Biz imzaları yox, əsərləri dərc edirik...

Mövzunu necə seçməli? – Qəşəm Nəcəfzadə yazır
1244
14 Oktyabr 2020, 09:38
 Artkaspi.az saytı Qəşəm Nəcəfzadənin "Mövzunu necə seçməli?" adlı yazısını təqdim edir:
 
 Müasir ədəbi prosesin ən ciddi problemlərindən biri də nədən yazmaq yox, necə yazmaq məsələsidir. Çox təəssüflər olsun ki, bəzən bu əsas məsələ unudulur. Şair yazmaq istədiyi mövzuya dörd gözlə baxmamalı, üstünə dörd əlli getməməlidir. Onda mövzu qaçacaq. Əli Kərim bir şeirində deyirdi ki, bu gün bir mövzu çıxdı yadımdan. Ey könül, fikir eləmə, o mövzu doğmadırsa, qayıdıb gələr. Şair demiş, belə yaddan çıxmış mövzular olur, hətta bir neçə dəfə qayıdıb gəlir. Amma sən onu hələ yazmağa çətinlik çəkirsən, yəni onu tuta bilmirsən, ya da ki, o səni hələ  tutmur.
 Uşaq vaxtı, bəzən toyuqlar duyuq düşüb dənə  gəlməyəndə, nənəm bizə tapışırırdı ki, həyətdəki toyuqlardan bir neçəsini tutun, axşam kəsəcəyik. Bacı-qardaşların toyuqları yuxarıda dediyim kimi, dörd əlli, dörd gözlü qovurdular. Toyuq çəpərlərə, ordan ağaclara və nəhayət üç-dörd qonşu, üç-dörd həyət o tərəfə keçirdi. Amma mən belə eləmirdim, tutacağım toyuğu gözucu, saymazyana izləyirdim ki, məndən şübhələnməsin. Guya yanından elə belə keçirəm.
 
 

 Mövzu da belədir. Gərək onu gözücu, saymazyana izləyib müşahidə edəsən.  Dünyada ən güclü baxış gözücu baxmaqdır. Fikir versəniz divardakıı qara bir nöqtəni və uzaqda dayanmış bir maşının nömrəsini və yaxud iynəni saplayanda gözümüzü qıyırıq, çünki onda yaxşı görürük. Əgər gözlərimizi iri açıb  baxsaq,  qara nöqtə itəcək, maşın nömrəsi də, iynənin ulduzu da. Təsadüfü deyil ki, evlənmək vaxtı gələndə deyirlər ki, göz altın varmı? Bax, bu da həmin məsələ.
 Mənə elə gəlir ki, ədəbi prosesdə bəzən biz mövzunu oxşayıb ələ almırıq, onu duymuruq, üstünə hücum çəkirik, o da bizdən inciyib gedir. Mövzu nəvaziş  tələb edir.
 Bakı Slavyan Universitetinin Yaradıcılıq  fakültəsində  dərslərimin biri təxminən elə bu mövzuda idi. Misallar çəkirdim: məsələn, bir dəfə mən İçərişəhər (köhnə Bakı soveti) metrosunun qarşısında dayanmışdım. Birdən ətrafımda bir tappıldı eşitdim. Çönüb baxanda orta yaşlı bir kişinin yerə yıxıldığını gördüm. Yəqin ki, ürəktutması idi. Tələbələrimə dedim ki, indi fikirləşin, siz bu hadisəni necə yazardınız? Yəni bu kişinin ölümündə hansı detalları seçərdiniz?  
 Yaradıcı tələbələr təxəyyüllərini işə salırlar, hətta içlərindəki maraq dartışması onları bir az da ayağa qaldırır. Kömək üçün onlara bir detal verirəm: kişinin əlində bir qəzet vardı. Siz daha nəyi deyə bilərsiniz - soruşuram.Tələbəminin biri deyir:  külək əlindəki qəzeti vərəqləyirdi. Dedim sonra kim nə deyər? Mən əlavə edirəm, külək  şəfqət bacısı tək kişinin  xəstəlik tarixçəsini vərəqləyirdi ki, ölüm səbəbini öyrənsin. Sual verirəm, obyektin üzərinə daha hansı bir detalı uydura (məhz uydurmaq. Bu da yaradıcılıqda əsas məsələdir) bilərsiniz? Hamı susur. Tez yadlarına salıram: kişinin bir əlində, barmaqlarının arasında bir siqaret közərirdi. Kişi ölmüşdü, amma siqaret yaşayırdı. Yenə tələbələrə  müraciət edirəm: daha hansı detalı tapa bilərsiniz.? Hamı düşünür. Əlavə edirəm: kişi yıxılanda ayaqqabıları ayağından çıxmışdı -  hə, daha sonra -  corablarının  dabanları deşilmişdi. Daha nə əlavə edə bilərsiniz- yenə soruşuram. Hamı susur. Deyirəm, corabın deşilməsi o kişinin maaşı idi, evinin qırılmış pəncərəsi idi, olmayan qapısı idi. Ona  soyuq o cırılmış corablarından dəymişdi. Tələbələri məcbur edirəm ki, daha ayrı bir detal tapsınlar. Tələbənin biri deyir: müəllim, mövzu üçün bu qədər faktlar bəs deyilmi? Deyirəm, bəsdi, amma  birini də tapaq. Hamı düşünür. Əlavə edirəm:  kişinin cibindən ağ dəsmalını çıxartdılar, təzəcə ütülənmişdi, sağlığına qismət. Sərdilər ağ üzünə. Deyirəm, daha nə tapa bilərsiniz?  Hərə bir şey deyir, amma uyarlı  deyil, gərək uydurduğun şey ağıla batan olsun. Deyirəm: o kişi  problemlərin əlindən qaçıb bir əl boyda dəsmalın altında gizlənmişdi. Mövzu bitir. Deyirəm, kim istəsə bu detalların hər birinə şeir yaza bilər. Çünki biz burda mövzunu inkişaf etdirdik. Və dəsmalda dayandıq. Kim istəsə, burdan o yana da  fikirləşib  nəsə tapa bilər.  Bax, mən şeiri belə yazıram: obyekt üzərində detallar tapıb mənalandıraraq.