Artkaspi.az saytı Fərqanə Mehdiyevanın müsahibəsini təqdim edir:
– Ədəbiyyat, poeziya sizin üçün nədir? Ədəbiyyat
olmasaydı, sizcə, dünya nə itirərdi ki?
–
Mən düşünürəm ki, elə bütün dünyanın yaranışı, quruluşu, düzəni – hamısı
ədəbiyyat üzərindədir, şeir üzərindədir. Elə bil dünyanın özü böyük bir şeirdir, dağlar da, çaylar da, göllər də,
ulduzlar da, gördüyümüz, duyduğumuz hər bir şey onun qafiyəsidir, məzmunudur.
Mənim gözümdə hər şey misradadır, hər şey şeirin içindədir. Sanki həyatımda hər
bir şey şeir ölçüsündədir. Elə bilirəm ki, bu mizan, bu səliqə-sahman pozulsa,
mənim də dünyam dağılar. Şeir də həyat kimidir: Şeirdə bircə söz artıq-əskik olsa, şeir şeirliyindən çıxar, uyğunsuzluq
olar, ahəng pozular. Bəzən həyatımıza girən bir adam və ya baş verən hər
hansısa bir hadisə düzənimizi pozur. Bizi narahat edir. Ümumiyyətlə götürsək, mənim üçün dünyanın hər
zərrəsi poeziyadır.

– Şeirlərinzdə "Ana” mövzusu qırmızı xətlə keçir.
Ana mövzusu sizin misralarınızda səmimi, dürüstdür Amma bilirik ki, atanız da
sizi hədsiz çox sevib.
–
Atam məni, doğrudan da, həddindən artıq çox sevib. O mənə bir möcüzə kimi baxıb
həmişə. Mən elə bilirdim ki, evimizdən getsəm, atam buna dözə bilməz. Hərdən
fikirləşirdim ki, atama görə heç vaxt ailə qurmayacam. Yəni atam, belə demək
mümkündürsə, mənimlə nəfəs alırdı. Mən
də onu çox sevirdim. Anamın həmişə başı işə-gücə qarışıq olurdu. Valideyn
sevgisini mən ən çox atamdan almışam.
Amma buna baxmayaraq, şerlərimin çoxunu anama həsr etmişəm. Bunun da,
əlbəttə, müəyyən səbəbləri var. Mən gözümü açandan anamı, dərdli, yanğılı
görmüşəm. Böyük Vətən müharibəsi illərinin ağrılı yanğısı onun ürəyini
qovurmuşdu. Orda əzizlərindən
itirdikləri olmuşdu, sevimli qardaşı
gedib qayıtmamışdı. O biri qardaşını da çox cavan yaşında itirmişdi. Ona görə
anam həmişə nisgilli olub. Anam müəllimə olub, həmişə kitab oxuyardı. Zümzümə
eləməyi də çox sevərdi. Tez-tez bayatılar deyirdi. Yadıma gəlir ki, anam, həttatəndirə çörək yapanda da bayatı oxuyardı. Hələ balaca yaşlarımdan bütün bunlar
mənim həmişə diqqətimi çəkib. Bir küncə qısılıb düşünərdim ki, anam niyə
gülmür, anam niyə hamı kimi sevinə bilmir. Çox güman ki, sonradan yazacağım ana
haqqında şeilərimin bünövrəsi, mayası burdan götürülüb.
– Şailərin çoxunun təxəllüsü var. Siz nə əcəb
özünüzə təxəllüs götürmək fikrinə düşmədiniz?
–
Elə ilk şeilərim öz adım, soyadımla çap olunurdu. Və o zamandan elə də qaldı.
Heç vaxt təxəllüs götürmək arzusunda olmadım. Ailə qurandan sonra da, soyadım
elə Mehdiyeva olaraq qaldı. Çünki məni, şeilərimi artıq oxucularım bu imzayla
tanıyırdı. Mənə çox adam deyirdi ki, özünə təxəllüs götür. Məsələn, böyük
şairimiz Nəriman Həsənzadə dəfələrlə mənə deyib ki, sənə "Fərqanə Təndir”
təxəllüsünü verirəm. O, mənim
"Təndir” şeirimi çox sevir, çox bəyənir və ona görə də belə deyir.
Bir çoxları da anamın adını təxəllüs götürməyimi istədilər: Fərqanə Sabah.
Şeirlərimdəki yanğıya "Fərqanə Yanar” da
götürməyi təklif edən olmuşdu. Başqa adlar da deyiblər, elə indin özündə
də deyirlər. Amma nədənsə mənə bu adlardan heç biri yapışmadı, ürəyimcə olmadı.
