Artkaspi.az
saytı Nüşabə Araslının "Nəvizadə Ətayinin "Xəmsə”sində Nizami
ənənələri" adlı yazısını təqdim edir:
Nizami
Gəncəvinin dünyəvi şöhrət qazanan ölməz irsi orta əsr türk epik şeirində
geniş yayılaraq türk məsnəvi ədəbiyyatının inkişafına mühüm təsir
göstərmişdir. Orta əsr klassik türk poeziyasının görkəmli nümayəndələri
dahi şairin qabaqcıl ənənələrini, sadəcə, davam etdirməmiş, ona
zamanın mənəvi-estetik tələbi baxımından yanaşmış, şairin bədii
fikir tarixinə gətirdiyi yüksək bəşəri idealları öz ədəbiyyatlarının
spesifik cəhətlərilə birləşdirərək, yaradıcı münasibətləri,
fərdi sənətkar təbiətlərindən irəli gələn əlavələrlə zənginləşdirmişlər.
Məhz buna görə də türk epik poeziyası özünün milli səciyyəsini bütün
dövrlərdə qabarıq göstərə bilmiş və onun görkəmli təmsilçiləri Nizami
ənənələrinin təqlidçiləri deyil, davamçıları, əsl mənada, layiqli
xələfləri kimi şöhrətlənmişlər.
Nizami
ənənələrini milli zəminlə bağlı yeni məzmun və orijinal poetik biçimdə
davam etdirən türk "Xəmsə” müəllifləri içərisində XVI-XVII əsrlərdə
yaşamış Nəvizadə Ətayi xüsusilə seçilir.
Ətayi
1583-cü ildə zəmanəsinin tanınmış bilicilərindən olan alim-şair Nəvinin
ailəsində dünyaya göz açmışdır. Əsərlərində atası haqqında tez-tez
söhbət açan şair bədii yaradıcılığı və özünün dini-fəlsəfi görüşlərilə
atasını izlədiyini qürur hissi ilə bildirərək deyir:
Anın feyzidür dildə olan gühər,
Həm ustaddır bana, həm pedər.
Nola pişuva etsem ol arifi,
O Camiyi-əsr idi, bən Hatifi[1]. [1, s.21]
Gördüyümüz
kimi, şair sələflərinin həyatından nümunə gətirərək atasını Şərqin
mütəsəvvif sənətkarı Əbdürrəhman Camiyə, özünü isə onun bacısı oğlu
Hatifiyə bənzədir. Ətayi başqa bir yerdə də:
Peyrov oldum o piri-danaya,
Bənzəmək xoşdur adam ataya. [2, s.152]
– deyərək atasını bilici ustad kimi xatırlayır.
Ətayi 1598-ci
ildə atasını itirdikdən sonra təhsilini Əxizadə Əbdülhəlim Əfəndinin
yanında davam etdirməyə başlayır. 1601-ci ildə İstanbul Canbaziyə
mədrəsəsinə müəllim təyin olunur. 1608-ci ildə Lofada, sonralar Baba
Əski, Varna, Silistre, Tekburdağı, Hezardağ, Timova, Turhala, Manastr
və Uskupda qazilik edir.
1635-ci
ildə İstanbula qayıdan şair orada dünyasını dəyişir.
Ətayi
"Xəmsə”sinə daxil məsnəvilərində öz uca şəxsiyyəti ilə bağlı maraqlı
qeydlər edir, tez-tez müqəddəslərlə xəyali görüşündən söhbət açır
ki, bu da onun dövrünün elmi və dini-fəlsəfi görüşlərilə yaxından
tanış olduğunu, müqəddəs şeyx kimi məşhurlaşdığını bildirir.
Şair
"Xəmsə”sinin 2-ci əsəri "Nəfxətül-əsrar”da babasının XV əsrin məşhur
xəlvətiyyə şeyxi Gülşəni ilə görüşməsindən bəhs edən bölmədə şeyxin
cəzbəsi, hikmət və möcüzələrindən danışarkən bu görüş zamanı Gülşəninin
onun babası salik Pir Əliyə evlənməyi tövsiyə etdiyini və ona bir
sevimli oğlu olacağı haqqında müjdə verdiyini qeyd edir. Bu qeyri-adi
uşağın gələcəkdə maarif kəsb edərək uca məqama yetişəcəyini qabaqcadan
ona söyləyir.
Şairin
bilavasitə öz həyatı ilə bağlı olan bu və bu kimi hekayələri onun
müqəddəs bir ocağın yetirməsi olduğunu bir daha təsdiq edir.
Mənbələr
Ətayinin üsküdarlı Əziz Mahmud Xudainin müridi olduğunu, Sultan
II Murada, Şeyxülislam Sunullaha, Yəhya bəyə və dövrünün digər nüfuzlu
şəxsiyyətləri və dövlət adamlarına qəsidələr həsr etdiyini qeyd
edirlər. Nəvizadə Ətayinin otuz bir qəsidə, üç yüz üç qəzəl, iki mərsiyə,
dörd müsəddəs, bir müəşşər, əlli qitə, on üç rübaidən ibarət lirik şeirlər
"Divan”ı olduğu məlumdur [3, s.40-42]. Bununla belə, türk ədəbiyyatı
tarixində şair daha çox "Xəmsə” müəllifi kimi şöhrətlənmişdir.
Şairin
"Saqinamə”, "Nəfxətül-əzhar”, "Söhbətül-əbrar”, "Həft xan” və "Xilyətül-əfkar”
məsnəvilərindən ibarət olan "Xəmsə”sinin ilk məsnəvisi "Aləmnüma”
("Saqinamə”) 1617-ci ildə yazılmışdır. Əsərin "Baise-təhriri-name
və səbəbe-nəzme-Saqiname” adlanan fəslində Ətayi bir səhər çağı səfalı
bahar nəsiminin dərin düşüncələrə dalan şairə yetişərək ona feyz
əyyamının gəldiyini müjdə verdiyini söyləyir: Baharın gözəl səhəri,
ətrafı bürümüş əlvan çiçəklərin xoş ətri, quşların şən nəğmələri,
Saqi və Müğənni onu rumi dilində dastan yaratmağa ruhlandırır, özlüyündə
fikirləşir ki:
Niçün etməyə bunu bir dastan
Zühuri-pəsəndani-rumi zəban?
