Biz imzaları yox, əsərləri dərc edirik...

Şeirin tarixi və hissləri – Qəşəm Nəcəfzadə yazır
661
18 Noyabr 2020, 11:49
 Artkaspi.az saytı Qəşəm Nəcəfzadənin"Şeirin tarixi və hissləri” adlı yazısını təqdim edir:
 
 Bu günlər tale və sevgi qismətimiz olan, Qafqazın konservotoriyası sayılan Şuşamıza qovuşduq. Ruhumuzun bütövlüyü tamamlandı. Ruhumuz dünyəviləşdi, bütövləşdi. 
 Bir əsatirdə deyilir ki, kim harda doğulubsa, öləndən sonra onun ruhu həmin ərazinin göyündə  əbədi dayanır. Məsələn, Göyçədə kim doğlubsa, onun  ruhu əbədi olaraq  Göyçənin göylərindədir. Özü  başqa yerdə  dünyasını dəyişsə belə.  Ruhlar o ərazini heç vaxt tərk etmir. Demək, torpaq işğal edilə bilir, amma  göylər yox. Göylərdəki   ruhlar öz sahiblərini həmin ərazidə əbədi olaraq gözləyirlər.
 
 

 Bu əsatirə rəğmən demək, vətənimizin böyüklüyü ruhumuzun ərazisi boydadır. İnsanın daxili orqanları ürək, beyin, ciyər və s. olduğu kimi mənəvi dünyanın da belə işlək orqanları var. Məsələn, Şuşa bizim ürəyimizdir, Göyçə, Dərbənd, Təbriz bizim daxili enerjimizdir. Əgər bunlardan biri zədələnirsə, içimizdə beynimiz, düşüncəmiz balıq kimi çırpınır.
 Ədəbiyyatımızda çox şairlər Şuşaya şeir yazıb. Özü də Şuşaya ən çox həsrət şeirləri yazılıb. İndi Şuşamızı işğaldan azad etmişik, bəs  indi o şeirlərin  taleyi necə olacaq? Elə Şuşa azad olunan gün Kəramət Böyükçöl sosial şəbəkələrdə yazdı ki,  Qəşəm Nəcəfzadənin (mənim) 
 
 "Şuşam getdi bir balam var, dinmədim,
 Mənim kimi balan olsun, ay vətən.”
 
 misraları bu gündən öz təsir qüvvəsini itirdi.  Sadəcə gülümsədüm. Axı nədən belə olsun?
Bu yazıda məqsədim təkçə öz şeirimlə bağlı deyil, bu cür taleli şeirlər haqqında düşündüklərimi yazmaqdı. Əvvəla, Şuşamıza yüz belə şeir qurban olsun, hətta ürəyimiz də, canımız da. Məsələ ondadır ki, bu cür şeirlərin Şuşanın keçmişini gələcək nəsillərə daha çox xatırlatmaq ehtimalı var. Nəinki tarixin. Çünki bədii həqiqət tarixi həqiqətdən daha ötədir. Düşünəcklər ki, görəsən, 1992-ci ildə mayın 8-də  Şuşanın başına hansı hadisə gəlibmiş ki, şair belə yazıb. Özü də şair dinməyib. Görəsən, niyə? Və yenə ən əsası illər, əsrlər ötdükcə tarixə münasibət dəyişə bilər, amma şeirdəki  insan hisləri heç vaxt dəyişmir, uzaq əsrlərdən bu günümüzə xammal kimi gəlib çatır.
 Ədəbiyyatımızda belə bir  bayatı var.
 
Əzizinəm, Qarabağ,
Şəki, Şirvan Qarabağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
 
 Adam bilmək istəyir ki, görəsən, burda hansı bir hadisə ifadə olunub? İstər-istəməz araşdırırsan və müəyyən bir nəticəyə gəlirsən ki, bayatını deyən Qarabağ xanı İbrahim xanın qızı və Xurşud Banu Natəvanın bibisi Ağabəyim ağadır. Bəs nədən belə desin? Demək, İran şahı Fətəli xan 21 yaşlı Ağabəyim ağa ilə ailə qurur. Əslində bu izdivac Ağabəyim tərəfdən könül xoşluğu ilə olmur. Fətəli xan Tehranda onun üçün hər cür şərait yaradır, "Vətən bağı” saldırır. Şuşadan  bağban gətirərək Qarabağda bitən bütün gülləri həmin bağda əkdirir. Yenə Ağabəyim ağa vətən həsrətinə dözə bilmir, Qarabağ həsrəti ilə 42 yaşında dünyasını dəyişir.
 
Vətən bağı al-əlvandır,
Yox üstündsə Xarıbübül. 
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, Bülbül.
 
 Bax, hər iki bayatı  oxucu da maraq oyadır ki, məsələnin məğzini araşdırsın. Hər iki bənddə  bütöv önəmli bir tarix olmaqla bərabər,  həm də insan düyğuları var. İfadə olunan düyğular mənsub olduğu xalqın mədəniyyət və əxlaqını göstərən bir fakt kimi ortaya çıxır. 
Və yaxud  Mikayıl Müşfiqin "Sevan” şeirinə diqqət yetirək. Şeirin yazıldığı dövrdə   Sevana "Göyçə gölü” demək olmazdı. Bəs şair Göyçə gölünü necə xatırlasın?
 
Sən ey gənc Sevan, ixtiyar Sevan,
Sən ey bədbəxt Sevan, bəxtiyar Sevan.
Səni bir görmüşdüm, bir də görürəm,
Sanki üfüqləri yerdə görürəm.
 
 Şübhəsiz ki, bu şeirdə "ixtiyar”, "bəxtiyar,” "səni bir görmüşdüm” sözləri  "Göyçə gölünə” aiddir. Şeirdə, tarix, yer, yurd, məkan və zaman dəyişilə bilər, amma  ifadə olunan insan hissləri heç vaxt köhnəlmir və səhv olmur, ağıl səhv edə bilər, amma hisslər yox.