Biz imzaları yox, əsərləri dərc edirik...

Şeir dərsi – Kamran İmranoğlunun hekayəsi
2206
16 İyul 2019, 13:30
  Artkaspi.az saytı Kamran İmranoğlunun yeni hekayəsini təqdim edir:

  – Mən indi sizin gələcəyiniz haqqında, sənin və bacılarının taleyi barədə düşünürəm. Düşündükcə də özümü narahat hiss eləyirəm. Elə  bil, dünya başıma fırlanır. Bilirsən niyə, nə üçün? Mənim özümə də çox qaranlıqdır ki, bir neçə ildən sonra sizin dolanışığınız necə olacaq? Özünüzə bir iş tapa biləcəksinizmi, adam balası kimi yaşayacaqsınızmı, yoxsa, yox? Sənə də, anana da, bacılarına da yaxşı bəllidir ki, başqaları kimi sizin üçün ev, torpaq, obyekt, maşın, nə bilim, nələr, nələr düzəldə bilməmişəm. Həmişə fikirləşmişəm ki, ağılsız oğul neynəyir ata malını, onsuz da vurub dağıdacaq, kül eyləyəcək; ağılsız oğul neynəyir ata malını, onsuz da diribaşlığı ilə özü qazanacaq, hələ başqalarına da əl tutacaq. Məndən bu dünyada sizə heç nə qalmasa da, bir təsəllim var, təsəllim odur ki, adınızı mən qoymuşam. Siz də həmişə adınıza layiq olmusunuz və olacaqsınız. Bilirəm ki, bu adlar hərdən də olsa, məni sizə xatırladacaq. Doğrudur, universitet qurtarmısan, onu da bilirəm ki, çox yaxşı oxumusan, əlaçı olmusan. Sən qırmızı diplom alıb evə gələndə sevincimin həddi-hüdudu yox idi. Bu cür sevinməyim bir də özüm universiteti qurtarıb qırmızı diplom alanda olmuşdu. Yadıma gəlir, bir dəfə sənin riyaziyyat müəlliminlə rastlaşmışdım, əvvəl hal-əhval tutduq, sonra keçmiş günləri xatırladıq. Bir vaxtlar o da mənimlə eyni universitetdə oxumuşdu, amma fakültələrimiz ayrı idi. Səndən danışanda çox böyük razılıq hissi ilə üz-gözü gülürdü. Deyirdi ki, oğlunuzun tayı-bərabəri yoxdu, nadir uşaqlardandır. Riyaziyyatı çox gözəl bilir, yaxşı başı var. Mən də fürsət tapıb gileyləndim ki, indi uşaqları əvvəlki kimi öyrətmirlər, biz məktəbdə oxuyanda müəllimlərimiz dəridən-qabıqdan çıxırdılar. İndi isə çoxları testlərin cavabını əzbərlədib yola salırlar. Hansı uşaqdan soruşuram ki, "pi” nəyə bərabərdir, onların əksəriyyəti "pi”-nin qiymətini söyləyirlər, deyirlər ki, 3,14-dür. Bir də sual verirəm ki, "pi” nəyi bildirir, heç kəsdən cavab gəlmir. Ay balam, çevrənin uzunluğunun diametrə nisbətini demək və bunu uşağa öyrətmək yəni o qədər çətindir? Bax, onda bilirəm ki, müəllimlərin çox da dərinə getmək fikirləri yoxdur. Həə, riyaziyyat müəllimin bir də onu dedi ki, oğlun savadına görə həyatda yaxşı yer tutacaq, yaxşı mövqe qazanacaq. Kaş Allah bu sözləri həmin müəllimin ağzından eşidəydi. 
  Bu vaxt onu möhkəm öskürək tutdu. Oğlu yerindən qalxıb su ilə dolu stəkanı ona uzatdı ki, bir az içib rahatlansın. Amma nə qədər elədi, suyu içmədi. Elə bil adət eləmişdi, bilirdi ki, bir azdan sakitləşəcək. Belə də oldu. Sakitləşəndən sonra söhbətinə aram-aram davam elədi:
  – Oğul bala, bilirsən, həyatda mövqe tutmaq çox çətindir. Eşitmişdim, dayın oğlu deyirdi ki, mən İqtisad Universitetinin qurtarıb biznesmen olacağam. İqtisad Universitetini qurtarmaqla adam elə o dəqiqə biznesmen olmur ki!? Dayın oğlu fikirləşir ki, kimsə gətirib ona pul verəcək, o da həmin pullarla həm özü üçün, həm də pulun sahibi üçün qazanacaq. Ay-hay! Pulu olan onu gətirib sənə niyə verir? Elə öz  puluyla özü qazanar da. Sənin yadına gəlməz, onda sən uşaq idin. Türkiyədən ustalar gəlib Bakıda novostroyka tikirdilər. Özü də ilk novostroykaların harada olduğunu bilməmiş olmazsan? Teleteatrın yanında üzü yuxarı sırayla düzülən evləri deyirəm. Sonra bir neçəsini də 8-ci mikrorayonda ucaltdılar. Özləri də xəyal eyləyirdilər ki, Bakıdakı bütün novostroykaları bunlar tikəcək, yaxşıca qazanacaqlar. Bəs sonra nə oldu? Bizimkilər onlardan öyrənən kimi türklərə "xudahafiz” dedilər. Özləri elə binalar tikdilər ki, türkləri əməlli-başlı mat qoydular. Ona görə həmişə deyirəm ki, biz istedadlı millətik. Bilirsən, nə fikirləşirəm? Fikirləşirəm ki, aldığın ixtisasdan o qədər də gözüm su içmir. Gəl sənə şeir yazmağı öyrədim, bəlkə, onunla gələcəkdə bir şey qazana bildin. Bilirsən, bir vaxtlar şeirlə nə pul qazanırdılar!? Şeirin hər misrasına bir manatdan üç manata qədər qonorar verirdilər. Bu da xeyli pul eyləyirdi. Əslində, sərbəst şeir də elə bunun hesabına yaranmışdı. Hətta çap olunan bir kitabın pulu ilə gizlin-gizlin ya şəhərdə təzə ev almaq olardı, ya da kənddə ikimərtəbəli mülk tikmək mümkün idi.
  Həə, bu şeir yazmaq məsələsi ciddi məsələdir. Bax, əvvəlcə səndən soruşum, Aşıq Ələsgərin şeirlərindən bilirsən? Heç bir-iki misrası yadında qalıb? Məsələn:

