Artkaspi.az
saytı Zəhra Allahverdiyevanın "Akademik Həmid Araslı və Azərbaycan Nizamişünaslığı”
adlı yazısını təqdim edir:
Azərbaycanın görkəmli alimi, klassik ədəbiyyatımızın
yorulmaz tədqiqatçısı və naşiri akademik Həmid Araslının əvəzsiz
xidmətlərindən biri də onun XX əsr Azərbaycan nizamişünaslığının
inkişafına verdiyi qiymətli elmi töhfələrdir.
Həmid
Araslının ilk gənclik dövrü XX əsrin 30-cu illərinə, yəni Azərbaycanda
totalitar sovet rejiminin ağır keçid mərhələsinə təsadüf edir. Məlumdur
ki, 30-cu illərin sonuna doğru dəhşətli repressiya maşını bir çox
ziyalıları, ədəbiyyat xadimlərini kütləvi təqib və məhvə məruz
qoyduğu bir dövrdə, sağ qalmağa macal tapanlar Azərbaycan xalqının
mədəniyyət və ədəbiyyatını yaşatdılar, tədqiq və təbliğ edərək, gələcək
nəsillərə ərməğan etdilər. O ağır 1937-39-cu illərdə böyük Azərbaycan
şairi Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliği işi ədəbi ictimaiyyətin
qarşısında duran əsas vəzifələrdən biri idi.
Hələ
gənc yaşlarından klassik Azərbaycan poeziyasının vurğunu olan, xalq
ədəbiyyatının incəliklərini dərindən öyrənən Həmid Araslı o ağır
illərdə Nizami Gəncəvinin həyat və yaradıcılığı, tədqiq və təbliği
işində mühüm işlər görmüş, öz fəaliyyəti ilə Azərbaycan nizamişünaslığının
təşəkkül və inkişafında əhəmiyyyətli rol oynamışdır.
Xatırladaq
ki, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının farsdilli nümayəndələrinə
münasibət də birmənalı deyildi. Hələ o dövrə qədər Avropa elmi xəbərsiz
idi ki, X-XI əsrlərdən başlayaraq, Şərq xalqlarının mədəni inkişaf
tarixində müstəsna rolu olan farsdilli ədəbiyyat təkcə iranlılara
məxsus deyildir. O həm də digər müxtəlif sivil xalqların mühüm iştirakı
və fəaliyyəti ilə yaradılmış müştərək mədəni sərvətdir və Nizami
yaradıcılığı yüksək səviyyəyə qalxmış türk-Azərbaycan mədəniyyətinin
zirvə göstəricisidir. Belə bir zamanda yalnız Azərbaycan nizamişünaslarının
ağır zəhməti, səyi nəticəsində həqiqət dünyaya yol açdı; Nizami
şəxsiyyətinin yetişməsində mühüm rol oynamış milli-mədəni zəmin
tədqiqata cəlb olundu. H.Araslı Nizami yaradıcılığının Azərbaycan
xalqının milli mədəniyyəti zəminində formalaşdığını araşdıraraq
yazırdı: "...Nizaminin əsas qüvvət və qüdrət mənbəyi şərqşünaslar
üçün bu günə qədər məchul olaraq qalmışdır. Hətta şairin əsərlərinə
şərh yazan alimlər belə onun əsas qüdrət və qüvvət mənbəyi olan ozamankı
Azərbaycan mədəniyyəti ilə, onun adət və ənənələri ilə yaxından tanış
olmadıqlarından, şairin ayrı-ayrı ifadə və təşbihlərini, işlətdiyi
sözlərin mənasını belə doğru, düzgün izah edə bilməmişlər” [1, s.9].
