Biz imzaları yox, əsərləri dərc edirik...

Bizlərdən hansımız yaltaqlanmayıb – Yevtuşenkonun şeirləri
1856
21 Avqust 2019, 10:56
  Artkaspi.az  Yevgeni Yevtuşenkonun şeirlərini təqdim edir:
 
 
 


 
YALTAQLIQ
 
 
Qədim Roma
müstəbidlərinə bənzər
teatr adminstratorlarının
yanına
əlimizdə birinin
bir barmaq xahiş kağızı
dürtüləndə
niyə yaltaqlanırıq, görəsən, niyə?
 
Arasına
ütülü, şax
onluqlar qoyulmuş
qırmızı pasportları
mehmanxana işçisinə
elə qorxa-qorxa uzadırıq ki,
elə bil evsiz-eşiksiz
avara, sərgərdanıq, –
nə gizlədək, nə danaq...
 
Yaltaqlanırıq
qoluzorlu önündə,
yaltaqlanırıq
bir səfehin birini
bizdən güclü görəndə.
 
Nənəm-nehrə ofisiant
pulun qalığını
öz cibinə ötürür, –
yaltaqlanırıq!
Aeroflot kassiri
haqdan artıq götürür, –
yaltaqlanırıq!
 
Tanınmış idmançı –
qaçış ustası
mebel dükanında
bir də görürsən
dönüb oldu
adamların ən yavaşı, sakiti, astası.
 
Bu da dahi alim –
zaman özü ona əl çalır –
"JEK”dən gəlmiş
çilingərin önündə
dinmir, alçalır...
 
Mən Allah görmüşəm – skripkaçalan
süpürgəçi önündə müti, alçalan.
 
Bizlərdən hansımız yaltaqlanmayıb,
telefonçu qıza dil aça-aça:
"Sən Allah, sən Allah
Bizi bir Voloqdaya cala...”
 
Bu doğub-törəmiş
Kiçik müdirlər
Sırtıqlıq dərsini
əla bilirlər.
 
Belə yaltaqlıqla düzəlməz işlər,
belə getsə,
yaltaqlıq bərabərliklə
yer-dəyişik düşər,
Sahibsiz itlərdən
cins güdə-güdə,
doldurduq dünyanı
gədə-güdəylə.
 
Yuxu da görmüşdüm, yuxuda mən ah:
bizim bu yaltaqlıq ucbatından bax,
törəyib-artıbdı Volqada timsah.
 
 

ZARAFATYANA
 
 
Bir vaxtlar gücüm çox,
ağlımsa azdı,
Başımı girlərdim,
beləydi həyat.
...Sürdüyüm bu ömrün
sonunda, indi.
Ağlım çox, di gəl ki,
güc azdır, heyhat!..
 
 
  Rus dilindən tərcümə edən: Çingiz Əlioğlu