  Çərşənbə günündə çeşmə başında,
  Gözüm bir alagöz xanıma düşdü.
 
  Niyə çərşənbə günündə? Məgər başqa gün olmaz? Götürək elə cümə gününü, müqəddəs gündür. Doğrudur, "çərşənbə” yerinə "cümə” sözünü yazsaq bir heca çatışmayacaq. Onda elə "bir” sözünü də onun əvvəlinə əlavə edirsən, əməlli-başlı misra alınar: "Bir cümə günündə çeşmə başında”. Hecası da, bölgüsü də tam yerindədir. Həə, necədir? Allah sənə rəhmət eləsin, ay Aşıq! Misralarını necə söküb-tökürük eey! 
  Amma məsələ burasındadır ki, "çeşmə” sözünə "çərşənbə” sözü daha çox yaraşır, çünki hər ikisi eyni hərflə başlayır və assosiasiya yaradır. Necə ki "Boyu uzun Burla xatun”, yaxud "Sarı donlu Selcan xatun”. İndi Aşıq Ələsgərin məhəbbətinin sirrini başa düşdün? Yəqin bilirsən, özün demirsən. Belə şeyləri səndən soruşanda, qorxma, ürəkli ol, utanmadan, çəkinmədən de, danış! Bilirsən niyə? Ona görə ki, bizim əsas dərdimiz elə məhəbbət dərdidir. 
  Söhrab Tahir isə belə yazır:

  İki bölünməkdən elə qorxmuşam,
  Çöpü də ikiyə bölə bilmərəm.
 