H.Araslının
"Nizami və yaradıcılığı” ("Ədəbiyyat” qəzeti, 1939, 24 fevral), "Nizami
və qadın obrazları” ("Azərbaycan qadını”, 1939, №10), "Yaxın Şərq ədəbiyyatında
"Leyli və Məcnun” mövzusu” ("Nizami Gəncəvi” almanaxı, I kitab, Bakı,
1940), "Şairin həyatı” (Bakı, 1940), "Nizaminin müasirləri” (Bakı,
1940), "Nizami əsərlərinin el variantları” (Bakı, 1941), "Nizami
Gəncəvi” (Bakı, 1941), "Yeddi gözəl” və "Yeddi cam” əsərlərinin müqayisəsi
haqqında. ("Nizami” almanaxı, III kitab, Bakı, 1941), "Nizami və vətən”
(Bakı, 1942), "Nizami. Həyat və yaradıcılığı” (Azərbaycan” jurnalı,
1946, №10), "Nizaminin Azərbaycan müaqibləri” ("Nizami Gəncəvi” (Məqalələr
məcmuəsi), IV kitab, Bakı, 1947), "Nizami və Azərbaycan xalq ədəbiyyatı”
("Nizami Gəncəvi” (Məqalələr məcmuəsi), IV kitab, Bakı, 1947), "Nizami
Gəncəvi” (Bakı, 1947) və sair kitab və məqalələrində Nizami Gəncəvinin
dövrü, ədəbi mühiti, həyatı və şəxsiyyəti tədqiqat obyektinə çevrildi.
XII
əsr Azərbaycan ədəbi-mədəni mühitinin, Nizami müasirlərinin həyat
və yaradıcılığının öyrənilməsi, qədim Azərbaycan ərazilərinə
dair tarixi mənbələrin tədqiqi və sair məsələlər bu araşdırmaların
əsas məqsədini təşkil edirdi.
Həmid
Araslının "Şairin həyatı” (Bakı, 1940) kitabı Nizami Gəncəvinin həyatı
ilə bağlı məsələləri əhatə edən, o cümlədən bir çox tarixi faktları
özündə əks etdirən, bədii-publisist dildə yazılmış maraqlı bir işdir.
Nizaminin tərcümeyi-halı, onun dövrü, ədəbi mühiti, yaradıcılığı
haqqında geniş oxucu kütləsi arasında olan məlumat azlığı alimi belə
bir oxunaqlı əsəri yazmağa vadar etmişdi. Həmid
Araslı bu əsərində şairin
müasirləri haqqında da geniş məlumat verir, habelə Nizami əsərlərinin
qısa məzmununu bədii-publisistik bir dil ilə o dövrün oxucusuna çatdırır.
Bu əsərdə Nizaminin tərcümeyi-halına dair bir çox məlumatlar, uşaqlığı,
Gəncədə baş vermiş zəlzələ təsiredici ştrixlərlə verilmişdir. Belə
ki, şairin həyatı ilə bağlı bir çox məqamlar ömürlük yaddaşlara köçürülmüşdür.
Həmid
Araslı Nizami Gəncəvi dövrünü və ədəbi mühitini tarixi mənbələr
əsasında diqqətlə öyrənmiş, həmçinin şairin özünün əsərlərində həyatı
haqqında verdiyi məlumatlardan faydalanmışdır. Alim öz imkanlarını
kütləvi təbliğat yolunda sınadı və nəticədə Nizaminin həyatı və
dövrünü maraqlı bir üslubda işıqlandırmağa nail oldu.
Görkəmli
alim Nizami dövrünü və ədəbi mühitini araşdırarkən, şairin müasirlərinin
bu ədəbi kontekstdə rolu, XII əsrdən başlayaraq yaranmış Nizami ənənələrinin
bu regionda təsirinin öyrənilməsi və sair məsələləri əhatə etməli
olur. Onun 1940-cı ildə nəşr etdirdiyi "Nizaminin müasirləri” kitabına
qüdrətli sənətkarla eyni dövrdə yazıb-yaradan Azərbaycan şairlərindən
Əbülüla Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Qivami Mütərrizi,
Fələki Şirvani, İzəddin Şirvani, Mücirəddin Beyləqaninin həyat
və yaradıcılığı haqqında məlumat, qəzəl və qəsidələrindən nümunələr
salınmışdı. Alim özünün bu tədqiqat işində Azərbaycan poetika məktəbinə
xas olan əsas prinsipləri nəzərdən keçirir, sənətkarların fərdi yaradıcılıq
xüsusiyyətlərini araşdırır və belə bir nəticəyə gəlir ki, "Çox qədim
tarixi olan Azərbaycan xalqının zəngin irsə malik böyük ədəbiyyatı
XII əsrdə, əsasən, iki xətt üzrə inkişaf edirdi. Bir tərəfdən qədim nümunələri
bizə qədər gəlib çatmış olan "Dədə Qorqud” dastanlarında və Mahmud
Qaşqarinin "Divanü lüğət-it türk” əsərindəki bəzi parçalarda təsadüf
etdiyimiz xalq yaradıcılığı yüksəlir, o biri tərəfdən dövrün rəsmi
ədəbi dili olan fars dilində yaranan yazılı ədəbiyyat inkişaf edirdi”
[2, s.74].

