Biz imzaları yox, əsərləri dərc edirik...

İnsanın çıxış yolu Robinzon olmaqdı... – "Sevdiyim əsər" layihəsi – Adil Mirseyid
2169
10 Oktyabr 2019, 09:13
  "Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Bu dəfəki həmsöhbətimiz şair Adil Mirseyiddir. Onun sevdiyi əsər Daniel Defonun "Robinzon Kruzo” romanıdır.
 
  – Daniel Defonun "Robinzon Kruzo” romanı hansı məziyyətlərinə və bədii keyfiyyətinə görə sizin sevdiyiniz əsərdir?
  – Öncə onu deyim ki, "Robinzon Kruzo” romanını birinci dəfə dördüncü sinifdə oxuyanda mütaliə etmişdim. O vaxt hətta, inanmışdım ki, bu hadisə Defonun başına gəlib. Elə bilirdim avtobioqrafiq əsərdir. Sonra məlumat və mütaliəm çoxaldıqca bildim ki, yazıçılar həm də ayaqlarının getmədiyi yerə gedən, gözlərinin görmədiyini görə bilən adamlardır. İlk dəfə oxuyanda əsərdəki macəraçılıq mənə xoş gəlmişdi. Sonra tələbəlik illərimdə bu əsərə yenidən qayıtdım, onda da əsərdəki həyata bağlılığı, insan iradəsinin, onun gücünün tərənnümünü bəyəndim. Nəhayət, bu romanı 50 yaşımda bir də oxudum. Həmin vaxtlar sufizimlə çox maraqlanırdım. Əsəri ona görə sevdim ki, bu roman batini batin kimi göstərir. Ədəbiyyatda batini batin kimi göstərmək çox çətin məsələdir. "Robinzon Kruzo”nu son dəfə mütaliə edəndə anladım ki, bütün o əzmkarlığın, macəraçılığın arxasında nəsə batini bir məqam: Amor fati – qəzavü-qədərə inanmaq, labüdlük var. Ancaq baxdım ki, amorfati də insana havayı verilmir. Bir də onu anladım ki, batini batin kimi görməyin böyük bədəli varmış. Bütün böyük əsərlərə diqqətlə baxanda görürük ki, əsərin mayasında bir nəsihət, pritça, hədis gizlənib. 
  Bu əsərdə olmuş hadisə nəql edilir. Həmin hadisə baş verən ada Çilidən 70, yaxud da 170 km aralıdadır. Bu gün o adaya "Robinzon Kruzo” adası deyirlər. Tomas Eliot deyir ki, özünə bir ada yarat, o adada öz dünyanı yarat. Hər adamın öz adası, tənhalıq guşəsi olmalıdır. Həyatda Robinzon Kruzo kimi adamlar gördüm, amma onlar bunun fərqinə varmırdılar. Xüsusən, rəssamlar arasında. Məsələn, rəssam Camal Əhməd. Cəmiyyətin içində yaşayıb cəmiyyətdən ayrı qalsa, insanı qınaya bilərlər. Ancaq şairin nəyi var axı? Ağ kağızı, qələmi, bir də Allahıdır. Ədəbi mühit-filan boş söhbətdir, ədəbi mühit heç kəsi şair eləmir. Tənhalığı ürək dolusu yaşamaq lazımdır. Ən yaxşı məqam gəlib öz tənhalığına çatmaqdır. İnsanlar tənhalıqdan qorxur, bəzisi mühitə uyğunlaşmadığına görə digərini qınayır və s. Mən həmişə tənhalığı sevmişəm. Ona görə ki, tənhalıq heç zaman insana pislik gətirmir, paxıllıq eləmir, adamı aldatmır, yalan danışmır. Ancaq bir çox insanlar bütün sadaladıqlarımın hamısını edirlər. Seçim imkanım olsaydı, rahat şəkildə, darıxmadan Robinzon Kruzo həyatını seçər, bəlkə də xoşbəxt yaşayardım. Şeirlərimi qumların üstünə yazardım, dalğalar yuyub aparardı, onda daha gözəl olardı. Ancaq xoşbəxtlik də nisbi anlayışdır. Kim deyib ki, insan bu dünyaya xoşbəxt olmaq üçün gəlib? Kimin xoşbəxt, kimin bədbəxt olduğunu Allahdan başqa heç kəs bilmir. Bir balaca ayağımız büdrəyən kimi az qalırıq Allaha asi olaq. İnsan gərək asi olmasın, bəxti ilə barışsın – Robinzon kimi. Mən öz həyatımda beləyəm, şeirlərim də Robinzonun nəğmələri kimi bir şeydir. Ona görə bu əsər ruhuma daha yaxındır. Fərid, bil ki, məsciddə yüzlərlə insanın içində dua edən bir adam mütləq təkcədir. Yəni hamı təkdir dünyada, hətta bir yerdə olanda da təkik. 
  İnsanların çoxu olduğundan daha yaxşı görünmək istəyir, özü də Allahın ona vermədiklərini yaratmaq istəyir. Əsas mətləbi anlamır. Sənətin arxasında gizlənmək çox asandır, şeir yazıb, kitab çap etdirib özünü başqa cür göstərənlər çoxdur. Şeytanın təklifləri və tuzaqları saysız-hesabsızdır, biz bu cür tuzaqlara əksərən sənət vasitəsi ilə, şöhrət şirnikliyi nəticəsində düşürük. Ancaq bütün bunlardan uzaq durub öz mücadiləni aparırsansa Robinzonsan. Qədərlə barışmaqsa Robinzonluqdur. Yəni olanın içində mücadilə etmək. İnsan bu gün də hannibalizimlə məşğuldursa, deməli, "sivil dünya” termini cəfəngiyatdır. İnsan oğlu heç bir təcrübədən islah olmayıb, nəticə çıxarmayıb. Mənim üçünsə hannibal olmaqdansa, robinzonluq daha yaxşıdır. Vaqif Bayatlının bir gözəl şeiri var:
 
