Biz imzaları yox, əsərləri dərc edirik...

Eşqdən başqa nə günahım var? – “Filoloji tərcümə”
639
22 Avqust 2019, 10:37
  Məhəmmədtağı Bahar 6 noyabr 1886-cı ildə İranın Məşhəd şəhərində şair ailəsində anadan olmuşdur. Anası İran gürcülərindən idi. O, mükəmməl mədrəsə təhsili almışdı. Klassik üslubda yazmasına baxmayaraq, fars şeirinə bir sıra məzmun yenilikləri gətirmiş şair, Müzəffərəddin şah Qacar tərəfindən Məliküşşüəra ləqəbi almışdı. Məhəmmədtağı Bahar 22 aprel 1951-ci ildə Tehranda vəfat etmişdir.
 
 
QƏZƏLLƏR
 
 
O şirindodaq ki, onun baxışı can bəlasıdır,
hər yerdə onun qara saçına bağlanmış bir ürək var.
 
Onu dərgahında dayananlardan soraq etdim.
Dedilər ki, get, axtar, (bütün) yer üzü onun yoludur.
 
Deyirlər ki, yar xalqın ürək qanını içir.
O qırmızı dodaq və xınalı əl buna şahiddir.
 
O, gözəllik diyarının padşahı, biz isə əsirik.
O buruq saç və kirpik səfi onun ordusudur.
 
Dedim ki, o nigarın mənim qətlimdə üzrü nə olacaq?
Dedilər ki, onun ərköyün xasiyyəti üzrlü səbəbdir.
 
Dedim ki, eşqdən başqa nə günahım var?
Dedilər ki, aşiqin yaşamağı onun günahıdır.
 
Ey can, Bahar dilibağlı bir ovdur, amma
nigaranlıq mayası olan yeganə şey onun ahıdır.
 
 
***
 
Səba, cananımın telindən nə istəyirsən?
Mənim pərişan ruzigarımdan nə istəyirsən?
 
Ey sevgili, ürəyimi apardın və dedin ki, canını gətir.
Heyrətdəyəm ki, sən mənim canımdan nə istəyirsən?
 
Ey sel, bir də gəldin, bilmirəm ki,
daha mənim viran daxmamdan nə istəyirsən?
 
Budaqda bülbülün yuvasından başqa bir gül qalmadı.
Səba, daha mənim gülüstanımdan nə istəyirsən?
 
Sənin fidanın Baharın göz yaşı ilə böyüdü.
Ey mənim açılmış gülüm, bundan başqa nə istəyirsən?
 
 
***
 
 
Bu gecə saqinin gözü mənim kimi meydən məst olub.
Heyf o gözə ki, bu gecə yatmağa hazırlaşır.
 
Ey qəmər! Niqabını at ki, göydəki ayın üzü
sənin üzündən utanaraq niqab arxasına girib.
 
Ayın üzünün nuru, meyin əksi, şamın şüası.
Çöhrəni aç ki, bu gecə hicabı tərk etmək gecəsidir.
 
Pərvanə yanmış ürəklə bir şama dedi ki,
bu gecə aşiqlərə busə vermək savabdır.
 
Bahar kimi sabahın qəmini yemə, şərab iç ki,
ömürdən sayılan həmin bu andır.
 
 
***
 
 
Can cananın çöhrəsinə həmdəm olar, inşallah.
Ürəyimiz nə istəyirsə, o olar, inşallah.
 
Bütüm könlümün pərişanlığını görsün deyə
saçı küləklə pərişan olar, inşallah.
 
Ürəyimin qanını gözümdən ətəyimə tökən kəsin
qanı gözündən ətəyinə tökülər, inşallah.
 
Ey məndən gizlənən, yanımda ol ki, ağlar könlümün halı
sənin xalın kimi ortaya çıxar, inşallah.
 
Səksəkəli könlüm uzun ayrılıq gecəsinin qorxusundan
sənin saçında gizlənər, inşallah.
 
Əzizlərin könül evləri abad olsun deyə
sənin zülm evin viran olar, inşallah.
 
Bülbül, rahat otur ki, Baharın can bəxş edən nəfəsindən
viranə dünya gülüstana çevrilər, inşallah.
 
 

 
RÜBAİLƏR
 
 
Ey gecəmin şamı əziz ana!
Getdin, günlərim qəmdən qara oldu.
Ey itkin düşmüş ana,  şamı (əriyib) qurtarmış fənər kimi
məzarının üstünə düşdüm.
 
Abadlığımızın əsli azadlığımızdır.
Tanrının bizə bəxş etdiyi nəticə budur.
Azad yaşa, amma diqqət ol ki,
sənin azadlığın bizim azadlığımızın yolunu kəsməsin.
 
Bir qarğa deyirdi ki, əgər tərlan ölsə,
mən naz ilə şahların əlinin üstündə özümə yer edərəm.
Bülbül (bu sözü) eşidib dedi ki, ey hirsin qulu!
Get, qurbağa və siçana sazla söz söyləmə!
 
Sevgilimdən ayrıldığım üçün bu gecə yuxum gəlmir.
Könlüm də məni şama və kitaba sarı aparmır.
İki gözüm o qədər həsrət yaşı tökür ki,
su məni aparmasın deyə oyaq oturmuşam.
 
Ramazan ayı gəldi, camaat huşunu itirdi.
Meyxanələr bağlandı, dillər lal oldu.
Mey içənlərin imdadını eşitməsin deyə
araq şüşəsi qulağına pambıq tıxadı.
 
O yarısərxoş gözünlə məni sərxoş etdin.
O uca qamətinlə belimi bükdün.
Deyirlər ki, İbrahim bütləri sındırırdı.
Ey İbrahim, sən məni bütpərəst etdin.
 
Bu qəlb ki, ondan daha hüznlüsü yoxdur.
Bu göz ki, ondan daha qanlısı yoxdur.
Onun sınıq, bunun isə qanlı olmasının səbəbini bilirsənmi?
Bu, o gözəlliyə görədir ki, ondan daha artığı yoxdur.
 
Gözün bəxtimin qara olduğunu bildirdi.
Saçın qətlim üçün qolunu qaldırdı.
Xəttin qanımı tökmək üçün bir fərman yazdı.
Qara xalın isə (bu) fərmanı imzaladı.
 
Kaş ki, ürəyim sevgiliyə məftun olmazdı.
Məftun olarkən ayrılıqdan dəli olmazdı.
Dəli olarkən əzabdan qanla dolmazdı.
Qanla dolarkən gözdən tökülməzdi.
 
Fars dilindən tərcümə edən: Məhəmməd NURİ