Artkaspi.az
saytı Leyli Xəlilovanın "Girdab”
hekayəsini təqdim edir:
Bu yazı
intihar edən və narkomaniyadan əziyyət çəkən şəxslərin ailələrinə həsr olunur.
Bir saatdan çoxdu ki, yaşadığı binanın
blokunda dayanmışdı. Bədəni qaşınırdı. Bu vaxt ərzində sinəsini və tez-tez
deşilməkdən qançır olmuş qollarını qaşıyırdı. Düşünə bilmirdi. Bu bəlaya ürcah
olandan əvvəlcə işini, sonra nüfuzunu, daha sonra düşünmə qabiliyyətini
itirmişdi. O, yalnız bu günlə yaşayırdı. Nə keçmiş, nə gələcək barədə düşünə
bilmirdi. Heç bir arzusu yoxdu. Hətta körpə qızının qara muncuq kimi, gülümsər
gözləri, Onu görərkən toppuş, hələ təzə-təzə yer tutan ayaqları ilə üstünə
qaçması, körpələrə məxsus şirin,
kəkələyərək ata deməsi belə, onda heç bir həyəcan, arzu doğurmurdu. Onun bu
həyatda istədiyi yalnız bir şey vardı. Lazımi anda pul tapmaq, tez-bazar özü
kimi bədbəxt, pis yola düşmüş tanışlarından narkotik alıb damarına yeritmək, bu
yolla əvvəlcə bədənini bu dəhşətli ağrılardan xilas etmək, sonra yavaş-yavaş beynini
keyitmək, sakitləşmək istəyirdi. Blokda dayanmaqdan bezib, bir az aralaşdı.
Hava soyuqdu, amma evə getmək istəmirdi. Evdə onu bütün günü ağlayan anası,
son illərdə saçı dərddən tamam ağarmış,
qaşqabaqlı atası gözləyirdi. İki həftəydi ki, arvadı körpə qızını da götürüb,
acıq edərək ata evinə getmişdi. Getdikdən üç gün sonra anasından eşitdi ki,
arvadı artıq məhkəməyə müraciət edib, heç nə tələb etmədən boşanmaq istəyir.
Buna nə kədərləndi, nə sevindi. Onun üçün fərqi yoxdu. Əksinə, bəlkə də, belə
daha yaxşı idi. Evdə ağlayan, ona acıqla, nifrətlə, bəzən də yalvarışla baxan
bir cüt göz azalacaqdı. Düzdür, bunlara artıq öyrəşmişdi, amma arvadı hərdən
lap zilə çıxırdı. Onu tanıdığı, bəzən heç tanımadığı qadınların əriylə müqayisə
edir, sonda ağlayaraq bəxtinə lənət oxuyur, onun müqayisə etdiyi kişilərin heç
ayaqqabı tozu olmadığını da deməyi unutmurdu. Onu artıq nəinki kişi, insan
hesab etmədiyini vurğulayırdı. Əslinə baxanda, haqsız da deyildi. Bunu özü də
anlayırdı.

Keçən ay körpə qızı xəstələnmişdi. Uşaq neçə gündür ki, iştahasız
idi, yemək yemirdi. Sonuncu gün uşağın halsız, üzgün halına dözməyən nənə
gəlinə üzünü tutub ağlamsındı: Ay qızım bu uşaq lap üzülüb, gəl heç olmasa bir
stəkan süd içirt bu uşağa. Onsuz da pulsuzluqdan, evdəki bu matəm ab-havasından,
uşağın xəstəliyindən, əsəb gərginliyindən boğaza yığılmış gəlin dözməyib
çımxırdı: Uşaq nə qədər süd içər, uşağa meyvə-tərəvəz, sağlam qida lazımdır,
immuniteti yoxdur bu uşağın, ona görə də xəstədir. Atası ölmüş nə vaxt bu uşağı
düşünəcək, görəsən? Qaynanası heyrətlə gəlininə baxırdı. Bu vaxta qədər oğluna
görə həmişə gəlinin yanında gözükölgəli olsa da, heç vaxt gəlindən belə sərt
sözlər eşitməmişdi. Dərin bir ah çəkib öz otağına getdi. Bir azdan hər iki
qadının otağından ağlamaq səsi gəlirdi. Bir qədər sonra uşağın bayıldığını
görən ana ağlayaraq fəryad etmişdi. (Evdə pul yox idi, çünki oğul atasının pul kartını
gizlətdiyi yerdən tapmış, pulu bütünlüklə götürmüş, hamısını borca qaytarmış,
yenidən də narkotik almışdı.) Anası ağlayaraq qonşuya qaçmış, qonşunun lovğa,
hamının özündən razı, eqoist bir oğlan kimi tanıdığı oğlu da canfəşanlıqla
irəli durmuş, öz maşınıyla onları yaxınlıqdakı özəl xəstəxanaya aparmışdı.