Həm də ki məni adımdan çox yaradıcılığım düşündürür. Mənim üçün oxucuların
yaddaşında adımla deyil, şeirlərimlə qalmaq daha vacibdir, daha önəmlidir.
– Sizcə, şeir nə vaxt şeir olur?
–
Şeirin havası şeir olmalıdır, şeirin ruhu şeir olmalıdır. Yəni bütövlükdə şeir
olmalıdır. Şeri ruhu titrətməyi bacarmalıdır, insanın ürəyinin ən incə tellərinə
toxunmalıdır. Yəni oxucu şeiri oxuyanda həmin hissləri yaşaya bilməlidir. Əgər
toxunmursa, ürəyə yanğı vermirsə, duyğulandırıb ağlada bilmirsə, o şeir deyil,
sadəcə, söz yığınıdır.
– Şeir və şeirlərinə mövzu seçimi barədə də danış
bir az.
–
Həmişə mövzu axtarıram. Hər yerdə, hər vaxt bu haqda düşünürəm. Bir dəfə Bakı
Univermağının qarşısında dayanmışdım. Bu, çoxdan baş verib. Bir nimdaş geyimli, yaşlı, kök bir qadın mənə yaxınlaşıb
məndən saatı soruşdu. Ona saatı dedim, getdi. Arxasınca baxa-baxa qaldım. Hey
düşündüm ki, görəsən, vaxt, zaman, bu qadının nəyinə gərəkdir? Bir dəfə də
yolda gedirdim. Bir qara qız gördüm. Elə
danışırdı, gülürdü. Bir misal yadıma
düşdü: Qara qızın dərdi var. Yol boyu düşündüm ki, görəsən, bu qara qızın dərdi
nədir? Belə-belə hadisələr məni düşündürür. Nəticədə bir də baxırsan, yeni şeir
yarandı.
– Sifarişlə və ya hansısa müsabiqəyə təqdim etmək
üçün şeir yazmıssız?
–
Yox, mən heç vaxt elə şeir yazmamışam. Mənə elə gəlir ki, mən onu yazsam da,
ilk növbədə, elə özüm də onu bəyənmərəm, yəni özümə süni gələr. Əminəm ki, bu
cür yazılmış şeiri oxucum da məndən qəbul etməz, o dəqiqə duyuq düşər.
– Şelərinizə mahnılar bəstələnib...
–
Mənim şeirlərimə Tahir Əkbər, Xanım İsmayılqızı çox gözəl mahnılar yazıb.
Onlar da vaxtında, zamanında çox populyar mahnılar idi. Eşidəndə çox qəribə
hisslər yaşamışdım. Sevincim birə-beş artmışdı. Amma bunu da qeyd edim ki, mən
özüm heç vaxt şeirlərmi bəstəkarlara təqdim etməmişəm. Onlar özləri jurnallarda
oxuyub, seçiblər. Mənim üçün də çox xoş bir sürpriz olub.
– Qiraətçilər bəzən şeirləri elə səsləndirirlər ki,
yazıldığından daha qəşəng qulağa yatır. Bəzən də əksinə...
–
Ağalar Bayramov mənim "Şəkil" şeirimi səsləndirib. Amma mənə hərdən
elə gəlir ki, şairin özünün yazdığı kimi, misralarda ölüb-dirildiyi kimi, hiss
etdiyi kimi başqa heç kim hiss edə, deyə bilməz. Amma mən, açığı, öz şeirlərimi
özüm səsləndirməyi sevirəm...

– Şairlikdən, şeirdən, ədəbiyyatdan yorulduğunuz,
bezdiyiniz vaxtlar olub bəs? Məsələn, heç demisiniz ki, ondansa yaxşı bir
mühasib, müəllim, mühəndis olardım...
–
Düzdür, qaçmaq istədiyim vaxtlar da olub. Amma mənim ən ağır vaxtlarımda, ən
çətin, çıxılmaz vaxtlarımda şeirlərim mənə dayaq olub. Təbrizdə yenicə ağır
əməliyyat keçirmişdim. Əməliyyatım da ad günüm ərəfəsində olmuşdu. Özüm çox pis
edirdim, nə mənəvi, nə də fiziki gücüm qalmışdı. Oralarda yaxşı tanınan Ağayi
Səttari öz evində mənim 50 illiyimi təşkil etmişdi. Çoxlu qonaqlar, şairlər,
yazarlar da toplaşmışdı. Məni xəstəxanadan ora aparmaq istədilər. Amma əməliyyatdan sonra yorğun idim, əzgin
idim. Ümumiyyətlə, yataqdan qalxa bilmirdim. Həyat yoldışam da yanımda idi. Mən
ağladım. Böyük şairimiz Səməd Vurğunun
50 illiyinə gedə biməməsi düşdü yadıma. Nəysə çox pis oldum, çox kövrəldim. Hamı da qalxıb gəlməyimi
istəyirdi. Mən birdən-birə özümdə qəribə bir güc hiss elədim. Çox çətinliklə də olsa ayağa qalxdım.
