Biz imzaları yox, əsərləri dərc edirik...

Öyrən ki necə ölmək olar eşqdən... – Adnan Özərin şeirləri
1821
30 Aprel 2021, 11:18
Şair, 1957-ci ildə Türkiyənin Təkirdağ bölgəsində anadan olub. İstanbul Universitetinin İlətişim fakültəsinin məzunudur. İlk şeiri 1977-ci ildə "İrəliçi Yurdsever Gənclik” adlı jurnalda yayımlanıb. 1980-ci ildə İstanbul Gözəl Sənətlər Akademiyasının təşkil etdiyi şeir yarışmasında qalib gəlib. İlk şeir kitabı "Odlu qaval” 1981-ci ildə işıq üzü görüb. "Yağışı susduran təqvim”, "Zamanın xəritəsi”, "Vida şeirləri” və s. kitabların müəllifidir. "Zamanın xəritəsi” – 1991-ci ildə "Camal Süreya Şeir Mükafatı”na layiq görülüb. Pablo Neruda, Oktavio Paz, Federiko Qarsia Lorka, Ruben Dario və s. şairlərin şeirlərini Türkiyə türkcəsinə çevirib. Həmçinin, öz şeirləri də makedon, rumın, portuqal, alman, italyan və ispan dillərinə tərcümə edilib. 2015-ci ildə Makedoniya Kitab Fuarında "Qızıl Üzük Şeir Mükafatı”nın qalibi olub.
 
 
 
 

Oxuculara təqdim olunan şeirlər, şairin 2016-cı ildə "Dağlarca Şeir Mükafatı”na layiq görülmüş "Yol nəğmələri” kitabından seçilib.

Tənəkə

Bir kağız quşum qalıb
O yoxsul uşağın sarı dənizində

İstanbulun Benqaldeş məhəlləsində
Azanoxuyanı köhnə fikirli,
Tənəkə minarəli bir dini sevdim mən
İndi özünüz təxmin edin...

Sarayburnuna üz tutub çox qışqırmışıq:
– Dardadı Tarzan! Tarzan dardadı!

Qəribə bir əhvalat danışacağam saxtakarlara
Bir meymunum vardı
quyruğu qısa
"Elhamra” kinoteatrında
"Avara”ya baxmağa gedəndə almışdım.
Qaçıb getdi meynəli qəhvəxananın
tənəklərindən sallana-sallana.

Canqurtaran məhəlləsindəki sərxoşlara
o öyrətmişdi bu nidanı:
– Dardadı Tarzan! Tarzan dardadı!


Kağız gəmi

Öz içində dolaşıb,
şəhərlər tapacaqsan
Xatirələrində yurd salan bazarlar
tapıb çıxaracaq kölgəni
ölü baharlarla dolu o uzaq keçmişdən.
Tanıyacaq səni orda-burda xəyala dalıb düşündüklərin
yenə o xəyallar razı salmağa çalışacaq könlünü
onların arxasınca getməkdən başqa çarən qalmayacaq.

Gördüklərin – hamısı köhnədi,
toxunduqların – darıxdığın o ilk toxunulmaz kimi uzaq
Sən var olmaqçün doğulmadın axı...
Onda uzaqlardan atılmış bir məktub kimi
düşdüyün şəhərlərdə lövbər salma!
Axtar dayanmadan,
Öyrən ki necə ölmək olar eşqdən...

Küçələrindən çaylar axan bom-boş şəhərlərdə
Tənhalığın yollarını yor başdan-sona.
Bax gör, Tanrının kağızdan bir gəmi belə
yaratmadığına təəccüblənən,
ürəyini geniş dənizlərə tökmək istəyən
bir uşaq varmı ətrafda?

Bacardığını elədin sən
Tərtəmiz bir kədərə qucaq açdın parklarda,
ağlamaq saatı nə vaxtdı soruşdun meydanlardan
aşiqlərdən əvvəl çatdın görüş yerlərinə
indi içindəki şəhərlər xatirə limanına səslədikcə səni
artıq bilirsən hər an bir az ölür adam.
Belə başlamışdı bu səyahət sevdası,
elə belə də bitəcək.
Olmayan bir gəmi, olmayan bir dənizdə üzəcək...

Bəlkə gec-tez sən də anlaya bildin, Adnan,
susmağa bənzəyir hər şey...
Bir gün Şardağıda, bir gün Amazonada
hələ nə qədər əyər-əskik tapacaqsan özündə.

Var olmaqçün doğulmadın axı...
Heç bir gəzərginin deyə bilmədiklərini yazacaqsan sən:

İmkan verin Tanrı özü qərar versin,
o həqiqətən var, ya yox?
 
 
 


Yol nəğmələri silsiləsindən

III nəğmə

Ruhum hopmuş bu yolların
könlümdən ağır yükü yox.

Dalğalar çəkər dənizi
köpüklənib şahə qalxan
dəcəl atların tərkində.

Belə daşıdım bu qəlbi
keçdim güman dənizindən,
aşdım güman dağlarını.
O taydakı çoban kimi
sahibləndim bu diyara
mənim olan dalğalara.

Necə təsirli söyləyim,
duyulsun gəzərgi ruhum?
Qapım bağlanar, açılar
tənhalıqdan tənhalığa.

Xəyalən
çox yox, bir dəfə
Üzüb ruhumun dənizin
çatmışdım qarşı sahilə...


IV nəğmə

Son zamanlar darıxıram oralarçun
Yuxusu qaçıb uşaqlığımın
bitmək bilmir bu əzab.
Dəli ilğımlar mis məftillərə yansıyan
ay işığını içir hələ də.