H.Araslı nizamişünaslığın bu sahəsinə həsr
olunmuş tədqiqatlarını 1947-ci ildə "Nizami
Gəncəvi” almanaxında çap etdirdiyi "Nizaminin Azərbaycan müaqibləri”
məqaləsində daha geniş və müfəssəl şəkildə davam etdirir [3]. Onun
tədqiqatlarının üç mühüm tezis əsasında qurulduğu müşahidə olunur:
– XII
əsr Azərbaycan ədəbi mühiti;
– fəlsəfi-ictimai,
poetik-estetik problemlərin həllində yüksək funksional qaranta, yaradıcılıq
meyarına çevrilən Nizami sənəti;
– şairin
əsasını qoyduğu yeni poetik məktəb və onun əsas xüsusiyyətləri. Bu
ədəbi məktəbin Azərbaycan ədəbi mühiti çərçivəsində həm farsdilli,
həm türkdilli ədəbiyyatda təsirinin nəzərdən keçirilməsi.
Burada
Nizami Gəncəvi mövzusu və üslubunda ilk əsər yazan Azərbaycan şairi
Marağalı Əvhədinin "Cami-cəm”, Arif Ərdəbilinin "Fərhadnamə”, Hacı
Məhəmməd Əssarın "Mehr və Müştəri”, Marağalı Əşrəfin "Xəmsə”si, Mahmudbəy
Salimin "Mehr və Vəfa”, "Leyli və Məcnun”, Həqirinin, Füzulinin, Zəmirinin,
Əndəlib Qaradağinin "Leyli və Məcnun”ları, Məsihinin "Vərqa və Gülşa”
əsəri və sair Nizami ədəbi məktəbinə xas məsnəvilər tədqiqata
cəlb olunur” [3, s.105-113].
XII
əsr Azərbaycan ədəbi məktəbi, həmçinin Nizami və onun müasirləri
mövzusunda aparılan işlərdə tarixi-ədəbi materialların düzgün
elmi-nəzəri klassifikasiyası, xüsusən janr baxımından, eləcə də,
forma və məzmunca təsnifatı və sair məsələlərdə nizamişünaslığın
müstəqil mövqeyi diqqəti cəlb edir. H.Araslının bu araşdırmaları
göstərilən mərhələdə mədhiyyə ədəbiyyatı kimi təqdim olunan Xaqani,
Mücirəddin Beyləqani, Əsirəddin Əxsikəti, Zəhir Faryabi, Əbul-Əla
Gəncəvi, Fələki Şirvani və başqalarının yaradıcılığının daha
geniş aspektdən nəzərdən keçirilməsinə zərurət yaradır.
Ədəbiyyat
tarixinə, onun problemlərinə ideoloji yanaşmanın çətinliklərinə
baxmayaraq, ilk qəti cəhdlər aşkar görünməkdədir. Məhz Azərbaycan
alimlərinin, o cümlədən H.Araslının səyi və araşdırmaları sayəsində
şərqşünaslıqda mövcud bir sıra tezislər öz stabilliyini itirir,
Azərbaycan poeziyasında qəsidənin məzmunca növ müxtəlifliyi –
mədhiyyə, dini qəsidələr, mərsiyyə növü, sufi-fəlsəfi məzmunlu qəsidələrin
mövcudluğu, Xaqaninin "Töhfətül-İraqeyn” əsərinin fəlsəfi qəsidənin
yüksək nümunəsi olması və sair məsələlər saray ədəbiyyatı adı altında
tanınmış bu zəngin irsə təkyə, mədhiyyə – paneqirik ədəbiyyat nümunəsi
kimi baxmağı bir kənara qoyur [3].
