Biz imzaları yox, əsərləri dərc edirik...

Müharibə əleyhinə kitab yazmaq faydasız işdir – Ramil Əhmədin müsahibəsi
2183
14 Avqust 2019, 10:30
  Artkaspi.az saytı bu günlərdə Türkiyədə təhsil alan şair Ramil Əhmədlə son vaxtlarda çapdan çıxan "İki şəhərin yazıları” kitabı haqqında söhbəti təqdim edir: 
 
  –   Kitabdakı esselərin əksəriyyətində tanınmış yazıçıların bir o qədər məşhur olmayan əsərlərindən söz açılır. Və bu, mənə elə təəssürat bağışladı ki, müəlliflərin külliyyatı ilə tanış olmusan. Bir yazıçını tanımaq üçün onun önəmli əsərlərini oxumaq kifayətdir, yoxsa sənin kimi bütün külliyyatını?
  –   Ömür bizə bütün əsərləri oxumağa imkan vermir. Biz məqsəd qoysaq, öz ədəbiyyatımızı, dünya ədəbiyyatını əvvəldən axıra oxuyaq, bu məqsədə çatmayacağıq. Buna ömür yetməz. Ona görə mən tərəfdarıyam ki, bir müəllifin kanonik, təməl əsərləri oxunsa, daha yaxşı olar. Siz sadəcə klassiklərin bütün külliyyatını oxumaq istəsəniz yəqin XVIII əsrə qədər ancaq gəlmək mümkün olar. Bu bizə yeni yazıçıları tanımağımıza imkan verməz. Hər il müxtəlif nüfuzlu mükafatlar qazanan yeni imzalar var, çoxunun adın ilk dəfə eşidirik. Bizimlə eyni dönəmdə yaşayıb yazanların əsərləri ilə tanış olmaq çox vacibdir... Zaman keçdikcə öz estetikana uyğun müəllifləri tapırsan, öz ədəbi əcdadlarını müəyyənləşdirirsən. Belə olanda təbii ki sən həmin müəlliflərin bütün əsərlərini ardıcıllıqla əvvəldən sona oxumalısan. 
 
 

  –   Nabokov, Kundera, Pamuk, Kurt Vonequt... Bu yazıçıları sənin ədəbi əcdad seçdiyin hiss olunur.
  –   Çox kitab oxuyuruq, ancaq hər onlar  haqqında esse yazmırıq. Bu mənada haqqında yazdıqlarım çoxu ədəbi əcdadlarım olaraq dəyərləndirmək olar. Ancaq hər essenin təyinatı fərqli olur. Bəzən bir əsərə diqqət çəkmək üçün yazırsan. Məsələn, heç dilimizə tərcümə olunmayan kitablar haqqında yazdığım esselər var. Kitablar zamanında tərcümə olunmalıdır, yerli nəşriyyatlarımızın passiv vəziyyəti bizi dünyadakı mədəni proseslərdən geri salır. 
 
