Artkaspi.az
saytı Tatyana Qrişenkovanın "Frederik Henri üçün yad müharibə" adlı
yazısını təqdim edir:
E.Heminqueyin "Əlvida, silah!” əsəri
Müharibə
mövzusu Ernest Heminqueyin bütün yaradıcılığını əhatə edir, çünki hər şeydən
əvvəl "Heminquey özü də bir neçə müharibə yaşamışdır”.
Amma K.Simonovun (Konstantin Simonov
(1915-1979) – rus, sovet yazıçısı, şair, dramaturq – X.N.) təbirincə desək,
Birinci dünya müharibəsi onun üçün yad idi, bu, onun müharibəsi deyildi. Elə
onun romanı "Əlvida, silah!” əsərinin baş qəhrəmanı Frederik Henri də eyni
düşüncədədir. Mütləq qeyd etmək lazımdır ki, sivilizasiyanın tarixi təcrübəsi
"doğmalar” və "yadlar” əzəli qarşıdurmasının müharibələr, mübarizələr və
toqquşmalar kimi müxtəlif formalarını nümayiş etdirir. Özlüyündə ikili anlam
daşıyan "doğma/yad” anlayışı universal və müvəqqəti xarakter daşıyır.

Dünyanın bu
kriteriya əsasında qruplaşdırılması bir çox dünya xalqlarının dil mənzərəsinə
xasdır, elə V.N.Toporovun (Vladimir Nikolayeviç Toporov – 1928-2005. Rusiya və
Sovet linqvistiki, filoloq – X.N.), M.Eliadenin (Mirça Eliade – 1907-1986.
Rumın, fransız, Amerika filosofu. Etnoqraf, yazıçı – X.N.) və başqalarının elmi
işləri də bunu təsdiq edir. Sözügedən fakt "doğma/yad” mövqeyinin insan şüuru
üçün xüsusi mənasını göstərir, bu da hazırkı vəziyyətdə əcnəbi dilli mətnlərin
araşdırılmasını tamamilə aktual etməklə yanaşı, həm də müasir dövrdə humanitar
elmlərin inkişafına səbəb olur.
Romanın lap
əvvəlindən müəllif oxucuya İtaliya ordusunun sanitar bölümündə xidmət göstərən
əsas qəhrəmanın – amerikalı Henrinin müharibəyə hansı səbəbdən getməsinə dair
izahat vermir. Bəlkə, bu rəşadətin ortaya çıxması, cəsarət hissinin sınağa
çəkilməsi arzusuydu. Amma leytenant Henri əmin idi ki, o, müharibədə həlak
olmayacaq, çünki "bunun ona heç bir dəxli yox idi... elə bil kinodakı
müharibədən heç də az təhlükəli deyildi”.
Bu müharibə
qəhrəman tərəfindən, həqiqətən də, hansısa yad, doğma mədəniyyətin
sərhədlərindən kənarda olan nəsnə kimi qəbul edilir, buna görə də o, ingilis
ordusunda xidmət etmədiyi üçün təəssüflənir. Amerikada bu müharibə "qeyri-adi
və sirli” hesab edilirdi. Əsərdəki "doğma” və ya "yad”ın dərkedilməsi
prosesində dünyanın mənzərəsinin xüsusiyyətləri ilə qəhrəmanın individual
oxşarlığı əsas məna daşıyır. "Əlvida, silah!” romanında E.Heminquey individual
düşüncə tərzi olan, İ.V.Qolovaçyovanın dediyi kimi "hər halda dünyanın xilas
ediləcək qədər dəyərli olduğunu hesab edən, amma... özünü "döyüşmək, döyüşmək,
döyüşmək” olmadan necə nail olmaq olar” düşüncələri ilə yormayan amerikalının
duyğularından bəhs edir.

Yazıçı öz
romanında "romantik amerika şüurunu və namus kodeksini – pioner şərəfini,
təbiətlə uzlaşdığı hiss edilən yeni məkanların istilaçılığını” təmsil edən
amerikalı obrazı yaradır. "Doğma/yad” kateqoriyası bu vəziyyətdə baş verən
hadisələrin aksioloji (dəyərlər mahiyyətinin fəlsəfi tədqiqi – X.N.) kontekstdə
nəticəsi kimi təqdim edilir. "Doğma” və ya "yad” kimi qəbul edilən obyektlərə
münasibət dəyişilə, onların təsnifatlaşdırılması prosesində intensivliyin
müxtəlif dərəcəsinə nail oluna bilər.