O yun paltarlı dərviş yenə qapımdadı, deyir:
"Kiminçün darıxırsan? Darıxdığına yadsan sən!
bir evi bölə, bağışlaya bilmədin uşaqlarına
xəbis bir tənhalığa bələnib için-çölün”.

Köklərimdə tapa bilmədim axtardığımı
hara gedirəm mən bu cür,
belə axmaq, belə sərsəri...

Hörükləri Balkanda hörülmüş anam da dəyişdi dünyasını
sırsıra basmış çayır kimiydi o: sərt, qürurlu.
Hələ də tütün yarpaqları ovur gecələrimə
gecələr işığımdır o, sətirlərim də məğrur...

Bu dikbaş misralarla üsyan edirəm Aya
nə qədər ki dəli olmamışam,
mühacirət şeirinə sarı əsir ürəyim,
başımı uzaq bir diyarın xəyalıyla qatıram,
darıxıram qatardan tökülən duzların hər dənəsiyçün...

Yad bir evin artırmasında qaranquş yuvasıyam,
alınmaz bu yuvada həyat, hədər gedər əziyyətin
şillə çəkilmiş çolaq kimi suyu süzülə-süzülə
keçən bu buluda heyf...

Son zamanlar darıxıram oralarçün
yuxusu qaçıb uşaqlığın, içindəki balacanın,
ürəyi çırpınan pərvanədi.
İsmayılın oğlu, Xəlilin, Mehmetin nəvəsiydi o.
Adamlar qovsa da, rədd etsə də
insanlıq axtarardı hər yerdə.

İndi həsir toxuyur dizləri döyənəkli türküsevən
Gövdə düzəldir özünə çaya enmiş köklərindən
Axşamüstülər şəhər qaraltılarından
xəstəlik çəkir canı
Hər tərəfdən başına yasəmən-misralar yağır.

Bizim o ellərdən aldım mən bu rəngləri,
Adnan Özərdi adı qarşınızdakı təvazökar oğlanın
Yurdsuzluqdan key, darıxmaqdan sərsəri Adnan
gözləri hələ də o mis məftillərdədi...


V nəğmə

Alma qabığı kimi nazik-nazik soyulub atılır Balkan günlərim,
bıçağım olmasın qayğılar, qayıtsın geriyə o illərim,
ayazdan qar düzəldir türkülərim
qanayır hər dəfə yola çıxanda.

Ölümün dişlədiyi bir meyvəymiş keçmiş həsrəti,
uşaqlığının çürüyüb dərinə yapışmağı kimidi bir az
Ah, o qar xışıltısı səpilmiş bağçalar
babamı, əmimi, əsas da atamı
çağırarmı geriyə?

Trakya, malalı kərpic bacalarının tüstüsü ərşə qalxanda
necə ayrıldım axı səndən?
Pəncərələrdə qaldı gözün, qohumum həyat!
Evsizlərin də evi üçün darıxıram indi,
hələ eşikdə iri kölgəsi də ola...
Ax, inadcıl, qollu-budaqlı meşələr,
kökümü, gövdəmi, ilk sevdamı
hələ qoruyub-saxlayırsızmı oralarda?

Balkanların bağrındakı gur meşələr,
quru bir öskürəyə bənzər içimdəki kədər
qara duyğuların vətəniydi ciyərim, vərəmlədi sonda.
Canımın canı, o üşüyən nəfəsimçün darıxıram indi.
İstanbul, qayıtmaq istəmirəm sənə,
Qarın davasıyla gün öldürən adamların məskəninə.
anamı apardın,
saçları dağ arpası rəngdə qadınımı aldın.
Qarışır ulamağım ayaz tutmuş sularına.
Ah Trakya,
qumru cümələr, göyərçin şənbələr diyarı,
cəsədim dönəcək bir gün sənə
mühacirət xatirəsi kimi...

 
Darıxan qeydlər

Yuxuda dalğaları içində basdırırsa adam
qapısız qalmış otağı basan dəniz kimi
təslim edilib ona röyalar.

Ölüləri daşıyan arabanın cırıltısı
səpələndikcə röyalar küçəsinə,
yuxulu-yuxulu diş qıcadar mənim insan qardaşım.

Tənhaların etiraflarından sonra
sarsılar ağappaq yuxular evi
hamının fəryadıdır gecələrin sükutu...

Ayılandan sonra da yüngülləşmərik əsla
Günəşlə Tanrının
başımızın üstündən
Çəkilmək davası başlayar-başlamaz
gözlərimiz dünyadan ağır gələr,
belimizdən çox ürəyimiz bükülər.

Bundan xəbərsizdi mənim insan qardaşım
röya qayığıdı yatağı.
Və bəzi gecələrdə ayın cazibəsindən
qabarar okeanlar, çırpar dalğalarını
saf avarçəkənləri andıran ruhlar sahilinə.
Bağrından bir dalğa qopar okeanın
basar bütün zamanları
çəkib aparar qoynuna.

Neyləyə bilər axı mənim insan qardaşım,
Yüksəldikcə batacaq, hiss edər.
Sığınar Tanrısına,
bir də bu günə gülümsər.

Eşikdə nə mükafat, nə də zərrəcə nur var.
həyat xeyirsiz bir qohumu andırar.
Bir gün aparıb yatırdar səni ölülər məskənində.

Dilimizə uyğunlaşdıran: Günel Şamilqızı
Xəbər lenti