Artkaspi.az tarix elmləri doktoru, professor German Kimin "Müasir Cənubi
Koreya ədəbiyyatı" adlı məqaləsini təqdim edir:

(German Nikolayeviç Kim 1953-cü ildə
Qazaxıstanda anadan olmuşdur. Hal-hazırda Qazaxıstan Universitetinin
şərqşünaslıq fakültəsinin koreyaşünaslıq kafedrasının rəhbəri vəzifəsində çalışır. G.Kim Miçiqan,
Xokkaydo universitetlərində dərs demiş, ABŞ, Böyük Britaniya, Koreya, Kanada,
Hindistan və başqa
ölkələrin ali təhsil
ocaqlarında mühazirələr oxumuşdur).
Müqəddimə
Seulda yerləşən "Kyöbo” adlı ən böyük kitab
mağazalarından birində Nobel mükafatı laureatlarının portretləri yerləşdirilmiş
piştaxta var. Çərçivələrdən biri boşdur, aşağı
hissədə isə "Gələcək Nobel mükafatı
laureatı olacaq koreyalı üçün” sözləri qeyd olunub.
Cənubi Koreyanın bədii ədəbiyyatı bütünlükdə olduğu
kimi, poeziya, nəsr, dramaturgiya kimi ayrı-ayrı janrlar üzrə də əcnəbi oxucu tərəfindən (eləcə də postsovet ölkələrində) az tanınır. Son
iyirmi ildə rus koreyaşünaslarının səyləri nəticəsində
Cənubi Koreya yazıçılarının novella,
hekayə, pyes, şeir topluları və romanlarından ibarət antologiya silsilələri
rus dilinə tərcümə edilərək işıq üzü
görmüşdür. 1990-cı illərin əvvəllərində
Qazaxıstanda ərsəyə gələn, "ilk qaranquş” hesab olunan "Qoca qonçaq” adlı nəsr toplusu
da gözlənilən "bahar”ı gətirmədi.
Sözsüz ki, klassik koreya poeziyası və nəsrindən edilən
mükəmməl tərcümələr və o cümlədən onların ədəbi təhlilini
sovet koreyaşünaslığının uğurlarına aid etmək
olar. O ki, qaldı müasir Cənubi Koreya ədəbiyyatının postsovet dövründəki
araşdırmalarına bu, olduqca natamam mövzudur, təsviri xarakter daşıyır və müntəxəbat, tədris vəsaiti şəklində və ya coğrafi bölgülərə
əsasən tərtib edilən kitablarda qısa fəsillərlə nəşr edilmişdir.
Qərb tarixçiliyi isə həmin
zamanlar bu istiqamətdə olduqca irəli getmişdi. Mövcud vəziyyəti
izah etmək çətin deyil, amma məntiqi cəhətdən
buna heç gərək də yoxdur.
Hər bir ölkənin ədəbiyyatının öz xüsusiyyətləri
var, amma Koreya ədəbiyyatı tamamilə spesifikdir, SSRİ və ABŞ arasında təsir sferasının pozulması nəticəsində meydana
gələn dövlətin parçalanması ilə bağlıdır. Müasir Cənubi Koreya ədəbiyyatının ədəbiyyatdakı yeri məsələsi Koreya xalqlarının
daxilindəki eyniləşmə problemi ilə bağlıdır. Almaniyada müharibədən sonra yarım
əsr davam edən eyni problem AFR və ADR-in birləşməsi ilə tarixə qovuşdu. Almanlar "Vereinigung” (birləşmə) yerinə "Wende”
ifadəsini işlədir ki, bu da "dönüş” mənasını verir – burada isə məntiq ondan
ibarətdir ki, almanların siyasi həyatındakı
ciddi dönüş qərb və şərq almanlarının düşüncələrində və emosiyalarında əsl
birləşməyə gətirib çıxarmamışdır. Cənubi və Şimali Koreyada "txon il” şəklində ifadə edilən "birləşmə” sözü gündəlik dua kimi
oxunur, amma real həyatda bu hadisə hələ ki, baş verməyəcəkdir, çünki 38-ci
paraleldə qeyri-hərbi ərazi yoxa çıxmazdan öncə koreyalılar münasibətlərin
normallaşması və qarşılıqlı adaptasiya mərhələlərini keçməlidirlər. Koreyanın
Cənuba və Şimala
parçalanması ilə ədəbi yaradıcılıqda yeni mövzu – parçalanma, "pundan munxaq”
(parçalanmış xalqın ədəbiyyatı) termini ilə ifadə edilən ideoloji qarşıdurma
mövzusu yarandı.