Frederik
Henrinin dünyagörüşünün dəyişməsi ilə eyni vaxtda onun hərbi əməliyyatlara
münasibətinin davamlı dəyişdiyini də görmək olar. Romanın başlanğıcında Henri
sürücülərin "yad hökumət özü uğrunda döyüşməyə məcbur edə bilməz, elə ilk
döyüşdən hamı dağılışacaqdır” kimi qiyam dolu düşüncələrinə etiraz edir.
Qəhrəman baş verən hadisələrin mühümlüyünə əmindir: "Mən bilirəm ki, müharibə
qorxulu hadisədir, amma biz onu sona çatdırmalıyıq”.
Ağır
yaralandıqdan sonra sağalan Henri artıq öz mülahizələrində əvvəlki kimi kəskin
deyil, onda skeptik düşüncələr meydana gəlir, ali fikirlərə və ideallara
etibarsızlıq yaranır: "Müqəddəs, gözəl, qurban” sözləri və "baş verdi” ifadəsi
məni həmişə utandırır. Biz bəzən onları yağışın altında dayanaraq, elə bir
məsafədən eşidirdik ki, sadəcə ayrı-ayrı qışqırıqlar gəlib bizə çatırdı... amma
mən heç bir müqəddəs görmədim, möhtəşəm hesab olunan isə bu münasibətə layiq
deyildi. Qurbanlar Çikaqo sallaqxanalarını xatırladırdı, sadəcə olaraq burda ət
torpağa basdırılırdı”.

Beləliklə,
Frederik Henridə əminlik yaranır ki, müharibə hər şeydən əvvəl müəyyən şəxslər
– hətta hərbi əməliyyatlarda aktiv iştirak etməyənlər üçün də faydalı olan
böyük bir yalandır. Buna görə də leytenant Henrinin sürücü Bonellonun fərarilik
etməsini gizlətmək qərarı tamamilə təbii görünür. Amma əsas qəhrəmanın
dünyagörüşündə qəti dönüş italyan səhra jandarmının öz ordusunun hərbçilərini
güllələdiyi kulminasiya səhnəsində baş verir. Müharibənin və qurbanların
mənasız olması leytenant Henriyə bu faciəvi anda aşkar olur, "silahla
birdəfəlik ayrılıq” baş verir.
Dünya
leytenant Henri üçün iki hissəyə bölünür: burada onun özü və sevimli Ketrin
var, amma həm də "onlar” var, yəni "başqalarının həyatını idarə etmək üçün
şövqlə səy göstərərək” haqq-hesab edənlər, bu mənasız müharibəni yaradan
(başlayan, aparan)lar. Özünəməxsus seçim, yad fikirlərin şəxsi dəyərləndirmə
sisteminin filtrlərindən ələnməsi prosesi gedir.
Fərqli
qiymətli kontekstdə olduqda (real döyüş əməliyyatları şərtlərində) cəsurluğun
və rəşadətin əvvəlki etalonları nəinki zəifləyir, həm də militarist
ideoloqların müflisləşdiyi aşkara çıxır.
Faktiki
olaraq "Əlvida, silah!” romanının baş qəhrəmanı üçün bu andan etibarən "yad
müharibə” yekunlaşmışdır.
Frederik
Henri azad seçimini edir, çünki o, cəbhəyə könüllü yollanmışdı. Henri əmindir
ki, bu, onun müharibəsi deyil, buna görə də onu özü üçün bitirə, "sülh bağlaya
bilər”. Amma "müharibə qəhrəmanları yaxalayır”, sonra da qaçdığına görə
zalımcasına və qəddarlıqla qisas alır.
Faciə,
taleyin dözülməzliyi qəhrəmanı tərk etmir: "İnsanlar dünyaya bu qədər cəsarət
bəxş etdiyi zaman, dünya onları öldürməlidir ki, sındırsın, buna görə də onları
öldürür. Dünya hər kəsi sındırır, bir çoxları sonra daha da möhkəmlənir. Amma
sınmaq istəməyənləri öldürür. O, ən xeyirxahları, mülayimləri, cəsarətliləri seçmədən
öldürür. Amma əgər sən nə əvvəlki, nə digəri, nə də üçüncüsüsənsə əmin ola
bilərsən ki, səni də öldürəcəklər, amma bunu tələsmədən edəcəklər”.