İdüb müstəqil yəni bir məsnəvi,
Utandırmaya şiveye-Xosrovi?... [1, s.13]
Ətayi
bu fəsildə anadilli şeirin təəssübkeş təbliğatçısı kimi çıxış
edir. Farsdilli poeziyanın məsnəvidə üstünlüyünü xüsusi vurğulayan
şair, mədhiyyə şeiri və qəzəldə rumlu qələminin daha qüvvətli oduğunu
diqqətə çatdırır.
"Aləmnüma”
əsəri başdan-başa milli zəmində, doğma ədəbiyyatın ənənələri üzərində
meydana gəlmişdir. Ətayi əsərdə şeir, söz sənəti və sənətkarla bağlı
mülahizələrində də doğma dilin üstünlüklərini dönə-dönə xatırladır,
farsdilli məsnəvi şeirinin mühüm rolunu qeyd etməklə yanaşı, ona
yaradıcı yanaşmağı, təqliddən, tərcümədən çəkinməyi tövsiyə
edir. Bunu Ətayi "Xəmsə”sinə daxil digər əsərlərin də bədii ruhunda,
məzmun və fikri istiqamətlərində aydın görmək olur.
Ki mədhü təğazüldə Rumiqələm,
Olub qalibi-sahirani-əcəm.
Ço şəmşiri-xunriziye-Osmaniyan
Zühur etdi ricali-Türki zəban... [1, s.14]
Bu baxımdan
Nəvizadə Ətayi dövrün bədii mənzərəsini əks etdirən, poeziyanın
əcəm təsiri və fars dilinin nüfuzundan xilas olub milliləşməyə doğru
inkişafını rəğbətlə izləyən, təqdir edən vətənpərvər şair kimi
diqqəti cəlb edir.
Ətayi
"Xəmsə”sinin birinci məsnəvisi olan "Aləmnüma”nı Nizaminin "İskəndərnamə”
poemasının ilk hissəsi "Şərəfnamə”nin təsirilə qələmə almışdır.
Əsərin həm də "Saqinamə” adı ilə məşhurlaşması da bununla bağlıdır.
"Xəmsə” ərbabına idüb təqlid
Eylədim pəncegiriye-xurşid.
Əvvəla vadiyi-Şərəfnamə
Oldu caye-tətəbbüye-xamə... [1, s.275]

"Xəmsə”nin
2-ci əsəri "Nəfxətül-əzhar” ("Çiçəklərin nəfəsi”) adlanır. Ətayi bu
məsnəvidən sonra 1625-ci ildə "Söhbətül-əbkar” ("Bakirələrin söhbəti”)
məsnəvisini yazır. Ə.Caminin "Söhbətül-əbrar”ı ("Müqəddəslərin
söhbəti”) müqabilində qələmə aldığı bu əsərdə şair hər bölmənin
ilk hissəsində qoyduğu dini-fəlsəfi və həyati problemləri sonrakı
hissədə yer alan hekayələrdə epik lövhələrlə şərh edir.
Ətayi
"Xəmsə”nin "Həftxan” adlanan dördüncü məsnəvisini Nizaminin "Həft
peykər” əsərinin təsirilə, hətta ona nəzirə olaraq 1626-cı ildə yazmışdır.
"Xəmsə”nin
son əsəri olan "Xilyətül-əfkar” Osmanlı dövlətində yaşamış üləma və
şeyxlərin həyat və fəaliyyətinə həsr olunur. Ətayi onların əsərləri
haqqında da ətraflı məlumat verərək dövr və ictimai-mədəni mühitlə
bağlı aydın təsəvvür yaratmağa çalışır.
Ətayi
əsərlərində sələflərini tez-tez həm də böyük ehtiramla xatırlayır.
Söz sənəti, dövrün ədəbi-bədii istəyi, mədəni-mənəvi tələbatla
bağlı şəxsi düşüncələrini qələmə alır. Bununla belə, Ətayi əsərlərini
yüksək qiymətləndirir, sələflərinin ənənələrini ləyaqətlə davam
etdirdiyini də qürur hissilə bildirir. "Həft xan”da oxuyuruq:
Oldu "Aləmnüma” ki, surətyab,
Saldı "Ayineyi-İskəndər”ə tab.
Saniya oldu "Nəfxətül-əzhar”,
Pərtovi-nəqşi "Mətləül-ənvar”.
Buyi-dilkeş ke xəlqi məst etdi,
"Məxzən”in payəsini pəst etdi.
İrdi o gövhəri-miyanına dəst,
Rövnəqi-Şeyxiyə irişdi şikəst.
Salisa nəzmi "Söhbətül-əbkar”,
Oldu silki gühər kibi həmvar.
"Həft peykər” ki oldu pişnəhad,
Oldu axər cəvabi-dəlqi-murad.
Yeddi Məclis olub tərazəndə,
"Həft əxtər”lə oldu nazəndə. [1, s.275]
Göründüyü
kimi, Ətayi özünün şairlik istedadını klassik Şərq poeziyasının
görkəmli simalarının əsərləri ilə müqayisədə dəyərləndirir. Zəmanəsinin
ədəbi-mədəni həyatı, dini-fəlsəfi görüşləri ilə yaxından tanış
olan şair Şərq bədii-fəlsəfi fikrinin Mövlana Cəlaləddin, Nəsimi,
Xosrov Dəhləvi, Sədi Şirazi, Hafiz, Nəvai, Cami, Gülşəni, Taşlıcalı
Yəhya, Şeyxi, Rəvani və başqa görkəmli nümayəndələrini tez-tez xatırlayır,
dini-tarixi şəxsiyyətlər, fikir adamları ilə bağlı maraqlı mülahizələr
söyləyir. Bu baxımdan onun tanınmış "Xəmsə” müəllifləri, ilk növbədə
bu ənənənin banisi olan Nizami Gəncəviyə münasibəti xüsusilə
diqqətəlayiqdir.
Nizami
təsiri, qeyd olunduğu kimi, Ətayi "Xəmsə”sinin ilk halqası "Aləmnüma”dan
başlayaraq şairin əksər məsnəvilərində özünü göstərir. Bunu onun
dahi sələfinin məsnəviyə gətirdiyi "Saqinamə” və "Müğənninamə”lərə
müraciətlərində daha aydın görmək olur.