Bu səbəbdən də müasir Koreya ədəbiyyatı diskursunu
müəyyən etmək və öncə şimal yoxsa Cənubi Koreya ədəbiyyatını öyrənmək haqqında qərara
gəlmək lazımdır. Bəlkə onların hər ikisini bir arada tədqiq etməli? Lakin
tamamilə məlum səbəblərə görə qarşınızdakı bu
tarixi-ədəbi araşdırmanın obyekti Cənubi Koreya yazıçı və şairləri oldu.
Rus dilində
gündəlik həyatda və akademik ədəbiyyatda "Cənubi Koreya” söz birləşməsi geniş
istifadə olunur və ya "Koreya” dedikdə də məhz Cənubi Koreya Respublikası nəzərdə tutulur.
Bu cür ifadə tərzləri, yəni "Cənubi Koreya” və "Koreya” ədəbiyyatı sinonim səciyyə daşıyır. Elə hazırda
oxumaqda olduğunuz məqalədə də bu cür eyniləşdirmələr istisna deyil.

Müasir Cənubi Koreya ədəbiyyatının inkişafının tarixi-mədəni kontekstini yaratmaq məqsədi ilə V.İ.İvanova, A.F.Trotseviç,
M.İ.Nikitina, L.R.Kontseviçin Koreya ədəbiyyatı tarixi üzrə fundamental
əməyindən istifadə edilib. Məşhur Cənubi Koreya ədəbiyyatçıları Ço Yon Xyon, Kim Yun Si, Ço Don İl, Kim Don Uk və
başqaları hesab edirlər ki, müasir Koreya ədəbiyyatı 1894-cü il burjua islahatlarından sonra formalaşmağa
başlamışdır, lakin ölkənin azad edilməsinin ardınca 1945-ci ildə xalqın
bölünməsi vahid milli ədəbiyyatın da parçalanmasına səbəb olmuşdur. Koreya
müharibəsi zamanında və onun ardınca Cənubi Koreya ədəbiyyatı səhnəsindən solçuluq istiqaməti yoxa çıxmışdır. Cənubi Koreyadakı qocaman
ustadlar poeziya və nəsrdəki ənənələrə sadiq qalmışlar. Qardaş qırğınına səbəb olan müharibə
zamanı isə keçmiş gənc müəlliflər həyatdakı
yeni məna axtarışları ilə məşğul idilər.

Sxematik şəkildə qeyd etmək olar ki, 1960-70-ci illərin ikinci
yarısı Cənubi Koreya ədəbiyyatında durğunluq dövrü kimi (bu da ölkədəki
hərbi diktatura şərtləri ilə birbaşa bağlıdır) 1980-ci illər ideya dövrü,
1990-cı illər isə individual hisslər mərhələsi kimi xarakterizə olunur.
Müharibədən
sonrakı dövrün ədəbiyyatı
Gənc
müəlliflərin yeni nəslinin meydana gəldiyi 1950-ci illərin ortaları Cənubi Koreya ədəbiyyatının inkişafında dönüş mərhələsi
hesab olunur. Bir çox şair və yazıçılar ordu
sıralarında yer almış, döyüşlərdə
iştirak etmiş və bu şəxsi həyat təcrübəsi onların yaradıcılığının əsasına
çevrilmişdir. Ədəbiyyat fəaliyyətlərinin başlanğıcı müharibədən sonrakı dövrə
təsadüf edən yazıçılar baş verən hadisələrə xüsusi baxış tərzi ilə fərqlənirdi.
Müharibə, ölkənin bölünməsi, baş verən xaos və xalqın parçalanması ana dilində ilk dəfə təhsil alan "xanqıl nəsli”nin
(xanqıl sede) həssaslığının
gərgin həddə çatmasına səbəb olmuşdur.
Onlar üçün XX əsrin ortalarının kataklizmləri sadəcə olaraq şəxsiyyətin
cizgilərinin daha dəqiq təsvir olunması sayəsində meydana gələn fon idi.
Ədəbiyyat
səhnəsində "müharibədən sonrakı nəsil” adlandırılan gənc
və istedadlı müəllif-modernistlər
meydana çıxdı. Bu sırada O San Von (1930-1985), So Gi Von (1930), Çxve İn Xun (1936), Son
Çxan Sop (1922-1959) və başqalarının adlarını sadalamaq olar. Bu yeni
müəlliflər müharibənin dəhşətləri və nəticələri haqqında öz düşüncələrini ifadə
etmək üçün qeyri-ənənəvi ədəbi-bədii vasitələrdən istifadə etməyə
hədəflənmişdilər.
