Biz imzaları yox, əsərləri dərc edirik...

Görkəmli pedaqoq, maarif fədaisi – Rafiq Səfərov yazır
2198
12 İyul 2019, 09:16
  Artkaspi.az saytı Rafiq  Səfərovun "Görkəmli pedaqoq, maarif  fədaisi” adlı yazısını təqdim edir:
         
  Azərbaycanın  milli  təhsil tarixində  iz qoymuş  tanınmış  pedaqoqlardan biri də Müseyib Molla  İbrahim oğlu İlyasovdur.  Azərbaycanın  Xalq  yazıçısı  Süleyman Rəhimov  Müseyib İlyasovun fədakarcasına  göstərdiyi pedaqoji fəaliyyətinə  yüksək qiymət  verərək  qeyd etmişdi: "Məşhur  Qori  Seminariyasını  bitirən, Şuşada  açılan darülmüəlliminin ilk  təşkilatçısı və müdirlərindən olan, sonralar  Kürdüstan  qəza maarif  şöbəsinin  vəzifəsində  çalışan Müseyib İlyasov bir fədai-mücahid  kimi hərəkət  edir, dağ obalarının  hamısında  maarifin, mədəniyyətin  yayılmasına  çalışır, sözün  əsl  mənasında  cəhalətə  qarşı  çarpışırdı”.
 
 

  Azərbaycan  Respublikasının Dövlət Tarix Arxivinin "Bakı şəhəri III  Aleksandr adına I kişilər gimnaziyası” (f.391)  və  "Xalq məktəblərinin Bakı-Dağıstan Direksiyası” (f.309) fondlarında  Azərbaycanda  təhsilin inkişafında və onun geniş  yayılmasında  xidmətləri olmuş  tanınmış  pedaqoq, maarif  fədaisi   Müseyib Molla  İbrahim oğlu İlyasovun şəxsi işləri qorunub  saxlanılır. Azərbaycanda  xalq  təhsilinin inkişafında  və onun yayılmasında  böyük  rolu və xidməti olmuş bu şəxs haqqında təəssüflər olsun ki, əvvəlki  dövrlərdə  nəşr olunmuş kütləvi nəşrlərdə, ensiklopediyalarda, o cümlədən Azərbaycan Xalq  Cümhuriyyəti Ensiklopediyasında   hər hansı bir məlumat yoxdur.  Pedaqoq  Müseyib İlyasovun  Dövlət Tarix Arxivlərində  saxlanılan  şəxsi işlərindəki məlumatlara və digər mənbələrə əsaslanaraq  hazırladığım bu məqaləni hörmətli oxucularımızın  diqqətinə çatdırıram.
  Müseyib Molla  İbrahim oğlu İlyasov  1893-cü ildə anadan olmuşdur. Müseyib  İlyasov  1906-1907-ci illərdə Şuşada Həşim bəy Vəzirovun müdir olduğu ikisinifli  rus-tatar məktəbində oxumuş və həmin məktəbdə təhsilini başa vurduqdan  sonra Qori Müəllimlər Seminariyasına daxil  olmuşdur.  Müseyib İlyasov    seminariyanı  1912-ci ildə bitirmişdir. 
  Azərbaycan Respublikasının  Dövlət Tarix  Arxivinin  "Xalq məktəblərinin  Bakı-Dağıstan Direksiyası” adlı fondunda  digər  sənədlərlə yanaşı  Zaqafqaziya Müəllimlər Seminariyasının direktoru F. А. Smirnovun   1912-ci il iyulun   30-da "Xalq məktəbləri  Bakı-Dağıstan Direksiyası”nın   direktoru  A.S. Txorjevskiyə  ünvanladığı  məktub  qorunub  saxlanılır. Həmin məktubda F. А. Smirnov  bildirirdi ki, seminariyanın kurslarını cari ildə bitirmiş və  xalq məktəblərinin Bakı-Dağıstan Direksiyasında  xidmət etmək istəyən  M.İlyasovun  aşağıda  qeyd  olunan  sənədlərini – seminariyanın kurslarını  bitirdiyi  haqqında  613/542 saylı şəhadətnaməni;  703 saylı doğum haqqında şəhadətnaməni   Direksiyanın ünvanına  göndərir və xahiş edir ki,  M.İlyasov  hər hansı  xalq  müəllimi vəzifəsinə təyin edilsin.   
