Artkaspi.az professor Bədirxan Əhmədlinin "Sevgi nəğmələri" adlı yazısını təqdim edir:

Qəndabın
"Səni elə sevdim ki!..” şeirlər kitabını əlimə alarkən, indiyədək bu imzaya
rast gəlməməyim özümə də qəribə gəldi. Çünki bu imza mənə o qədər də tanış
deyildi; adətən şairlər ədəbi prosesdə tanındıqdan sonra kitab çıxarmağı üstün
tuturlar. Hər halda müəllifin mətbuatda, saytlarda, ədəbi orqanlarda şeirlərinə
rast gəlməmişdim. Kitabında isə özü haqqında əlavə heç bir məlumatın olmaması
onun ədəbi prosesdəki fəaliyyətindən məlumat almağa imkan vermirdi. Lakin
düşündüm ki, indi ədəbi orqanlar, qəzetlər bolluğunda onun imzasını qaçırmış
olaram. Doğrudan da, bu gün mətbuat bumunda hər gün onlarla şairin şeirləri ilə
qarşılaşır, onları oxuyub dərhal da unuduruq. Lakin belə də olur ki, cəmi bir
neçə şeirindən onun poetik yolunun orijinallığını görür və onu yeni bədii
nümunə kimi qəbul edirsən. Qəndabın
kitabını oxuyub başa çatdıqda onun poetik nümunələrinin orijinallığı, təravəti,
canlılığı məni özünə çəkdi. Şair Musa Yaqubun kitaba yazdığı fikirləri də mənim
qənaətimdə tamamilə doğru olduğumu təsdiq etdi. Kitabdakı şeirlər indiyədək
tanış olmayan, yaxud hər hansı bir şair tərəfindən qələmə alınmayan hisslər,
duyğulardır. Hətta bir qədər obrazlı desək, bu misralar təndirdən yeni çıxmış
çörəyi xatırladır. Qaynar çörəyi ələ almaq, saxlamaq çətin olsa da, o səni
özünə çəkir, sən onun dadına baxmaq, ətrini içinə çəkmək istəyirsən. Zatən,
müəllif bu şeirləri "...oxuyan kimi tanıyan-bu şeirlər mənə yazılıb, mənə aiddir
deyən adama ithaf edirəm”, – qeydində hər bir oxucunun bu duyğulara yaşadığı
anlamını verən fikir söyləyir. Bu qeyd "Səni elə sevdim ki!..” kitabındakı
şeirlərin məzmununu bütünlüklə özündə ehtiva edir.
Qəndabın
kitabda toplanan şeirlərinin orijinallığı orasındadır ki, fərqli bir ritmi,
ahəngi var; onlar indiyədək bizə tanış olmayan poetik ritm üzərində qurulub. Və
bu ritmdə demək istədiyi poetik fikri olduqca orijinal şəkildə ifadə edir.
Bəlkə bu şeirlərdə söz sırası, yaxud vəzn pozula da bilər (necə ki pozulur!),
ancaq müəllif demək istədiyi fikrini son dərəcə poetik şəkildə çatdırmağı
bacarır, ideyanı formaya qurban vermir:
Külək
əsdi, yağış kəsdi,
Gün
çıxacaq, gün çıxacaq!
Həsrət
bitdi, kədər bitdi,
Eşq
olacaq, eşq olacaq!
Şeirdəki daxili qafiyələnmələr və ahəngin
ümumi ab-havaya uyğun olması ona yeni bir çalar verir. Bu cür şeirlərdə sanki
müəllif özü də duyğu selinin necə qurtaracağını bilmir. Başında "dəli sevda”
olan "lirik mən” ən böyük sevgini günəşdə görür və "Günəş harada, mən orada,
Sevgi harada, mən orada”, deyir.
Qəndabın
poetik məkanının obrazları mahiyyəti, düşüncələri, xarakteri və görünüşü,
obrazlılığı ilə yenidir. "Qurban”, "Vətən məndədir”, "Qadan alım”, "Müşfiqanə”
və s. şeirləri ənənəvi formada yazılmasına rəğmən, poetik strukturuna görə
orijinallığı ilə seçilir. "Müşfiqanədir” şeirində şair "Müşfiqinə”, "tar”, "haqqın
divanı” epitetlərindən istifadə etməklə, əslində yalnız şairin nakam obrazını
yaratmır, dövrlərarası körpü qurur, yeni sevgi münasibətlərini qələmə alır:
Düzdüyüm
misralar Müşfiqanədir,
Oynayır
sözlərim tar havasına.
