əsərləri dərc edirik...

Yolum uzundur, torbam boş, amma ağırdır – Mariya Kobetsin şeirləri
116
14 Avqust 2019, 11:27
 Mariya Vladimirovna Kobets 1974-cü ilin 19 oktyabrında Belarusun Bretsk vilayətinin Pinsk rayonunun Valişe kəndində  dünyaya gəlib.  Pinsk tibb məktəbində, Belorus  Dövlət Jurnalistika İnstitutunu bitirib.  Şair,   tərcüməçi,  jurnalist, "Belorus yazıçılar birliyi” təşkilatının Minsk vilayət bölməsinin sədr müavini, Yazıçılar birliyinin,  Vladimir Kolesnik adına Bretsk  ədəbi mükafatı (2012) və  "Beynəlxalq Avrasiya ədəbi mükafatı”nın "Bədii ədəbiyyat” nominasiyası üzrə laureatıdır (Moskva – 2018). "Damlalar”  poetik toplusunun (2011),  "Yovşan tozu” (2016), "Küləklərin ağ yelkəni” kitablarının müəllifidir. Şeirləri bir çox yerli və beynəlxalq almanaxlarda çap olunub, həmçinin Azərbaycan, alban, ingilis, balkar, başgir, benqal, Vyetnam, macar, gürcü, italyan, ispan, qazax, çin, qırğız, krım-tatar, alman, Polşa, portuqal, rumın, rus, serb, Tayvan, türkmən, türk, Ukrayna, urdu və hind dilinə tərcümə olunub. 
 
 
 YOVŞAN
 
Yenə yovşan çiçəkləyir,
O yazıq necə əzilir.
Boynubükük yetim kimi
Torpağa sarı əyilir...
 
Əbədi qullartək onlar
Kədərdə, intizardadır....
Mənə elə gəlir ki, tale
Yovşanın qoxusundadır...
 
Nədən axı, bəyaz yovşan,
Ürəyimə zəhər süzürsən?
Nədən qərib soyuqluğu
İpək otlara sərirsən?
 
Ah, xəstə ürəyim, rədd et
Qəmli dostunu gecənin!
Yenə  yovşan çiçəkləyir
Yenə ayrılıq vəd edir...
 
 
 ÇAY
 
Çayım hey axır və axır...
Həmişəki yolla  dolanır...
Dönglərdə səs-küy salır
Sahilə  nəğmə səs salır:
 
– Ehey sahil!..
– Ehey sahillər!..
Ey böyük sahillər!
Uzaqdır sizin yolunuz
Saatlarla, gecə-gündüz...
 
Soyuq, zalım buz havada
Çiyimi sizə söykədim.
İllərdir zümrüdtək parlaq
Tacınızı mən bəzədim.
 
 
Sən ey, sahil!..
Siz ey sahillər...  
Mən deyiləmmi  sizi yelləyən?
Dostlar, xoş axşamlarda
Sizə laylay söləyən?
 
Bəs nədəndir, sahillərim
Yolumu daş-qalaq etmisiz?
Nədən, mənim əzizlərim,
Dibinizə lil yıxmısız?
 
 
...Sakitlik
Bəyaz suların qoynuna –
Buludlar üzür uzağa...
Axır çayım mənim, axır,
Qaçır...
Mənbəyindən...
Mənsəbinə qaçır...
 
 
 ***
 
 
Mən səmada durna çəkirdim
Anamı – gənc anamı da tarlada.
Özümü – körpə özümü çəkirdim.
Çay, meşə düzənlik...
Fırça rəqs edir, çəkirdim.
 
 
Mən səmada durna çəkirdim
Rənglərə heyfim gəlmirdi:
Ağ kağıza səxavətlə rəng sərirdim
Bu rəsmi anama verirdim.
 
Mən səmada durna çəkirdim
Göyqurşağı, günəş altda!
İnanırdım –
Durna dumanda
Qonacaq bir gün damıma...
 
 
 *** 

Qaranquşum, çevik quşum,
Bəlkə mənə yardım edəsən,
Sirrini mənə aç, nolar, 
İstər yuxuda söylə sən:
 
Bircə söylə, inanaram,
Hardadır o gözəl diyar –
Əfsanələr olan diyar?
Məni ora qonaq apar!
 
Sən rüzgar kim azadsan,
Bilirsən doğru cavabı:
Dünyanın  harasındasa
Mənə bir parça yer varmı?
 

