Biz imzaları yox, əsərləri dərc edirik...

Demək ki, torpaq da qərib olarmış – Afaq Şıxlının şeirləri
1366
13 Oktyabr 2020, 11:22
 Artkaspi.az saytı Afaq Şıxlının şeirlərini təqdim edir:
 
 
DUA
 
Ya Allahım!
İgidlərə rəşadət ver!
Çox gözlədik bu günləri,
Müzəffər et, səadət ver!
 
Ya Allahım!
Nahaq yerə türk can almaz! 
O müqəddəs Şəhid qanı
Tökülsə də, yerdə qalmaz!
 
Ya Allahım!
Üzümüzü sən ağ eylə!
Həsrətində qaldığımız o yerləri
Bir də bizə yaylaq eylə!
 
 
 
İLAHİ!
 
Tarix üçün sən bizi seç, İlahi!
Birlik olaq, hamı bir nəfər olaq!
Günahımız varsa da keç, İlahi , –
Zəfər çalaq bu il, müzəffər olaq! 
 
Türk oğlunun nəfəsinə susamış 
Torpaqların səs alıbdır qulağı,
Ümidini itirmədən gözləyir –
Sinəsinə sancıla öz bayrağı.
 
Göz yaşını silə şəhid anası,
Gülüş qona o müqəddəs üzünə.
Müjdə ilə dönən hər bir əsgəri
Oğul deyib basa yanan köksünə.
 
Arzumuzu çin elə sən, İlahi!
Birlik olaq, hamı bir nəfər olaq!
Başımızı qaldır yerdən, İlahi!
Zəfər çalaq bu il, müzəffər olaq! 
 
 
GENERAL
 
Torpağın altında rahat uyu sən,
Torpağın uğrunda savaşlar gedir.
Kəsilir nəfəsi mənfur düşmənin,
Görəsən nə tənlər, nə başlar gedir!..
 
Qəlbinə dammışdı yəqin ki, sənin –
Bu il qisas ili, zəfər ilidir.
Bizsiz qəribsəmiş ana torpağa
Geri dönüş ili, səfər ilidir.
 
Çırpınır köksümüz, qürurla dolu!
Namərdin məzarı qazılmış daha.
"Şəhidlər ölməzdir, Vətən – bölünməz!”
Bu haqq bəxtimizə yazılmış daha!
 
 
 
Şair dostumuz Qulu Ağsəsə!
 
Dost, bu nigaranlıq üzməsin səni,
Abdal Gülablıya daha az qalıb.
Darıxma, həsrətin ömrü tükənib,
Kəndinlə aranda bir payız qalıb.
 
Qara bəxtli bağa yoxdu əsərin...
Yazmırdın.
                Bilirik... gəlmirdi əlin.
İndi dur vəsf elə qələbələri,
Ayağı düşərli olsun bu ilin!
 
Bir daha enməsin başı dağların,
Düzlərə uzaqdan baxılmasın qoy.
Duyduqca adını o torpaqların
O yuxa ürəyin sıxılmasın qoy.
 
...Bu xalqın nə dərin yarası varmış!
Gün yoxmuş o əski zamanlar kimi!
Demək ki, torpaq da qərib olarmış,
Ondan ayrı düşən insanlar kimi...
 

 
VƏTƏN!
 
Demək ki, mən səni belə sevirəm –
Başına döndüyüm öz anam kimi.
Dönərəm yolunda külə, sevirəm!
Başqa güc varmı ki, bu inam kimi?!
 
Duaçın olmağa əlim uzanı,
O – göydəki Tanrım, sən də yerdəki!
Torpaq sevgisindən böyük eşq hanı?
Yuxusuz qalmışam əsgərin təki...
 
Səninçün, səninçün tökülür qanlar!
Bu xalq nə zamandır ölüb-dirilir!
Başının tükünə qıyılmayanlar
Tək sənin yolunda qurban verilir.
 
Vətən, ağrın-acın düşmənə getsin!
Yox, bu acılar da doğmadır bizə!
Bütün ayrılıqlar payızla bitsin,
Zəfərin su səpsin ürəyimizə!
 
Sağalsın yarası küsgün yerlərin,
Dərdimiz dağılsın, duman-çən olsun!
Gülmürdü könlümüz nə vaxtdan bəri,
Qoy bizi ağladan – Qələbən olsun!
 
 
 
BU GECƏ YUXUDA LAÇINI GÖRDÜM
 
Bu gecə yuxuda Laçını gördüm:
Vüqarlı başında dümağ saçları,
Gözləri yol çəkən yüksəklikləri,
Həsrətə bürünmüş boz yamacları...
 
Qulağı səsdəydi... fikirli, yorğun,
Əyni də nimdaşdı, kimsəsiz kimi.
Keçilməz yollarda itmişdi sanki,
Yaralı bağrına düşən iz kimi.
 
Susurdu, yamanca qəribsəmişdi,
Gileyi donmuşdu baxışlarında.
O hardan biləydi gələcəyik biz
Mübarək bir ilin son baharında.
 
Sarılmaq istədim qanadlarına:
Ərkinlə sızlatma ürəyimizi!
Bitəcək ayrılıq, qurbanın olum!
Yamanca gecikdik, bağışla bizi!..
 
 
BİZƏ DÜŞDÜ!
 
Belə yazıldı yazımız:
Bol bəhrəli bağlarımız,
Başı qarlı dağlarımız
gözə düşdü!
 
Çox gözlədik bir sonu var,
Ümid açdıq bahar-bahar,
Sonugəlməz ayrılıqlar
üzə düşdü.
 
Sayad qalxıb çaldı suru,
Gözümüzün döndü nuru!
Düşmənlərin ən mənfuru
dizə düşdü!!!
 
Qaçmadıq ər savaşından...
Əsgər olduq gənc yaşından.
Sürüklədik, dağ başından
düzə düşdü.
 
Çəkiləndə Ər nərəsi
Namərdlərin batdı səsi.
Savaşların müqəddəsi
Bizə düşdü!
 
 
VƏTƏN, NƏ ŞİRİNSƏN!!!
(O gün Vətən müharibəsinin 12-ci günü idi...)
 
Altında babam var, üstündə balam,
Bəxtimə yazıla, şəhidin olam.
Biryolluq boynuna sarılam qalam...
Torpaq, nə şirinsən! Vətən, nə şirin!
 
İlıq payızın var, isti baharın... 
Xoşdur üşütsə də boranın, qarın.
Xəstəsi olmuşam bu torpaqların...
Torpaq, nə şirinsən! Vətən, nə şirin!
 
Sən doğduğum ocaq, sən – doğma dilsən!
Ölərəm bilsəm ki, mənim deyilsən!
Uzaqda olsan da, təki var ol sən!
Torpaq, nə şirinsən! Vətən, nə şirin!