Ürəyim
çırpınıb yerindən çıxır,
Elə
havalanır Yar havasına.
Ayağın
altına gülləri alma,
Amandır
düşərsən gül sevdasına.
Bir
gün qurularsa HAQQIN divanı,
Hər
kəs yenik düşər öz davasına.
Qəndabın
şeirlərinin strukturu sadəlik üzərində qurulub; bu şeirlərdə yad ünsürlər
olmadığı kimi, həcmi də çox deyil və bir-birini təkrarlamır. Təsvir etdiyi hadisəyə uyğun olaraq şeirin
məzmunu sadə dillə izah edilir. Xüsusilə sevgi şeirlərində bunu aydın görmək
olur. Bu şeirlər başladığı kimi də bitir, sanki söylənilən sevginin bir
anınının stenoqramıdır. Yəni bu şeirlər sevginin (sevgililərin!) yeni
münasibətlərinin bir tarixçəsi olaraq göstərilir. Stenoqram sözü Qəndabın sevgi şeirlərinin məzmun və
xarakterini, düşünürəm ki, çox yaxşı ifadə edir:
İşıq
istədim Səndən,
Xoşbəxtliyin
rənglərini görmək üçün!
Dünya
istədim Səndən!
Sevincimi
bu dünyayla bölmək üçün!
Sevgi
istədim Səndən!
Bu
sevgi ilə yaşayıb ölmək üçün!
...Səndən
istəklərim heç bitməz ki, Sevgilim!

Şair
burada sevginin istəklərini daha da çoxalda bilərdi, ancaq buna lüzum görmür və
qəflətən bu istəklərin bitməyəcəyini elan edir. "Cəza”, "Bu gecə”, "Sən mənə
düşmənmisən?!”, "İncitmərəm ki”, "Çarəsizəm” və s. şeirləri də sevgi
stenoqramlarının bir parçasıdır. Bu şeirlərdə hissin, duyğunun dili daha
fəaldır, oxucunu öz təsiri altına alır, sevgi etirafları sadəcə deyilmir, həm
də yaşanır. Bu şeirlər bəzən daşa dəymiş bir sevginin qəlb çırpıntıları təsiri
bağışlayır. Lirik qəhrəman sevdiyi adama öz hisslərini deyə bilmədiyini oxucuya
deyir və oxucunu da öz sevgisinə şahid edir. Bəzən isə lirik qəhrəman öz
sevgisindən utanır və bunu deməkdən belə çəkinmir:
Nə gecəm var, nə gündüzüm,
Nə
üzünə çıxan üzüm,
Öz-özümə
keçmir sözüm,
Utanıram
bu sevgimdən!
Sənin
üçün yox dəyəri,
Gözlərindir
tək gərəyi,
Lənətləyib
mən fələyi,
Usanıram
bu sevgimdən!
Qəndabın
şeirlərində həm də bir doğmalıq, səmimiyyət var, sanki eyni poetik düşüncəni oxucu
ilə paylaşır və bununla da oxucu ilə arasında bir səmimi körpü qurur. Çağdaş
zamanda şair üçün əsas məsələlərdən biri oxucu ilə arasındakı rəsmiyyəti
götürməsi, səmimi ortam yaratmasıdır. Bu mənada müəllif özünün ruh durumunu,
poetik ovqatını oxucuya ən yaxşı şəkildə ötürə bilir. Bu səmimiyyət, eləcə də
mövzudan irəli gələn duruluq, saflıq, təmizlik şeirlərin semantikasını
zənginləşdirir. Şair Musa Yaqub bu şeirləri "Sevgi pıçıltıları” adlandırmaqda
tamamilə haqlıdır. Doğrudan da, Qəndabın şeirləri dönüb-dolaşır sevgini
anladır. "Cəzası var bu sevginin”, "Gəl qoynuma sevgilim”, "Sözünə bax, bu
sevginin”, "Yetim sevgi”, "Sevgi hara, mən hara”, "Sevgi nəğməsi”, "İçimdə bu
sevgi varkən”, "Sevgiylə var olan dünya”, "Bitən sevgim” şeirləri sevginin özü
qədər saflıq, təmizlik təsiri bağışlayır. Bu şeirlərdə sevginin gücü,
gücsüzlüyü, alnıaçıqlığı, insafsızlığı, bir sözlə, hər şeyi-bütün ziqzaqları
ilə yeni poetik detallarla ifadə edilir. "Gözlərin gecələr gözümdə mənim”, "Yalnız
bu sevgimdir mənim olanım”, "Mən sevgimi itirsəm, peşman sən olarsan”, "Qəzası
var bu sevginin”, "Gücünə bax bu sevginin”, "Aramızda bir sevgi var, boynu
bükük, gözü qara” və s. misralarında sevgi anatomiyasının yeni çalarları təsvir
edilir:
İçimdə
bu sevgi varkən,
Mən
yalnızam desəm günah,
Məni
didən yalnızlığı,
Söysəm
günah, sevsəm günah!