Nəyə lazımıdı bu boyda dünya
çoxda ki, ocaqlar his eləyirdi?
Fağır analara, gül balalara
bu ocaq yanı da bəs eləyirdi... 
 
İnsana yaşamaq üçün can sağlığı, Robinzon tənhalığı və bir də bildiyi işlə vicdanla məşğul olması bəs edir, məncə.

  – Daniel Defo ədəbiyyatın maarifçi qolunun təmsilçisi idi. O, 59 yaşında haqqında bu əsəri yazır. Sanki bir yazıçı kimi başa düşür ki, insanları islah etmək, öyrətmək olmur. "Robinzon Kruzo”nun yazıçının digər əsərləri ilə müqayisədə yerlə-göy qədər fərqli ruha sahib olması şəxsən mənə çox təəccüblü görünür.
  – Özün də bilmədən yadıma Van Qoqu saldın. O, dini təhsil almışdı, 27 yaşına qədər dindar idi. İndi adam fikirləşir ki, o niyə öz rahat həyatından imtina edib günəbaxan yığır? Niyə səfil rəssam həyatını seçir? Nə tapmışdı o mühitdə? Ömrümüzün bir məqamında bəsirət gözümüz açılır – mən o gözə könül gözü deyirəm. Könlün gözü açılanda yaradıcı şəxs o vaxtadək gördüklərindən imtina edir. Defo da "Robinzon Kruzo”nu qəlbinin diktəsi ilə yazdı. Bilirsənmi, qəhrəmanlıq an məsələsidir, o anda addım atdınsa qəhrəman olursan, geri çəkildinsə qorxaq. İnsan hisslərinin sərhədi çox yaxındır. Kimsə intihara cəhd edir, özünə bir güllə vurur, sağ qalıbsa ikinci gülləni vurmur, yaşamaq istəyir. İnsan ömrün axırında qərarlarını dəyişir. Defo da maarifçilikdən imtina etdi və anladı ki, insanları sözlə öyrətmək, yola gətirmək olmur. O, fanilikləri anladı, başa düşdü ki, bütün ömrü boyu yel dəyirmanları ilə vuruşub. Bəzən insan Allahın lütfü ilə əlini dünyadan çəkir, öz müdrikliyi ilə kimisə öyrətməyə yox, özünü anlamağa çalışır. Bu məqamda insan öyrətmək yox, öyrəndiklərini yaşamaq istəyir və kənara çəkilir. Dünyada İlahinin varlığını vurğulamadan İlahi haqda çox böyük informasiyalar ötürən nəsnələr var. Şeir var ki, orda bircə yerdə də olsun "dünya” sözü işlənmir, ancaq o şeir dünya haqqındadır. Defonun bu əsərində "insanlar islah olun, azla kifayətlənin” çağırışı yoxdur. Ancaq dərin düşünəndə biz özümüz öyrənirik. Bir də bilirsən bu əsər mənə nəyi öyrətdi? Xəyala dalmağı, oturduğun yerdə fikrən bütün dünyaya əl uzatmağı. Ən əsası da mücadiləylə gileylənməyi yox, mücadiləylə yaşamağı anlatdı.

  – Əsər haqqında fərqli düşüncələr var. Bəziləri hesab edir ki, Kruzonun dünyası yeni dünyadır. Bəzilərisə düşünür ki, onu Robinzon üçün yeni adlandırmaq olmaz. Çünki o, özüylə kibrit, tüfəng və sairə kimi bu dünyayla bağlılığı olan əşyalar götürmüşdü. Belə çıxır ki, o, köhnə dünyadan əlini üzməyib. Siz necə düşünürsüz?
  – Sovet dövründə bizim beynimizə yeridirdilər ki, insan bəşəriyyətin əşrəfidir. Səməd Vurğunun bir şeirində pafosla deyilirdi: "təbiətə təslim ol” və sairə. Bütün bunlar doğru deyil. Çünki insan bəşərin əşrəfi yox, təbiətin bir hissəsidir, bundan ayrı insanın həyatı yoxdur və ola da bilməz. Robinzon da dünyadan tam əlini üzə bilməzdi, çünki o vaxta qədər yaşadıqları, vərdişləri və öyrəndikləri onu yeni məkanda – adada da idarə edirdi. İnsan bildiklərindən xilas ola bilmir, bildiklərimiz şüuraltı da olsa bizi idarə edir. Robinzon istəsəydi də, tam mənada yeni dünyanın sakini ola bilməzdi.