Ətayinin
Nizaminin "Məxzənül-əsrar”ına cavab olaraq yazdığı "Nəfxətül-əzhar”
əsəri quruluş, vəzn baxımından olduğu kimi "nəfxə” adlanan bölmələrdə
qoyulan əksər problemlərlə də Nizaminin "Məxzənül-əsrar”ına yaxınlaşır.
"Nəfxətül-əzhar” da, Nizami əsərində olduğu kimi, "Bismillah”ın tərifi
ilə başlayır.
Bismillahiərrəhmanir-rəhim
Fehrisi-ğərrayi-kitabi-kərim.
Sərsoxəni-nüsxeyi-fəzlül-xitab,
Taci-tərazəndeyi-ümmül kitab... [1, s.43]
Əsərin
Nizami təsiri aydın duyulan bu başlanğıc hissəsi özünün məzmunu,
həcminin daha genişliyi, xüsusilə şairin "Bəsmələ”ni təşkil edən
hərflərlə bağlı düşüncələrinin ifadəsi ilə seçilir.
Ətayi
dövrünün ictimai-mədəni durumundan bəhs açır. Zəmanə əhlini düşündürən
sosial-ideoloji problemlərə toxunur. Əsərdə ədalət və adil hökmdar
məsələlərinə cəmiyyətin inkişafında şahın məsuliyyətli roluna
xüsusi bölmələr həsr edilir. Şair özünün cəhldən, nadanlıqdan uzaq
ağıla, biliyə əsaslanan cəmiyyət və qəza etməyi bacaran ədalətli
hakimlə bağlı arzularını ifadə edərək:
Xosrovi-adil ki, ədalət edər,
Aləmi lütfilə imarət edər.
...Hakim olan aqil u dana gərək,
Qüvvətü əqildə tavana gərək.
Gahi çəkib tiği-cəvahirfəşan
Tiğ kibi dəxi ola rütəblisan...[1, s.66],
– deyir.
Şair bu
əsərində eşq və onun təsəvvüfi anlamı ilə bağlı görüşlərinə də geniş
yer verir. "Nəfxətül-əzhar”da, "Sirlər xəzinəsi”ndə olduğu kimi, yazıldığı
dövrün ictimai-siyasi mənzərəsi, aktual problemləri və şairin müasirlərinin
bədii obrazları əksini tapmaqdadır. Ətayi də Nizamini izləyərək
hər "nəfxə”də qoyduğu əxlaqi-təlimi məsələləri verdiyi hekayələrdə
şərh etməyə çalışır. Hər iki şairin əsərində şeir, şairlik, bədii sözün
yüksək dəyəri ilə bağlı maraqlı mülahizələrlə qarşılaşırıq. Doğruçuluq,
az danışmağın məziyyəti, yalançı zahidlərin tənqidi, hiylədən çəkindirmək,
dünyaya uymamaq, hünərin, biliyin faydası, elmə rəğbət və başqa bu
kimi etik-əxlaqi görüşlərin təlqini də şairin bu əsərini Nizaminin
"Məxzənül-əsrar”ına yaxınlaşdırır. Ətayi də sələfinin yolu ilə gedərək
şöhrətpərəst, tamahkar insanlara etirazını bildirir, müasirlərini
təvazökar, qənaətcil olmağa, hünəri, ağılı yüksək dəyərləndirməyə
çağırır.
Şairin
doğruçu olmaq, həqiqəti uca tutmaq, hiylədən, yalandan çəkindirən
öyüdləri də Nizami görüşləri ilə yaxından səsləşir.
Doğru ilə himmət olur balüpər,
Hər sifəti, hər sözü daşdan keçər.
Rastlıq sərvi edər sərfəraz,
Bağü bahar içrə bulur imtiyaz.
Bid[2]
ke zibi-çəmən ü bağ olur,
Keçə-gələ yalımı alçaq olur.
Tak[3]
dirərkən nəəmi-bikəran[4],
Turma yenə kəsmədədür bağban.
Əqri olan kənduyə eylər ziyan,
Dəstkeşi-aləm olur çun kəman.
Ətayinin
bu beytləri Nizaminin "Sirlər xəzinəsi” əsərindəki 14-cü məqalədə
doğruluqla bağlı deyilən aşağıdakı beytlərini yada salır:
از کژی افتی به کم و کاستی از همه غم رستی اگر راستی
گل ز کژی خار در آغوش یافت نیشکر از راستی آن نوش یافت
[4, s.138]
(Əyrilikdən əskikliyə düşərsən, düz olsan,
bütün qəmlərdən qurtararsan. Gül əyrilikdən qucağında tikan tapdı.
Şəkər qamışı balı düzlükdən tapdı.)
Nizami
"Xosrov və Şirin” əsərində doğru sözün möhtəşəm olduğunu bildirərkən
yazır:
چو صبح صادق آمد راست
گفتار جهان در زر گرفتش محتشم وار
چو سرو از راستی برزد علم
را ندید اندر خزان تاراج غم را
[4, s.138]
(Sübhi-sadiq doğruçu olduğundan dünya
onu qızıla tutub möhtəşəm etdi. Sərv doğruluqdan bayraq qaldırdığı
üçün payızda qəmin taracını görmədi.)