40-cı
illərdə Nizami irsinin sistemli şəkildə öyrənilməyə başlandığı
bir dövrdə XII əsr Azərbaycan ədəbiyyatında, eləcə də Şərqdə uzun müddət
poeziya dili kimi işlənən fars dilinin mövqeyi, bu dildə yazıb-yaradan
sənətkarların yaradıcılıqları əsasında öyrənilib tədqiq olunur.
Bu məsələdə
tarixin öyrənilməsi ön planda idi. Şərq xalqlarının tarixində böyük
Səlcuq dövrünün əsas cəhətlərinin geniş təhlil olunub, XII əsrdə Hindistandan
tutmuş Kiçik Asiyaya qədər ədəbi dil kimi işlənən fars dilinin yayılma
səbəblərinin aydınlaşdırılmasında şərqşünaslardan Y.N.Marr,
A.Y.Yaqubovski, A.Y.Krımski, Y.E.Bertelslə yanaşı, Azərbaycan alimlərinin,
o cümlədən Həmid Araslının əməyini qiymətləndirməmək olmaz. Bu
alimlərin tarixi xidmətlərinin başlıca cəhəti ondan ibarət oldu
ki, Avropanın "İran mədəniyyəti” altında tanıdığı, əslində Yaxın
Şərqin, Orta Asiya və Azərbaycanın böyük sənətkarları tərəfindən
yaradılan mədəniyyətin mahiyyət və özəlliklərini açaraq, farsdilli
ədəbiyyat haqqında dünya şərqşünaslığında yer almış yanlış fikirləri
aradan qaldırdılar.
Azərbaycan
nizamişünaslarının, xüsusən də Həmid Araslının bu işdə müstəsna
payı vardır. Alim öz qarşısına Nizaminin Azərbaycan xalqına bağlılığını
konkret faktlarla sübut etmək kimi şərəfli bir məqsəd qoydu: O, Nizami
yaradıcılığı və folklor münasibətinin öyrənilməsini, şairin
doğma xalqın təfəkkürünə yaxınlığının araşdırılmasını vacib hesab
edərək xalq, vətən qarşısında öz övladlıq borcunu ləyaqətlə yerinə
yetirdi. Onu xüsusi qeyd etməliyik ki, hələ o dövrdə də dünya nizamişünaslığında
göstərilən məsələnin həllində bilərəkdən səhvə yol verən alimlər
var idi. Məsələn, məşhur İran alimi Vəhid Dəstgirdi öz araşdırmalarında
Nizamini fars mənşəyilə bağlamağa çalışır, əsərlərində özünün
türk soy-kökünü çox aydın şəkildə göstərən şairin fikirlərinə birtərəfli
yanaşırdı. İran alimi özünün məşhur "Gəncineyi-Gəncəvi”sində elə
hissə qapılırdı ki, Nizaminin vətənpərvərliyindən danışarkən belə,
şairin öz əsərlərində sevə-sevə tərənnüm etdiyi doğma vətəni Gəncəyə
məhəbbətini bildirən misralarını bir kənara qoyur, tamamilə məsələyə
dəxli olmayan mətləblərdən danışır və şairi öz doğma torpağından
ayırmağa çalışırdı.
Belə
bir zamanda Həmid Araslı Nizami Gəncəvi yaradıcılığında Azərbaycan
xalqına xas milli status səviyyəli məsələlərin araşdırılmasını
əsas məqsəd və başlıca vəzifə olaraq qarşıya qoyur. Şairin əsərlərinin
xalq yaradıcılığı ilə sıx bağlılığını – Nizami şeirinin türkçülük
məzmununu, mövzu, süjet, düşüncə tərzi, frazeoloji ifadə və birləşmələr,
atalar sözləri və məsəllər, o cümlədən Nizaminin dilində çoxsaylı
Azərbaycan sözlərinin işlənməsi və sair məsələləri ciddi tədqiqata
cəlb etməklə, elə qiymətli tədqiqlər aparır ki, bu araşdırmalar nizamişünaslıqda
günümüzə qədər öz elmi əhəmiyyətini saxlamaqdadır.
