Biz imzaları yox, əsərləri dərc edirik...

Əbədi süjetlər – Vasili Sokolov
1222
16 Noyabr 2020, 12:42
 Artkaspi.az sayı Vasili Sokolovun "Min bir gecə” nağılları haqqındakı "Əbədi süjetlər” məqaləsini təqdim edir:
 
 "Min bir gecə” Şəhrizadın şah Şəhriyara hər gecə danışdığı nağıllardan ibarət topludur. Özü də o, bu nağılları şahın nağılı bəyənmədiyi təqdirdə nağılçının boynunu vurulması şərti altında danışırdı. Sovet dövründə yazıçılar da həmin bu şərtlər altında yazsaydılar, ədəbiyyatımız nə qədər çox qazanardılar. Amma bir halda ki, əsərləri ədəbi orqanlar yox, oxucular mühakimə edərdi.
 Bu məcmuənin nə vaxt və kim tərəfindən yaradıldığı tamamilə müəmma içindədir. Hər halda, bu cür nağıllar Şərqdə Hindistandan "Pançatantra” və "Cataki”dən çox məşhur idi.  "Min bir gecə” nağıllarının adı artıq yeni dövrdə (1948-ci ildə) üzə çıxmış Suriyadakı əlyazmalarda çəkilir. X əsrin sonlarında (987-ci ilə qədər) "Min bir gecə” nağıllarının məcmuəsi tərtib olundu. Bura daxil olan hekayələr elə Şəhrizadın şaha danışdığı uydurma nağıllardır. Və bu nağılların söylənməsi gedişatında Şəhrizad şah üçün üç övlad dünyaya gətirir. O ki qaldı o biri nağılların məcmuəyə daxil olunmasına bu, heç kimə məlum deyil və çox böyük ehtimalla  heç vaxt da açılmayacaq. 
 
 

 Və ancaq 1775-ci ildə Qahirədə xüsusi seçilmiş nağıllardan ibarət yeni məcmuə dərc olundu. Bu nağıllar üzərində ciddi iş getmiş, onlar bütöv bir kompozisiya formasına və eyni zamanda da üslubi və dil baxımından da tam bir formaya salınaraq çap olundu. 1814-cü ildə Kəlkətədə (Hindistanın şərqində şəhər – Qanqa çayının deltasında Qərbi Benqal ştatının paytaxtı) bu nəşrin ilk çap versiyası meydana gəldi. 1825–1838-ci illərdə Polşanın Vrotslav şəhərində (o zamanlar o şəhər sərf alman şəhəri idi) Habiht bu nəşrin tərcüməsini mətnləri tarixi və filoloji baxımdan emal edərək 8 cildə  çap etmişdi. Məhz bu nəşr hamı tərəfindən olmasa da, bir çoxları tərəfindən kanonik versiya kimi qəbul edilib. Bu məcmuədən indiyə qədər başqa dillərə çoxsaylı tərcümələr olunur, məhz bu versiyanın üzərində ədəbiyyatşünaslar və tarixçilər işləyir.
 Lakin bundan xeyli əvvəl 1704-cü ildə indiki İstanbul və Beyrutda diplomatik Misiya ilə xidmət göstərən fransız diplomatı Qallan bir neçə ərəb nağılını nəşr etdirmişdi. Bu elə bir dövr idi ki, Fransada Şərqə məxsus hər şey dəbdə idi. Bir müddət sonra – 1721-ci ildə Şarl Lui Monteskyönün (1689–1755) "Fars məktubları" meydana çıxmışdı. Pyer de Marivo (1688–1763) və Alen Röne Lesaj (1668–1747) əsərlərinə  şərq motivləri daxil edir, həmçinin şair və rəssamlar şərq motivləri üzərində işləyirdilər. 
 Nağıllar çox canlı tərzdə, şirəli dildə yazılmışdı. Və müəyyən bir fikri əhatə edən süjet və kompozisiyalar parisliləri valeh edirdi. Müvəffəqiyyət çox yüksək səviyyədə idi. Elə bircə bunu demək kifayət edir ki, artıq 1706-cı ildə Qallanın nəşrindən ilk dəfə ingilis və alman dillərinə də tərcümə olunmuş versiyalar çap olundu. Həmin dövrdə Fransa ədəbiyyatının Avropada öndə getdiyini, məşhur olduğunu nəzərə alsaq, deyə bilərik ki, təhsilli, savadlı insanlar üçün Qallanın nağıllarını oxumaqdan ötrü tərcümələrə müraciət etməyə heç də ehtiyac qalmırdı. Qallan birinci nəşrlə kifaytələnmədi, 1717-ci ilə qədər hey yeni-yeni hekayələr daxil etməklə "Nağılların" dərcini davam edirdi.
 