  Bakı şəhər Duması nəzdindəki  məktəb komissiyasının  sədrinin  Bakı quberniyası  və  Dağıstan vilayətinin xalq məktəbləri direktoruna göndərdiyi 4 yanvar 1913-cü il tarixli məktubda  bildirilirdi ki, komissiyanın  19 dekabr 1912-ci il  tarixli  iclasında Müseyib İlyasovun  ikinci şəhər rus-tatar məktəbinə  müvəqqəti  olaraq  boş  qalan  müəllim vəzifəsinə  seçilməsi haqqında qərar qəbul  edilmişdir. Həmin  məktubda məktəb  komissiyasının  Müseyib İlyasov    haqqında  həmçinin aşağıdakı  məlumatlara  da  malik  olduğu  qeyd  edilirdi: " ... milliyyətcə   tatar (azərbaycanlı) , şiə məzhəbli  müsəlmandır, 20 yaşı var, subaydır. 1912-ci ildə  Qori  şəhərində  Müəllimlər  Seminariyasının  tam  kursunu  bitirmiş, həmin  ilin  noyabrında isə Azərbaycan  dili  üzrə  biliyi  yoxlanılaraq  qənaətbəxş hesab  edilmişdir, ikinci şəhər rus-tatar məktəbində  yaşayır”. 
  Müseyib İlyasov  Bakı  şəhər ikinci rus-tatar məktəbində  ayda  900 manat  məvaciblə 13 sentyabr  1912-ci ildən 13 sentyabr  1915-ci  ilədək  işləmişdir. Bakı  şəhər ikinci rus-tatar məktəbinin  müəllimi Müseyib İlyasov 1915-ci il  sentyabrın 12-də  Bakı-Dağıstan Direksiyasının 2-ci  rayonunun  müfəttişi  S.M.Qəniyevə  ərizə ilə müraciət  edərək ailə vəziyyəti ilə əlaqədar olaraq,  xidməti tərk  etməli  olduğunu  bildirmiş,  onun  istefasını qəbul  etməyi  və  müəllimlərin  təqaüd  kassasından ona çatası  məbləğin verilməsi  haqqında  sərəncamın  verilməsini  xahiş  etmişdir.  Bakı  şəhər  və  Bakı qradonaçalnikliyinin  xalq  məktəbləri  müfəttişliyinin  verildiyi  vəsiqədə  Müseyib İlyasovun  xidmət  etdiyi  dövrdə   öz müəllimlik  vəzifəsinə  cidd-cəhdlə  və  vicdanla  yanaşdığı  və  türk ədəbiyyatı ilə kifayət qədər  tanış  olduğu  qeyd  edilirdi. 