Türk
soyundan, türk təfəkküründən gəlmə mənəvi duyğular harmoniyası,
doğma Azəri türklərinin milli kökündən doğan bu harmoniyanın Nizami
yaradıcılığında əksi H.Araslını həmişə düşündürmüş, ilk tədqiqatlarından
başlayaraq, bütün ömrü boyu araşdırmalarında bu mövzunun ayrı-ayrı
istiqamətlərini öyrənmişdir. Təsadüfi deyildir ki, 1941-ci ildə
Bakıda nəşr olunan "Nizami əsərlərinin el variantları” kitabına
yazdığı müqəddimədə H.Araslı Azərbaycan xalq ədəbiyyatı xəzinəsində
Nizaminin şəxsiyyəti, qəhrəmanları və əsərlərinin süjetləri ilə
bağlı materialların toplanmasını nizamişünaslığın mühüm vəzifələrindən
hesab edir və bu materialların "... müxtəlif variantlarının müqayisə
və təhlilinin istər şairin şəxsiyyəti, istərsə də onun doğma xalqı
ilə münasibətini təyin etmək üçün ən mühüm tədqiq obyekti” [4, s.4]
olduğunu söyləyirdi.
Bir
qədər sonra H.Araslı "Nizamidə xalq sözləri, ifadə və zərb-məsəlləri”
(SSRİ EA Azərbaycan filialının "Xəbərləri”, Bakı, 1942, №8) və "Nizami və Azərbaycan xalq ədəbiyyatı”
("Nizami Gəncəvi, IV kitab, Bakı, 1947) məqalələrində bu məsələləri
araşdırır, Nizaminin yetişib püxtələşdiyi mühitin əsas xüsusiyyətlərini,
onun xalq yaradıcılığı ilə bağlılığını və sair məsələləri izah etməyə
çalışır. Onun araşdırmaları sübut edir ki, Nizaminin yaşadığı mühit
xalq təfəkkür tərzinə əsaslanan dastanlar, əfsanələr söyləyən ozanlarla
ərəb və fars dilində yazan şairlərin qarşılıqlı fikir mübadiləsini
özündə birləşdirirdi. Alimin gəldiyi nəticəyə görə, o dövr Azərbaycanda
mövcud olan belə bir zəngin ədəbi mühit sənətkar Nizaminin yaradıcılığında
mühüm rol oynamışdır [5, s.5].
Tədqiqatçı Nizami sənətinə xalqdangəlmə mövzu və süjetləri
araşdırır, şairin poemalarının xalq yaradıcılığı ilə bağlı əlamətlərini
aşkar edir. Müqayisələrin aparılması üçün real əsas olduğunu ilk
dəfə hiss edən H.Araslı Nizami və Azərbaycan xalq dastan və nağılları
paralellərində xeyli tədqiqatlar aparmışdır ki, onlar bu gün də nizamişünaslığın
qiymətli araşdırmalarından sayılır. Müəllif "Kitabi-Dədə Qorqud”
dastanlarının bəzi boylarını Nizami poemalarının ayrı-ayrı hissələri
ilə müqayisə edir. Bunlardan "Xosrov və Şirin” poemasının başlanğıcını,
yəni Xosrovun doğulması ilə "Kitabi-Dədə Qorqud”dakı "Baybura oğlu
Bamsı Beyrək” boyundakı "Beyrəyin doğulması” hissələrini tutuşduraraq,
Nizaminin bütün poemalarında xalq yaradıcılığının bir əsas xüsusiyyətinin
– qəhrəmanın ata-ananın tək övladı olub çətinliklə nəzir-niyazla doğulması
faktının saxlanmasını xüsusi qeyd edir [1, s.12].