Yoldaşım mənə kömək elədi, birlikdə getdik ora. Hardasa yüzə yaxın adam
toplaşmışdı. Evə daxil olan kimi, məni hamı alqışladı. Mən elə bil ki, yenidən
dünyaya gəldim. Və o cür çətin anlarımda, ağrılı anlarımda məni şeir yaşatdı,
şeir yenidən həyata qaytardı. Başa düşdüm ki, məni yaşadan elə şeirdir,
poeziyadır...
– Gənc şairlərdən, şairlik iddiasında olanlardan
danışaq bir az. "Ulduz” jurnalında
onlarla belə gənclərin şeirlərini oxuyursunuz. Onlara barədə fikriniz,
münasibətiniz necədir?
–
"Ulduz” gənclik jurnalı olduğu üçün biz elə gənclərlə ünsiyyətdəyik. İnanın ki,
hər cür şair və "şairlə” rastlaşırıq. Onlardan məqsədli şəkildə ədəbiyyata
gələnlər də var. Belələri, əslində, həmişə olub. Baxırsan ki, müəyyən
qəzetlərdə, jurnallarda çap da edilir. Amma oxuyursan, görürsən ki, ortada bir
şey yoxdur. Bilirsiniz, mən düşünürəm ki, şairlik insana Allah tərəfindən
verilir. Bu, xüsusi bir istedaddır. Ya var, ya da yoxdur. Bu gün gənclərin
üzünə açılan qapılar bizim dövrdəki kimi deyil. İndi gənclər üçün yaradılan
şərait daha yaxşıdır. Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi Rəşad
Məcidin Gənc Ədiblər məktəbi gənclərin istiqamətlənməsində böyük rol oynadı.
Bunlar çox yaxşıdı. Onların yazdıqları oxunulur, müzakirəyə çıxarılır. Və təbii
ki, bu cür müzakirələr püxtələşmək üçün
çox vacibdir. Bu cür ocaqlara yığışan uşaqlar, ədəbiyyatda artıq öz sözlərini
demiş, tanınmış yazıçılardan, şairlərdən çox şey öyrənə bilirlər. Ən azından
ordan yaxşı bir oxucu kimi çıxa bilirlər. Ümumiyyətlə, istedadlı cavanlar da
çoxdur. İstedadı olmayıb "Niyə şeirim çap olunmur” deyib, dava döyən
gənclərimiz də var. İstedadlılar bizə şeirlərini təqdim edəndə, gəlib qapını
sındırmırlar ki, şeirim nə vaxt çap olunacaq və ya niyə çap edilmir. Çünki
istedadlarına arxayındırlar. Mədəni şəkildə çap olunacaqlarını gözləyirlər.
Amma istedadsız adamlar həmişə ədəbi redaksiyaların qapısının ağzını
kəsdirirlər. Bu da həmişə olub. Ona görə də məşhur bir ifadə var: "İstedadlı
adama kömək etmək lazımdır, istedadsız onsuz da özünə yer edəcək!” Bəziləri də
prezident təqaüdü alan kimi, bir-iki mükafat alan kimi, özünü itirir. Və sanki
ulduz xəstəliyinə tutulur ki, filankəs mənim kitabıma ön söz yazıb, mən filan
mükafatı almışam, filan yerdə çap olunmuşam.
Məsələn, bəziləri gəlir ki, filankəs mənim şeirimə mahnı yazıb, filan
Xalq artisti də həmin mahnısını oxuyub. Siz niyə bəyənmirsiniz? Başa sala
bilmirik ki, kiminsə şeirə mahnı bəstələməsi, kiminsə onu oxuması, hələ
göstərici deyil. Və bizim də işimiz bizə gələn şeirləri oxuyub doğru-düzgün rəy
vermək, çap etməkdir. Bizi maraqlandıran müəllif deyil, müəllifin yazdığı
mətndir.
Söhbətləşdi: Xanım
Aydın