Biz imzaları yox, əsərləri dərc edirik...

Füzuli xatırlayır – Kamal Abdullanın essesi
2072
18 Sentyabr 2019, 09:05
  Artkaspi.az saytı Xalq yazıçısı Kamal Abdullanın "Füzuli xatırlayır" essesini təqdim edir:

  İsa Həbibbəyliyə ithaf edilir

 Hərəkət yoxdursa, zaman da yoxdur.
 Zaman kainatın ən böyük nailiyyətidir. Elə Eynşteynin də.
 Zamanın başlanğıcı varmı?! Var. Amma onu fiziklər yox, şairlər başlayır. Və sonra da şairlər Zamanın hakimi olurlar. Viko deyirdi ki, insanlıq tarixini, yəni zamanı şairlər yazmağa başladı.
 ...Mənə elə gəlir ki, Füzuli heç zaman Petrarka sevən kimi kimisə sevməyib. Kiminsə dərdindən dəli-divanə olmayıb. Sevsəydi əgər, belə gözəl yaza bilməzdi. Onun sevdiyi kimsə olmayıb. Onun sevdiyi sevgi olub.
 Mən addım-addım, misra-misra, qafiyə-qafiyə bu insana, onun mahiyyətinə, dünyabaxışına (dünyagörüşünə deyil - bu, bir başqa müstəvinin göstəricisidir), məhz dünyabaxışına, gündəlik, yer üzündəki gündəlik həyatına yaxınlaşmaq istəyirəm. İstəyirəm biləm ki, o, uşaqlığında, yeniyetməliyində, nəhayət, gəncliyində nə cür biri olub, yoldaşları, dostları, yaxınları ilə nə barədə söhbət edib, kiminləsə yumruq davasına çıxıb, ya çıxmayıb?! Hirsli vaxtında evdə arvadına nələr deyib, necə deyib və ondan nələr eşidib?! Kefinin kök vaxtlarında evdəkilərlə necə davranıb?! Arvadından başqa kimisə bir kişi kimi arzu edibmi?! Bütün cavanlar kimi, kiməsə gendən baxa-baxa ağzının suyunu axıdıbmı?! Onun şeirlərinin harmonik bütövlüyü bizə deyir ki, bəli, bu belə olubdur. Amma o bunu elə gizlədə bilibdir ki, heyranları bunun əlamətlərini yalnız platonik məhəbbət kimi qəbul ediblər. Yəni sevgiyə sevgi kimi.
 Göylə Yer arasında onun kimi var-gəl edən ikinci şəxs təsəvvür etmək çətindir. Bizim ədəbiyyatımızda, bəlkə də əsasən götürsək, elə dünya ədəbiyyatında da kimsə Göyə, göyün yeddinci qatına qalxır, elə oradaca da qalır və yeri, sanki unudur. Məsələn, Şekspiri Yerdə zənn edənlər aldanırlar, o, həmişə Göydədir. Bizim Cavid kimi.
 Kimsə də Yerlə əlləşir, başını qaldırıb Göyə baxmağı belə yadına salmır, ya da buna, sadəcə, həvəsi olmur. Məsələn, Servantes kimi. Sabir kimi.
 Füzuli isə Yerdən Göyə və Göydən Yerə gözəgörünməz sürətlə gedib qayıdan bir Səyyahdır. Onun səyahəti öz-özlüyündə bir aləmdir.
 Füzulinin harmoniya canatımı əvəzedilməzdir. Harmoniyaya canatım böyük ədəbiyyat nümayəndələrində həmişə var. Bu, bəlkə də, sənətin ilkin şərtidir. Harmoniya bütün yaradıcılıq müstəvisi boyunca ölçülə bilən bir dəyərdir. Ən azı, bunu böyük mətn daxilində etmək mümkündür. Pyesdə (Şekspirdə olan kimi), romanda (Tolstoyda olan kimi), poeziyada (Puşkində olan kimi) harmoniya, əlbəttə ki, özünü göstərir. Füzulidə isə harmoniya özünü həcmcə kiçik bir qəzəlin ölçüsündə büruzə verir - qəzəldaxili harmoniya real göstəricilərdə görünür. Şeirin əvvəlini və axırını "Yerdən - Göyə, Göydən-Yerə" burulğanı içində bir yerə (bir qəzəlin içinə) necə yığıb-yığışdırmaq olar, bu mümkündürmü?! Mümkündür! Şeirin daxilindəki konflikt, daha dəqiq desək, bir beytin içində bir neçə sözlə ifadə olunan sevgi tarixçəsi, əgər istəsək, bizi bir çox mətləblərdən hali edər. Bu kiçik misala, daha dəqiq desək, ştrixə diqqət verək. Füzuli xatırlayır:
"Deyildim mən sənə mail...".