 

 Yazırdılar ki, Qallanın yaşadığı ünvanı axtarıb tapan tələbələr ora gedir və yeni-yeni  nüsxələri ondan tələb edirdilər. Şan-şöhrətdən imtina etmək gücündə olmayan Qallan, bu çoxsaylı tələblərin nəticəsinə özü yeni nağıllar uydurmağa başladı. Hər halda bir çox nağıllar və süjetlər nə başqa tərcümələrdə, nə şərq məcmuələrində indiyə qədər tapılmayıb.
 XVIII əsrdə şərqşünaslıq nə qədər zəif inkişaf etmiş olsa da belə, Qallanın "özbaşnalığını" elə həmin əsrdəcə ifşa edə bildilər.  Lakin ona elmi şəkildə qarşılıq qismində Leynin tərcüməsi (1840-1842) və Habihtin qeyd etdiyi versiya isə artıq 100 ildən sonra meydana çıxdı və dərhal da oxucuları pərişan etdi: Qallanın tərcümələrinin çoxu yalan olsa da, daha rəngarəng və daha maraqlı idi. 
 Əsrin dəbinə uyğun olaraq fransızın tərcümələri nəcibliyi, zərifliyi və gözəlliyi ilə daha çox seçilirdi: bəzi iylənmiş ərəblər onun qələminin təsiri altında nəzakətli bəylər və zərif xanımlara çevrilir, quldurlar nəcib cəngavərlərə, qəzəbli xəlifə isə kübar monarx "à la Louis XIV" çevrilmişdi. "Qallan öz ərəblərini Parisi dissonansları ilə ürkütməməyi öyrədirdi”. (L.de Borxes)
 Bundan başqa, "Min bir gecə" nağıllarının üzərində işə ciddi adamlar əl qoyana qədər, o, Avropa mədəniyyətinə nəhəng təsirini artıq çoxdan göstərmişdi. Qallan düzəlişlərininin uğuru Peti de la Kruanın "Les 1001 jours" çap etməyə vadar etdi. Və çox məşhur, hətta folklor nəşrlərində də "Min bir gün" və "Min bir gecə" bir-birinə qarışmışdı. Və Peti de la Kruanın sözlərinə görə, onun "Les 1001 jours"u İsfahan dərvişi Mohlisin təxminən 1675-ci ildə hind komediyaları əsasında yazdığı  "Həzər-yak ruz" – fars məcmuəsinin tərcüməsidir. Lakin belə bir fars məcmuəsinin heç vaxt olmadığı, ona gör də "Les 1001 jours"u hansı mənbələrdən götürdüyü bilinməsə də, Peti de la Kruanın hazırladığını əminliklə demək olar. Məsələn, ordakı ən canlı, yumoristik nağıllardan biri olan "Abu-Qasımın çəkmələri" nağılı ibn Hijjenin ərəbcə "Famarat əl-aurak" məcmuəsində tapılıb. 
 