Dastan qəhrəmanlarının əsas xarakterik xüsusiyyətlərinin Nizami
əsərlərindəki obrazlara sıx bağlılığını göstərən tədqiqatçı yazır:
"Onlar bəzən fiziki (Beyrək, Buğac, Şah İsmayıl və sair), bəzən söz
qüvvəsi (Qərib, Kərəm, Novruz və sair), bəzən də əql və tədbir (İlyas)
vasitəsi ilə mübarizə edir. Müasirlərindən seçilir, sədaqəti, gözəlliyi,
qəhrəmanlığı, əql və mərdliyi ilə üstünlük qazanırlar. Bunlar sevgidə
də sadiq, qəhrəman və namuslu olurlar” [1, s.12]. Nizaminin bütün bu
xüsusiyyətləri öz qəhrəmanlarına şamil etməsini onun xalq ruhuna
bağlı olması, zəngin türk mənəviyyatını ifadə etməsi ilə əlaqələndirən
H.Araslı hələ o dövrdə orta əsrlərin bütöv Şərq ədəbiyyatı zənginliyində
struktur, süjet, obrazların ayrı-ayrı xüsusiyyətləri fonunda milli
bədii ədəbiyyatların inkişafını izləməyə və bu sahədə həlledici
işlər görməyə nail olur.
Bundan başqa, tədqiqatçı Nizami yaradıcılığında Azərbaycan
xalq sözləri və ifadələrinin də bol-bol işləndiyini göstərir. Ümumiyyətlə,
müəllif şairin əsərlərində çoxlu türk sözlərini aşkar etmiş, bununla
da gələcək sinxron tədqiqatlara yol açmışdır: xatun, çalış, səncaq,
qəlavuz, külüng, gərdək, qırmızı, tutuq, alaçuq, tutmac, yaylaq və sair
[5, s.3].

Ümumiyyətlə, Şərqin mənəvi materialları içərisindən yerli
ənənələri seçib ayırmaq, mürəkkəb bədii struktur və məzmun daxilində
türk xalqına məxsus spesifik xüsusiyyətləri öyrənmək mürəkkəb məsələdir.
Nizami özü də "Xəmsə”də bəzi taleyüklü məsələlərə açıq-aydın münasibət
bildirmiş, öz möhürünü bütün əsərlərinə əbədi həkk etmişdir. Əslində
obyektiv, öz xalqının milli şüuruna bələd olan tədqiqatçı üçün bu
problemin araşdırılması elə bir çətinlik törətmir. Lakin artıq yuxarıda
qeyd etdiyimiz kimi, təhrifləri aradan qaldırmaq üçün daha geniş
tədqiqat və daha incə mətləblərin çözülməsi lazım gəlirdi. Bu baxımdan,
H.Araslının "Nizaminin qadın obrazları” adlı silsilə məqalələri
diqqəti cəlb edir.
Alim mənbələr və ədəbi nümunələr əsasında, ənənəvi Şərq psixologiyasını
və özəl əlamətlərilə seçilən türk milli düşüncə tərzini qarşılaşdırır.
Burada ən maraqlı və incə məqam Nizami sələflərinin – Firdovsi və
Sənainin Nizamidən fərqli olaraq, qadına münasibətdə qeyri-sivil
mövqe tutmalarının nəzərə çatdırılmasıdır. Firdovsinin "Şahnamə”sində:
"Qadın və əjdaha hər ikisi yer altında yaxşıdır. Dünya bu iki napakdan
pak olsa yaxşıdır” [1, s.18] ifadəsini, həmçinin Sənainin "Hədiqətül-həqayiq”
əsərində qadın ləyaqətinə xələl gətirən sözlərin işlənməsi faktını
nümunə gətirən tədqiqatçı göstərir ki, "azərbaycanlılar tarixən
kişiyə "ər kişi”, qadına isə "xatın kişi” söyləyərək, onu uca tutmuşlar.
Farsların "zən”, yəni "vur” deyə adlandırdıqları qadın Azərbaycan
şəraitində cəmiyyətin hörmətli üzvü olmuşdur. Midiya, alban ordularında
Babək hərəkatında qadınların fəal iştirakını bütün Şərq və Avropa
tarixçiləri qeyd edir” [1, s.18] – deyə alim "Dədə Qorqud” dastanı və
Nizaminin "Yeddi gözəl” əsəri üzərində qurulmuş müqayisələr əsasında
şairin genetik erudisiyaya bağlı yanaşma üsulunu, türk milli dünyagörüşü
zəminində formalaşan fərdi düşüncə tərzini, Şərqin mürtəce ənənələrindən
seçilən orijinal baxışlarını göstərir.
