Biz imzaları yox, əsərləri dərc edirik...

Cəmiyyətdəki kədərin əsas səbəbi – Bertrand Russel
686
11 Sentyabr 2019, 12:50

Artkaspi.az Bertrand Russelin "Xoşbəxtlik sənəti” kitabından "Fərdin xoşbəxtliyində ailənin rolu" bölməsini təqdim edir:


 

Keçmişdən bugünə qədər mövcudluğunu qoruyan birliklər arasında ailə qədər mahiyyəti dəyişmişi yoxdur. Valideynlərin uşaqlara, övladların da ana-ataya sevgi ilə bağlanması xoşbəxtliyin ən böyük qaynaqlarındandır. Amma günümüzün bircə həqiqəti var – bu qarşılıqlı münasibətin müasir forması hər on münasibətdən doqquzunda hər iki tərəf üçün, hər yüz münasibətdən doxsan doqquzunda isə tərəflərdən biri üçün bədbəxtlik qaynağıdır.

Ailənin təmin etməli olduğu bu təməl ehtiyacı ödəyə bilməməsi cəmiyyətdə sürətlə yayılan hər şeydən narazılıq halının, daimi kədərin əsas səbəbidir. Valideynlər uşaqları ilə möhkəm və dürüst münasibətlər qurmaq, ya da onlara xoşbəxt bir gələcək vermək istəyirlərsə, ana-atalıq məsələsini yaxşı araşdırmalı və ağlın yolu ilə hərəkət etməlidirlər. Ailə bir yazıya sığmayacaq qədər geniş mövzudur. Biz bu mövzunun xoşbəxtliyin təmin edilməsi ilə əlaqəsinə nəzər salacağıq.

Çünki ailədə xoşbəxtliyin təmin olunmamasının psixoloji, iqtisadi, sosial, siyasi və bir çox başqa səbəbi var. Cəmiyyətin orta və yüksək gəlirli sinfində qadınların analıq məsuliyyətinin, yükünün qədim dövrlərlə müqayisədə daha ağır olmasının iki səbəbi var və ikisi də bir-birinə bağlıdır. Birincisi, subay qadınların işləmək hüququ əldə etməsi və kiməsə qulluq etmək məcburiyyətinin olmamasıdır. Əvvəllər qadınlar evdə qalmış qızların nələrə dözməli olduqlarını bildiklərindən evliliyə can atırdı. Evlənməmiş qız maddi, mənəvi baxımdan atasından, onu görəndə üzü göyərən qardaşlarından asılı yaşayırdı. Evin divarlarından çöldə günlərini keçirə biləcəyi heç yer yox idi.

İntim macəralara nə meyli, nə də fürsəti var idi. Çünki nikahdan kənar münasibətlər birmənalı şəkildə pislənirdi. Kiminsə tələsinə düşüb, iffətini itiribsə, vəziyyəti daha acınacaqlı olurdu. "Ueykfild keşişi” ("The Vicar of Wakefield”) əsərində bu situasiyanın sevdiyim bir təsviri var:

"Hamıdan eyibini gizləmək

Peşmanlıqlarını bir-bir sayıb, masaya yatırmaq

Günahını örtmək üçün bircə yol var

Sevdiyinin sinəsini gözyaşları ilə isladaraq ölmək.”

Çağdaş dünyanın xanımı üçün belə halda ölüm nəinki tək çıxış yoludur, hətta versiya belə deyil. Sadəcə yaxşı təhsil almış olmaq belə taleyi həll edir. Ehtiyaclarını idarə edəcəyi iş tapmaqla qadın özünə yeni imkanlar qapısı açır. Ana-atanın sözündən çıxmamaq kimi məcburiyyəti də yoxdur. Xüsusilə, qızlar üzərində maddi hökmranlıqlarını itirəndən bəri valideynlər əxlaqi nəsihətlər verməkdə çəkingən davranırlar. Danlanmağa boyun əyməyəni danlamağın mənası yoxdur. Ağıl və cazibədarlıqdan nəsibini almış, özünü analıq duyğusundan uzaq tuta bilən, işləyən, subay qadınların xoşbəxt həyat yaşaması heç də çətin deyil. Amma ana olmaq həvəsi hər şeyə güc gələrsə, vəziyyət çətinləşər. Qadın evlənib, ana olmaqla öyrəşdiyi rahatlığı itirər. Çünki əksər hallarda kişinin qazancı qadının subaykən qazandığından o qədər də çox olmur. Üstəlik, bu pul artıq bir nəfər üçün yox, bir ailə üçün xərclənməlidir. Azadlığın dadına baxana hər ehtiyacının qarşılanması üçün başqasının əlinə baxmaq çətindir. Bunları çox götür-qoy etdikləri üçün qadınlar ana olmağa tələsmirlər.