  –   Şəhər romanları haqqında yazdığın essedə Bakının da bu şəhərlər sırasına qoşulacağını arzulayırsan. Mən də istərdim ki, Dostoyevskinin Sant-Peterburqu, Pamukun İstanbulu, Coysun Dublini kimi filankəsin də Bakısı olsun. 
  –  Bakı bizim ədəbiyyatımızda bir obraz kimi yoxdu. Bakıda keçən hadisələr var, epizodlar var, şeirlər var, ancaq Bakının ruhunu və ya ruhsuzluğunu, monotonluğunu tam əks etdirən, Bakını göstərən bir roman yoxdur. Sentyabrda beynəlxalq elmi konfransda iştirak edəcəyəm. İstanbul Universitetinin təşkil etdiyi və bütün dünyadan yazarların qatıldığı bir konfransdır. Mənim artıq mətnim qəbul olunub. Mövzusu isə budur: "Bakının neft şəhərinə dönüşümü və bu dönüşümün şeirə yansıması”. 1872-ci ildə Çarlıq xarici şirkətlərin Bakıda investisiya qoymasına razılıq verir və beləcə Bakıda neft şirkətləri qurulmağa başlayır. O zamana qədər Qafqazın mərkəzi şəhəri Tiflis hesab olunurdu, Qafqazın ürəyi orada döyünürdü. Ancaq sonra Bakının nüfuzu, əhali sayı artır, ən çox işçilərin yaşadığı şəhər olur. Və bu hadisələr ədəbiyyatdan yan keçməyib. Məsələn, Nazım Hikmət 1920-ci illərdə qatarda gözəl bir şeir yazır – "Neftə doğru”. Batumi-Bakı-Moskva qatarında Bakıya doğru deyil, neftə doğru yazır. Yəni, artıq Bakının simvolu neft olmuşdu o zamanlar. Mayakovskinin də məşhur bir şeirindəki ifadəni yadımıza salaq: "Bakı dünyanın köynəyində yağlı bir ləkə”. Və ya Sergey Yesenin şeirləri var. O vaxt onu İran adıyla Bakıya gətiriblər və Bakıda bir sıra gözəl şeirlər yazıb. Gedərkən də "Əlvida Bakı!” şeiri filan. Daha sonra neftə "qara qızıl” dedik və şairlər bu ləqəbi bir övgü kimi yazmağa başladı, xüsusən də sosialist şairlər. İndi mən Bakının bu dəyişiminin öncə iqtisadi, sosial, tarixi tərəflərini və ardından dəyişikliklərin ədəbiyyata yansımasını akademik bir yazı kimi işləyirəm. 
 
  –   Borxes sənətə tərif verəndə deyirdi ki, sənət bu günün simvollar şəklində gələcəyə ötürülməsidir. Kundera isə bunun əksini yazırdı, bir sənətçi üçün ən qorxunc şey zamanının xaricində qalmaqdır. Öz dövründə məşhur olmayan sənətkarlar var, məsələn, Van Qoq kimi. Sən necə düşünürsən? 
  –   Zamanında anlaşılmayan, amma sonrakı dövrlərdə çox məşhur olan müəlliflər var, bir də bunun əksi olan hal mövcuddur. Sənətin zamanı uzun müddətlidi. Sənətkarın ömründən çoxdu. SSRİ dövründə milyon tirajlı əsərlər vardı, indi onlar sadəcə ədəbiyyat tarixi olaraq maraqlıdır. Kunderanın estetik dəyərlərin mahiyyətini itirməsi mənasında dediyi bu fikiri Van Qoq haqqındakı essədə vurğulamışdım. Sağlığında sadəcə "Arles­dəki Qırmızı Üzüm Bağı” tablosunu sata bilmişdi, ölümündən yüz il sonra, "Həkim Qaşetin Portreti” yanılmıramsa yüz milyona yaxınlaşan bir məbləğə satıldı. Bir də Salvador Dali, Pablo Pikasso misalı var. Öz dövründə də, sonralar da məşhur olan. Burda konkret bir formul yoxdu. Hər birinin fərqli  səbəbləri var. 
 
  –   Filmlərin, kitabların xülasəsini yazmaq o filmə baxmayan, o kitabı oxumayan oxucuya "haqsızlıq” olmur ki? Nə dərəcədə maraqlıdır bu yazılar?
  –   Peşəkar müstəvidə filmdə, əsərdə heç kim sadəcə mövzunu fikirləşmir. Onun üslubu, texniki tərəfləri daha çox maraqlı olur. Təbii ki bu yazıları təkcə ədəbiyyat adamları oxumur, onu da başa düşürəm. Hər halda bu məsələnin ən yaxşı cavabını ilk dəfə Fridrix Şiller "Saf və Düşüncəli Şeir Haqqında” məqaləsində ortaya qoydu. Orxan Pamuk da bunu roman müstəvisində təhlil etdi. Mətindən zövq almaq üçün yazıçının da, oxucunun da saf və düşüncəli tərəfi olmalıdır. Ancaq esselər oxucunun "düşüncəli” tərəfinə daha çox xitab edir.
 