  Müəllimlik  vəzifəsinə  böyük  istək  və  vicdanla  yanaşmış  pedaqoq Müseyib  İlyasovun  xidməti tərk etməsinə  əsl səbəb nə olmuşdur? Müseyib İlyasov Bakı-Dağıstan Direksiyasının 2-ci  rayonunun  müfəttişi  S.M.Qəniyevin (S.M.Qənizadənin-R.S)  adına yazdığı ərizəsində  bunu  ailə  vəziyyəti  ilə izah edirdi. Lakin  arxiv  sənədləri  araşdırılarkən  bu məsələyə  bir  qədər aydınlıq gətirən digər bir sənəd  də aşkar edilmişdir. Bakı quberniyası  və  Dağıstan vilayətinin  xalq məktəbləri  müfəttişliyinin  2-ci rayonunun  müfəttişi  S.M.Qəniyevin  Xalq məktəblərinin  Bakı-Dağıstan Direksiyasının   direktoruna  1915-ci  il  avqustun  27-də ünvanladığı   məktubda  2-ci  Bakı  rus-tatar  məktəbinin  nəzarətçisi (rəhbəri)  Mustafa  Mahmudovun   iş  yoldaşı    Müseyib  İlyasovu  sözləri  və  hərəkətləri  ilə  təhqir  etdiyi  haqqında  məlumat  verilmişdir. Məlumatda  bu  qalmaqalın  yuxarıda  adı  çəkilən  məktəbin  müəllimlər  otağında  bir  neçə  şəhər  məktəbinin  müəllimləri  yanında  baş  verdiyi  qeyd  edilirdi.  Bildirilirdi  ki, məsələ ilə  bağlı  elə  həmin  gün   cənab M. İlyasovdan  cənab  Mahmudov  haqqında  şikayət  daxil  olmuş,  növbəti  gün  isə    İlyasovdan  onu  incidən   adamla barışdığı  və  onun bütün  günahlarından keçdiyini bildirən  ərizə  daxil  olmuşdur.  S.M.Qəniyevin Bakı-Dağıstan Direksiyasının   direktoruna  ünvanladığı məktubda  qeyd edilirdi: " İlyasovun ərizəsi ilə yanaşı,  mənim   hadisə  ilə bağlı dünən Mahmudovdan   aldığım yazılı  izahatdan  və  topladığım  digər məlumatlardan  aydın  olur  ki, Mahmudov  öz  kiçik  iş yoldaşını  insafsızcasına  ona  görə təhqir  etmişdi  ki, həmin gün  tədris  olunan dərsin leksik  təhlili  zamanı  M. İlyasov  özünə  rəva  görərək  bildirmişdi  ki, Mahmudov    onu qərəzli  şəkildə,  dərsi  isə şəxsi-qərəzçilik  əsasında  tənqid  edir.  Məsələnin  mahiyyətini,  məktəb   rəhbərinin   öz iş yoldaşına  qarşı  kobud  münasibətini  araşdırarkən   hadisənin  mənə  həvalə  edilmiş  rayon  müfəttişliyində  ardıcıllıq əsasında təkrarlanmasının   qarşısını  almaq məqsədilə  hesab  edirəm  ki, cənab Mahmudov   tutduğu  vəzifəsindən  azad  edilməli  və  bununla da  onun  əməlinə  qarşı  ən  ciddi  şəkildə  reaksiya  verilməlidir. Сənab  İlyasova  gəlincə isə  öz  rəhbəri  ilə  nəzakətsiz  davrandığına  görə,  başqa  məktəbə  köçürülməlidir. Cənab  İlyasovun  ərizəsinin  və  Mahmudovun  izahatının  əslini  sizə  göndərərək  xahiş edirəm ki, qeyd  olunan   tədbirin  həyata  keçirilməsinə  icazə  verəsiniz”. 
  Yeri  gəlmişkən qeyd edirəm ki, Dövlət Tarix  Arxivində  mühafizə  edilən həmin  saxlama  vahidində  İlyasovun  ərizəsinin  və  Mahmudovun  izahatının  əsli  aşkar  edilməmişdir.
  Bakı-Dağıstan Direksiyası   direktorunun  xalq  məktəblərinin  2-ci rayon  müfəttişi  S.M.Qəniyevə göndərdiyi  9 sentyabr  1915-ci  il  tarixli  məktubunda  qeyd  edilirdi: "Mahmudovun  baş  vermiş  münaqişəyə  görə  peşman  olduğunu  və   qarşılıqlı  üzr  istədiklərini  nəzərə  alaraq,  hesab  edirəm  ki,  Mahmudov  və  İlyasovun  işində  əgər hadisə  bir  daha təkrar  olunarsa,  ən  ciddi  tədbirlərin  görüləcəyi  barədə Mahmudova  xəbərdarlıq  etməklə,  nəzakətsiz  hərəkətinə  görə Mahmudova  töhmətin  verilməsi  ilə  kifayətlənmək  mümkündür”.   