 

 Qallanın "yüngül əliylə” şərq ornamentləri nağıl ədəbiyyatına çox möhkəm hörüldü. XVIII əsrdə isə ədəbi nağıllar az qala ən aparıcı janr sayılırdı. Açıq-aydın "Min bir gecə" nağıllarının dekorasiya və süjetləri üzərində qurulmuş bir neçə əsərin adını çəkəndə Qallan tərcümələrinin qərb ədəbiyyatına necə böyük təsir etdiyini görə bilərik. Volterin "Tale kitabı" ("Zadiq"), Bedfordun "Vatek", Hotsinin "Şahzadə Turandot" və s. kimi əsərləri misal çəkmək olar. 
 Ərəb nağıllarına oxşar Hauffun də şərq nağılları yaranmışdı ki, o da öz növbəsində Habihti böyük bir zəhmətə qatlanaraq onu öyrənməyə vadar etmişdi. Habiht ərəb dilini və ədəbiyyatı bilməyən bir gənc oğlana qarşı sözün əsl mənasında qəzəb yağdırırdı. O zamanlar Hauff hələ təzəcə iyirmi yaşına qədəm qoymuşdu. Ola bilər ki, Habiht və alman pedant alimləri Hauffun ədəbi savadsızlığını sübut etdilər. Amma bunun oxuculara, xüsusən də, az yaşlı oxuculara həmin nağılları oxuyub heyran qalmağına bir o qədər də təsiri olmadı.
 Və "Min bir gecə" nağıllarının müasir mədəniyyətə, ədəbiyyata təsirindən danışanda ciddi elmi nəşrlərdən yox, bunun yüngül Qallan versiyasının üzərindən keçərək gəlməsi və gəlməyə davam etməsi nəzərdə tutulur. Gülməli gələ bilər, amma XIX əsrin sonlarında  Madrünün  "Min bir gecə"  elmi nəşri meydana çıxanda M.Prustun anası oğluna çox da dərinə getmədən Qallan tərcüməsinə yaxın olmağı tövsiyə etmişdi. Sonralar Madrü yazıçının dostu sayılmasa da, yaxın tanışına çevrildi. Amma buna baxmayaraq, M.Prust onun xətrinə dəyməməyə çalışaraq, Qallan tərcüməsinin onun daha çox xoşuna gəldiyimi deyirdi. (Elmi nəşrlərin, ümumiyyətlə, canlı ədəbiyyata heç olmasa bir balaca təsir edib-etmədiyini araşdırmaq da maraqlı olardı.)
 "Min bir gecə" çox böyük araşdırma ədəbiyyatı yaratdı. Ən çox da Qallanın tərcümələri ilə bağlı məsələlər ortaya çıxdı. Onun uydurduğu nağılların arasında "Bir satlıq xəlifə", "Ələddinin sehrli lampası", "Əli Baba və qırx quldur" kimi məşhur nağıllar da oldu. Görəsən, həqiqətən də, Qallan onları özündən uydurub, yoxsa ki, alimlərin gözündən yayınan süjetlər əsasında qurub?.. Hər halda, məlumdur ki, Qallan Beyrutda olduğu zaman orda Porta adlı yerli sakinin xoşuna gəlib və onun köməkliyi ilə bir çox sadə nağılçılarla görüşüb. Bəlkə də, elə həmin adamlardan bu nağılların süjetini götürüb. Amma əgər lap bu nağılları özündən uydurubsa da belə, onu buna görə qınamaq çox qəribədir. Nağıllar müxtəlif nağılçıların, hekayəçilərin danışması, onların nəsillərdən nəsillərə dəyişilərək, formalaşaraq dildən-dilə keçməsi ilə yaranır, yaşayır. Qallanı da bir dünya şedevrinin kollektiv yaradıcılarından biri kimi qəbul etmək olmazmı? Axı  bu qədər ciddi-cəhdlə hansısa əsl mətni axtarmaq nəyə və kimə lazımdır? Yaşayan və oxunan mətn elə mətnin əsli sayılır. 
 
 Rus dilindən tərcümə edən: Xanım Aydın