 

  Niyə çöpü? Niyə ağacı, budağı, yarpağı, kağızı yox!? Əslində, bu sözləri də işlətmək olardı, amma şair "çöp” sözünə üstünlük verib. Birincisi, çöp kiçik olduğuna görə onu seçib, yəni demək istəyir ki, ən kiçik olanı da yarıya bölə bilmərəm. Şair bu kiçiklik anlamı ilə təzad yaradıb dərdin böyüklüyünü ifadə etməyə nail olub. Amma ikinci bir cəhət də var, bu da ondan ibarətdir ki, "çöpü” sözündəki saitlər incədir və həmin misrada olan bütün saitlər incədir. Bununla da şair ciddi bir harmoniya yaradıb. Həə, necədi sənin üçün? Oğul-bala onu da yadında saxla ki, hər adam bunları bilməz. Bunları sənin gələcəyin üçün öyrədirəm, sonralar mənə rəhmət oxuyacaqsan.
  Atanı bir dəli gülmək tutdu, öz-özünə gülməyə başladı. Güldü-güldü və oğluna baxıb dilləndi:
  – Allah, sənə rəhmət eləsin, a Söhrab Tahir! Bəlkə, bu, heç onun ağlına da  gəlməyib, amma neynək, indi boynuna qoyarıq. 
  Qoy birini də deyim, sonra keçək məsələnin o biri tərəfinə. Süleyman Rüstəmin müharibə dövründə yazdığı bir şeiri var: "Ana və poçtalyon”. Öz aramızdır, əməlli-başlı şeirdi haa! Bizim ədəbiyyat müəllimimiz onu əzbərdən söyləyərdi, hələ bizə də əzbərlətmişdi. Bilirsən, mənim ədəbiyyat müəllimim necə savadlı idi? Allah rəhmət eləsin! Biz inşanı kitab-dəftərə baxmadan özümüz yazardıq. Bir dəfə yoxlama işində bir sözü səhv yazmışdım, cəzalandırmaq üçün məni yazı taxtasının qarşısına çıxartdı və yazı taxtası dolana qədər həmin sözü təkrar-təkrar mənə yazdırdı. Çox əvvəllərin söhbətidi, səhər-səhər televizorda jurnalist qız məndən müsahibə götürürdü və veriliş canlı yayımlanırdı. Tamaşaçılardan biri mənə sual verdi ki, bəs sən orta məktəb müəllimlərini necə qiymətləndirirsən? Mən də tərəddüd etmədən cavab verdim ki, mənim orta məktəb müəllimlərim əsl kənd professorları idilər. Bir neçə gün sonra mənimlə bir yerdə işləyən və onun qonşuluğunda yaşayan cavan oğlan mənə xəbər gətirdi ki, sənin sözlərini eşidən ədəbiyyat müəllimi deyib ki, bundan sonra ölsəm də, bu dünyadan heç bir umacağım yoxdur. Doğrudur, bir neçə ay sonra ədəbiyyat müəllimim rəhmətə getdi. Amma rahat getdi.   Həə, sözü çox uzatmayıb yenə qayıdıram "Ana və poçtalyon” şeirinə. Şeirdə belə bir misra var:
 
  Dörd ay vardı ananın gözləri yol çəkirdi,
  Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi.
 
