Biz imzaları yox, əsərləri dərc edirik...

Ustad Ramiz Həsənoğlunun doğum gününə – Pərvin yazır
154
13 Aprel 2021, 10:03
 Artkaspi.az saytı Pərvinin "Ustad Ramiz Həsənoğlunun doğum gününə” adlı yazısını təqdim edir:
 
 Bayram günləri televizorumuzu sevimli ailə üzvünə çevirirdi tele-tamaşalar. İndiki uşaqlar bilməz, o vaxt Yeni il, Novruz tətillərini doğmalar birgə vaxt keçirmək üçün fürsət sayardılar. Kimsə Narsissayağı öz şəkillərin çəkib tanımadığı adamların bəyənməsi üçün çalışmırdı, heç görməmiş kimi süfrəsini paylaşıb yediyini reklam edən də  tapılmazdı. Bəlkə o zaman texnika bu qədər inkişaf etmiş olsaydı, onda lap betərini yaşayardıq. Hər halda zəif texnika və güclü ürəklərin sayəsində gözəl bir uşaqlığımız olub. Axı nə lazım idi biz balacalara? Böyüklərimizin bütün çətin və yorğun həyatına baxmayaraq, deyib-gülməsi, sevinməsi, bizi də öz şənliklərinə qatması. O şaqraq gülüşlərdən, canlı söhbətlərdən, müzakirələrdən bizə də pay düşürdü, bəli. Və mən bu qədər zaman keçəndən, indi kiminsə böyüyü, valideyni olandan sonra başa düşürəm ki, uşaqlar üçün işləmək, çalışmaq, onları təmin etmək şərt deyil. Şərt onlar üçün xoşbəxt olmaqdı! Xoşbəxtlik isə təkcə qəlb işi deyil, həm də intellektual hadisədi, müdrikliyin, həyata sakit, təmkinli münasibətin, gözütoxluğun gətirdiyi duyğudu. Hə, elə ona görə də bayramlar və televizoru doğmalardan birinə çevirmiş əsərlər yadıma düşdü.
 
 

 O zaman mən balaca idim və evimizə dolmuş bu böyük sevincin, gülüşlərin, mehriban ab-havanın səbəbkarının kim olduğunu bilmirdim. Bir dəfə ekrandan dil çıxarmışdı bizə, qulağı ağrıyan uzun «balaca» da yaman təəccübləndirmişdi məni, bu boyda uşaq olar, uşaq ha?! Yaşıl eynək taxıb adamları qorxutmağı da bir ayrı olay idi onda... Daha doğrusu mənim bildiyim bu idi. Böyüdükcə ekranda gördüklərimizi, sevdiyimiz aktyorları, onların ifasını yönləndirən adamın varlığını da öyrəndim. Həm də elə uşaq, yeniyetmə ağlımıza sığışmayan,xoşladığımız düşündürücü, təsirli və gülməli əsərlərin bir adla bağlılığı idi. Axı bir adam bu qədər işi necə görə bilər?! Elə bu gün də Ustadın doğum günündə inanılmaz rəqəmə baxıb təəccüblənirəm. Sanki bu 75 ildə ömürə sığmayan işlər görüb, hamısı da fərqli, gözəl, qeyri-adi. 
 
 

 Beləliklə rejissor Ramiz Həsənoğlunun 75 yaşı tamam olur. Və yubileylər həm də bir az hesabat istədiyi üçün mən qəribə şəkildə uşaqlığımı xatırladım. Bəlkə ona görə ki, Ramiz Həsənoğlu bu 75 illik həyatını və yaradıcılığını hər kəsin bioqrafiyasının, düşüncələrinin tərkibinə çevirə bilib. Əslində içimizi, ruhumuzu, babamızın, atamızın və bizim daxilimizdəki uşağı-böyüyü ifadə edən mətndir; Mirzə Fətəlinin, Mirzə Cəlilin, Əbdürəhim bəy Haqverdiyevin, Hüseyn Cavidin, Anarın, Vaqif Səmədoğlunun və rejissorun  müraciət etdiyi başqa müəlliflərin mətnləri. Ramiz Həsənoğlu özünü, qohumunu, qonşusunu, millətini ən çox əks etdirən, bəlkə ən çox ayıldan əsərləri seçib və bizə özümüzü göstərib. Uğurun əsas sirri budur! Axı oxucu-tamaşaçı hər zaman özünü axtarır sənətdə və özünəbənzəri görəndə buna ürəkdən ağrıyır, təəssüflənir, gülür, kədərlənir...
Elə indinin özündə də hansısa dalda bir yerdə məhəllə arasında curların yığışdığı kafe sahibini dindirsən, nisyə yeyənlərin əlindən dad döyər; lap «Ac həriflər» qəhrəmanı Həsən dayı kimi...
Bu günəcən oğlan evi elçiliyə aparmağa professor, bəd ayaqda dosent axtarır: «Evləri köndələn yar»ın balıq Nadiri kimi...
 İnsanları xoş hadisələrdən daha çox bədlik, qorxu və problemlər birləşdirir; «Yaşıl eynəkli adam»dakı qohum-əqrəba kimi...
 Hələ deputat olmaq sevdasına düşənlərin haray-həşirindən danışmıram; «Ordan-burdan»ın Salman bəyi sayağı...
 