  –   Gələk şahmata...
  –   Gələk...
 
  –   Şahmat haqqında esselərin sənə daha doğma olmalıdır. Səncə, hansı yazıçı ədəbiyyatı şahmat taxtasına daha yaxşı gətirə bilib?
  –   Əvvəlcə ondan başlayım ki, məndə şahmat haqqında yazılan əsərlər, çəkilən filmlərin hamısı haqqında yazmaq həvəsi var idi. Ancaq hər kitab, hər film haqqında yazmaq olmur. Məsələn, Berqmanın "Yeddinci möhür” filmində əcəliylə şahmat oynayan bir obraz var, filmi çox sevsəm də bu epizod haqqında yazmaq istəyim olmadı nədənsə. Şahmat haqqında ən  məşhur əsər Stefan Zveiqin "Şahmat” novellasıdır. Ən möhtəşəmi isə, əsərin qurğusuna qədər tamamilə şahmat texnikasından götürülən Nabokovun "Lujin müdafiəsi” romanıdır. Nabokov bu romanı 1920-lərdə yazıb. Çox da bilinən bir əsər deyil, amma əminliklə deyə bilərəm ki, şahmat haqqında yazılmış ən gözəl romandır. Bunun da səbəbləri var. Nabokov yaxşı şahmatçı idi, vaxtilə qəzetlərə şahmat məsələləri yazırdı. 
 
 

  –   Kitab İstanbul və Bakı yazılarına bölünür. Romana, şeirə bu iki şəhər fərqli təsir edir, yəni, hər iki şəhərin fərqli bir ruhu var. Sənin esselərində hansı fərqlər duyulur?
  –   İlk kitabım "Zaman tuneli”ndə adından da göründüyü kimi zaman ön planda idi. Bu kitabda isə məkan önə çıxarılıb. Kitabı hazırlayanda düşünürdüm ki, esselərin yazılma tarixini qoymayım. Amma dövr olaraq maraqlı olacağını hiss etdiyim üçün bu qərardan daşındım. İlk fərq elə zamandı. Bakıda yazdığım esselər 2015-ci ilə qədər olan yazılardı. Zaman keçir, dünyagörüşü dəyişir, daha çox film izləyirsən, daha çox kitab oxuyursan, daha çox insan tanıyırsan... İkinci bir məsələ mühit fərqidir. İstanbulda kitabları daha rahat əldə edirsən. Daha çox tərcümə ilə qarşılaşırsan. Məsələn, "Beatriçdən sonrakı yüz il” romanı haqqında yazdığım essedə o kitabı necə tanıdığımın hekayəsi də var. İstanbulda yaşamasaydım Pamukla görüşə bilməyəcəkdim, ya da Səid Faiqin ev muzeyindən yaza bilməyəcəkdim. Düşünürəm ki, ilk öncə zaman, daha sonra mühit fərqi bu yazıları bir-birindən fərqləndirir. 
 