Nizaminin humanizm ideyalarının əsas və ön məsələlərindən biri
qadın, onun azad həyatı və xoşbəxtliyi problemidir. Çünki qadın şairin
sevə-sevə tərənnüm etdiyi, onun mənəvi saflığını, arzu və ideallarını
yüksək qiymətləndirdiyi bir varlıqdır. Qadın mövzusu Nizami poeziyasının
ən ali və mütərəqqi bir hissəsidir.
Nizaminin yaratdığı qadın obrazlarında bu yüksək mənəvi keyfiyyətlər
haradandır? Qadına ali münasibətin şairin milli mentalitetə bağlı
ictimai-fəlsəfi dünyagörüşü olması faktı nizamişünaslığı düşündürən
bir problem olmuşdur.
Diqqəti H.Araslının 1939-cu ildə yazdığı "Nizami və qadın obrazları”
məqaləsi cəlb edir. Müəllif Nizami əsərlərində verilmiş qadın obrazlarının
öz xüsusiyyətləri ilə Azərbaycan xalqının zəngin folklor ədəbiyyatı
ilə bağlı olduğunu göstərməklə təhlillər aparır, bu obrazlarda "Dədə
Qorqud” dastanlarında və bir sıra digər xalq dastan və nağıllarındakı
qadın simasının aşkar göründüyünü yazır [6, s.8].
H.Araslı "Nizami və Azərbaycan xalq ədəbiyyatı” mövzusunda silsilə
araşdırmalarında problemin uğurlu həlli üçün bütün mümkün imkanlardan
– etnik-kulturoloji mənbələrə bağlı elementlərdən, üslubi-leksikoqrafik
əlamətlərdən istifadə etməklə, problemin həllinə çalışır. Bu baxımdan,
at kultuna, yuxu elementinə bağlı araşdırmalar ("Kitabi-Dədə Qorqud
və Nizami "Xəmsə”si əsasında) bu gün də öz əhəmiyyətini saxlamaqdadır
[1, s.21-25
Alim "Nizami yaradıcılığı və Azərbaycan şifahi xalq ədəbiyyatı”
mövzusuna həsr olunmuş tədqiqlərini Nizami yaradıcılığında poetik
obraz sisteminin tərkib hissələrindən biri olan atalar sözləri və
aforizmlərin araşdırılması ilə yekunlaşdırır. Müəllif çoxəsrlik
tarixi olan Azərbaycan aforizmlərinin – "Doşab almışam, bal çıxıb”,
"Ev oğrusunu tutmaq olmaz”, "Əyri oturaq, düz danışaq”, "İsinmədim
istisinə, kor oldum tüstüsünə”, "Ot kökü üstə bitər”, "Pişik balasını
istədiyindən yeyər”, "Saman altından su yeridir”, "Özgəsinə quyu
qazan özü düşər”, "Heç kəs öz ayranına turş deməz”, "İlanı özgənin əlilə
tutur”, "Qaradan artıq rəng olmaz”, "Söyüd ağacı bar gətirməz” və sair
bu kimi şifahi ədəbiyyatımızın stabil xarakterli unikal frazalarının
Nizami yaradıcılığında dəqiqliklə işlənməsinə milli təfəkkürün
ifadəsinin əsas atributlarından biri kimi yanaşır və haqlı olaraq
bir mühüm məsələni vurğulayır ki, Azərbaycan xalqına xas bu özəl frazeoloji
birləşmələri çox vaxt İran və Avropa tədqiqatçıları başa düşə bilmir,
nəticədə, şairin gözəl misraları bu alimlər tərəfindən səhv şəkildə
şərh olunur.
Alimin Avropa və İran alimlərinin fikirlərinə elmi paradoks
təşkil edən çoxsaylı mülahizələri vardır. Onların birinin – "İskəndərnamə”
əsərində "Əz an piş karət şəbixun şitab; Çü dürrac dər dəh səlayi-kəbab”
– fikrinin H.Araslı tərəfindən izahına diqqət yetirək: "Beytin mənası
budur ki, çalış ki, turac kimi kabablıqdan xəbər verəsən. Şairin bu
misralarını şərhçilər başa düşə bilmir və yanlış izah edirlər. "Nə
üçün turac kabablıqdan xəbər versin” sualına cavab verən yoxdur. Biz
Azərbaycan xalqının turacın oxumasına verdiyi mənanı öyrənəndə
bu beyt tamam aydın olur. Xalq arasında turacın oxumasının ahənginə
görə, aşağıdakı sözləri dediyi söylənilir:
Dad məni tutdular,
Ətimi kabab etdilər,
– Nizami
bundan istifadə edib göstərir ki, sən də turac kimi ölümünü qabaqcadan
xəbər ver” [1, s.26].