"Nəfxətül-əzhar”ı
Nizami əsəri ilə birləşdirən cəhətlərdən biri də Ətayinin söz sənəti
ilə bağlı düşüncələrinin ifadəsində özünü göstərir. Ətayi də bədii
sözü yüksək dəyərləndirərək gözəl biçimli, qafiyəli sözün, yəni
şeirin ilahi mənası, mənəvi həyatdakı çoxcəhətli funksiyası üzərində
geniş dayanır:
Sözdür olan hasili-kani-vücud,
Sözdür olan gövhəri-dəryayi-cud,
Sözdür olan nəğmeyi-yahuye-raz,
Sözdür olan nəğmeyi-suzu-qodaz,
Söz ki olur meyveyi-tərdən ləziz,
Eşqlə cüllabi-şəkərdən ləziz,
Şerdir ilhami-nigahbani-qeyb,
Şerdir ilhami-zəbandani-qeyb,
Şerilə fəhm oldu kəlami-xuda,
Şeri süar eylədilər övliya. [1, s.70]
Ətayi
sözün tərifindən geniş bəhs açdığı "Nəfxətül-əzhar”ında Nizaminin
bu mövzu ilə bağlı fikirlərinə yaxın mülahizələr söyləməklə yanaşı,
yeri düşdükcə Şərqin görkəmli söz ustadlarının da adlarını xatırlayaraq
Mollayi Rumi, Nizami, Xosrov Dəhləvi, Sədi, Cami, Hafiz kimi sənətkarların
bədii sözün qüdrəti sayəsində ucalaraq əbədi şöhrət qazandıqlarını
bildirir. Şeirlə bağlı düşüncələrini də Nizaminin "Sirlər xəzinəsi”
əsərindəki:
پیش و پس بست صف کبر یا پس شعرا آمد و پیش انبیا [1, s.91]
(Müqəddəslər
ön və arxaya düzülüb sıra bağladılar. Əvvəl peyğəmbərlər, sonra şairlər
gəldi) – beytini təzmin etməklə təsdiqləyir.
Şair öz
şeirini sələflərinin əsərləri ilə müqayisə edərək onların səviyyəsinə
yüksəlmək üçün layiqli bir pirin köməyini zəruri sayır:
Hər birinin qıl nəzər asarinə,
"Məxzən”inə, "Mətləi-ənvar”inə.
Hiç kəramətsiz olurmu bu kar?
Cümləmizin əqli var, idrakı var.
Şeir bunun kibilərin halıdır,
Bən dedigüm bunların oxşarıdır. [1, s.71]
Ətayi
sələflərinin əsərləri müqabilində öz "Nəfxətül-əzhar”ını təqlid
hesab edir. Ancaq bunun özünün də asan iş olmadığını, böyük hünər tələb
etdiyini diqqətə çatdıraraq sənət aləmində böyük sənətkarları
izlədiyini ona nöqsan tutan müasirlərinə də Nizami əsərindən təzmin
etdiyi aşağıdakı beytlə cavab vermişdir:
هست در این دایره لاجیورد مرتبه مرد به مقدار مرد[1, s.105]
(Bu
mavi dairədə insanın rütbəsi onun mərdliyi qədərdir)
Ətayi "Nəfxətül-əzhar” əsərində söz sənətinə həsr etdiyi
3-cü nəfxədə də bədii sözün yüksək dəyəri ilə yanaşı, Nizami sənəti,
"Xəmsə” müəllifləri, Nizami ənənələrini izləyən sənətkarların
yaradıcılığı, şairin əsərlərinin sənət aləmində oyatdığı əks-səda
haqqında söhbət açır. Ətayi sələfləri və onların əsərlərini sadəcə
tərifləmir, dahi Nizamini fəziləti hamıya əyan olan uca şəxsiyyət,
zəmanəsinin tayı-bərabəri olmayan yeganə gövhəri adlandırır.
"Xəmsə” müəlliflərinin heç birisinin onun məqamına yüksələ bilmədiyini
xüsusi vurğulayaraq:
Fəzli həqiqətdə əyandır yenə,
Gövhəri-yektayi-zəmandır yenə.
"Xəmsə”sinin həmsəri nayabdır,
Dürri-yeganə, göhəri-nabdır.
"Xəmsə” deyən çünki deyil həmənan
Hiç bərabərmi olur beş bənan.[5]
[1, s.72]
– deyir.
Ətayi
sələfi ilə bağlı mülahizələrində dövrünün şeir-sənət maraqlıları,
söz sənətinin oxucu və dinləyicilərə təsiri məsələsinə toxunur.
Şairə görə, ancaq bədii sözün məna və bədii incəliklərini dərk edən
sənət biliciləri, elm və irfan sahibləri tərəfindən anlaşılan şeir
cəlbedici məzmunu və zahiri gözəlliyi ilə adi oxucuları heyran
edən şeirdən fərqlənir:
Şeirin olur kimisi məqbuli-xas,
Kimi bulur amiyyəyə ixtisas.
Az düşər ki, ola lütfi-qədər,
Xaspəsənd olavü həm amgər... [1, s.72]
Ətayi
adını xüsusi qeyd etməsə də, Nizami əsərlərinin həm incə düşüncəli
arif insanların, həm də adi şeir-sənət sevərlərin zövqünə uyğun olub
ümumxalq məhəbbəti qazandığına xüsusi diqqət yetirir, bunu Nizami
sənətini fərqləndirən əlamətdar cizgi kimi təqdim edir.
Ətayinin
sələfləri ilə bağlı belə ədəbi-nəzəri görüşləri onun bu nəfxədə əksini
tapan "Dastani-xabi-Xosrovi-Hindi və hücum kərdəne Şeyx Nizami və
mədədrəsiye-qutbe-aləm Nizaməddin Dəhləvi qudsəllahi-əsrarihum”
(Hindu Xosrovun yuxusu və Şeyx Nizaminin hücum etməsi və aləmin qütbü
Nizaməddin Dəhləvinin köməyə gəlməsi haqqında dastan) – qüdsəllahi-əsrarihum
– hekayəsində də şərh olunur.
Hekayənin
məzmunu Nizaminin "Məxzənül-əsrar”ındakı:
تیغی ز الماس سخن ساختم هر که پس آمد سرش انداختم [4, s.76]
(Söz almazından bir xəncər
düzəltdim, arxamca gələnlərin başını vurub saldım.)
– beyti əsasında qurulmuşdur.
Hekayədə
deyilir ki, Nizami Gəncəvidən sonra ikinci "Xəmsə” müəllifi kimi
tanınan, şairin görkəmli davamçısı Xosrov Dəhləvi özünün gözəl qəzəlləri,
qitə və qəsidələri ilə məşhurlaşdıqdan sonra məsnəvi yazmağa başlayır,
get-gedə kamilləşərək Şeyx Nizaminin ardıcılı olub "Pənc gənc” yazmaq
arzusuna düşür.
Həzrəti-Şeyx ilə olub pəncəgir,
"Xəmsə”yə əl vurdi ol qərrənde şir.