  Beləliklə, Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin direktorunun  sərəncamı ilə Müseyib İlyasov  1915-ci il sentyabrın 13-dən etibarən tutduğu  vəzifəsindən  azad  edilmişdir. Bəzi  mənbələrdə  olan  məlumatlara görə, M.İlyasov Bakı  şəhər ikinci rus-tatar məktəbini  tərk  etdikdən sonra Bakıda və Qubada  müxtəlif  məktəblərdə  və  gimnaziyalarda  müəllim  vəzifəsində  fəaliyyətini  davam  etdirmişdir. 
  Azərbaycan Respublikasının  Dövlət  Tarix  Arxivində saxlanılan  "Bakı şəhəri III Aleksandr adına I kişi gimnaziyası” fondunda  xalq məktəb müəllimi  Müseyib İlyasovun  Bakı I kişi  gimnaziyasının  milli əlifba sinfinə müəllim təyin edilməsi  haqqında Azərbaycan  Xalq  Cümhuriyyətinin  xalq  maarif  naziri R.b.Kaplanovun  1919-cu ilin   avqustun  12-də imzaladığı  əmr qorunub  saxlanılır. M. İlyasov Bakı I kişi gimnaziyasında  xeyli  müddət  işlədikdən  sonra  qısa müddətli  məzuniyyətə  çıxmışdır. 1920-ci il fevralın 3-də  Bakı I kişi  gimnaziyasının  direktorunun  verdiyi  vəsiqədə  qeyd  edilirdi ki, M.İlyasov ailə işləri ilə əlaqədar 1920-ci il  fevralın 6-dan  9-dək  qısa müddətli  məzuniyyətə buraxılır.
  Müseyib İlyasov  1920-ci ildə   Şuşa şəhərində  kişi müəllimlər  seminariyasının  təşkilində  yaxından  iştirak  etmişdir. O, həmin  seminariyanın ilk  yaradıcı  və  təşkilatçılarından biri olmuşdur. 1920-ci il noyabrın  29-da Xalq  Maarif  Komissarlığı  Yevlax  İnqilab komitəsinə  13373 saylı məktubla  müraciət  edərək  xahiş  edirdi ki, Şuşa  Müəllimlər  Seminariyası üçün  ayrılmış  kitabların, dərs  vəsaitlərinin, manufaktura  və mebellərin  çatdırılması  üçün  yoldaş İlyasova  yaxından köməklik  göstərilsin  və  o,  növbədənkənar  olaraq  lazımi  sayda hərəkətə  gətirilən vəsaitlərlə təmin  edilsin”.
 
  Görkəmli maarifpərvər  kimi  tanınmış  Müseyib  İlyasov 1925-ci  ilə  qədər Şuşa  kişi müəllimlər seminariyasının  müdiri  vəzifəsində  çalışmış  və  onun  müəllim  kadrların  hazırlanmasında  böyük  xidmətləri  olmuşdur. 
  Şuşa  Müəllimlər Seminariyasının müdiri M.İlyasov  1921-ci il mayın 31-də 262  saylı  məktubla  xalq  maarif  komissarı  D.Bünyadzadəyə  müraciət edərək qeyd  edirdi: "Mayın  22-də  229, 230, 233, 235, 243 və 257 saylı  müraciətlərlə  Şuşa  kişi  və  qadın  seminariyalarının  pansionu  üçün  manufaktura  və digər  təchizat  predmetlərinin  verilməsini  xahiş  etmişdim.  Manufaktura və digər predmetlər pansionların payıza  qədər  tərlik, yataq kətanları, yorğan, döşək, ayaqqabı, şalvar, kofta, papaq, baş örtükləri və s. tələbatların  ödənilməsi üçün istənilirdi. Xalq  maarif  komissarının icazəsinə  baxmayaraq,  təchizat şöbəsinin müdiri tərəfindən bu günədək hər hansı bir predmet verilməmişdir və hər gün eyni sözlər deyilir: "Bu gün verə bilmərəm, nə  vaxt  verəcəyim  bilinmir, gecikmə  ona  görədir ki, xahiş  olunanların hamısını hazırlayım və sonra verim”.  Bəyan  edirəm ki, xidməti  məsələlərim  mənim Bakıda  çox qalmağıma  imkan  vermir, ona görə də xahiş edirəm ki, iyunun 2-dən gec olmayaraq xahiş etdiyim predmetlər mənə verilsin, mən gedəndən sonra onları  Şuşaya  gətirən olmayacaq. Ürək  ağrısı ilə  əlavə  edirəm ki, xahiş etdiyim predmetlər indi mənə    verilməsə, həmin  seminariyalar  mövcud ola bilməyəcəklər və buna görə də məsuliyyəti öz üzərimdən götürürəm”.  
