Biz imzaları yox, əsərləri dərc edirik...

Məni adam elədilər – Tural Turanın şeirləri
2347
16 Avqust 2019, 10:04
   Artkaspi.az saytı Tural Turanın yeni şeirlərini təqdim edir:
 
  Məni adam elədilər…
 
Mən qələmdən düşmüş idim,
məni adam elədilər.
Varağımı aldılar əlimdən
bir özgə kağıza verdilər,
Ayrı yazıda edam elədilər
dəfn etdilər unudaraq.
 
Alnımdakı yazılara,
üzümdəki qırışlara aldanma, qızcığaz,
Mən çöldən adamam...
 
Qulaqardına vur dediklərimi,
yoxsa,
səni də atarlar dəlixanaya.
Yoxsa, səni də tavanlar incidər gecələr,
divarlar acıq verər azadlıq kəlməsini
tez-tez təkrarlamaqla…
 
…Mən bu şəhərə qələm kimi gəlmişdim,
Məni adam elədilər,
başqa bir şəhərdə görüşənədək...
 
 
 
  Mən yollarsız da yeridim  
 
Mən yollarsız da yeridim,
Keçib getdim qəbrimin üstündən...
Alın yazımdakı yolumun üstündən;
Atladım ölümün üstündən.
Mən uzaqlaşdıqca dirildim.
 
Tanrılığa çatmaq idi mənimki,
Ondan sonra
tanrı yüz öldürsün, min diriltsin, nəyimə ki?!.
 
Yol boyu, yol boyu
sözləri adam bilib dərdləşdim.
Sözlərin boynunu qucaqladım gecələr.
Anladım ki,
insanlar tanrıdan öncə sözü yaradıb.
Anladım ki,
Tanrının boynu, sözün boyu...
 
Mən yollarsız da yeridim,
Baxdım ki,
anamın "üstünlə getsin" dediyi o Tanrı arxamca gəlir.