Ətayi
sənət qüdrətindən ehtiramla danışdığı Xosrov Dəhləvinin yaradıcılığını
yüksək qiymətləndirsə də, Nizami ilə müqayisədə üstünlüyü Gəncə
ustadına verir. Onun Nizami ilə belə cəsarətli rəftarını təqdir
etmir, sələfi qarşısında öyünməsini narazılıqla bildirir.
Qürrə olub qüvvəti-bazusinə
Dimədi kəsr irişə nirusinə.
Xeyli dəliranə zühur eylədi,
Tərki-ədəb etdi qürur eylədi
Bilmədi ki, şeyxi-kəramətpənah
Eylədi hər beyti ilə səddi-rah.
"Tiği ze əlmasi-soxən saxtəm,
Hər ke pəs aməd sərəş əndaxtəm”. [1, s.71]
Gördüyümüz
kimi, sələfinin hər beyti ilə sonradan gələn şairlərin yolunu kəsdiyini
bildirən şair, onun "Sirlər xəzinəsi”ndə yer alan və yuxarıda qeyd etdiyimiz:
تیغی ز الماس سخن ساختم هر که پس آمد سرش انداختم
(Söz almazından bir qılınc düzəltdim,
arxadan gələnlərin başlarını vurub saldım.)
– beytini də təzmin edir.[6] Hekayədə
beytin mənasını şərh etməyə çalışaraq şair yazır:
Qəsdi bu ki, olmaya hərgiz qoşad,
Qala tilism ilə bu gənci-murad.
..Ərseye-nəzminin olub kamili,
Sonra gələn bulmaya bu mənzili.
Kənduyə bu dövlət ola münhəsir,
Olmaya bir fərdə müyəssər bu sirr,
Xatimeye-dövləti-irfan ola,
Ol da bu vadidə Süleyman ola. [1, s.71]
Ətayi
Nizaminin sözü gedən beytində şairin fəxriyyə şeirinə xas obrazlı
tərzdə ifadə olunan bədii məqsədinin izahında daha çox subyektiv görüşlərindən
çıxış etsə də, şairin Nizaminin bu beyti üzərində dayanması, fikrini "Məxzənül-əsrar”dan etdiyi təzminlərlə sübut etməsi onun Nizami irsinə
dərindən bələdliyini və sələfinin sənət qüdrətinə inamını göstərir.
Hekayədə
Dehli şəhərində o zamanlar Xosrov Dəhləviyə böyük məhəbbət bəsləyən
uca məqamlı bir şeyxin yaşadığı nəql olunur. Ətayi Xosrov Dəhləvinin
öz "Xəmsə”sini yazdıqdan sonra özünə qürrələnərək Nizaminin "Xəmsə”si
haqqında xoşagəlməz sözlər söylədiyini deyir. Həmin gecə yuxuda
onun gözlərinə Gəncədəki xəzinə, yəni Nizami görünür. Ancaq o,
şairin təbiəti ilə uyğunlaşmayan bir tərzdə qəzəbli, hiddətlə xələfinə
hücum edərək ona qılınc çəkir.
Ətayi
bu səhnəni maraqlı bir şəkildə təsvir edərək hekayədə Nizaminin
obrazının şairin öz beytinə uyğun bir tərzdə Xosrova göründüyünü
göstərir.
Oldu haman nitə ki, ruzi-şümar,
Gəncədəki gənci-dəfin aşikar.
Gənc, vəli əjdərivar səhmnak,
Tiğ tilisimindən olur zəhrnak.
Yəni gəlib Həzrəti-şeyxi-füzin,
Ərreyi-omr idi cəbinində çin.
Zahir idi hiddəti manəndi-bərq,
Tiği əlində nitə kim şahi-Şərq.
Yürüdü üstünə o Mərrixçehr,
Etməyə qəltidə sərin həmçü mehr. [1, s.191]
Əlacsız
qalan Xosrov Dəhləvi Allaha yalvarıb ondan kömək istəyir. Bu zaman
Əmir Xosrovun öz şeyxi onun köməyinə gəlir. Əlini qılıncın qabağına
sipər edərək Xosrovu qurtarır. Qılınc şeyxin qolunu yaralayır, Xosrov
tövbə edərək xilas olur.
Səhər
olcaq Xosrov gəlib şeyxinə gördüyü yuxunu danışır, Şeyxi qolunu
açıb iki qılınc yarasını ona göstərir. Bu əhvalatdan sonra Xosrov
Dəhləvinin şeyxinə olan ixlası daha da artır. O, Nizamiyə də ürəkdən
etiqad edərək ona daha çox məhəbbət bəsləyir:
Dinlədi bu vaqiəni Dəhləvi,
Eylədi ixlas ilə sidqin qəvi.
Şeyx Nizamiyə idub etiqad,
Qədrini gündən-günə bildi ziyad. [1, s.73]
Nizami
beytinin xalq içərisində doğurduğu, bəlkə, elə Ətayinin özünün yaratdığı
rəvayətə əsaslanan bu simvolik səciyyəli hekayə bir daha Nizami
əsərlərinin türk ədəbi ictimaiyyətinin diqqət mərkəzində duraraq
məhəbbətlə izlənildiyini göstərir.
Əvvəl
də qeyd etdiyimiz kimi, Nizami sənəti Ətayi "Xəmsə”sinə daxil olan
əsərlərin, demək olar ki, hamısında böyük ehtiram və məhəbbətlə xatırlanır.
Şair bilavasitə Nizami təsirilə yazdığı əsərlərində ("Aləmnuma”,
"Nəfxətül-əzhar”, "Həft xan”) olduğu kimi, şairin davamçıları olan
Ə.Cami, T.Yəhya və başqa "Xəmsə” ("Həft ourəng”) müəlliflərinin əsərlərinin
təsirilə qələmə aldığı məsnəvilərində də Nizami şeirinə münasibət
bildirmiş, sələfinin ənənələrini vasitəli yolla davam etdirmişdir.
Nümunə üçün, Ətayinin Ə.Caminin "Sübhətül-əbrar” məsnəvisinnin təsiri
ilə yazdığı "Söhbətül-əbkar” əsərinə nəzər salaq. Nizami ilə bağlılıq
bu əsərdəki "Söhbət” adlanan bölmələrdə əksini tapan ictimai-əxlaqi
problemlərlə yanaşı, şairin sənət dühasının geniş şəkildə tərifi,
Ətayinin xalq içərisində yayılmış tarixlə bağlı rəvayətlərə, xalq
hekayətlərinə, onun öz qeydlərinə müraciətində də aydın görünür.