 

 Bu siyahını, tezisləri və zamanın sıradan çıxarmadığı ideyaları o qədər sadalamaq olar ki... Bunlar haqda danışdıqca hər şey çox sadə görünür. Kənardan  elə gəlir ki, burda fövqəladə, qəliz bir iş yoxdu. Bəlkə təzə-təzə bu sənətin qulpundan yapışanlar – burda çətin nə var ki, mən də edə bilərəm – deyə düşünüblər də. Amma zaman göstərib ki, o filmlərin, tamaşaların insanlara təsir gücü, sənətdə açdığı yol bambaşqadır. Həm də müasir həyatda xeyli qəribə görünən Ramiz müəllimin öz işinə münasibətidir. Vaxtında Azərbaycan teleməkanında fantastik yeniliklər etmiş, həm özü, həm də ardıcılları üçün geniş üfüqlər, yeni istiqamətlər açmış adam o qədər soyuqqanlı və təvazökardır ki... Misal üçün, hələ Sovet dövründən türkçülük mövzusu yasaq olunanda Hüseyn Cavidin «Topal Teymur»unu çəkən rejissor, yaxud müstəqillik gələr-gəlməz milli kimliyimizi anlatmağın vacibliyi aktuallaşanda «Fatehlərin divanı» yaradan sənətkar bu mənada xidmətlərindən danışıb özünü türkçü kimi, millət fədaisi kimi göstərməyə çalışmır.  Görünürnövbəti sirr də elə bundadı... Reklamla məşğul olanda sənət kənarda qalır. Ramiz müəllimdən ötrü isə iş, prosess, yaradıcılıq bütün başqa təfərrüatlardan daha vacibdir!
 Bunu dəfələrlə izləmək imkanımız da olub. Anarın ssenarisi əsasında ekranlaşdırdığı «Cavid ömrü» və «Sübhün səfiri» filmlərinin çəkiliş anlarına, «Ac həriflər» tamaşasının məşqindən fraqmentlərə baxanda işə qoyulan enerjini təxmin edə bilirik. Yadımdadı, Vaqif Səmədoğlunun «Generalın son əmri» pyesinin quruluş prosesində iştirak edib «Diqqət, məşq gedir» adlı məqalə yazmışdım və o vaxt rejissor-aktyor münasibətləri haqda təsəvvürlərim dəyişmişdi. Eyni zamanda, xoşbəxtlikdən müəllifi olduğum «Sonuncu» əsərinin də məşqlərini yaxından izləyə bildim. Və məhz Ramiz müəllimin sayəsində enerji mübadiləsinin, qızırğanmadan xərclənən ruhun, şövqün mütləq nəticə verəcəyinə inandım.
 Ramiz Həsənoğlu bütün bu uğurlarını onu yetişdirən zaman və ailə ilə bağlayır. Anası görkəmli aktrisa Ətayə xanım Əliyeva, atası teatr xadimi Həsən Mirzəyevin tərbiyəsi və böyüdüyü, təhsil aldığı mühit bu gün dilimizin əzbərinə, fikirlərimizin ən işıqlı məqamına çevrilmiş sənət əsərlərinin yaranması üçün təməl olub. Bütün bunlar, üstəgəl təbiətin səxavəti – istedad, zəhmətkeşlik, cəsarət, iradə şəxsiyyət və sənətkar olmaq üçün vacibdi. Amma deyilənlərin hamısından daha vacib olan Vətən sevgisidir. Ramiz Həsənoğlu tamaşaçısının diqqətini hansısa nöqsanlara çəkir, düşünərək güldürür, amma heç vaxt məsxərəyə qoymur onu, hardasa hündür bir təpənin üstündən baxmır ona... Yanında durur, başın sığallayır, yarasını sarıyır və bütün bunlarla xoşbəxt olur.
 Bu günlərdə, yubiley ərəfəsində müxtəlif televiziya layihələrində Ramiz müəllimin illərlə birgə çalışdığı adamların onun haqqında necə ürəkdən, böyük sevgiyə danışdığını müşahidə edirəm. Hər kəsin tarixçəsi var onunla bağlı. Həssaslığından, qayğıkeşliyindən, mehriban münasibətindən, işə tələbkarlığından danışırlar. Səbəbkar isə özü haqda deyilmiş yüksək, tərifli sözlərə təəccüblənir. O təəccübü ancaq belə yoza bilirəm; bəs insan ayrı necə ola bilər, belə də olmalıdır da... Yəni Ramiz müəllim üçün yaşadıqları da, yaratdıqları da sadəcə həyatdı (atası dediyi kimi – Həyatdı da...) və o, ayrı cür yaşamağın yolunu da bilməyib...