  –   Sənin şeirlərin üçün müharibə mövzusu həmişə aktual olub. Esselərində də bu mövzunu gördüm. Sənət xilas üçündü deyimi var. Səncə, yazılan kitablar, çəkilən filmlər bu müharibələrin qarşısını ala biləcəkmi? Buna ümidin var?
  – Klişe bir fikirdi ki, əgər sənət dünyanı xilas etsəydi Tolstoyun "Hərb və Sülh”ündən sonra iki dünya savaşı olmazdı. Çətin sualdı... 1939-cu ildə Albert Eynşteynin Ziqmund Freydə məktub yazaraq müharibə haqqında onun nə düşün­dü­yünü, psixoloq kimi necə şərh edəcəyini öyrən­mək istəmişdi. Drezdəndə bir sallaqxanada əsir saxlanılan Vonnequt deyirdi ki, müharibə əleyhinə kitab yazmaq buzlaşma əleyhinə kitab yazmaq kimi faydasız işdir. Dostoyevski isə deyirdi ki, müharibə incəsənətə təkan verir. Türkiyədə Cem Tv-də Rus ədəbiyyatının mühacir yazıçıları haqqında danışmışdım. Üç mərhələli bu köçdə ən çox əziyyət çəkənlər 40-cı illərdəki əsgər kökənli sənətçilərdi... Təbii ki, mənim qarabağlı olmağım da, ailəmin də bu mövzuda tez-tez müzakirələr aparmağı şeirlərə, esselərə təsir edir. Sənin sualına necə cavab verə bilərəm, bilmirəm. hazırda araşdırdığım məsələlərdəndir bu. Sənət və sosioloji kontekstdə bu mövzu mənə maraqlıdır.
 
  –  Ramil, çağdaş ədəbiyyatımızda tənqidçi meyarını tamamlayan kimsə varmı?
  –  Bu kitabdakı essedən gəlirsən (gülür)
 
  –  Böyük esse idi. "Kitabçı” jurnalında.
  –  Təəssüf ki, vəziyyət dəyişməyib.
 
  –   Pamukla geniş bir reportaj hazırlamışdın və maraqla da qarşılandı. Pamuk bizim mühit üçün motivasiya verən bir imzadır. O görüşdə Pamukun kitablarından görmədiyin, yeni kəşf etdiyin hansı xüsusiyyətləri oldu?
  –  Təəccübləndiyim bir neçə məqam oldu. İlk öncə onu deyim ki, qonaqpərvərdi. Mənə kofe və ya çay təklif edəndə mən su dedim, "sadəcə sumu?” deyə cavab verdi. Yenə qonaqpərvərliyindən irəli gələn bir hərəkət idi ki, məni bütün kitabxanası ilə tanış etdi, balkonundan dəyişən İstanbul mənzərələrindən danışdı. Müxtəlif dillərdə çap olunmuş kitablarının kolleksiyası var idi. Kitabları ölkələrin adlarına uyğun əlifba sırası ilə ayırmışdı. Azərbaycanda nəşr olunan kitablarını mənə göstərdi. Kitabxana o qədər zəngin və geniş idi ki, kotoloqlaşdırmışdı. Görüşümüzdən üç gün sonra magistr dissertasiyamı müdafiə edəcəkdim. Orxan Pamuk romanlarını Rene Jirarın "üçbucaq arzu” nəzəriyyəsi əsasında təhlil etdiyimi bilirdi. Birdən sənə bir poz verim dedi və Jirarın kitablarını çıxarıb qucağına aldı,  şəkilini çəkdim. Müdafiədə o şəkli də göstərdim. Pamukdan çox xoş bir jest idi. Digər təəccübləndiyim şey, ilk dəfə görüşəndə selfi etməsi oldu. Hamı Pamukla şəkil çəkdirməyə can atırdı, o mənlə selfi etdi, oradakılar elə bildilər yaxın dostuq-falan. Bir də qocaldığını hiss etdim, Rəvan. Zamanın az qaldığını düşünür artıq. 20 yaşlarında yarımçıq qoyduğu romanı tapıb. Ancaq onu tamamlamağa zamanı çatmayacağını deyir. İstanbulun dəyişməyindən narahatdı. İçində bir narahatlıq  var. Görəsən, kitabları nə zamana qədər oxunacaq deyə. Sonra ən sevdiyim cəhəti qarşısındakı adamla maraqlanmağı idi. Onda mən doktoranturaya imtahan verəcəkdim bu barədə söhbətləşdik bir az. 
 
  –   Çağdaş ədəbiyyatımız haqqında nə düşünürsən?
  –   Durğunluqdu...
 
  Söhbətləşdi: Rəvan Cavid