Poeziyada üç
əsas istiqamət fərqlənməyə başladı: "ənənəvi lirika", "sifarişlə yazılan şeirlər” (çxamyö si) və "saf
poeziya” (sunsu si). 1960-cı illərin ikinci yarısında şairlərin diqqəti baş
verən dəyişikliklərlə bağlı yaranan problemlərə yönəldi: cəmiyyətdə
təbəqələşmə, insanların təbiətdən ayrılması və həddindən artıq dünyəviləşməsi.
Li Son Bu (1942), Ço Txe İl (1941), Çxve Xa Rim (1939) və digər şairlər sadə
xalqın həyat tərzini təsvir edir, cəmiyyətin müxtəlif təbəqələri arasındakı
ziddiyyətlərdən bəhs edirdilər.
1960-cı illər nəsrinin inkişafının əsas tendensiyası "saf ədəbiyyat”dan (sunsu
munxak) uzaqlaşma və həqiqəti əks etdirən məsələlərə müraciətdən qaynaqlanırdı.
Cənubi Koreya ədəbiyyatına hələ müharibədən əvvəlki dövrlərdən
məlum olan "ekzistensializm” anlayışı 1950-60-cı illər ədəbiyyatına
əməlli-başlı təsir etdi. Bütün özüllərin sıradan çıxdığı cəmiyyətdə məna
axtarışında olan yeni nəslin tipik yazıçılarına misal olaraq Çan Yen Xak (1921)
və Son Çjan Sopun (1922) adlarını çəkmək olar. Çan Yen Xakın "İohannın
poeziyası” (1955) əsərindəki konslager şəxsiyyətin ən elementar hüquqlardan
məhrum olduğu müharibədən sonrakı cəmiyyətin simvoludur. Cəmiyyətin insanın hər
hansı niyyətləri ilə toqquşan bu konsepsiyası Son Çjan Sopun qroteks
personajlarının – əxlaq qaydalarından məhrum olunmuş, şərtiliklərin və bütün mümkün
komplekslərin toruna düşmüş insanların məskən saldığı əsərlərində nəzərə
çarpmadan yer alır.
Müharibədən
sonra meydana gələn ziyalı təbəqə diqqətini azadlıq, öz "mən”inin və şəxsiyyətin özünü qiymətləndirməsi
axtarışları üzərində cəmləşdirdi. Bu cür yanaşmaya nümunə olaraq Çxve İn
Xunanın (1936) "Meydan” (1961) romanını misal göstərmək olar. Romanda
Cənubi Koreyada ziyalı-hərbçilərin əzablı suallar qarşısında
dayandığı müharibədən sonrakı həyatı əks olunub – Görəsən, sülh müqaviləsi bağlandıqdan sonra hara
getməli – Cənuba, Şimala, yoxsa vətəni tərk etmək daha yaxşı olar?
İki qağayı Koreya sahillərindən yola çıxan "Taqor”
adlı hind gəmisini təqib edir. Onun göyərtəsində Cənub və Şimal dilemmasını
həll etmək yerinə neytral ölkəyə köçmək niyyətində olan hərbi əsirlərin qrupu
var. Li Men Çjunun romanının qəhrəmanı üçün bu quşlar iki qızın məhv olmuş
sevgisini simvolizə edir: birinin Cənubdan, digərinin Şimaldan.
Əsərdə Men Çjun özünün Seulda müharibədən əvvəl
tələbə-filosof olduğu dövrləri xatırlayır. Düşüncələrə dalarkən o, siyasi və
sosial problemlərdən
uzaqdır və həyatın mənasının axtarışları ilə məşğuldur. Onun Yun E. adlı rəfiqəsi ilə mürəkkəb münasibətləri var. Həmin
vaxt Men Çjunu polis həbs edir, çünki onun atası Şimali
Koreyada aktiv kommunistlərdəndir. Dindirilmə zamanı Men Çjunu döyürlər,
o dəhşətli kədər və qorxu
içərisində gizli şəkildə Şimala qaçmaq
təklifini qəbul edir. Amma Çjun atası ilə görüşdən sonra da məyusluq və
əzabdan başqa heç nə hiss etmir...