 
 

  Şuşa kişi  müəllimlər seminariyasının müdiri  M. İlyasovun Xalq Maarif  Komissarlığının Sosial tərbiyə Baş İdarəsinə  1921-ci il sentyabrın 12-də  ünvanladığı  məruzəsində qeyd edilirdi: "5 sentyabr  1921-ci ildə  yoldaş  Şahsuvarovun  sədrliyi ilə Müəllim  Seminariyaları  müdirlərinin  qurultayının   keçirilmiş iclasında  mənim Şuşa Qadın Müəllimlər Seminariyası haqqında ətraflı məruzəm  dinlənildikdən sonra qurultay  aşağıdakı  qərarı  qəbul  etdi: Şuşada  Qadın  Müəllimlər  Seminariyası  yoxdur. Orada yalnız  1-ci  dərəcəli  məktəbin  4-cü  qrupu  mövcuddur. Əgər  mümkündürsə, Şuşada  Qadın  Müəllimlər  Seminariyası açılsın. Əlavə  edirəm  ki, qeyd  olunan  seminariyanın  açılması  Bakı  şəhərindən  oraya  iki  müəllimənin təyin  edilməsindən  asılıdır. Əgər  Şuşaya  iki  müəllimənin  təyin edilməsinə imkanınız olsa, orada gələcək qadın müəllimlər seminariyasının yalnız kiçik  hazırlıq  sinfi  fəaliyyət  göstərəcək,  əgər bu təyinat mümkün olmasa, qurultayın qərarına  əməl  olunmalıdır. Həmin qrupun qızlarını  Şuşa şəhərindəki 1-ci dərəcəli məktəblərə  bölüşdürmək  lazımdır. Sosial tərbiyə Baş İdarəsindən  xahiş edirəm ki, qeyd olunan məktəbin fəaliyyət  göstərə  bilməsi üçün Şuşaya bir müdir və müəllim təyin etsin, əgər mümkün deyilsə, göstərilən seminariyanın mülkiyyəti və Şuşa xəzinədarlığında olan vəsaiti Şuşa Kişi Müəllimlər Seminariyasının sərəncamına verilsin”. 
 
  Görkəmli pedaqoq və kütləvi mədəni iş rəhbərlərinin, o cümlədən M.Qiyasbəyov, S.M.Qəniyev, F.Rzabəyov, Hüseyn Cavid, R.Əfəndiyev, Q.Bağırov, M.İlyasov, N.Qiyasbəyov, A.Qasımov, S.Acalovun iştirakı ilə keçirilmiş müəllim  seminariyaları müdirlərinin qurultayının 1921-ci il 12 sentyabr tarixli  iclasında müəllim seminariyalarının gündəlik zəruri  tələbat malları ilə  təmin olunması məsələsinə baxılmışdır. Məsələ hərtərəfli müzakirə edildikdən sonra qərara alınmışdır  ki, yerli  ərzaq  şöbələri seminariya pansionlarının  mövcud  olması  üçün onları  gündəlik və yaxud  aylıq  zəruri  tələbat malları ilə  təmin etmək  iqtidarında deyildir. "Yerli  ərzaq şöbələrinin verməyə  hər  hansı  bir  ərzağı olmadığı üçün hərdənbir , xüsusilə də çörək verirlər ki, həmin çörəklər də  uşaqların qidalandırılması üçün yararsız halda olur. Bunlara ümid edərək pansion açmaq  mümkün deyildir. Bütün müəllim seminariyalarının təcrübəsi göstərir ki, ərzaq  şöbələri həmişə də olmasa, bir az çörək, düyü, qənd, çaydan  başqa  heç  nə verə bilmirlər. Verilənlərə  əlavə  olaraq  digər gündəlik və ya aylıq  ərzaq  malları seminariya  tələbələri  tərəfindən  alınırdı, tələb olunan ərzaqlar  bazarlarda da olmadığı  üçün uşaqlar günlərlə ac qalmalı olurlar. Gəncə, Qazax, Nuxa  və  Şuşanın  yerli  şəraiti  elədir ki, buradakı   bazarlarda ilkin zəruri  tələbat mallarını, xüsusilə  çörək, odun,  ağ  neft, ət, yağ  və  tərəvəzi  