Artkaspi.az saytı Aydan Nağıyevanın "İntuisiyanın qətl fərmanı" adlı yazısını təqdim edir:
Rafiq Tağı müsahibəsində deyirdi ki,
ağlına yeni ideya gələndə bunu tez bir yerə yazmağa başlayır, lakin ən çətin
olanı ilk cümləni yazmaqdır, bu bəzən saatlarla vaxt apara bilir. Mən də ilk
cümlə üzərində çox düşündüm və qərara aldım ki, elə Rafiq Tağının dedikləri ilə
başlamaq daha yaxşı olar.
Onunla ilk tanışlığım "Qatilə didaktika
dərsləri” adlı hekayəsi ilə oldu. Bu hekayədən sonra davamlı onun haqqında
oxumağa və onun nəsr ustalığı barədə düşünməyə başladım. Biz ədəbiyyatçılar
bədii əsərləri təhlil edərkən yerində, amma tez-tez "prototip” terminindən
istifadə edirik. Prototip ədəbi obrazın konkret
məkan və obyekt predmetinin mövcud olduğu halları göstərən termindir. Burada
yazıçı subyektivliyi hadisələrə və obraza obyektivliyin yanında bir az zəif
olur. Rafiq Tağının bu əsərindəki əsas obraz isə hər hansı prototipdən belə
daha obyektiv, daha konkretdir. Əsas obraz Rafiq Tağının məhz özüdür.
Bir anlığa düşünün: daim təhdid və ölüm
məktubları alırsınız, bəlkə də, tanımadığınız və ya ümumiyyətlə, tanımaq
istəməyəcəyiniz insanlar tərəfindən ölüm hökmünə məruz qalırsınız. Yazıçısınız,
amma sözdə birliyiniz səssizdir. Vətəndaşsınız, amma dövlətiniz səssizdir. Siz
isə bezmədən, yorulmadan yazırsınız. Özünüz öz ölümünüz haqqında yazırsınız. Öz
qatilinizi tənqid edir, ona məsləhətlər verirsiniz.

Əsər həyatda olan bəzi həqiqətləri bədii
və bir o qədər də açıq şəkildə oxucuya çatdırır. Hekayədə ən maraqlı səhnələr,
fikrimcə, qazların olduğu səhnələrdir. Sayılı sayda həyətlər var. Həyətlər də
iki yerə ayrılır: səhralar və çəmənlər. Bu məni çəmən-ədəbiyyat və səhra-həyat
ikiliyi haqqında düşünməyə yönəldir. Nəzərə alsaq ki, çoxlarının fikrincə,
ədəbiyyat həyatı təqlid edir, elə həyatı səhra kimi təqlid etmək də yazıçının
ixtiyarında deyilmi? "Səhralar” hamıya məlumdur, burada əsas məsələ "çəmənlər”
və "qazlardır”. Qazlar, yəni şöhrətpərəst kiçik canlılar "çəmən” adlanan bu
mühitdə gəzişirlər. Üstəlik başqa şöhrətlənmə ehtimalı olan canlıları-yadları
da çəmənlərinə buraxmırlar. Kənardan komandaya bənzəyən bu qazlar öz aralarında
da şöhrət yarışında olurlar. Şöhrətə digərlərindən daha tez çatan, ya da çatma
ehtimalı olansa çox yaşamır. Onu ya
digər kiçik şöhrətpərəstlər "dimdikləyərək”, ya da kiçik şöhrətpərəstlərdən də yuxarıda duran
insanlar "didərək” öldürürlər.

Həyata qayıdaq, insanlar da fərqlidirlər:
həqiqəti deyənlər; yalan deyənlər; sadəcə susanlar. Həqiqəti deyənlərə baxaq.
Həqiqəti insanlara deməyə çalışan bu insanların-qazların şöhrəti artdıqca
"çəmən” və onun sakinləri onları sıxışdırmağa başlayır. Şöhrət də əhatəsinə
uyğun bir "çəmən”də formalaşmalıdır axı, çünki bu yerlərdə əgər bir şöhrət bir
çəmənliyə sığmırsa, çəmənlik bu şöhrətlə genişlənmək yerinə o şöhrəti
sıxışdırmağa çalışır. Əgər sözü gedən "şöhrət”, ümumiyyətlə, bu yerlərin
qaydalarına uyğun deyilsə, bu dəfə tək "çəmənlər” yox, "səhralar”da bu şöhrətin
üstünə gəlməyə, onu ikiqat sıxışdırmağa başlayır. Qıcıqlandırıcı "şöhrət” məhv
olana, ya da qaydalara uyana qədər bu davam edir.
"Şöhrətim artıqraq yox, qətlə çatacaq
qədər olarsa, batdım. Belə çıxacaq, bu şöhrəti qətlim üçün özüm sifariş
etmişəm. Şöhrət get-gedə artan və qətl ehtimallarını da artıran anormal-anomal
bir hadisədir”, - özü dediyi kimi, bəlkə də bu qətli (hansı ki, yaşadığı
binanın yaxınlığında bıçaqlandı və bu hekayəsində də məhz bunu bildiyini deyir)
öz şöhrəti ilə özü sifariş vermişdir, eynilə şöhrətinə görə ölən o ilk qaz
kimi.
"Biz qorxmadıqlarımıza qarşı qəhrəmanıq”.
Bir yazıçını da belə itirdik illər əvvəl.
Hekayədə deyildiyi kimi onu öldürənlər özlərini bir müddət uğurlu qatil- qəhrəman saydı, sevincdən, bəlkə də,
atılıb-düşdü, amma yalnız bir müddət. Tezliklə yeni hökm axtarışına çıxdılar.