Ətayi "Xəmsə”sinin 3-cü əsəri olan bu məsnəvidə "Sözün fəziləti və
gözəlliyi”nə həsr olunan 33-cü söhbətdə yer alan "Dastani-Qızıl Arslan
ba Şeyx Nizami qəddəsə sirrəhu (Qızıl Arslan ilə Şeyx Nizami ilə (qəbri
nurla dolsun)” dastanında oxuyuruq:
Qıldı çun Gəncədə gəncinə qoşa
Həzrəti-şeyxi-Nizamiye-xoda.
Oldu ərbabi-dilə hadiye-rah,
Qəddəsəllah təaliye-sirrah.
Şeirlə qədri irub Şərayə,
Verdi feyzi şüərayə vayə. [1, s.191]
Şairin
şöhrətinin sədası gəlib zəmanə hökmdarı Qızıl Arslana çatır. Şah
onunla görüşmək istəyir və onu sarayına dəvət edir.
Çunke quş etdi Atabək anı,
Əsrinin yəni Qızıl Arslanı.
Canilə mayil olub söhbətinə,
Eylədi dəvət onu məclisinə... [1, s.191]
Şaha Nizaminin
xəlvətdə məqam tutduğunu, onun hüzuruna gələ bilməyəcəyini xəbər
verirlər. Şah özü onun yanına getməyi qərara alır. Nizaminin ixlasını,
söz ilə əməlinin uyğunluğunu gözləri ilə görmək istəyir. Qızıl Arslanın
bu niyyəti qeybdən Nizamiyə əyan olur. İlk görüş anlarında o, şahın
gözünə zər geyimli məclis əhli arasında daş-qaşla bəzədilmiş bir
təxt üzərində başında qızıl tac oturmuş halda görünür. Şah dərhal
onun ayağına düşür, səcdə edir. Elə bu anda özünü bir mağaranın önündə
dəri üzərində oturmuş, qarşısında təşt, vuzu almaq üçün sürahi, Quran,
səccadə, möhür, təsbih və əsadan başqa heç nə olmayan bir qocanın qabağında
görür. Qızıl Arslan şairin, həqiqətən, mənalar aləminin padşahı olduğunu
anlayır və sidqlə onun qarşısında baş əyir.
Şeyx özünün
himmətilə dünya şahını şad edərək onu mədhləri ilə göylərə qaldırır.
Şahın şöhrəti Şeyxin "Xəmsə”si ilə dünyaya yayılır.
Ətayi Nizaminin "Xosrov və Şirin” poemasında
əksini tapan bir əhvalatı nəql edərək şairin Gəncənin 30 ağaclığında
Qızıl Arslanla olan görüş səhnəsinin təsvirində orta əsr təzkirə
müəlliflərinin məlumatlarına əsaslanan bu hekayəsində Qızıl
Arslanın şairə olan ehtiramını xüsusi vurğulayaraq Şah və sənətkarı
qarşılaşdırır. Sənətkarın rütbəsinin daha uca olduğunu təsdiqləyərək
Nizami sənətinin onun kəramətindən qat-qat üstün olduğunu bildirir.
Nizami
ənənələri Ətayi "Xəmsə”sinin 4-cü əsəri "Həft xan” məsnəvisində də
özünü aydın göstərir. Ətayinin 1628-ci ildə bitirdiyi bu əsər Nizaminin
"Həft peykər” poeması vəznində olub, yeddi rəqəminin qeyri-adiliyi,
rənglərin fəlsəfi şərhi, eşqin təsəvvüfi mənası və başqa həyati
məsələləri əhatə edir. Poema, əsasən, yeddi hekayədən ibarət olduğu
üçün "Həft xan” adlanır.
"Həft
xan” klassik ədəbiyyatda "Şahnamə” qəhrəmanları Rüstəmin, İsfəndiyarın
göstərdikləri igidliklərlə bağlı termin kimi məşhurdur. Bu söz "yeddi
süfrə” mənasında da anlaşıla bilər. Mövzu baxımından Nizami ilə
bağlı olan bu əsər onun "Həft peykər” əsərinə cavab olaraq yazılsa da,
əsasən mənsub olduğu ədəbiyyatın səciyyəvi cizgiləri, şairin yaradıcılıq
axtarışlarının əksi ilə özünəqədərki eyni mövzulu poemalardan
ibarətdir.
Əsərin
məzmunu tamamilə yenidir. Minacat, nət, zəmanə şahının mədhi və
başqa ənənəvi fəsillərdən sonra gələn "Səbəbi-təlifi-kitab və baisi-nəzmi-gövhəri-nab”
fəslində əsərin yazılma səbəbləri açıqlanır. Ətayi "Xəmsə”sinə daxil
digər məsnəvilər kimi bu əsərini də dostlarının israrlı təklifi
ilə yazdığını bildirir.
Bir bahar
günündə dostları ilə gəzməyə çıxan şair onlardan birinin əlində Nizaminin
"Yeddi gözəl” əsərinin olduğunu görür:
Nagəhan açdı bir feriştəxisal
Bir kitabi-bədii-fərruxfal.
"Həft petkər” xücəstə nami idi,
Nəzmi-Şeyxi-fəni-Nizami idi.
Oxuyub biz güzel hikayətini
Dinlədik işk ilə rivayətini.
Olunub midhətində haqqı əda,
Oldu nəzmi müsəlləmi-zürəfa. [2, s.217]
Dostlar
Nizaminin bu əsərini oxuyub onun haqqında müxtəlif rəylər söyləyir,
mübahisə edirlər. Ətayi bu mübahisələrdə Nizami sənətini yüksək
qiymətləndirməklə yanaşı, şairin məhəbbətlə bağlı görüşləri üzərində
daha çox dayanaraq sələfinin dünyəvi eşq, real insani duyğuları,
şairin öz dililə desək, "məcazi məhəbbəti”[7] tərənnüm
etməsinə tənqidi yanaşır, Nizami əsərlərində məhəbbətin həyati
mahiyyətinin əks olunmasına etiraz edir:
İşk idər Kuhi-Qafi əfkəndə,
İşk qandavu bu nəva qanda?
