Biz imzaları yox, əsərləri dərc edirik...

Məscidin əllərı dualı, Ağdam – Əkbər Əlyar Həmdinin şeiri
165
26 Noyabr 2020, 22:09
 Artkaspi.az saytı Əkbər Əlyar Həmdinin "Ağdam" adlı şeirini təqdim edir:

Səni deyib gəlir qəhrəman ellər,
Qarabağ yurdunun maralı, Ağdam.
Şil-küt olsun sənə ox atan əllər,
Gövdəsı büsbütün yaralı, Ağdam.
 
Gözü yolda qaldın iyirmi yeddi il,
Bürüdü canını qorxulu nisgil.
Gah bəm inildədin, gahdan isə zil, 
Dönmədin elindən, vəfalı, Ağdam.
 
Dağıldı güneyin, uçdu quzeyin,
Torpağa qarışdı Çörək Müzeyin.
Matəmə qapıldı xan, bəy, xozeyin,
Məscidin əllərı dualı, Ağdam.
 
Fərhad Heykəlinin beli büküldü,
Köhnə Mehmanxana daş-daş töküldü.
Çay Evi dağıldı, Qala söküldü,
Düşmənin nə vəhşi, cəfalı, Ağdam?!
 
Keç təqsirimizdən, bizi bağışla,
Gəlirik zəfərdən doğan axışla.
Sənı bəzəyərik yeni naxışla,
Olarsan şəhərlər kralı, Ağdam.
 
Şükür ola qaldırdı Tanrı azarı,
Yenə qızışacaq Ağdam bazarı.
Hər kəs arzulayar düşə güzarı,
Gör nə olub cənnət misalı, Ağdam.
 
Açılar bir daha qızıl güllərın,
Ötər şirin dilli el bülbüllərin.
İçər Şahbulaqdan şanlı ellərın,
Bir daha görməzsən məlalı, Ağdam.
 
Artıq silinəcək könlün qübarı,
Qapın açılacaq günəşə sarı.
Cənubdan gələcək karvan qatarı,
Olacaqsan Əlyar havalı, Ağdam,
Qarabağ yurdunun maralı, Ağdam.