Əllərimdən
tutub məni,
Cəhənnəmə
atanda Sən,
Son
nəfəsdə anladım ki,
Bu
sevgiylə ölsəm günah!
Qəndabın
şeirləri oxunaqlıdır, sadə olsa da, cazibədardır, bu da poetik mətnin
ekspressivliyi, emosionallığı ilə əlaqədardır. Məhz bu amillərdən uğurlu
istifadə şeirin semantikasını zənginləşdirir, yeni çalarlar əlavə edir. Onun
poeziyası özünəməxsus fonetik səs quruluşuna malik olur.
Qəndab
şeirlərində xalq ədəbiyyatından da bəhrələnib, bu bəhrələnmə poeziyanın xeyrinə
olub. İndi şairlər çox az hallarda xalq poetik xəzinəsinə üz tutur. Qəndab isə
sübut edir ki, xalq ədəbiyyatı poeziyamız üçün həmişə qaynaq mənbəyi ola bilər.
"Sən bilməyincə”, "Yara yalvara-yalvara”, "Kimsə deməz yarım, can-can”, "Oynayırsan”,
"Çarəsizəm” və s. şeirləriində xalq poetik formasından istifadə etməklə yeni
poetik mətnlər yaratmışdır. Onun bu şeirlərdəki poetik ifadə imkanları daha da
genişlənir və zənginləşir. Demək olar ki, cinas qafiyələrin az yarandığı bir
vaxtda Qəndab bundan istifadə etməklə poeziyanın poetik məkanını bir qədər də
genişləndirir:
Mən
yaralı, mən yarımcan,
Yarım
Yara olsa qurban,
Nəfəsimi
kəssə hicran,
Kimsə
deməz yarımcan, can.
Axşam
düşər, qaş qaralar,
Yarın
dərdi yarı alar,
Mən
ağlarsam yaram ağlar,
Kimsə
deməz yara, can-can.
Göründüyü
kimi, gəraylıda Qəndab cinas qafiyələrdən və "yar” sözündən istifadə edərək həm
alliterasiya yaratmış, həm də şeirin assosiativliyini qoruyub saxlamışdır.
Sonrakı bəndlərin sonuncu sətirlərindəki "Əgər desəm yarım, can-can”, "Hər kəs
desə yarım, can-can” cinas qafiyələri ilə müxtəlif məzmun ifadə edə bilmişdir.
Qəndabın
"Səni elə sevdim ki!..” kitabında mənsur şeirləri da yer alıb; deyim ki, bunlar
da kitabdakı şeirlərin ümumi ruhu ilə uyğundur. Bunları da elə "Sevgi
nəğmələri...” adlandırmaq məncə, daha doğru olardı. Onlar nəğmə qədər musiqili,
layla qədər həzin, sevginin özü qədər saf və təmizdir: "Məni dirildib
arzularımın arzusunu öldürdün... Qoy o gün gəlsin sirrimi Sənə açacam...
İçimdəki boşluğumsan...Toxuna bilmədiyim ürəyim qədər yaxın, gözlərimdən göy
üzündəki boşluğa düşüb, gözdən itən ulduz kimi uzağımsan... Sən ən zəif, ən zərif,
ən vəhşi duyğularımsan...”
"Səni elə sevdim ki!..” şeirlər kitabı ilə
ədəbi mühitin qapısını açmağı bacaran Qəndabın poetik uğurlarıdır. İndi qalır
bu poetik uğurları ümumi poeziyamızın bir səsinə çevirmək... Düşünürəm ki,
Qəndabın bədii uğurları bununla məhdudlaşmayacaq, uzunömürlü olacaq, poetik
məkanımızı yeni obrazlar, ifadə vasitələri və bədii tapıntıları ilə bundan
sonra da zənginləşdirəcək...