İşk olur aşiqə dəlili-fəna,
İşk edər padşahi-dəhri-gəda.
İşk tərki-səri əmanidir,
Bəlkə məhvi-vücudi-fanidir...
İşkmidur bu kim olub tənha,
İde məhbubəsilə zövqü səfa?... [2, s.217]
Ətayi
Nizaminin Bəhram obrazı ilə də razılaşmır. Şahın yeddi rəngdə günbədlər
tikdirib, hər gün müvafiq rəngli paltar geyinib bir günbədə gedib,
bir ölkənin şahzadəsi ilə gecəni keçirməsinə etiraz edir. Şair Nizami
qəhrəmanlarının həyatsevərliyi, dünya nemətlərindən faydalanmaq,
həyati gözəlliklərdən zövq almalarını tənqid edərək zəmanəsinin
hakim görüşlərindən olan təsəvvüfi mövqedə durur. Mütləq gözəlliyi,
hər cürə nəfsani ehtirasdan uzaq ilahi eşqi tərənnüm edəcəyini bildirir.
Məzmuna
keçməzdən əvvəl atasını xatırlayan şair onu yuxuda gördüyünü, atasının
ona bir zamanlar başladığı işi davam etdirib başa vurmağı tapşırdığını
qeyd edərək, məhz atasının bu vəsiyyətindən sonra "Həft xan” əsərini
yazmağa qərar verdiyini bildirir.
Əsərin
qısaca məzmunu belədir:
"Konstantiniyə
şəhərində bir nəfər aşiq viranələr küncündə qalıb gecə-gündüz ahu
fəryad etməkdədir. Ona kömək etmək istəyirlər, nəsihət verirlər,
ancaq heç bir faydası olmur. Dostları bir yerə yığışıb çarə axtarmağa
başlayırlar. Kimisi ona Kəbəyə, övliya dərgahına gedib təvafı icra
etməyi, kimisi onu Qaraca Əhməd məzarına aparmağı, kimisi qızıl
sərf edib onu sarılıq xəstəliyindən qurtarıb Sarı Saltık Babaya qurban
verməyi məsləhət görür. Birisi deyir ki, bu, bir səbzxəttə aşiq olduğu
üçün yaşıllıqları seyr etməlidir. Başqa birisi onun qanlı göz yaşlarını
göstərərək bağrının qan olduğunu bildirir və Qızıl Dəli Sultandan
kömək istəməyi lazım bilir. Kimisi onun bədənində göy nişanın sağalmaz
yara olduğunu söyləyib onu Göy Suya qoymağı, kimisi Səndəl şərabı
içirməyi tövsiyə edir, kimisi Ağ Babanın suyunu içməklə şəfa tapacağını
bildirir.
Beləliklə,
yeddi rənglə bağlı xəstəlik və şəfa yolları xatırlanır.
Nəhayət,
yeddi sadiq dost onun başına toplaşıb onlardan hər gün birisinin aşiqanə
hekayə söyləməyi, bu yolla ona təskinlik verib qəm-qüssəni unutdurmağı
qərara alırlar. Dostların yeddi gün ərzində söylədikləri hekayələrin
çoxu da mütləq gözəllik və təsəvvüfi eşq haqqındadır.
Hər hekayədən
sonra bir qədər aram tutan aşiq yeddi hekayə tamam olunca özünü məşuqəsinin
məkanında görür.
Nizami
təsiri, əvvəldə də qeyd etdiyimiz kimi, şairin "Xəmsə”si boyu özünü
bu və ya digər dərəcədə göstərir. Onu da qeyd edək ki, şair, eyni zamanda
öz böyük sələfinin ardıcılları olan Xosrov Dəhləvi, Cami, Taşlıcalı
Yəhya və başqa görkəmli sənətkarların irsi ilə yaxından tanış olmuş,
yeri düşdükcə özünə qədərki ədəbi-bədii nailiyyətlərdən bəhrələnmişdir.
Bununla belə, məzmundan da aydın görünür ki, mövzunun Nizami yaradıcılığı
ilə bağlı olmasına və şairin özünün Nizamidən təsirlənməsinə, hətta
əsərlərində onu təqlid etməsini dəfələrlə qeyd etməsinə baxmayaraq,
Ətayi heç bir əsərində Nizamini təkrar etməmiş, Nizaminin "Həft peykər”
əsərinə bilavasitə nəzirə kimi qələmə aldığı "Həft xan” əsərində
də tamamilə orijinal bir yolla gedərək daha çox türk mühiti, doğma
məişətindən ayrılmazlığı ilə seçilmişdir. Şair bu əsərini özünün
həyatı ilə əlaqələndirdiyini qeyd edərək yazır:
Gərçi ustadlar idüb icad,
Urdular həft günbədə bünyad.
Hər kitab oldu rəşki-səbiyyat,
Səbədur hasili o türfə nükat.
...Etmədüm məşq o vadiyə bu həqir,
Eylədim həsbi-halımı təhrir.
Həsbi-hal olsa dastan deyicək,
Kimə yalan isə bana gerçək. [1, s.220]
Quruluş,
kompozisiya baxımından orijinal cəhətlərə malik olan bu əsərdəki
dastanlar öz təsəvvüfi səciyyəsi ilə Nizami poemasındakı hekayələrdən
fərqlənir. Ətayi əsərində Nizaminin rənglər barədəki fəlsəfi-bədii
düşüncələrini xeyli sadələşdirmiş, məzmunla bağlı bədii təsvirlərini
günbəd, gözəllərin geyimi və ulduzlarla deyil, təbiət aləmi, səmanın,
günün müxtəlif çağlarında aldığı əsrarəngiz görkəm və təbiətdəki
əlvanlıqla əlaqələndirmişdir. Ətayi məzmun baxımından olduğu kimi,
əsərinin poetik ruhu, türk mühiti, türk məişətindən gələn bədii vasitələrdə
də ənənəvilikdən uzaqlaşmağa çalışmış, doğma xalq məsəlləri, türk
xalqına məxsus adət-ənənələrin təsviri, qədim türk sözləri, "Kitabi-Dədə
Qorqud”da qarşılaşdığımız deyim və ifadələr, türk atalar sözləri,
xalq məsəlləri işlətməklə əsərin məzmun və bədii üslubundakı türk
əhvali-ruhiyyəsini bir daha qüvvətləndirmişdir.