  Niyə dörd ay? "Dörd” sözünün yerinə "bir”, "üç”, "beş”, "on” sözlərini də yazmaq olardı və heç bir heca problemi də olmazdı. Əvvələn, "dörd” sözü ikinci misrada olan və bir neçə dəfə təkrar edilən "dərd” sözü ilə həmahəng səslənir. İkincisi, daha mühümdür. Belə ki, şeirin başqa bir yerində "anamın gözləri dörd oldu” sözləri işlənib. "Dörd” sözü ilə "gözün dörd olması” başqa-başqa məzmundadır, amma birgə poetik harmoniya yaradır. Gorun çatdamasın, ay Süleyman Rüstəm, gör səni necə əzizləyirik.
  Yenə fasilə yarandı. Amma çox çəkmədi: 
  – Həə, gördün necə maraqlıdır? Bax, şeirin ləzzəti də elə bunlardadır. Amma, düzü, şeir yazmaq çox çətindir. Onun bəzi sirlərini sənə öyrətdim, bəzilərini də indi öyrədəcəyəm və bu barədə heç kəsə demə, ömürlük sirr saxla. Gördün ki, öz ixtisasınla dolana bilmirsən, taksi-zad sürüb eləmə. Şeir yaz, pul qazan. Baxma ki, şeirə indi qiymət vermirlər, bir azdan sonra verəcəklər. Həə, başlayaq ondan ki, şeir yazmaq üçün birinci mövzudur. Mövzu deyəndə ki, bu, o qədər çətin deyil. Hər şeydən şeir yazmaq olar: ağacdan, dağdan, bağdan, aydan, çəməndən, çaydan, bahardan, yaydan, qonşudan, soydan və sair və ilaxır. Görmürsən, şairlərin hamısı belə-belə şeylərdən yazır. Sənə deyim ki, taksidən, avtobusdan, metrodan, tramvaydan da yazmaq olar. Yox-yox, tramvaydan yazma, deyərlər ki, olmayan şeydən nə yazırsan? Sonra da vedrə qoşacaqlar ki, bu adam olmayan şeylərdən yazır, ha özünü öldür ki, vaxtilə bizim küçədə tramvay xətti var idi və tramvaylar gəlib-gedirdi, ona görə yazıram. Dəxli yoxdu, yenə də səni hoydu-hoyduya götürəcəklər. Əşi, başqa mövzu başına qəhətdir, olan şeydən yaz da. Qoy sənə vedrə bağlamasınlar. Həm də yadında saxla ki, bir mövzuda bir neçə şeir yaza bilərsən. Bu, yaxşı olar, deyərlər ki, kişinin oğlu serial şeirlər yazır, potensialı çox güclüdür.
  Həə, birinci məsələ bitdi. İkinci əsas məsələ qafiyə tapmaq məsələsidir. Yəni ki, qafiyələri mövzuya uyğun müəyyənləşdirməlisən. Bu da çox asandır, belə ki,  qafiyə tapmaq məsələsində lüğətdən istifadə edirsən. Mənim sözümə gülmə, çoxları bu üsuldan istifadə edirlər, yəni əvvəlcə bəndlərin qafiyələrini düzürlər, sonra başlayırlar quraşdırmağa. Odu eey, bir tanışımız var, yazdıqları elə belə şeirlərdir. Amma di gəl ki, bunu ona başa salmaq olmur. Həmişə də deyir ki, mənim şeirlərimdən bir məqalə yaz, mən də deyə bilmirəm ki, axı, sənin şeirlərindən necə yazım, hamısı elə bil inkubatordan çıxıb. Xülasə, sözü çox uzatmayaq, qafiyə mühüm şərtdir. Həə, qaldı üçüncü, üçüncü ondan ibarətdir ki, gərək sənin bir misran lap güclü ola. Yəni ki, axırıncı bənddə güclü bir fikir deyəsən. Bu da asandır, onun fikrini çox çəkmə. Şeiri yazıb qurtarandan sonra gördün ki, güclü misra hansı bənddədirsə, həmin bəndi axıra salarsan. Vəssalam-şüttamam.
  Yenə fasilə yarandı. Heç biri dinib danışmadı. Hərə öz ürəyində nəsə düşünürdü. O, birdən yenə qızışdı: 
  – Həə, gəl indi mövzunu müəyyənləşdirək. Elə payızdan yazaq. Yadımdan çıxmamış bir şey də deyim ki, şeir yazanda həmişə siyasətdən uzaq ol. Ədəbiyyatı siyasətə qarışdırmaq olmaz. Yazıçıdan da siyasətçi çıxmaz. Biri var idi eey, həmişə kəndlərindən yazırdı, siyasətçi olmaq istəyəndə bütün qazandıqlarını itirdi. Ona bir deyən olmadı ki, a bala, siyasət sənin işin deyil, get, yazını yaz. 
  Həə, payızdan yazmaq üçün əvvəlcə payızın əlamətlərinə uyğun sözləri seçib onların qafiyələrini tapmaq lazımdır. Yaxşı bilirsən ki, payızın birinci əlaməti yarpaqların saralmasıdır. Onda "yarpaq” sözünə qafiyələr tapılmalıdır. Yarpaq, yaraq, qıraq, araq, yox-yox "araq” lazım deyil, quraq, qalaq!..
 
