Biz imzaları yox, əsərləri dərc edirik...

Getdilər vətənə qurban oldular – Kamran Əliyevin şeirləri
183
05 Mart 2021, 08:00
 Bu gün Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü, professor, Kamran Əliyevin doğum günüdür. Kamran Əliyev 2020-ci il dekabrın 24-də dünyasını dəyişib. Görkəmli professoru rəhmətlə anır, şeirlərini təqdim edirik:
 
Qış nağılı
 
Ağacalar ağappaq pürsəng bağlayıb, 
Ağaclar ağ şaldan qurşaq bağlayıb,
Dupduru sular var, qaysaq bağlayıb,
Bu sənin qışındır, bu mənim qışım.
 
Bağ-bağat yamanca xəyala dalıb,
Quşlar yuvasına qısılı qalıb,
Sırsıra həsrətdən asılı qalıb,
Bu sənin qışındır, bu mənim qışım.
 
Ağappaq dənələr göydən sürüşür,
Çəmən son nəfəsdə qarla öpüşür,
Torpağın könlünə məhəbbət düşür,
Bu sənin qışındır, bu mənim qışım.
 
 

Dəniz hekayəsi
 
Dalğalar içində, ləpələr üstə,
Dünya öz sirrini açan dünyadır.
Dənizin suyunu bir qədəh kimi
Bu dünya başına çəkən dünyadır.
 
Günəş saçlarını sərib darayar,
Üfüqlər bir əngin dəniz arayar,
Ayın bu dənizdə naxışları var,
Bu dünya xalçada uçan dünaydı.
 
Ləpələr sahili yalar duz kimi –
Sahil ləpələrə şirin qız kimi,
Qumlar axar suya bir ulduz kimi,
Bu dünya fələkdən qaçan dünyadı.
Bu dünya fələkdən qaçan dünyadı

 
 


Getdilər
 
Oğullar gedəndə fikirlər haça,
Oğulları yaladılar, öpdülər.
Oğullar gedəndə arxalarıca
Su yerinə göz yaşını səpdilər.
 
Oğullar gedəndə durnalar kimi
Bacılar yollara gəlib qondular.
Oğullar gedəndə bir vüqar kimi
Analar kandarda qalıb dondular.
 
Getdilər qol-qola, bir halay kimi,
Kənddən toyları da apardı onlar.
Getdilər hay kimi, bir haray kimi,
Kəndin ürəyini qopardı onlar.
 
Getdilər, güllələr insan keyitdi,
Min istək, min ümid, min arzu qaldı.
Analar əzabla oğul böyütdü,
Analar oğula tamarzı qaldı.
 
Hər addımda, hər qarışda, hər səddə,
Onlar qəlpə oldu, al qan oldular.
Qaldı sevdikləri gözəllər kənddə,
Getdilər vətənə qurban oldular!
Getdilər vətənə qurban oldular!