1970-1980-ci
illərin nəsri və poeziyası
1970-ci illər Cənubi Koreyanın tarixində "tərəqqi və inkişaf dövrü”
adlandırılır. Müharibənin açdığı yaralar demək olar ki, sağalmışdı, ölkə sənayesi əsaslı şəkildə inkişaf etməyə başlayaraq, Koreyanı
inkişaf etmiş ölkələr sırasına qatırdı. Həyat şərtləri dəyişməyə başlayır,
natural kənd təsərrüfatı yoxa çıxır, müasir mexaniki fermerlik meydana gəlir, şəhərlər sürətlə böyüyür,
yaşayış məskənləri şəhərləşərək nəhəng şəhərlərdə cəmlənirdi. Əvvəllər analoqları belə olmayan nəsr
əsərlərinin yaranması üçün zəngin material təqdim edən iqtisadiyyatda və sosial
həyatda baş verən bu cür dinamik proseslər Cənubi Koreya ədəbiyyatına təsirsiz ötüşə bilməzdi. Lakin iqtisadi artım əhalinin
müdafiəsiz təbəqələrinə münasibətdə qeyri-bərabərlik həddini genişləndirdi ki,
bu da ictimai
ədalətsizliyi aradan qaldırmağa imkan vermədi. Əgər 1960-cı illər dövründə yazıçılar xəyali həyatı
ideallaşdırırdısa, 70-ci illərdə onların əsas diqqət yetirdikləri predmet real
həyat oldu.
1970-80-ci illər ədəbiyyatı təkcə yeni adlarla
deyil, həm də yeni cərəyanlarla zənginləşirdi. Yaradıcılıqda sosial istiqamət
hiss olunmağa başlamışdı və bu cür "ədəbi hadisə” ölkənin ictimai həyatındakı
problemləri, keçmişin və bu günün toqquşmasına səbəb olan hadisə və prosesləri
ortaya çıxarırdı.
Həmin
dövrdə "Yapon qılıncı” (1971), "İmçjin
çayında ördək dəstəsi” (1976) və digər qısa hekayələrində Koreya həqiqətlərini
təsvir edən Xa Kun Çxan ölkədə populyarlıq qazandı. Xa Kun Çxanın hekayələrinin
qəhrəmanları qəddar həqiqətin sındıra bilmədiyi saf qəlbli sadə insanlardır. Xa Kun Çxa həm də çoxsaylı nüsxə ilə çap edilən və milli ədəbiyyat
mükafatlarına layiq görülən bir neçə romanın müəllifidir – "Gecə bardağı”
(1970), "Vellyönun qısa tarixçəsi” (1978) , "Dağlarda və düzənliklərdə” (1981),
"Balaca əjdaha” (1988).
Kim Sın Okun "Seul. Qış 1964” kitabı ilk Cənubi Koreya bestsellerinə çevrildi. Müasir yazıçı əsərdə
qayda-qanunlara yer olmayan, normal
insan münasibətlərinin isə heç bir məna kəsb etmədiyi cəmiyyəti əks etdirmişdir. Əsərdə Koreya ədəbiyyatı üçün yeni olan təkcə mövzu və
məzmun deyildi, burada ən çox rəğbət qazanan canlı danışıq dilinə əsaslanan təhkiyə üslubu idi. Əsər formasına görə
eksperimentaldır, çünki burada süjet xətti yoxdur. Yazıçı təhkiyəçi ilə yolüstü
pivəxanada təsadüfən rastlaşdığı orta yaşlı kişinin – Kim məktəbinin məzununun
söhbətini qələmə alır. Bu söhbəti ən yaxşı halda bayağı adlandırmaq olar, zaman
irəlilədikcə isə o, ümumiyyətlə absurd görünür, amma ümumilikdə varlığın
tamamilə mənasız olduğu hissi oxucuya uğurla təlqin edilir.
Bu
dövrdə ön planda yenə də sosial-siyasi problemlər idi, onlarla bərabər isə
korrupsiya və hakimiyyətdən sui-istifadə
ilə mübarizə məsələlərinə yüksək diqqət ayrılırdı. Xvan Son Yenin (1943)
əsərlərinin qəhrəmanları əsasən cəmiyyətin ən aşağı təbəqəsinə aiddir, bunlar
ədalətsiz cəmiyyətlə konfliktdə olan, qaçılmaz məğlubiyyətin gözlədiyi
insanlardır. Tənqidçilərin diqqətini
özünə cəlb edən, əfsanəvi inqilabçının
faciəvi taleyindən danışılan "Çan Gil San" (1975) romanında XVIII əsr
həyatının mənzərəsi canlandırılıb. "Qəribə yer” əsərində (1971) meliorasiya
işlərində çalışan fəhlələrin inzibatçı və satqın gözətçilər tərəfindən ağır
istismarını təsvir edir. Xvan Sok Yenin ən yaxşı hekayələrindən biri isə
"Sampoya gedən yol”dur (1975). Bütünlüklə dialoqlar üzərində qurulmuş
"əhval-ruhiyyə nəsri”nin çox gözəl nümunəsi olan bu hekayə də "Qəribə yer” kimi
sosial enerjini açıq şəkildə təqdim edir. Oxucu qarşısındakı əsərdən özü nəticə
çıxarmalıdır.