YUXU
 
Şən baharın dalğınlığında
Mayın narahatlığında,
Gözəl yuxular görürəm, 
Xəyal küknarlığında. 
 
Qayıq da yuxuma gəlir,
Bəmbəyaz əfsanələrdən.
Əllərim əllərindədir,
Sular  axır tələsmədən.
 
Bahar otlarının qoxusu,
Çəhrayı  rəngli sabahda...
Və sən... sən əlimi tuturdun,
İsindirdiyin yuxumda...
 
 *** 

Bir acı payız sevgisi
Köhnə yanğını söndürməz.
Uçuşdan ötrü yenidən 
Sınmış qanadlar yüksəlməz.
 
Acı içki piyalədə
Şirin şirə əvəzinə
Bihuşluğa çağırır
Sanki ömür bihudə.
 
Günün təlaşından sonra
Kədəri atmaq lazımdır!
Ürəyə bahar nəğməsi
Ququşu uçuşu lazımdır...
 

 
 SAHİL
 
Sahil...
Sahilim söyüdlü sahilim,
Qədim, qumlu, işıqlı...
Şəfəqimin sahili,
Ulduz axınımın sahili...
 
İti dalğalar  rəqs edir,
Günəşin şüası düşür
Suların aynasında –
Yaddaşın aynasında:
 
Bir uşaq qaçır ayaqyalın,
Üzü çilli, əli gilli,
Boynu başınağac muncuqlu.
 
Sahil...
O sahil söyüdlükdür.
Ağ qar üstə al qan kimi qırmızı
Başınağac muncuqları.
 

 TƏQVİM
 
...Ata, qəlbini eşidirəm!
Mən duyuram onu...
Ömür kitabını bilirəm!
Soyuq, ac-susuz, ayaqyalın.
Yetim, nadinc, çalışqanlı...
Nəticən mənə təmkindir –
Döyənəkli, bəhərli, yuxulu...
 
Günəş daha ucadır, ata!
İnan! Qəlbini eşidirəm!
 
 ***
 
Sözləriniz təntənəli duanın səsləridir,
Onlar şüuraltıma rahatca daxildir.
Yüksək səsi ürəyin bütün gizli yerlərindədir.
Bu səs zamanın və yoxluğun xaricindədir.
Peyğəmbər səsin umutmayan   
Müqəddəs yazının səsidir...
 
Ürəyinizin Məbədində yer tutan  
Xristianlığa sadiq biriyəm.
İşıqlı, rahat, ali və sirli...
O ucalığın məkanıdır...
Daxili tərəddüdlərdəki məna –
Bu Müqəddəs məkanı ziyarət etmək lazımdır.
O bədənimi uçurumdan dartır.
Və İnamı yaradır...
Özümə inamı...
İnsanlara inamı...
Bəşəriyyətə inamı...
 
                 
 SAF YAĞIŞ
 
170-ci gün yetişdi...
Müqəddəs İordan çayı axınını geri çevirdi.
Bolsulu çaylaqda su qaynamağa başladı...
 
Şəffaf səmada ildırım çaxdı,
Uca göylərin qapısı açıldı,
Və günahlarla dolu yer üzünə müqəddəs gəldi – 
Mənim Atakamama saf yağış yağdı...
 
Ey Səma! Doğrudanmı mənə yazığın gəldi?!
Ey Səma! Sən daşa dönən torpağın iniltisini eşitdin?!
Sən  yüz ildə bir dəfə səhraya yağan yağışı hədiyyə etdin!
Səma! Sən əbədi susuzluğu yatırdın...
Titrəyən əllərimi uzadıram, 
Müqəddəs damlaları tuturam,
Aydınlanıram...
 
Ey Səma, günahlarımı bağışla...
Ey Səma!..
 


 TORBA
 
Torbam bomboşdur, Ana...
Evim soyuyub çoxdan
Külək damımı dağıdır,
Evimə toz-zibil salır.
Boz siçan yatağımda yuva salır,
İkonalardan Allah baxır
Masamda quru çörək var
 
Yolum uzundur, torbam boş, amma ağırdır.
İçində qızıl-brilyant yoxdur, ana.
 
İnam, Ümid, Sevgi –
Ancaq sığıb torbama.
Əlimdə möhkəm tutmuşam...
Yol gedirəm...
 
Uzun yola çıxıram,
Torbama nə qoyacaqsan?
Həqiqət yolu üstündə
Mən nə qoyacam axı
Öz oğlumun torbasına?..
 
 Belarus dilindən tərcümə etdi: Xanım Aydın