həmişə  tapmaq mümkün olmur. Yuxarıda  qeyd  olunanları  nəzərə  alaq,  qurultay  yekdilliklə  qərara  alır: bu  tədris  ilinin  əvvəllərində  hər  bir  seminariya  zəruri tələbat  mallarının: odun, ağ  neft, sabun, buğda, yağ, çay, qənd, tərəvəz, müxtəlif  yarmaların  tədarükünü  etsin  və  bu  məqsədlə  hər  bir  seminariyanın  müdirinə  birdəfəlik  nağd  pulla  3 milyon manat  verilsin. Ehtiyatların  tədarükü  seminariyanın  təsərrüfat qulluqçusu və rayon  icraiyyə  komitəsinin nümayəndəsi  ilə  birgə  aparılacaqdır”.
  1921-ci il oktyabrın 9-da  Vəlibəyov, İşkov, Məmmədov, Maqomayev, Şahsuvarov  və  Timoşevskinin iştirakı ilə Xalq Maarif Komissarlığının kollegiyasının keçirilmiş iclasında Azərbaycanın müəllim seminariyaları haqqında  məsələlərə  baxılmışdır. Müəllim  seminariyaları  haqqında  əsasnamə, müəllim  seminariyalarının  tədris  proqramı  və  dərslərin  planı, müəllim seminariyaları  qulluqçularının  ştatı, seminariyanın oğlan və qız  tələbələrinin  geyim və digər əşyalarla təmin edilməsinin  normaları  təsdiq  edilmişdir. Şuşa  və  Nuxa  qadın seminariyaları  haqqında  məsələ  ilə  bağlı  Şahsuvarovun  məruzəsindən aydın  olmuşdur  ki, hər  iki  seminariya  öz  təyinatına  qətiyyən cavab vermir.  Şuşa  qadın  gimnaziyasının tərkibi şəhər  məktəblilərindən  ibarət  III qrupun  1-ci  dərəcəli məktəblərinin sadəcə olaraq  adlarının  dəyişdirilməsi ilə yaradılmışdır. Nuxa qadın seminariyası isə inkişaf səviyyəsi və Müəllim Seminariyası  kursunun  mənimsənilməsi üzrə  şagirdlərin hazırlıq dərəcəsinə  görə  daha da aşağı  səviyyədədir, çünki, seminariya savad  öyrənməyə  yenicə  başlamış  kənd  uşaqları ilə  komplektləşdirmişdir. Yoldaş  Şahsuvarovun  və qurultay  iştirakçılarının əksəriyyətinin rəyi ilə hər iki qadın seminariyası ləğv edilməli, həmin seminariyaların bütün əmlakı Şuşa və Nuxa kişi müəllimlər seminariyalarına verilməlidir. Qurultayda həmçinin qeyd olundu ki, seminariyaların təşkili  üçün  iki  əsas  amil olmalıdır - I dərəcəli məktəb  səviyyəsində şagirdlərin  bilik  səviyyəsi  və tam  hazırlıqlı  qulluqçu  heyəti. Pedaqoji  məktəblərin  xüsusiyyətləri, təlim-tərbiyə heyətində sıravi deyil, kifayət  qədər  ixtisaslı  pedaqoqların  olmasını  tələb  edir. Məsələ ilə bağlı həmin seminariyaların müdirləri özlərinin xüsusi  fikirlərini  bildirərək  qeyd  etdilər  ki, onların  fikrincə  Nuxada  və  Şuşada  bütün  göstəricilər vardır ki, bu  seminariyalar  mövcud  olsunlar. Şuşa Seminariyasının inkişafı Bakının  seminariyanı  kifayət  qədər  pedaqoji kadrlarla təmin  etməsindən  asılıdır. Nuxa seminariyasının müdiri isə seminariyanın  saxlanmasını  onunla  əsaslandırırdı ki, seminariyanın  bağlanılması  xalq  tərəfindən  məzəmmət  ediləcək  və  hüququ  əsaslarla  qurultayın  qərarı fəaliyyət  göstərən  seminariyalara  deyil, yeni yarananlara  aid edilə bilər. 