1970-ci illərdə "sifarişlə yazılan” (yeni) və "saf”
(klassik) poeziya tərəfdarları arasında qarşıdurma davam edirdi. 70-ci illərdə "Sifarişlə
yazılan poeziya”nın tərəfdarları hesab edirdilər ki, iqtisadi artımla əlaqədar
baş verən sosial dəyişikliklər ədəbiyyatda da əks olunmalıdır.
"Sifarişli
poeziya”nın ən görkəmli nümayəndələrindən biri yaradıcılığının əsas mövzusu Koreya
kəndlilərinin həyatından bəhs edən Sin Kyön Nimdir.
Ölkənin sənayeləşməsinin
təsiri kənd əhalisinin üzərində sınanırdı. Sin Kyön Nim
əsərlərində kəndlilərin qarşılaşmalı olduğu
əzablar, çətinliklər və məhrumiyyətləri təsvir edir.
1970-ci illər poeziyası nəsr kimi milli məktəblərin
ənənələri və qərb novasiyaları ilə əlaqəli olan əsas cərəyanlarla təmsil
olunur. Şairlərin "Mavi maral” ədəbi birliyi klassik üsluba köklənmişdi, onun
təmsilçiləri olan Pak Tu Çjin, Xo Man Xa, Kim Çjon San, Kim Yö Sop, Kim Kvan
Nim və başqaları isə ənənəvi şeir formalarının bütün müxtəlif obrazlı
mənalarında bərpasına çalışırdılar. Şeirlərində qərb poeziyasının güclü
təsirləri duyulan "Sonrakı nəsil” şairlərindən olan Pak İn Xvan, Kim Gen Ni və başqaları bu
istiqamətə qarşı çıxırdılar.
1980-ci
illərin başlanğıcında Koreya və bütün dünya Kvandju şəhərində
hərbi rejim tərəfindən tələbələrə qarşı qanlı divan tutulmasından sarsılmışdı. Koreyalılar
bir tərəfdən iqtisadi inkişafla, həyatın texniki modernləşməsi, digər tərəfdən
isə ölkənin avtoritar siyasi sistemini, rüşvətlə əldə olunan iqtisadiyyatı və
cəzalandırma funksiyaları arasındakı təzadları kəskin şəkildə hiss edirdilər.
Gənclər ölkənin demokratikləşməsi uğrunda kəskin siyasi mübarizələr aparırdılar. Bu illərdə formalaşmaqda olan orta təbəqə üçün
nəzərdə tutulan "kütlə
ədəbiyyatı” (mindjun munxak) meydana gəldi.
Elə həmin
illər "milli parçalanma ədəbiyyatı” populyarlıq qazanmağa başladı. Ölkənin və
xalqın bölünməsi ilk dəfə "zülmətdə ruhlar” hekayəsinin çap edilməsindən sonra
məşhurlaşan yazıçı Kim Von İlin yaradıcılığında başlıca mövzu oldu. Əsərin əsas qəhrəmanı – atasının
həlak olmasına şahid olan kiçik
oğlan güclü sarsıntı keçirir. Baş
verənlərdən sonra onda dünyada bərqərar olan həyatın mənası haqqında şübhələr
yaranmağa başlayır. Uşaqlıqda Koreya müharibəsinin faciəsini yaşayan müəllif hadisələrə həm uşağın, həm də nümayəndəsi olduğu nəslin gözləri ilə baxır.
Yazıçının digər əsərləri, o cümlədən "Alov bayramı” romanı da olduqca
məşhurdur.
1980-ci illərdə "xalq kütlələri haqqında
romanlar”la ("minçjun munxak”) yanaşı sənayeləşmə ilə əlaqədar meydana gələn
sosial problemlərin kompleks şəkildə əks olunduğu "işçi romanları” (nodonçja
munxak) yarandı. Bu əsərlərdə fəhlə sinfi üçün sosial islahatlar aparılması və
xalqın gələcək inkişafının əsas meyarları yer alırdı. 1987-ci ildə Altıncı respublikanın yaradılmasına
doğru aparan hadisələrdə fəhlələrin iştirakı "işçi romanları”nın inkişafında əsas
təkan oldu.