Qədim etik
sistem dağıdılmışdı. Leytenant Henri tərəfindən müharibə ilə birlikdə
sivilizasiyanın bünövrəsi də inkar edilir. Qəhrəman yeni həyat üçün mənəvi
dəstək tapmağa çalışır, Frederik üçün əsas dəyərlilər Ketrin ilə gələcək övladı
olur. Amma məlum olur ki, iki nəfərdən ötrü qanlı müharibənin ekzistensial
dəhşətləri üçün yer olmayan alternativ dünya yaratmaq qeyri-mümkündür. Müharibə
qəhrəmanları haqlayır, dönüklüyə görə qəddarlıqla qisas alır: uşaq ölü doğulur,
Ketrin isə doğuşdan sonrakı qanaxmadan dünyasını dəyişir. Belə düşünmək olar
ki, bu ölümlərin müharibəyə heç bir dəxli yoxdur, amma Heminquey bu qarşılıqlı
əlaqəni bitmək bilməyən yağış anlayışı, döyüş epizodları, qəhrəmanların
ayrılıqları, insanların məqsədlərinin və ümidlərinin reallaşmayacağı düşüncəsi,
bundan başqa qanlı simvollarla, ölümlərlə tərənnüm edir. Buna görə də Frederik
Henrinin romanın sonunda "gözlərinin açılması” bu qədər faciəlidir: "Bax, hər
şey bu cür bitir. Ölümlə. Hətta heç bilmirsən ki, bütün bunların səbəbi nədir.
Öyrənməyə macal da tapmırsan. Səni sadəcə olaraq həyata atırlar və qaydalar
barədə xəbərdar edirlər. Səni ilk dəfə pis vəziyyətdə gördükdə isə
öldürəcəklər... Tez və ya gec səni öldürəcəklər. Buna əmin ola bilərsən. Əyləş
və gözlə. Səni öldürəcəklər”. Sözsüz ki, ölümün bu cür real varlığı,
müharibənin təlqinidir. Qəhrəman ölümlə üzbəüz olduqda metafizik tənhalıq hiss
edir, onun qaçılmaz olduğunu dərk edir. Yazıçının şüurunda müharibə və ölüm hər
zaman ayrılmaz anlayışlar olaraq mövcud olmuşdur.
Heminquey
müharibəyə nifrət bəsləmiş, onu "ölümcül, iyrənc cinayət” hesab etmişdir. Amma
bununla belə Amerika yazıçılarının II Konqresindəki çıxışında Heminquey bəyan
etdi ki, "müharibədən də pis hadisələr var. Qorxaqlıq daha pisdi, xəyanət ondan
da pis, eqoizm lap pis”. Və bu o deməkdir ki, onun əsərlərinin qəhrəmanları
vicdanlı, sözü birbaşa deyən, xeyirxah, əməksevər, "hansısa böyük və gözəl
ölkənin uğrunda ölməyə hazır”, amma həyatın sınaqları qarşısında təqsirsiz olan
və sınmayan amerikalının ümumiləşmiş obrazını yaradırlar. Heminquey mətanəti bu
cür – "özünə sədaqəti” qorumağı bacaran qəhrəmanın həyat istiqaməti kimi təsbit
edilir. Məhz "özünə etibar” Frederik Henrinin mənəvi kredosunun özəyinə
çevrilir, onun yaşam qaydalarının prinsipini təyin edir.
Beləliklə də
"Əlvida, silah!” romanında "yad” anlayışı "qəribə, qeyri-adi, sirli” mənaları
vasitəsilə açılır. Birinci Dünya müharibəsini amerikalılar bu cür – "doğma
mədəniyyətin hüdudlarının arxasında qalmış əcnəbi” kimi təsvir edir. Baş
qəhrəman da romanın başlanğıcında hərbi əməliyyatları bu cür görür. Həlak
olmağın bir addımlığında olan leytenant Henri qanlı müharibəni "qəddar, həyat
üçün təhlükəli” adlandırır. Bundan başqa müxtəlif mədəniyyətlərin dünyalarının
sərhədlərini birləşdirən "doğma/yad” qarşıdurması əsərin mahiyyətini
konkretləşdirilir.
Rus dilindən
tərcümə edən: Xatirə Nurgül