Bütün
bunlarla yanaşı, Ətayi "Xəmsə”sini təşkil edən digər məsnəvilər kimi,
"Həft xan” əsərində ədəbi təsir də özünü qabarıq göstərməkdədir. Ətayi,
xüsusilə ölkənin ədalətlə idarəsi, hökmdar və xalq münasibətləri,
şahın rəiyyətə qayğısı və başqa bu kimi ictimai məsələlərə yer
verməklə Nizamini izləmişdir. Şair, hətta məhəbbətə həsr etdiyi
hekayələrində də, yeri düşdükcə, ölkənin idarəsi məsələlərinə
toxunur və sələfi ilə səsləşən mülahizələr söyləyir.
Bu baxımdan
"Həft xan”da yer alan Mahmud Səbuktəkin ilə Ayaz haqqındakı dastan xüsusilə
maraqlıdır. Hekayədə hakimiyyətə yenicə keçmiş gənc Mahmuda onu
əhatə edən bədxah vəkil-vükəla daim təzyiq göstərdikləri və ölkənin
ədalətlə idarə olunmasına maneçilik törətdikləri təsvir olunur.
Nəhayət, gənc hökmdara yalnız öz firavan yaşayışlarını düşünən,
xalqın qayğısına qalmayan bu dövlət adamlarının əsas siması məlum
olur, onu gözləyən acınacaqlı aqibəti dərk edən şah yatarkən yuxuda
nurani bir qocanın ona:
Yeni tərh içrə köhnələr neylər?
Bağı-novdə quru şəcər neylər?
Xasü xaşakı eyləyib kəndə,
Bisəmər şaxı etsün əfkəndə. [2, s.321]
– deyərək öyüd verdiyini görür. Şah ayılan
kimi nurani pirin etdiyi nəsihətlərə əməl edir, bununla da ölkəni
və özünü fəlakətdən qurtarır.
Bu əhvalat
bizə Nizaminin "Sirlər xəzinəsi” əsərində 15-ci məqalədəki Mərvdə
yaşayan cavan şahzadənin hekayəsini xatırladır. Bu hekayədə də
köhnə dövlət adamlarının ölkənin idarəsinə müdaxiləsindən cana
gəlmiş gənc şahzadə yuxusunda ona nurani qocanın belə nəsihət etdiyini
görür:
کای مه نو برج کهن را بکن وای گل نو شاخ کهن را بزن
تا به تو ملک مقرر شود عیش تو از خوی تو خوشتر شود[5, s.198]
(Ey yeni ay, köhnə bürcü qopar. Ey təzə
gül, köhnə budağı sındır. Ta ki, mülkdə rahat qərar tutasan. Sənin əhvalın
xasiyyətindən xoş olsun).
Göründüyü
kimi, hər iki şair gəncliyə üz tutaraq köhnə dövlət xadimlərinin zərərli
fəaliyyətini pisləməklə ona ölkənin inkişafına maneçilik törədənlərdən
birdəfəlik yaxa qurtarmağı tövsiyə edir.
Ətayi yenə həmin hekayədə Ayazı bir çoban kimi təsvir edərək
onun dili ilə çobanın sürüyə nəzarətini şahın ölkəyə və rəiyyətə
qayğısı kimi mənalandırır:
Güsfəndim rəiyyətim kibidür,
Səglər avani-mülkətim kibidür.
...Bəndə daim olub himayətdə,
Payidarım məqami-xidmətdə.
Birisi gürgdən görüb bidad,
Şəbi-tar içrə eyləsə fəryad.
Bilirəm eyni ilə nalanı,
Varub azad eylərün anı. [2, s.223]
Ətayinin
bu misraları məzmun və bədii təqdim tərzilə Nizaminin "Yeddi gözəl”
əsərində ov zamanı qarşılaşdığı itini ağacdan asan çobanın sərgüzəştindən
ibrət alan Bəhram şahın dediyi aşağıdakı misralarla yaxından səsləşir:
گفت با خود کزین شبانه پیر شاهی آموختم زهی تدبیر
در نمودار آدمیت من من شبانم گله رعیت من
این که دستور تیزبین من
است در حفاظ گله امین من است
[4, s.784]
(Öz-özünə dedi ki, bu
qoca çobandan şahlıq öyrəndim, mən insanlıq öyrəndim, Mən insanlıq
əlamətimə görə çobanam, sürü mənim rəiyyətimdir. Mənim iti görən
vəzirim isə sürünü qorumaqda inandığım kəsdir.)
Gətirilən bu nümunələrdə Nizaminin "Xəmsə”də
özünün aydın əksini tapan xalq içərisindən çıxmış sadə zəhmət adamı,
müdrik el ağsaqqalının dili ilə şaha nəsihət etmək, ədalət yolunu
öyrətmək kimi bəşəri ideyanı Ətayi də əsərində özünəməxsus tərzdə
əks etdirir.
Bütün bunlar bir daha təsdiq edir ki, Nəvizadə Ətayi
Nizaminin bədii yaradıcılıqda əsaslandırdığı qabaqcıl ədəbi ənənələrdən
kənarda qalmamışdır. Sələfinin Şərqin bədii fikir tarixinə gətirdiyi
yüksək bəşəri idealları milli ədəbiyyatın səciyyəvi xüsusiyyətləri,
zəmanə və mühitin ədəbi-bədii istəyi ilə məharətlə uyuşduraraq Nizami
yaradıcılığının ictimai-siyasi mahiyyətindən özünün bədii məqsədi
və dövrün tələblərinə müvafiq tərzdə faydalanmışdır.
[1] Ətayinin əsərlərindən gətirilən
nümunələr müasir Azərbaycan əlifbası ilə verilmiş və dilimizin üslubuna uyğunlaşdırılmışdır.
[2] Bid – söyüd
[3] Tak – tənək
[4] Bikəran – ucsuz-bucaqsız, sahilsiz
[5] Bənan – barmaq
[6] Beytin birinci misrası Ətayinin
"Nəfxətül-əzhar”ında تیغ از الماس سخن ساختم yazılmışdır.
[7] Məcazi eşq dedikdə şair burada həyati,
real eşqi nəzərdə tutur.