Müasir
ədəbiyyat
Bu gün Cənubi Koreya ədəbiyyatının əsasını 1960-cı illərin sonu 70-ci illərin əvvəllərində ədəbiyyata gələn yazıçıların əsərləri
təşkil edir. Amma müasir Koreya ədəbiyyatının həqiqi klassikləri sırasına az
sayda yazıçı daxil olmuşdur ki, onlardan biri də
Li Mun Yeldir. O, öz yaradıcı karyerasının ən
başlanğıcından (1970-80) ədəbiyyata güclü enerji, məna dərinliyi və yeni həyat
eşqi gətirdi. Onun yazıçılıq istedadının fərqləndirici cizgisi yaratdığı
əsərlərdəki mövzu və formaların çoxşaxəliliyidir. Li Mun Yel nəsrin demək olar
ki, bütün janrlarında – istər roman olsun, istərsə də hekayə və ya novella –
əsl şedevrlər yaratmışdır. Koreya ədəbiyyatı üçün ənənəvi forma olan novella
onun sayəsində populyarlıq və oxucu rəğbətini qazanaraq "ikinci nəfəs” əldə
etdi.
Adı Nobel mükafatına layiq hesab edilən namizədlər
siyahısında iki dəfə yer alan, ölkəsinin sevgisini qazanan və bütün dünyada
tanınan xoşbəxt yazıçı Ko In müasir Cənubi Koreya ədəbiyyatının korifeylərindən biridir. Ko
Inın 2002-ci ildə işıq üzü görən şeir kitabının ön sözündə belə bir ifadə yer
alıb: "mən özüm öz gələcəyiməm”. Bu cümlə şairin
həyata münasibətini çox lakonik şəkildə ifadə edir, onun bir yerdə dayanmadan
öz gələcək "MƏN”inin axtarışlarına doğru hərəkət etmək niyyətlərindən bəhs
edir. Şairin daha əvvəl meydana gələn bir məşhur kəlamı da var: "Mən yaratmağa
deyil, məhv etməyə meylliyəm”. Bunu tez-tez müəllifin yaradıcılığının ilk
dövrünə xas olan nihilist dünyagörüşünün ifadəsi kimi yozurlar, amma bu sözləri
baş verənləri özündən uzaqlaşdırmaq, əlçatan hər şeydən imtina etmək və özünü
bütünlüklə azad məkanda yeni nələrinsə yaranmasına həsr etməkdən ibarət olan aktiv
həyat mövqeyinin ifadəsi kimi qəbul etmək daha doğru olar.
1974-cü ildə işıq üzü görən "Muni kəndində” adlı şeir toplusunda çap olunan "Qırğın” adlı şeirində şairin nihilizmə müraciətinin kökü qısa olaraq
təsvir edilir.
Atanı da öldür,
oğlu da!
Onları da,
bunları da,
Başqalarını da,
Qalanları da.
Öldür nə qədər
ki, qaranlıqdır.
Səhərə yaxın isə
Hər tərəf meyitlərlə
dolanda,
Dəfnlə məşğul
olarıq bütün günü.
Sonra isə elə bu
yerdə
Yeni dünya
qurarıq.

Cənubi
Koreyanın ədəbiyyat tənqidçilərinin fikrincə Pak Ken Ninin "Torpaq” romanı müasir Koreyanın ən
gözəl ədəbi əsərlərindən biridir. Bu geniş tarixi salnamə köhnə və yeni dünyanın mənəvi dəyərlərinin
qarşıdurması fonundakı ənənəvi mülkədar ailəsinin həyatından bəhs edir.
Hadisələr Yaponiya müstəmləkəçiliyindən əvvəl, müstəmləkə dövrü və daha sonrakı zamanda
baş verir. Öz xırda detalları ilə həqiqi dünyasını yaradan Pak Ken Ni qəribə
realizm hissi kəşf edir. Onun romanı çox gözəl təsvir edilmiş çoxsaylı
personajlarla əhatələnib. Bu personajlar roman boyu oxucunun diqqətini özündə
cəmləşdirən əsas qəhrəman Çxvenin ətrafına toplaşıb.
Pak Ken Ni 1950-ci illərdən yazmağa başlamışdır.