  Müseyib  İlyasov  ixtisaslı  pedaqoq  olaraq  1925-ci  ilə qədər  Şuşa  kişi müəllimlər  seminariyasına  rəhbərlik etmiş  və onun  rəhbərliyi  altında bir sıra tanınmış şəxslər, o cümlədən   Azərbaycan  Xalq  yazıçıları  Süleyman  Rəhimov və Əli  Vəliyev  pedaqoji  təhsil  almışdılar. Süleyman  Rəhimov VI 1921-ci ilin aprelindən 1921-ci ilin noyabrınadək Şuşa  pedaqoji  kursunda  təhsil almış, kursu  bitirdikdən  sonra 1921-ci ilin dekabrından 1922-ci ilin avqustunadək Qubadlı  rayonunun  Qubadlı  kəndində, 1923-cü ilin sentyabrından 1924-cü ilin avqust ayınadək Laçın rayonunun Hoçaz  kəndində müəllim  işləyərək təhsili  yaymış, 1931-1932-ci illərdə Şuşa  Pedaqoji Texnikumun direktoru  olmuşdur.  
  Maarifçi-pedaqoq Müseyib  İlyasov  1925-ci ildən 1931-ci ilədək  Laçın-Qubadlı-Zəngilan və Kəlbəcər dairələrini  əhatə edən  Kürdüstan  Xalq  Maarif  Şöbəsinin müdiri  olmuş  və maarifpərvər  bir xadim  kimi ucqar  kəndlərdə  təhsilin  və  mədəniyyətin  yayılmasına  çalışmış  sözün əsl mənasında  gerilik və cəhalətə qarşı  mübarizə  aparmışdır. Müseyib İlyasov Kürdüstan qəzasının bir çox yerlərində-Laçın şəhərində, Kürdhacı, Minkənd, Qorçu, Hoçaz, Şamkənd  və  digər  dağ  kəndlərində  məktəb  binaları  tikdirmiş  və  onların  istifadəyə  verilməsinə  şəxsən  rəhbərlik  etmişdir. Müseyib  İlyasov  1931-ci  ildən  sonra  Bakıya  gəlmiş  və  1939-cu  ilə  qədər Azərbaycan  Xalq  Maarif  Komissarlığında  bir sıra  məsul  vəzifələrdə  çalışmışdır. Pedaqoq Müseyib  İlyasovun  fəaliyyətinin  son  dövrü  Bakıdakı  17  saylı  məktəblə  bağlı  olmuşdur. O, həmin  məktəbdə  bir  il  müddətində -1940-cı ilin  sentyabrından  1941-ci  ilin  sentyabrına  qədər  müəllim  işləmişdir. 