 Və sonra da acı bir əlavə edir. Bu əlavə kədərli sevgi tarixçəsinin sonluğudur. Sonluq budur: ...sən etdin əqlimi zail.
 Bu möhtəşəm misranın yarısı (birinci hissəsi) həyat barrikadasının bir tərəfindəki gerçəklikdən, o biri yarısı (ikinci hissəsi) o biri tərəfindəki gerçəklikdən bəhs etmirmi?! Edir. Sevgidən uzaq bir adama şair tərəfindən - Məhəmmədə Füzuli tərəfindən atılan sevgi toru deyilmi bu misranın həqiqəti?! Odur!
 Bu cür adi münasibətlər Yer üzərində bu günə qədər uzanıb gələn kişi-qadın münasibətinin konkret bir qoludur. Yerlə, yer dedi-qodusu, yer münasibətlərilə yoğrulmuş bu misradan sonra "Şəbi hicran yanar canım..." yazmaq birbaşa göylərə baş vurmaq deyilmi?! Odur!
 Bəs belə isə o zaman bu yer-göy gəzişmələrini bir yerə - bir qəzəlin içinə necə yığmaq olar?! Bu, axı mümkün deyil. Mümkün imiş.
 Füzuli harmoniyası elə budur. Bu harmoniyanın dil-üslub qatında axtarışına çıxıb həmin qəzəlin birinci misrasını yada salaq:
 Məni candan usandırdı,
 cəfadan yar usanmazmı?!
 Bu misradan sonra qəzəlin əsas bədii vəzifəsi "usanmazmı" sözünə qafiyələr tapmaqdır. Hər beytin sonu bu qafiyə ilə bitir: usanmazmı, yanmazmı, utanmazmı, sanmazmı, bulanmazmı...
 Və sonuncu beytin qafiyəsi kimi yenə də təkrarən "usanmazmı" sözü ilə qarşılaşırıq: "Sorun kim bu nə sevdadır, bu sevdadan usanmazmı?!".
 Necə olur ki, Füzuli kimi bir sənətkar qəzəl daxilində bu təkrara yol verir?! Bu, olmamalı idi. Amma var. Şair üçün başqa qafiyə, başqa bədiilik cığırına aparan söz (sözlər) qəhət deyildi. Bəs o zaman niyə?!
 Harmoniya! Harmoniya naminə Füzuli qəzəldə əvvəl ilə axırı təkrar vasitəsilə birləşdirir. Və bu kiçik şedevr, öz içindəki Yer-Göy var-gəlləri ilə bir yerdə, bu təkrar məqamının çərçivəsi daxilində bərq vurur. Çevrə qapanır. Damğa basılır. Və şair bu son misranı yazandan sonra dərindən ah çəkir. Bu, bir rahatlıq ahıdır. Harmoniyaya nail olmağın rahatlığıdır.
 Ricət. Harmoniya təkrar, paralelizm, məna uyğunluğu (və ya uyğunsuzluğu) üzərində qurulur. Füzulidə bunların bütün qamması mövcuddur.
 ...Füzuli, eylədi ahəngi-eyşxaneyi-Rum
 Əsiri-möhnəti-Bağdad gördüyün könlüm.
 Misralara diqqət edək. "Ahəngi-eyşxaneyi-Rum" və "əsiri-möhnəti-Bağdad". Həm formaca, həm də məzmunca mükəmməl paralelizm nümunəsi. Amma formaca düz mütənasib, məzmunca əks mütənasib. Bir paralel kəsiyin içində. İkisi bir yerdə - harmoniya! Ricətin sonu.
 Təkrara nə hacət?! Amma yenə də. Bu misraları ovsun kimi pıçıldayan, əslində, etiraf edən adam heç vaxt kimisə sevə bilməzdi. Amma yenə də kimsə var. "Deyildim mən sənə mail..." etirafı adamı rahat buraxmır.
Niyə hamı onu qoca, pirani bir adam kimi təsəvvür edir?! Şeirlərindəki ağırlıqdanmı?! Amma bu ağırlıq ərəb-fars "əlfazının" ağırlığıdır axı... Füzulinin sintaksisi qədər saf, doğma sintaksis təsəvvür eləmək çox çətindir.
Bəlkə göylərə əli çatmayanlar, lazım olduğunda kürəyindən qanad çıxara bilməyənlər belə edir?! "Qoca" təsəvvürü Yerlə bağlı daha aydın və daha başadüşüləndir.
 Niyə gənc, cavan Füzulini heç kim axtarmır, heç kim buna cəhd etmir?! Niyə ilk şeirini kimə oxuduğu heç kəsi maraqlandırmır?! Bəs ilk müəllimi kim olmuşdu - ona ilk olaraq qafiyə, vəzn öyrədən ilk müəllimi?!