  – Əsərdə məkanın ada seçilməsi, tənha insan (tənha ağac və məlum səhra rəmzi), su və sair kimi bədii simvollar var. İstərdim söhbətimizin məcrasını əsərin bədii simvollarına yönəldək.
  – Əlbəttə, bədii simvollar bu romanda çox əsasdır. Ada – dörd tərəfdə su. Dünyanın əvvəlinin də, axırının da su olmasına işarədir. Suyun həyat rəmzi olması, yanında su varsa şəraitindən asılı olmayaraq insanın ölməyəcəyi fikri boy göstərir. Kruzo isə bir qədər Adəmlə eyniləşdirilir. Kruzonun adaya cümə günü gəlməsi də mənə təsadüf kimi görünmür.

  – Bu əsər daim tənqidçilər tərəfindən tənqid olunub. Çünki, kommunist, sosialist və xalq düşüncəsi ideyasından uzaqdır. Adıçəkilən romanda fərdin rolu üstün tutulur. Bir insan bütün dünyaya qarşı qoyulur, siyasətsiz, quruluşsuz və rejimsiz yaşamağın mümkünlüyü aydınlaşır.
  – Mən ədəbi tənqidin fikrinə tam bel bağlamıram. Filosoflar yazıçı, tənqidçilərsə şair olmaq istəyib uğursuzluğa uğrayanlardır. Tənqidçilərin bir çoxu bircə yaxşı şeir yazmağa bütün yazdıqlarını qurban verərlər. Əsl yazıçı və şairlərsə böyük ədəbiyyatı fərqində olmadan yaradırlar. Bu əsər barədə mənfi rəylər yazan tənqidçilər ancaq ideoloji tənqidlə məşğul olanlar idi. Bəli, "Robinzon Kruzo” romanı insana rejimsiz, siyasətsiz yaşamağı və onların fövqündə dayanmağı öyrədir. Bu romanı sevməyimin bir səbəbi də budur: o, insana öz ideyanla, qanunlarınla yaşamağı təlqin edir. Ancaq gəl belə edək, bu əsər barədə "fərdin rolu” ifadəsini hələlik bir kənara qoyaq və onu "insan ruhu” adlandıraq. Bəli, insan ruhu çox önəmlidir, adamın öz ruhunun gücünü bilməsi çox əsasdır, bütün bunlarsa əsərdə lazımınca öz əksini tapıb.
 
 
 
  – Robinzon haqda demək olmaz ki, o tam ali ruhun təmsilçisisdir. Çünki o burjua-kapital cəmiyyətinə xas xarakterə də malik idi. Robinzon ölümün əlindən aldığı, xilas etdiyi Cümə adlı digər qəhrəmanla mülkədar kimi davranır və maraqlısı odur ki, Kruzonun ona öyrətdiyi ilk söz "ağa” sözü olur. Bu məqamda qəhrəmanın hökmranlığı ilk baxışdan görünür.
  – İcazə ver bu məqamda səninlə razılaşmayım. Çünki Robinzon onu öyrətmək istəyirdi, burada təkcə idarə etmək məsələsindən söhbət getmir. O, Cümə qarşısında sanki bir peyğəmbər missiyasını öz üzərinə götürür. İki insan olan yerdə isə artıq hakimiyyət var. Bu əsərdəsə geniş mənada hakimiyyətdən söhbət getmir.

  – Riçard Stilin 1713-cü ildə nəşr olunmuş "Aleksandr Selkirkin tarixi” oçerki "Robinzon Kruzo” romanının yazılmasına təkan verib. Bu oçerk reallığa əsaslanır. Belə ki matros Selkirk gəminin kapitanı ilə mübahisə etdiyinə görə Xuan Fernardes adasında düşürdülür. O dörd ay adada yaşamalı olur, ona bir günlük ərzaq, bir neçə funt tütün, çaxmaqdaşılı tüfəng, barıt, çaxmaq, bıçaq, qazan və "İncil” verilir. Qəribəsi odur ki, dolayısla da olsa real hadisədən qaynaqlanan "Robinzon Kruzo” təxəyyül məhsulu təsiri bağışlayır. Sizcə, bunun səbəbi nədir?
  – Həyatla ölümün, reallıqla irreallığın, ölümlə həyatın sərhəddi çox yaxındır, eləcə də təxəyyüllə gerçəkliyin. Ən yaxşısı qızıl ortanı tapmaqdır, ancaq insan nə qədər fəlsəfi sığınacaq axtarsa da, təxəyyüllə gerçəkliyin arasında ömür edir. Defonun əsərinin həyatiliyi həm də bundadır. Fotoyla sənət əsərinin fərqi kimi: həm eynidir, həm də yox. 
 
  Söhbətləşdi: Fərid Hüseyn