Hər şeyi gözə alıb evlənən qadınlar isə əvvəlki nəsillərin üzləşmədikləri yeni və riskli bir problemlə qarşılaşırlar – yaxşı baxıcı, xadimə tapmaq. Və əksər hallarda axtarışlar qadının bacarıq və təhsilinin vəd etdiyi həyatın standartlarından aşağı səviyyədə işlərlə məşğul olması, evə qapanıb qalması ilə nəticələnir. Hətta bu işlərlə özü məşğul olmasa belə, yüngültəbiət xidmətçiləri danlamaqdan əsəb xəstəliyinə tutulur. Uşaq gigiyenası və qorunması ilə bağlı kifayət qədər məlumatlı olan bir qadın yüksək ödənişli, təcrübəli baxıcı tuta bilmirsə, əsla uşağı dayənin ümidinə qoyub, onun həyatını təhlükəyə atmır. Bu kimi bir çox xırda şeylə əlləşən qadın cəlbediciliyinin və zehninin dörddə üçünü itirməsə, şanslıdır. Evdar qadınlar sırf bu tip xırdalıqlarla məşğul olduqları üçün ərlərinin gözündə sıxıcı, övladlarının gözündə zəhlətökəndir. Qadın bütün bu əziyyətləri dilə gətirib danışsa, deyingən, danışmasa fikirlidir. Uşaqları ilə bağlı məsələyə gəldikdə  onları böyütmək üçün o qədər əziyyət çəkir, o qədər fədakarlıq edirlər ki, bunun əvəzində övladlarından bacarıqlarından artıq şeylər gözləyirlər. Çünki zamanla qadın əsəbi və dar düşüncəli insana çevrilir. Qadının üzləşdiyi ən böyük haqsızlıqdır bu: ailə daxilində vəzifələrini icra edərkən uşaqlarının və ərinin sevgisini itirir. Halbuki əksi də ola bilərdi.

Bütün bu problemlərin pərdəarxasında pul dayanır. Amma onun qədər vacib başqa bir problem də var. O problemin də səbəbi maddidir: böyük şəhərlərdəki məskunlaşma sıxıntısı. Əvvəllər şəhərlər də bugünün kəndləri kimi bağ-bağatlıq idi. Uşaqlar hələ də bu qədim mahnını bilir:

"Müqəddəs Paulun eyvanında bir bağ

Budaqları alma ilə doludur

Alma yığmağa gedər

Londonlu uşaqlar

Hamısının əlində dəyənək

Sonra hasardan tullanıb qaçarlar

London körpüsünə çatanadək”.

Bəli, bu gün o eyvan, o bağ yoxdur. Həmin ərazidəki bağların nə zaman binalarla zəbt olunduğunu xatırlaya bilmirəm. İndi londonlu uşaqlar bu nəğmədəki əyləncəni təsəvvürlərində canlandıra bilməz. Şəhərə kütləvi axın nəticəsində hamı birotaqlı mənzillərlə kifayətlənməli olur. Amma uşaqlar olduqdan sonra bu çətinləşir. İş adamı olan valideynlər dərhal şəhərkənarındakı bağçalı evlərə köçürlər. Bu, uşaqlar üçün yaxşıdır, amma hər gün uzun məsafə qət etmək valideynləri yorur və onların ailədəki rolunu azaldır.


Buna bənzər yüzlərlə problem "xoşbəxtliyi təmin edə bilməyin yolları nədir?” sualına cavab vermədiyi üçün onları aydınlaşdırmaq istəmirəm.

