Biz imzaları yox, əsərləri dərc edirik...

Keçmişə hörmət, gələcəyə inam – Nicat Həşimzadə yazır
1142
10 Oktyabr 2019, 09:11
 Artkaspi.az Nicat Həşimzadənin "Keçmişə hörmət, gələcəyə inam" adlı yazısını təqdim edir:  
 
 Hərdən özümüzü böyüdüyümüzə inandırmaq istəyirik. Düşünürük ki, daha nağıl dövrü bitib. Nağıllara inanmaq dövrü keçib. Əslindəsə, qəlbimizin dərinliyində, şüurumuzun alt qatında nağıllara inam hissimiz yaşayır. Bunu etiraf etməyə cəsarətimiz çatmır. Əməkdar jurnalist, dəyərli dostum Azad Müzəffərlinin "İdrak süzgəcindən keçirdiklərim” adlı hekayələr kitabının ilk hekayəsi məhz bu mövzuya həsr olunub. Körpə Famil atası Rəşiddən nağıl danışmasını istəyir. Rəşid ölkənin qarışıq zamanlarında kitab mağazalarını gəzib nağıl kitabları axtarır. Çətinliklə bir neçə nağıl tapıb oxuya bilsə də, nağıllar tükənir. Famil isə, nağılların davam etməsini, atasından yeni nağıllar danışmasını tələb edir. Bu dəfə Rəşid çarəsiz vəziyyətə düşdüyünü görüb məcburən özündən nağıllar uydurur. Famil böyüdükcə Rəşid yazıçı dostlarının kitablarını Familə verib oxumasını istəyir. Famildə həmin məqamda qəribə hislər yaranır. O, atasından nə üçün kitab yazmadığını soruşur. Atasını həvəsləndirir və Rəşid ilk hekayəsini yazır. 
 
 

 Ümumiyyətlə, bir məsələni xüsusi diqqətlə vurğulamaq vacibdir. Azad müəllimin hekayələrində milli düşüncəyə, dövlətçilik zehniyyətinə, xalq ənənələrinə bağlılıq və yüksək hörmət hiss olunur. Bu gün ölkəmizdə elə gənc qələm adamları var ki, 3-5 kitab oxuduqdan sonra elə bilirlər ki, milli kimlikdən, milli hislərdən imtina etmək müasirlikdir. Çox yanlış düşüncədir. Əgər milli hisslər, milli kimlik, ənənəyə bağlılıq cəmiyyəti inkişafdan saxlayırsa, bəs nəyə görə Yaponiya, İngiltərə sürətlə inkişaf edir. Azad müəllim sağlam dəyərlərin yaşamasının tərəfdarıdır. Bəlkə də bu sözlərim bayağı görünə bilər. Ancaq reallıq budur ki, toy bir mədəniyyət hadisəsidir. Əgər bir zamanlar toylarımızda milli musiqi üstünlük təşkil edirdisə son illər mənşəyi bəlli olan və  bəlli olmayan musiqilər ifa olunur, bayağı mahnılar oxunur. Dahi Yunan filosofu Sokrat deyirdi ki, bir xalqı məhv etmək istəyirsinizsə musiqi zövqünü korlayın. "Aşıq toyu” hekayəsində bu suallara dəqiq cavablar tapa bilirik. Sentyabr ayı başlanandan ancaq yapon filmlərinə baxıram. Kaneto Shindonun – "Çılpaq ada”, (The naked island),  Yasujiro Ozunun "Tokio hekayəsi” (Tokio story) və "Gecikən bahar” (Late Spring) filmlərini izlədikcə mənə ən çox əyan olan həqiqət bu idi ki, Yaponiyanın sənət adamları öz keçmişlərinə, öz adətlərinə, milli yapon ruhuna necə böyük əhəmiyyət verirlər. Xüsusən də Yasujiro Ozu Yaponiya gənclərinin Qərb mədəniyyətinə aludə olub öz milli ənənələrini unutmasını kəskin tənqid edir. İndi Azərbaycanda hansısa istedadlı rejissor belə bir film çəksə, onu köhnə fikirli olmaqda tənqid edəcək, ironiya hədəfinə çevirəcəklər. Ancaq eyni mövzunu bir yapon, bir alman rejissor işləyəndə onu tərifləyirik, alqışlayırıq. Başa düşürəm, bəlkə də səviyyə, savad fərqləri ola bilər. Məsələ odur ki, biz savad və səviyyə fərqləri haqda heç düşünmürük axı.  Həvəsdən salmağa çox həvəsliyik. 
 Təəssüflər olsun ki, məmləkətimizdə tərbiyəsiz adamlar da var. Orta məktəb və universitet illərimdə belə tərbiyəsizləri daha çox görmüşəm. Məsələn, onlar elə bilirdilər ki, xadimələr maaş alır deyə məktəbi, universiteti mütləq zibilləmək lazımdır. "Onsuz da təmizləyəcəklər”, "Maaş alır, borcudur” zehniyyəti ilə yaşayan belə adamlar öz işlərində min bir fırıldaq edən adamlardır, əslində. "Süpürgəçinin nəğməsi” hekayəsini oxuyarkən bu hadisələri xatırladım. Sözün düzü, sentimental hekayələr oxumağı sevmirəm.
 
 Məsələn, "Şərikli çörək” filmində Vaqifin zabitə "sən lap atam kimi gülürsən” cümləsi məni kövrəltməyə bəs edir. Bu hekayə də mənə çox təsir etdi. Bəzən hislərimizi zamanında etiraf etmirik, nədənsə çəkinirik, amma o "nədənsə”nin nə olduğunu anlamırıq, qorxumuzun səbəbini başa düşmürük. Özümüzə cəsarətsiz deməyə də ürəyimiz gəlmir. Bir də onda ayılırıq ki,  artıq gecikmişik. Məncə bu hekayə məhz gecikənlər üçün yazılıb. 
 Bu kitabı oxumağa gecikmişəm. Gərək daha əvvəl oxuyaydım. Elə kitablar var ki, onları daha əvvəl oxusaydıq, bəlkə də, həyatımız daha fərqli olardı. Azad müəllimin bu kitabda yazdığı fikirlər haqqında təkrar-təkrar düşünmək, nəticə çıxarmaq lazımdır. 
 Özümü  "Fərari ata” hekayəsi haqqında heç olmasa bir-iki cümlə yazmaqdan saxlaya bilmirəm. Bu hekayədə biz iki dostun, dost olsalar da yetərincə fərqli xarakterə sahib iki atanın həyatları, qərarları arasındakı ziddiyyətli məqamları  və nəticələrini  görürük. Bir ata çəkinmədən övladını müharibəyə, Vətəni qorumağa göndərir  və bundan şərəf duyur. Digər atasa övladını qaçırır, gizlədir, onu savaşın dəhşətli alovuna atmaq istəmir. Ancaq heç bir ata taledən qaça bilmir. Bəlkə, biz də taledən qaça bilməyəcəyik. Nə Azad Müzəffərli, nə bu yazını oxuyanlar, nə də bu yazını yazan...