  Ağır nəfəs alır saralmış yarpaq, 
  Yerdəki xəzəllər qalaqbaqalaq,
  Heç yerə getməyək, gəl burda qalaq,
  Payızın xətrinə, sənin xətrinə.
 
 

  Görürsən, şeirdə "qalaq” sözünü həm isim kimi, həm də feil kimi işlətdik. Əslində, bayaq onu isim kimi nəzərdə tutmuşduq. Üçüncü misrada "qalaq” sözünün feil kimi işlənməsi artıq istedadın nəticəsidir və yazı onunla xeyli tanınacaqdır. 
  Payızın başqa bir əlaməti havaların soyumasıdır. Onda "soyuq” sözünə qafiyə tapmalıyıq. Soyuq, oyuq, ayıq, qayıq, sayıq, dayaq. Buradan üç sözü götürək: soyuq, oyuq, dayaq.
 
  Gizlicə-gizlicə dolaşır soyuq,
  Quşlara yuvadır hər kiçik oyuq, 
  Üşüyən otlara gəl duraq dayaq,
  Payızın xətrinə, sənin xətrinə.
 
  Görürsən, nə gözəl alındı. Şeirdə payız təbiəti əməlli-başlı hiss edilir. 
  İndi məsələ burasındadır ki, bu bəndlərdə payız bir soyuq fəsil kimi yaddaşlara köçür. Ona görə də çalışmaq lazımdır ki, şeirə bir az hərarət gəlsin və şeiri oxuyan oxucu üşüməsin. Həm də həmin bənddə soyuqla istinin təzadı yaranacaq ki, belə bir məqam poeziya baxımından xeyli cəlbedici olacaqdır. Bu məsələlər üçün də yeni qafiyələr tapmaq lazımdır. Şeiri doğmalaşdırmaqdan ötrü "nəfəs” sözündən istifadə etmək olar. Nəfəs, həvəs, bəs, səs, əs – yox-yox, "əs” olmaz, o, soyuqluq gətirir. 
 
  Uzaqdan kükrəyir alovlu bir səs, 
  Qəlbimi bürüyür isti bir nəfəs.
  İçimdə göyərir təzə bir həvəs,
  Payızın xətrinə, sənin xətrinə.
 
  Bəh-bəh-bəh! Məktəbdə öyrəndiyin şeirlərin hansından pisdir? Onların birini əzbər deyə bilərsənmi? Hər-halda sənin əzbər bildiyin şeir olmaz, onda elə bunu əzbərləsən bəsindir. Məclislərdə sənə danışmaq üçün söz versələr, bu şeiri ucadan de, qoy əl çalsınlar.
  Bir də yadıma düşdü, sən özünə bir təxəllüs də götürməlisən, təxəllüssüz şair olmaz. Dağla bağlı yaxşı təxəllüslər var. Məsələn, Dağbəyi, Dağdələn, Dağyunus. Amma bizim kənddə dağ yoxdu, ona görə də çayla bağlı təxəllüs götür. Arazçaylı, Kürçaylı, Qudyalçaylı kimi təxəllüslər bizdə moddur. Həm də hər kənddə çay olduğu üçün  oxucular çaya öyrəşiblər, ona görə də sənin şeirlərini görən kimi oxuyacaqlar və sən də məşhurlaşacaqsan. Bizim kəndin aşağısında sısqa bir çay axır, adı da Dərəçaydır. Nə olar ki, suyu azdı, vaxtilə çox gur axıb. Qorxma, elə onu özünə təxəllüs götür: Dərəçaylı. Ha-ha-ha! Necə də yaraşır!
  Onu yenə də öskürək tutdu...

  12.08.2018