Niyə onun kiminlə dostluq etdiyi, kimə səmimiyyətlə yanaşdığı, kimə də nifrət etdiyinin izinə düşməmişik?!
Salam verib cavab almadığı adamlar barədə yazmaqdan əvvəl o bunu kiməsə danışmalı, pərtliyini bölüşməli idi. Kimə?! Ürəyini açdığı sirdaşı kim idi?!
 Biz bu Füzulini niyə tanımırıq?! Tanımağa niyə cəhd göstərməmişik?! Bu gün hətta Şekspirin dramaturq kimi mövcudluğu şübhə altına alınır. Qraf Esseks kabusu onun ruhu üzərində dolaşmaqdadır. Bəs nə üçün Füzuli bizim üçün ancaq yazdıqlarında mövcuddur?! Bu yazılanları yazan onun özü hardadır?!
Bu sualların bir sadə cavabı var. Biz dörd əsrdir ki, Füzulidən qorxuruq. O öz möhtəşəm misralarının istehkam kimi arxasında durub bizə baxır və səbrlə gülümsəyir. Biz isə bu "istehkamın" arxasında şairi görürük, insanı görmürük. O özü-özünü bizdən məharətlə gizlədib. Bəs o, əslində, hardadır ? Göylərin yeddinci qatında, yoxsa yerlərin dərin dərinliyində?!
 Füzuli yaxşı bilirdi ki, onun özünü axtarmayacaqlar, şairi axtaracaqlar, onu isə... Yox, bu adam heç kimə lazım deyil və lazım olmayacaq. Hətta O, göz qabağında olsaydı belə, onu məhv eləmək lazımdır. O, mane ola bilər. Şeirlərinə çatmaq yolunda maneəyə dönə bilər. O bizə lazım deyil. Bu insanı axtarmamağımızın dərindəki, təhtəlşüurdakı bir səbəbi də bu deyilmi?!
 Amma, əslində, o bizə kömək etmək istərdi. Şairə çatmaq, onu aramaq və tapmaqda bu yeniyetmə, bu gənc, bu yaşlı, bu qoca adam bizim bələdçimiz ola bilərdi.
 Amma belə olmadı. Bizə lazım olanla qənayətlənməyin səbəbi sənətin sənət tərəfi - şeirlər, misralar oldu. Biz insanı unutduq. Bizə lazım olan bizim hər birimizdəki harmoniya çatışmazlığı oldu. Eşqin yoxluğu, əzabsızlığı oldu. "Göylərdə nə işimiz var?!" sualı və onun əhəmiyyətsizliyi oldu. Nəticədə, adam heç kimə maraqlı olmadı, şair hamıya maraqlı oldu.
 Mən onu Səyyah adlandırardım. Bir misradakı həqiqətdən, ya da "şair sözü" olan yalandan o biri misradakı həqiqətə, yaxud yalana inamla yol alan Səyyah. Dünyanı gəzən səyyahlar ordusunun əsgəri, yaxud komandanı yox, bir stəkan suda qasırğa yarada bilən səyyah. Bir stəkan suda və bütün kainatda. Özü də səyahət bir beytin daxilində baş verir. Bu Səyyah Yerdən Göyə və əksinə var-gəl edən, usanmadan məqsədinə doğru gedib qayıdan Səyyahdır. Bu Səyyah öz səyahətini elə ustalıqla qurub nəql edir ki, dünyanın bütün səyyahları, hətta Sindbad belə, ona həsəd apara bilər.
 Füzuli köks ötürə-ötürə etiraf edir: Deyildim mən sənə mail...
 Bu etiraf dərin kolliziyaya aparır. Kolliziya əvvəlki etinasızlıq və sonrakı məftunluğun üzərində qurulur. Misranın sonrakı davamının dərinliyində belə bir həqiqət gizlənir: amma sən məni özünə məftun etdin. Bunun üçün çaba sərf etdin, məni ələ aldın, mənə özünü sevdirdin. Bir Rafael, yaxud Leonardo da Vinçi dəqiqliyilə misraya vurulan son ştrix kolliziyaya yeni nüanslar gətirir: ...sən etdin əqlimi zail.
 Bütün riqqətə gətirən və diqqətəlayiq sevgi tarixçələrinin dərin sxem qatında bu həqiqət durmurmu?! Əvvəlki etinasızlıq, bəzən hətta nifrət və sonrakı məftunluq... Gözəlmi? Gözəl! Bütövmü? Bütöv!
 Deyildim mən sənə mail, sən etdin əqlimi zail...
 Harmoniyamı? Harmoniya!
