Biz imzaları yox, əsərləri dərc edirik...

Hilmi Zafer Şahin “İlin ən yaxşı dramaturqu” seçilib
593
17 İyul 2019, 09:59
  Görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin "İblis” faciəsini Türkiyə türkcəsinə çevirən və Azərbaycanın Əməkdar İncəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini, aktrisa, rejissor Məlahət Abbasovanın səhnələşdirdiyi tamaşada gördüyü işlərə görə Hilmi Zafer Şahin "44-cü İsmet Kuntay Teatr Mükafatları” tədbirində "İlin ən yaxşı dramaturqu” mükafatına layiq görülüb. 
 
 

  Əsər Avropa və Asiyanın ən böyük teatrı hesab olunan İstanbul Şəhər Bələdiyyə Teatrında nümayiş olunub.
  Qeyd edək ki, daha əvvəl də Hilmi Zafer Şahin B.Vahabzadənin "İkinci səs”, Anarın "Təhminə və Zaur”, Elçinin "Qatil”, "Şekspir”, "Arılar arasında” əsərlərini də tərcümə edib və səhnələşdirib.
 
 

  Hilmi Zafer Şahin "İblis” haqqında bunları deyib:
  "Hüseyn Cavidin "İblis” dramını tərcümə etmək mənim üçün böyük zövq idi. Çünki Cavid bu tamaşasında dünyanın bitməyən bir probleminə işıq tutur. İnsan insanı yox edərkən, ya da düşman olaraq görərkən bunun səbəbini və günahını başqa varlıqlarda axtarır.  İblis əslində içimizdəki vəhşi bir tərəfdir. Din və ideologiya ayrımı, kin, nifrət, hirs, ədavət içimizdə var olduqca İblis aramızda dolaşacaq. Ağlımızı və vicdanımızı təslim alacaq. Bu gün də bu coğrafiyamızda davam edən savaşlar, ayrılmalar İblisə xidmət edən insan nümunələri ilə doludur. Bu oyundan dərs almalıyıq ki, sevgini, dostluğu, bərabərliyi başımızın üstündə tutaq.  Bilirəm ki, türk tamaşaçısı da H.Cavidin bu əsərindən çox şeylər  öyrənəcəkdir”.
 
 

   Tamaşanın məsləhətçisi filologiya elmləri doktoru Sona Vəliyeva, bəstəkarı Xalq artisti Aygün Səmədzadədir.