Həkimin pulunu ödəmiş, lazım olan dərmanları almışdı.
Ertəsi gün yenə
damarlarını bu zəhərlə doldurub axşam evə gəldikdə böyük bir torbada meyvə,
şirniyyat, şirə və bir paket uşaq bezi görmüşdü. Hər şeydən çox ona təsir edən
də bu uşaq bezi oldu. Çünki səhər gedəndə yoldaşı əsəbi, bezgin səslə uşaq
bezinin artıq neçə gündür bitdiyini, bu gün necə olsa gələndə uşaq bezi almağı
tapşırmışdı. (Təbii ki, almamışdı, çünki fikirləri kimi cibləri də boş idi). Ən
qəribəsi də o oldu ki, həmin qonşu oğlan reseptdən arvadının nömrəsini
götürmüş, uşağın səhhətini soruşmaq bəhanəsilə iki dəfə arvadına zəng vurmuşdu.
Halbuki, onun dərdi həqiqətən körpənin səhhəti olsaydı, evə zəng edib evdəki
başqa ailə üzvlərindən də soruşa bilərdi. Əmindi ki, bu sırtıq oğlan bunu
qəsdən edir. Onun qüruruyla oynamaqdan, onu bir heç hesab etməkdən həzz alır.
Yadındadı ki, əvvəllər, yəni bu bəlaya düşmədən öncə ondan çəkinər, üz-üzə
gəldikdə ikiəlli əlini sıxardı. Heç vaxt onun arvadına başqa gözlə baxmağa
cürət etməzdi. Çünki məhəllə içində, tay-tuşları arasında böyük nüfuzu vardı.
İndisə, yaxşı bilirdi ki, evdə bir kişi kimi nüfuzu olmayan birinin arvadına
zəng etmək elə çətin deyildi. Çox keçmədi ki, bu bez söhbətini arvadı ona
acıqla xatırlatdı. Yol pulu üçün atasına ağız açsa da atası cavab verməyib
üzünü çevirdi. Arvadı onun pul tapmayıb otaqdan-otağa vurnuxduğunu görüb: Nə
çox vurnuxursan, qızının pampersini alan oğlana deyəydin sənə də pul təşkil
edəydi, dedi. Görünür, təkcə ona yer eləməmişdi bu bez məsələsi. Arvadı da
yaman pərt olmuşdu. Bu sözün cavabında bir an tutuldu, amma bu yalnız bir an
çəkdi. Cəhənnəmə ki, nə deyir desin. Bircə bu günə pul tapa bilsəydi...
Həftələr keçdi, günü-gündən pul tapmaq məsələsi qəlizləşirdi.
Fikirli-fikirli binadan
aralandı. Beynindəki planı çoxdandı ki, düşünür, götür-qoy edirdi. Axır ki,
qəti qərara gəldi. Pul ona mütləq lazımdı. Pulsuz heç yerdə dərman tapa
bilməyəcəkdi. Pul isə çoxdan tükənmişdi. Ağlına gələn ve gəlməyən hər kəsdən
pul almış, yeri gəldikdə oğurlamışdı. Sonuncu pul mənbəyi kimi şəhər kənarında
yaşayan nənəsini onun ağlına öz narkoman yoldaşı salmışdı. Həmin vaxt dostuna
ağızucu cavab vermiş, səksən yaşlarında qoca arvaddır, onda nə pul olacaq
demişdi. Bu gün qərarını qətiləşdirdi. Dostuyla görüşüb hər şeyi
qərarlaşdırdılar. Axşamı gözləyib, gecə düşəndə tək yaşayan nənəsinin evinə
girəcək, pula gedən nə varsa götürüb çıxacaqdılar. Hər şey plan üzrə gedirdi.