Onun ilk əsərləri diqqəti dərhal cəlb etmişdir, məsələn, müharibədən sonrakı Koreya
cəmiyyətinin təsvir edildiyi "İnamsız nəsil” (1956) hekayəsi kimi. Burada insanın
inamının kökləri dərindən araşdırılır. Hekayə 1956-cı ildə "Xende
munxak" ("Müasir ədəbiyyat") mükafatına layiq görülmüşdür.
1970-ci ildə "Torpaq" romanının birinci hissəsinin nəşri yazıçıya
böyük şöhrət qazandırdı. Hər yeni cildin işıq üzü görməsi ilə bu şöhrət daha da
artdı, hətta televiziyada romanın motivləri əsasında serial da nümayiş olundu
ki, bu da Pak Ken Niyə
böyük uğur gətirdi.
Koreyanın
öz çoxsaylı yazıçıları ilə bərabər, həm də bədii nəsr dərc edən jurnalların və
digər nəşrlərin nəhəng müxtəlifliyi ilə də qürur duymaq haqqı var. Romanlar gündəlik
qəzetlərdə hissələrlə dərc edilir və ədəbi əsərlərin qiymətləndirilməsi
kriteriyalarının azalması təhlükəsinin mövcudluğuna baxmayaraq bu, istedadlı yazıçıların
təkcə qısa müddətə şöhrət qazanmasına deyil, həm də böyük məbləğdə pul
mükafatına sahib olmasına imkanı yaradır. Bu sıraya hər il nəzərdə tutulan
çoxsaylı ədəbi mükafatları əlavə edin və siz bədii ədəbiyyatın dinamik
inkişafını görə biləcəksiz.
Cənubi
Koreya ədəbiyyatı özünəməxsus səsini duyura bilmək üçün mübarizə aparmaq məcburiyyətində
idi və çox güman ki, biz hələ uzun müddət bu mübarizənin nəticələrinin şahidi
olacağıq.
Cənubi
Koreyada qadın ədəbiyyatçılarının yaradıcılığı
Qadınlar ölkənin ictimai həyatında dərhal iştirak
edə bilmədilər, müharibədən sonrakı Koreyada konfutsi ənənələrinin və
patriarxallığın öz mövqeyini qoruyub saxlaması səbəbi isə milli mədəniyyətdə
yer tutmalarına əngəl yaratdı. Qadın ədəbiyyatının inkişafında mühüm yerləri
Kan Sin Çje, Pak Von So, Pak Kyön Ni, O Çin Xi, Çxve Myön Xi tuturdu.
Qadın
ədəbiyyatının nümayəndələri olan müəlliflər ilk öncə özlərini poeziyada
sınadılar və onların yaradıcılığında əsas yeri qadın xoşbəxtliyi, ana məhəbbəti
və ailə problemləri tuturdu. Bu cərəyanın parlaq nümayəndələri şairə No Çxon
Myön və Mo Yun Sukdur.
Qadın ədəbiyyatının inkişafında əsas yeri Koreya
Respublikasında yaradıcılıqları kişilərin yaradıcılığından heç də geri qalmayan
Kan Sin Çje və Pak Kyön Ni tutmuşdur.
Kan Sin Çjen
1949-cu ildı "Üz”, "Çxan Sun”, "Dağlara dönüş” və digər silsilə hekayələri ilə debüt etmişdir.
Nəticədə romanlar deyil, məhz hekayələr ona oxucuların gözündə ədəbi nüfuz
qazandırmışdır. Onun əsərlərinin əsas mövzusu qadın taleyi, etika və müasir
dünyada sevgi münasibətləridir. Kan Sin Çjenin yaradıcılıq axtarışlarının
mənəvi əsasını müasir həyat şərtləri daxilində öz yerini itirən ailə
münasibətlərinin konfutsi etikası təşkil edir. Buna əyani sübut olaraq qadın
məhəbbətində dəyişiklikləri göstərmək olar. Kan Sin Çjenin demək olar ki, bütün
hekayələri Koreya novellaçılığının ən yaxşı ənənələrinin davamıdır.
Ən parlaq koreyalı yazıçı xanımlardan biri "Xonbul”
adlı romanının ilk cildi işıq üzü gördükdən sonra məşhurluq qazanan Çxve Myön
Xidir (1947-1996). Ardınca bu romanın 17 il ərzində yazılan epopeyası başlandı
ki, nəticədə əsər 10 cildlik kitab
halında nəşr edildi. "Xonbul” sözü xalq xurafatı ilə bağlıdır; "xon” – ruh isə
içərisində yaşadığı insanı tərk edərkən evdən ətrafa saçılan parıltıdır.