  Müseyib  İlyasov  1926-cı ilin fevralın  26-dan  martın 6-na qədər olan müddətdə  Bakı  şəhərində hazırda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yerləşdiyi binanın üçüncü mərtəbəsində  yerləşən  böyük akt zalında  keçirilmiş  I Türkoloji  Qurultayın iştirakçısı  olmuşdur. Qeyd  edək ki, I Türkoloji  Qurultay bir  ictimai  hadisə  kimi türk  xalqlarının elmi-mədəni birliyinin  möhkəmləndirilməsinə  və ortaq milli-mənəvi dəyərlərinin inkişafına  təsir  göstərmişdir. Həmin  qurultayda  XX əsrin əvvəllərinin  türkoloji elmi-mədəni mühitinin  ən aktual məsələlərinə, o cümlədən  dilçilik, latın əlifbası, orfoqrafiya, tarix, ədəbiyyat, folklor, incəsənət, etnoqrafiya, terminologiya  və  digər sahələrə  dair  müzakirələr aparılmış, müvafiq  qərarlar  qəbul  edilmişdir. Birinci Türkoloji Qurultayda  dinlənilən  məruzələr və  qəbul  edilmiş qərarlar  türk dünyasının çoxəsrlik tarixinin  elmi cəhətdən tədqiq edilib öyrənilməsinin möhtəşəm proqramı  kimi  tarixə daxil  olmuşdur. Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayda  dünyanın  müxtəlif  ölkələrindən, o cümlədən Türkiyə, İran, Rusiya, Macarıstan,  Almaniya, Tatarıstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Ermənistan, keçmiş sovetlər birliyində yaşayan  digər türkdilli xalqların  nümayəndələri  iştirak  etmişlər. Birinci Türkoloji Qurultayda   rəsmi olaraq Azərbaycan hökuməti tərəfindən  dəvət olunmuş  aşağıdakı  ziyalılar  Azərbaycanı  təmsil  etmişlər:  Səmədağa Ağamalıoğlu, Fərhad Ağazadə, Ruhulla Axundov, Hənəfi Zeynallı, Həbib Cəbiyev, Mustafa Quliyev, Nikolay Aşmarin, Əziz Qubaydullin, Xalid Səid Xocayev, Bəkir Çobanzadə, Cabbar Məmmədzadə, Artur Rudolfoviç, Zifeldt-Simumyaqi, Pənah Qasımov, Müseyib İlyasov, Cəlil Məmmədzadə, Ayna Sultanova, Fərid Xurşid, Həmid Sultanov, Mirzə Davud Hüseynov, Hüseyn Musayev, Əhməd Pepinov, İbrahim Rza Şəbüstəri, Həsən Musayev. 
  Birinci Türkoloji Qurultayda adları rəsmi siyahıya daxil edilməyən, müəyyən təkliflər əsasında dəvət olunan tanınmış ziyalılar, elm adamları və yazıçılar da iştirak etmişlər. Cəlil Məmmədquluzadə, Hüseyn  Cavid, Abdulla  Şaiq, Vəli Xuluflu, Salman Mümtaz, İsmayıl Hikmət, Əli Nazim, Əmin Abid, Cəfər Cabbarlı, Əziz  Şərif  və  başqaları  da  Birinci Türkoloji  Qurultayda  təmsil olunmuşlar. Lakin  təəssüflər  olsun  ki, sonrakı  dövrlərdə  Birinci Türkoloji  Qurultayının  demək  olar  ki, bütün  iştirakçıları, o cümlədən  Müseyib  İlyasov  repressiya  qurbanı  olmuşlar.
  Stalinizmin  qanlı  repressiya  dalğası  digər  ziyalılar  kimi fədakar  pedaqoq  Müseyib  İlyasovu  da  haqsızlıq  məngənəsinə  saldı. O, 1941-ci ilin  sentyabr  ayında  cinayətkarcasına  təşkil  edilmiş  saxta  ittihamlar  əsasında  həbs  edilərək  günahı  sübut  edilmədən  8 il  həbs  cəzası  ilə azadlıqdan  məhrum edilmişdir. Görkəmli  maarif  fədaisi  Müseyib  İlyasov  1944-cü ildə  Karaqanda  şəhərində  həbsdə  vəfat  etmişdir.
  1956-cı ildə Müseyib  İlyasovun  işində  heç  bir  cinayət  tərkibi  aşkar  edilmədiyinə  görə, ona  bəraət  verilmişdir. Görkəmli  pedaqoq, maarif  fədaisi Müseyib  İlyasovun  xatirəsi  xalqımız  tərəfindən heç  vaxt unudulmamış  və  bu gün də böyük  hörmət  və  ehtiramla  yad  edilir.