 Əvvəlki "mən" və sonrakı "mən". Və bunların fərqi, dinamik dəyişməsi, hərəkəti. Zamanın səhnəyə çıxışı. Hərəkət varsa, zaman vardır, demişdik. Və bu "mən"lərin həm ətrafla, həm də öz-özlərilə savaşı!Və nəhayət, barışı! Taleyə boyun əyməsi. Füzuli taledən başqa heç nəyə boyun əyməyib desək, yeni heç nə demərik, amma bir addım daha o insanın qədim Antik dövrün bədii-estetik tələblərinə uyğun davranışını görərik. XVI əsr İntibahın əsas mayası olaraq öz arxasınca bütün nəhəngləri çəkib Antik dövrə aparırdı. Antik insanın davranışı belədir. Və Tale şairi yenə öz qoynuna alır:
 Mənə tən eyləyən qafil
 səni görcək utanmazmı?!
 Sual verilir: utanar, yoxsa utanmaz?! Bütün qəzəl boyu verilən suallar ritorik mahiyyətli olsa da, bu sual belə deyil. Bu beytin sualı şair üçün birmənalı səciyyə daşımır. Onun özü bu sualın cavabını bilmir. Bəlkə də, həmin qafil, utanmaz, kim bilir?! Bəlkə də, utanar. Bu sual, əslində, qədim yunan teatrının qəhrəmanlarında olan kimi taleyə boyun əyməkdən başqa bir şey deyil.
 Beyt isə bütövlükdə, əlbəttə ki, etirafdır. Xatırlamaqdır. Həsrətdir (aşiq olmaqdan əvvəlki zamanın həsrəti). Azadlıq ehtiyacıdır. "Dədə Qorqud"da olan kimi keçmiş "ol zamanların" itirilməsinin ağrısıdır.
Füzulinin həsrət dolu bu etirafı dəhşətlidir: "Deyildim mən sənə mail...".
 Və Füzuli xatırlayır: "Xoş ol zaman ki...".
 Zamanın olmadığı bir yer varmı?! Bu gün alimlər deyir ki, zamansızlıq yalnız "qara dəlik" deyilən nəhəng fəza boşluğunda mövcuddur. Çünki orada heç bir hərəkət yoxdur. O fəza boşluğuna düşən geri qayıda bilmir. Hətta nəhəng günəş sisteminin özü belə bu qara dəliyə düşə bilər. Düşdüsə, daha çıxa bilməz. "Qara dəlik" içinə aldığını bir daha özündən kənara buraxmır. Onun möhtəşəm sərhədləri var. Adına "hadisələrin üfüqü" deyilir.
 Şair Füzulinin də yazdıqları "qara dəlik" deyilmi?! Bu qara dəlik indiyənə kimi nə qədər insanı öz kamına çəkib - sayı yox, hesabı yox... Heç biri də qayıtmaq istəmir. Yalnız burada hadisələrin üfüqünü keçib geri qayıtmaq istəyən bir səyyah var. Geri qayıtmaq istəyən təkcə odur. Amma "Hadisələrin üfüqü" buna imkan vermir. Səyyah kor-peşmandır. O, bura, bu gedər-gəlməzə necə oldu ki, düşdü?! Amma məsələnin başqa tərəfi də var. Bunu onun özü arzu etməmişdimi?! Özü "əhli-həqiqəti" bir qitəsində yazdığı kimi dünyadan çıxıb getməyə, başqa sözlə, səyahətə dəvət etməmişdimi:
 Gəlin, ey əhli-həqiqət, çıxalım aləmdən,
 Qeyri yerlər gəzəlim, özgə səfalər görəlim.

 Aləmdən kənar qeyri-yerlər haradır? Özgə səfalər nədir?! Niyə o düşdüyü bu qeyri yerlərdən çıxıb geri qayıda bilmir?! Amma hara qayıdacaq? Zaman yox, aşağı-yuxarı yox, sağ-sol yox... "Hadisələrin üfüqü" - amansız...
O qara dəliyə düşənlər zaman-zaman ora düşdükləri üçün talelərinə minnətdardırlar. Şair onlara sevməyi, rəhmdilliyi, ədəbi, əxlaqı, insanlığı, insafı, mürvəti, bağışlamağı, nəhayət, ləyaqəti öyrətdi. Səyyah geri qayıtmaq həsrətilə yansa da ("deyildim mən sənə mail"), onun arxasınca ora gedənlər geri qayıtmaq barədə düşünmürlər. Səyyahı isə onlar tanımır. Onlar Füzulini tanıyır, Füzulini sevirlər.
 Füzulinin geriyə baxmaq, xatırlamaq səlahiyyəti vardı.
 Füzuli xatırlayır...

  edebiyyatqazeti.az