Romandakı hadisələr 1930-cu illərin sonundan 1943-cü ilə qədər Şimali Çolla
əyalətinin Nobon kəndində baş verir və bir ailənin üç nəslinin nümayəndələri
olan qadınların həyatını təsvir edir. "Xonbul” romanı haqqında Koreya
ədəbiyyatını yeni minilliyə aparan şedevr kimi bəhs edilir. Həyatını həsr
etdiyi bu əsəri sayəsində Çxve Myön Xi Koreya ədəbiyyatısevərlərin qəlbində
həmişəlik qalacaqdır. Nobon kəndini bəzən "Xonbul” kəndi adlandırırlar və
burada hazırda həyatda olmayan yazıçının xatirəsinə təşkil edilmiş muzey fəaliyyət
göstərir.
Ən məşhur Koreya
yazıçılarından biri olan Sin Kyön Suk öz əsərlərində qadının ailədə və
cəmiyyətdəki rolu, kişi və qadın münasibətləri məsələsini qabardır. Sin Kyön
Sukun "Fisqarmoniyanın dayandığı yerdə” (Orqan kimi səslənən klavişlə çalınan
nəfəsli musiqi aləti – X.N.) hekayəsi "Bədii ədəbiyyatda ən yaxşı əsər”
mükafatına layiq görülmüş, bir çox xarici dillərə tərcümə edilmişdir. Burada
yazıçı duyğu və vəzifələrin problemlərini müzakirə edir. O, "əgər sevgi başqa
insanlara əzab verəcəksə, qadının sevmək hüququ varmı?” sualını ortaya qoyur və
sualı ənənəvi qaydada cavablandırır: əslində, vəzifə duyğulardan daha vacibdir.
Digər qadın müəllif In Xi Qyönün əsərlərində müasir
Koreya cəmiyyətinin hələ də bəzi ailələrdə qorunub saxlanan, insanı
tənhalaşdıran, insanlar arasında xeyirxah münasibətlərin itirilməsinə səbəb
olan patriarxal əsaslı problemlərinə nəzər salınır. Bir ailənin iki nəslinin
müqayisəsi üzərində qurulan və əsas rolu qadınların – analar və qızların
tutduğu "Duet” povesti yazıçının debüt əsəridir. "Mənim zavallı arvadım”
hekayəsində In Xi Qyön qəhrəmanların daxili aləminə geniş diqqət ayırır, müasir
koreyalı qadının digər insanlar tərəfindən anlaşılması, sevməsi və sevilməsi
istəklərindən bəhs edilir.
Ədəbiyyatda
Vətənin bölünməsi və parçalanmış xalqın ədəbiyyatı
Koreyanın ölkənin bölünməsinə həsr edilən çoxsaylı
ədəbi əsərlərindən biri "Txebek dağı” romanıdır. Bu epopeya Ço Çjon Nenin altı
illik fasiləsiz əməyi nəticəsində yazılmışdır. Romanın əsas mövzusu Koreyada
1948-ci ildə Yösu şəhərində baş verən üsyandan başlayaraq, 1953-cü ildə ölkənin
iki hissəyə bölünməsinə qədərki hadisələrdən bəhs edir. Romanda 100-dən artıq
personajın olmasına baxmayaraq, burada əsas rolu Yöm San Çjin və Yöm San Qu
adlı qardaş-rəqiblər oynayır. Böyük qardaş Yöm San Çjin solçu hərəkatın
təşkilinin rəhbəridir, kiçik qardaş Yöm San Qu isə barrikadanın digər tərəfində
dayanıb. Romanın sonunda onun ölkənin parçalanmasının qarşısını almaq kimi əsas
ideyası bəlli olur.
"Txebek dağı” romanı 1983-1989-cu illər ərzində
"Müasir ədəbiyyat” aylıq jurnalında çap edilmişdir. Kitab halında isə bu günə
qədər 7 milyon nüsxəsi satılmışdır. 2008-ci ilin noyabrında Polqyö kəndində Ço
Çjon Nenin romanının şərəfinə ədəbiyyat muzeyi açılmışdır. Txebek Koreya
adasının baş dağ silsiləsi olduğu kimi, yazıçı Ço Çjon Ne də müasir Koreya
ədəbiyyatının zirvəsi hesab edilir.
2010-2011
Mənbə:
www.academia.edu
Rus
dilindən tərcümə edən: Xatirə Nurgül