Valideynlərlə uşaqlar arasındakı münasibətin mahiyyət və forma dəyişikliyinə uğraması demokratiyanın yaranması, yayılması və möhkəmlənməsinin bir nəticəsidir. Valideynlər saysız hüquqlar verilən övladları üzərindəki ixtiyarlarından əmin deyillər, sanki hər cür ixtiyardan məhrum olduqlarını qəbul etməkdən qorxurlar. İtaət etmək artıq yeni nəslin nəzərində "qədim ənənə”dir və məncə, dəfn edilməli ənənədir. Bir tərəfdən də psixoanalitika savadlı təbəqəyə uşağa bilmədən zərər vermə qorxusu aşılayır – uşağı öpsən oidipus kompleksi yaranar, öpməsən qısqanar, hər şeyi əmrlə desən, özünü günahkar hesab edər, əmr etməsən, pis vərdişlərə yiyələnər və s. Əvvəllər övladları üzərində hakimi-mütləq olan valideynlər bugün ürkək, ürəksiz, nigarandır, daima vicdanlarını sorğulayırlar. Odur ki, subay qadının azadlıqlarını nəzərə alsaq, bugün qadın ana olmağa qərar verərkən daha böyük fədakarlıq edir, daha böyük yükün, məsuliyyətin altına girir. Amma buna baxmayaraq, ana olmağın əvvəlki ibtidai duyğusu, məxsusiliyi də yoxdur. Hətta bu şərtlər daxilində belə düşüncəli analar uşaqlarından çox şey gözləmir, özmərkəzlilər isə həddindən çox şey tələb etməklə məyus olurlar. Düşüncəli olanlar nə qədər dərin də olsa, təbii sevgini sərhədləyir  və uşağı sıxmırlar. Özmərkəzlilər isə ana olmaqla məhrum qaldıqları zövqlərin əvəzini gözləyirlər. Uşağın ehtiyacı olan sevgi birinci halda ödənmir, ikinci halda isə həddindən artıq olduğu üçün onu yorur. Bu halın ikisində də normal ailənin vəd etdiyi xoşbəxtlik yoxdur.

Bu qədər çətinlik qarşısında doğum sayının azalması təəccübləndirici deyil. Hətta bəzi ölkələrdəki azalma tezliklə artımın tamamilə dayanacağı siqnalını verir. Və bu azalma daha çox yüksəkgəlirli ailələrdə müşahidə olunur. Bir statistikaya baxaq – 1919-22-ci illərdə Stokholmda işləyən qadınlar ana olan qadınların üçdə birindən azını təşkil edib. ABŞ-da 1896-1913-cü illərdə Uelesli kollecini bitirmiş dörd min qadından üç min uşaq dünyaya gəlib, halbuki bu rəqəm səkkiz min olmalı idi. Bu isə ağdərililərin yiyələndiyi təhsilin, müasir düşüncənin nəticəsidir. İstər qadın, istər kişi müasirləşdikcə, müstəqilləşdikcə, işdə irəlilədikcə qısırlaşır. Bir neçə il sonra Qərbin əhalisi yalnız miqrantlar hesabına artacaq. Odur ki, qərb ölkələrində başbilənlər duyğuları qamçılamaqla, bu problemin öhdəsindən gəlməyə çalışır. Bir tərəfdən evli cütlüklərin çox uşaq sahibi olmalarını, övladlarının sağlamlığı və xoşbəxtliyinin qayğısına qalmalarını diqtə edirlər, başqa bir tərəfdən din xadimləri ana olmağın müqəddəs üstünlüklərindən, həzlərindən söz açıb, yoxsul, amma çoxuşaqlı ailələrin də xoşbəxt olacağı fikrini təbliğ edirlər. Bu təbliğatlara dövlət də dəstək verir, çünki hərbçiyə ehtiyacı var. İşin qəribə tərəfi isə odur ki, mövzu başqaları olanda hamı çoxuşaqlılığı dəstəkləyir. Sıra özlərinə gəldikdə bu məsələ hamıya yük kimi görünür. Halbuki bu təbliğatı aparanlar olduqca yalnış düşüncədədirlər. Bəlkə də insanların gözünü cəhənnəm alovu ilə qorxutmaq olar. Amma indi bu gözdağını ciddi qəbul edənlər azdır. Dövlətin istəkləri isə insanlar üçün o qədər də maraqlı deyil. Bu yöndə dövlətin yeganə çıxış yolu savadsızlığı artırmaqdır. Təhsilin daha aşağı olduğu Qərb ölkələrində artımın normal olması buna işarədir. Düzdür, ictimai-sosial məsuliyyətlilik bütün dövrlərlə müqayisədə indi daha aktualdır. Amma heç bir qadın və ya kişi sırf bu məsuliyyətə görə uşaq sahibi olaraq, sabitliyini korlamaq istəmir. Çox az cütlük bu addımı atır. Onlar da uşağın xoşbəxtliyi artırdığına inanır, ya da uşağı tələf etməyin yollarını bilmirlər. Əhali artımını təmin etməyin yeganə yolu valideyn olmağı ata-analara da xoşbəxtlik vəd edən bir seçimə çevirməkdir.

Mənbə: cafrande.org

 

Tərcümə etdi: Elcan Salmanqızı