Üzləri qara maskayla evə daxil oldular. Evin qapısını gətirdikləri açarla açmaq
heç bir çətinlik törətmədi. Evdə elə də bahalı əşyalar olmasa da, gözədəyən
elektrik əşyalarını və qab-qacağı yığışdırdılar. Bir neçə dəqiqədən sonra
burdan uzaqlaşacaqdılar. Birdən qoca qarının qəfil və tükürpədici xırıltılı
qışqırtısına diksindilər. Qarı gecə paltarında, qışqıraraq qapıya doğru
irəliləyirdi. Bu zaman dostu qarını saxlamağa çalışsa da, qorxudan əsən qarı
ara vermədən çığırır, qapıya doğru can atırdı. Qarı qapıdan çıxarsa, həyətdə
səs eşidən qonşular çox tezliklə gəlib onları küçədə yaxalaya bilərdilər.
Çünki, qoca qadının tək yaşadığını bildiklərindən daim onu nəzarətdə saxlayır,
tez-tez baş çəkir, bir sözü olarsa həyətdən çağırmaqla özlərini yetirərdilər.
Gecənin səssizliyində bu sakit kənddə hər hansı bir qışqırıq səsi çox yaxın
tikilən bu evlərdə bomba effekti yarada bilərdi. Sonradan düşünəndə heç cür
xatırlaya bilmirdi ki, dostunun həyəcanlı səsindən, yoxsa nənəsinin qorxu dolu
qara-qışqırığından cana gəldi, ya nə baş verdi ki, əlindəki ütünü onlar tərəfə
atdı. Ütü qarının yan tərəfdən başına dəydi. Bundan sonrasını xatırlamırdı.
Dostu götürə bildiyi əşyaları və onu dartaraq evdən çıxardı. Maşında oturanda
da nə baş verdiyini tam anlaya bilmirdi. Dostu evində gətirdikləri əşyalara
baxarkən nimdaş, rəngi getmiş bir
pulqabını ona uzatdı. Evə girərkən köhnə çantadan əvvəlcə bu pulqabını
götürdüyünü bildirdi. Pulqabında on səkkiz manat puldan və bir neçə kommunal
qəbzdən başqa, içəri balaca cibdə saralmış, əzik bir resept vardı. Açıb baxdı.
Reseptdə bir neçə dərman adı vardı. Həkimin ad və soyadını oxuyan kimi onu tər
basdı. Çünki uşaq vaxtı anası dəfələrlə onun dünyaya necə gəlməsi haqda
danışar, həmişə də həmin həkimin adını çəkər, ona minnətdarlıq edərdi.
O dünyaya gec gəlmişdi.
Ata-anası çox yerlər gəzmiş, çox həkimlərdən müalicə almışdılar. Anası
danışardı ki, nənə neçə ziyarətgahlar gəzmiş, neçə qurban demişdi. Nəhayət,
sonuncu həkimin etdiyi müalicədən sonra hamilə qalan anası bu şad xəbəri öz
anasına bildirmiş, o da sevincindən nəzir-niyaz paylamışdı. Anası bir dəfə
söhbət əsnasında dedi ki, hamiləlik vaxtı həkim onları qorxutmuş, təcili
müalicə almazsa körpənin tələf ola biləcəyini demişdi. Əli gecə-gündüz Uca
Yaradana açılan nənə sübh tezdən resepti götürüb aptekləri gəzmiş, lazım olan
dərmanları almışdı. Bu dərmanlar da effekt göstərmiş, körpə sağ-salamat dünyaya
gəlmişdi. Görünür, nənəsi şirin xatirə kimi bu resepti illərlə saxlamış,
nəvəsinin dünyaya gəlişində kömək olmuş bu dərman adlarının yazıldığı kağızı
atmağa qıymamışdı. Çünki, nəvəsi gəlişilə ona bir dünya sevinc gətirmişdi.
Yeganə qızının tək övladı...
Köhnə, əzik, saralmış
kağızın üzərinə iki damla isti göz yaşı düşdü. Dostunun çağırışlarına cavab
verməyib evdən uzaqlaşdı. Səhəri gün xəbər saytlarında paytaxtın iki müxtəlif
ərazisində, iki müxtəlif ölüm hadisəsi haqda xəbərlər yer almışdı. Qətl və
intihar xəbərləri: Dünən gecə saatlarında şəhər ətrafında yaşayan yaşlı qadın
yaşadığı evdə tamah məqsədilə küt alətlə başından zərbə almaqla qətlə
yetirilmişdir... Ötən gecə səhərə yaxın paytaxtın mərkəzi ərazisində otuz
yaşlarında kişi çoxmərtəbəli yaşayış binasından özünü ataraq intihar
etmişdir...