 Son günlərdə əlimdə olan gündəliklərini vərəqləyəndə də özünə qarşı təmkinli, sakit münasibətini görürəm. Bir məqam çox xarakterikdir. Atasının rəhmətə getdiyi günü təsvir edir, bu xəbərin gözlənilməzliyi, stress keçirməyi, itkinin ağırlığı və başqa hisslərindən danışır. Və birdən atasına müraciətlə bir neçə cümlə deyir... Və bu cümlələrdən biri: "Həyat yoldaşından nigaran qalma. Çalışaram işə yola salıb sonra da qarşılayım...” Bax bu məqam mənim üçün sevimli rejissorun unudulmaz əsərlərini anlamaqdan ötrü açardı... Məni ata itkisindən keçirilən kədərin təsviri, həmin cümlələrdən əvvəl edilən üzrxahlıq həyəcanlandırmır. Məhz bu cümlə (Çalışaram işə yola salıb sonra da qarşılayım...) həyəcanlandırır. Çox sadə bir ifadəylə təkliyin, tənhalığın, övlad borcununsimvollaşdırılması... Hansısa pafoslu, yüksəkdən deyilmiş vəd yox, məhz belə, adi, gündəlik məsələ kimi dilə gətirilən plan...
 Axı sənətkar təkcə yaratdıqları ilə deyil, həm də öz ömrü ilə inandırmalıdı tamaşaçısını. Bu mənada təsadüfi deyil ki, öz işləri haqda həmişə tələbkarlıqla danışan Ramiz müəllim məhz «Nigarançılıq» tele-tamaşasından söz düşəndə məmnunluğunu gizlətmir. Dahi Mirzə Cəlilin hekayələrinin motivləri ilə Anarın yazdığı ssenari əsasında çəkdiyi ekran əsəri sanki onun bütün ideyalarının cəmidir. Elə bu yubiley günlərində əsərə yenidən baxıram və başa düşürəm ki,  «Nigarançılıq» üç böyük maarifçinin – Mirzə Cəlilin, Anarın və Ramiz Həsənoğlunun düşüncələrinin üst-üstə düşdüyü məqamdı... Elə bu ideyanın davamı kimi Hüseyn Cavidi, («Cavid ömrü») Mirzə Fətəlini («Sübhün səfiri») özünəməxsus şəkildə tamaşaçısına anlatması xüsusi qeyd edilməlidir. Məhz bu qədrşünaslığı onu bu günki məqama çatdırıb; keçmişə sayğısı və yeni gələn nəsillərə həssas, qayğıkeş münasibəti...
 Yadımdadı, YUĞ teatrında «Sonuncu» tamaşasını qururdu. Qəhrəmanım Əlisöhbət Qələndərli gənc teatrşünasla söhbətində gileylənir: "Oğlum, mən cavan olanda yaşlıların zəmanəsi idi, qocaldım, indi də cavanların zəmanəsidi. İndi qocayam, "cavanlara yol açaq” deyə-deyə süpürüb atırlar bizi... Mən balet oynayan deyiləm axı, aktyoram...”
 Ramiz müəllimin məhz bu anı - aktyorlar Fərhad İsrafilovla Hikmət Rəhimovun dialoqunu necə həyəcanla, kövrələrək məşq etməsi heç yadımdan çıxmır. Qəribədi ki, hər dəfə tamaşadan sonra müxtəlif yaşlı sənət adamları məhz bu sözlərdən təsirləndiklərini deyirdilər bizə... Bunun özü də detaldı görünür. Ramiz müəllimin məşqdə, tamaşaçının zalda kövrəlməsi. Axı gənclər üçün meydan –bir vaxt "Sabah” Birliyi yaradan Ramiz Həsənoğlu özü köhnəni "süpürüb atmaqla” yox, köhnədən ibrət götürməklə gətirib bütün yenilikləri...
 Və mən bu gün Ramiz müəllimin yubileyində bütün sadaladığım və yazıya gətirmədiyim dəyərli işlərin DAVAMını diləyirəm! Əlini zamanın və tamaşaçının nəbzindən ayırmayan sənətkar bu günün də sözünü mütləq deməlidi və deyəcək! Biz gözlərimizi ekrana zilləyib gözləyirik, Ustad! Doğum gününüz mübarək olsun!
 
 
 

Xəbər lenti