Qeyd edək ki, xalq ədəbiyyatı və Nizami irsinə dərindən bələd olduğu
üçün bu sahədə klassik təhlillər aparmağa nail olan H.Araslının araşdırmaları
nizamişünaslıqda bu gün də mühüm əhəmiyyət daşıyır.
Məlumdur ki, Nizami öz əsərlərində xalq nümayəndələrinin
aşağı zümrəsinə mənsub olan müxtəlif tiplər qalereyası yaratmışdır:
çoban, kəniz, kərpickəsən, maldar, bağban, əkinçi, əsgər, zahid və
başqaları. Nizami poemalarında XII əsr Azərbaycanın bütün ictimai
təbəqələrindən bəhs edildiyi faktına ciddi əhəmiyyət verən digər
alim H.Araslı "Yeddi gözəl”dəki çoban surəti üzərində dayanır, Nizaminin
əməkçi xalqla şah arasındakı münasibəti aydınlaşdırmağa, şairin
bu məsələ ətrafında öz mövqeyini izah etməyə nail olur [7, s.2]. Nizami
qəhrəmanlarını müqayisə edərkən, şairin yaratdığı əməkçi insan
surətlərinin xalq rəvayətləri, dastanlarla bağlılığını, həmçinin
Nizami ardıcıllarının bu obrazlara münasibətini izləmiş olan
H.Araslı həyatının son dövrlərində bir daha bu məsələyə qayıdır və
axtarışlarının uğurlu nəticəsi olaraq belə bir qənaətə gəlir ki,
Nizaminin öz əsərlərində əməkçi insanlar içərisindən seçdiyi qəhrəmanları
şahlara qarşı qoyması onun poeziyada etdiyi cəsarətli bir dönüş
idi. O, Fərhadı Xosrovla qarşılaşdırarkən, iki mənəviyyatı üzləşdirmiş,
əməyin şahlıqdan üstünlüyü kimi cəsarətli bir fikir söyləmişdir.
Hətta Nizamidən sonra Əmir Xosrov Dəhləvi, Arif Ərdəbili, Nəvai və
başqa şairlər belə bir cəsarəti etməkdən çəkinmişlər və bu səbəbdən
də Fərhadı şahzadə kimi təsvir etmişlər [8, s.9].
Müəllif çoban obrazlarının Nizaminin son iki poemasında meydana
çıxmasını təsadüfi bir hal kimi qəbul etmir, haqlı olaraq, bunu şairin
ictimai ideallarının dərinləşməsi, yeni-yeni ideallar axtarışı
ilə bağlayır. Onu da qeyd etmək lazımdır ki, tədqiqatçı burada Nizaminin
qələmə aldığı çoban obrazlarını "Kitabi-Dədə Qorqud”dakı Qaraca
çoban obrazı ilə müqayisə edərək əməkçi insana münasibətdə xalqın
təfəkkür tərzi ilə Nizami dünyagörüşünü tutuşdurur və belə nəticəyə
gəlir ki, xalq təfəkkür tərzindən faydalanan Nizami öz ideallarında
ondan kənara çıxmamış və bu idealları davam etdirmişdir [7, s.2].
Alimin Nizami qəhrəmanlarına verdiyi yüksək qiymət bu gün də problemin
öyrənilməsində əhəmiyyətli işlərdən hesab olunur.
Azərbaycan xalqının həyat və məişətinə bağlı təfəkkür tərzi ilə
qidalanmış Nizami poeziyasında bu uyğun cəhətləri axtarmaqda
görkəmli alim haqlı idi. Bundan əlavə, o, göstərilən məqalədə Nizaminin
dostluq, sədaqət, doğruluq, düzlük kimi əxlaqi keyfiyyətləri haqqında
fikirlərini təhlil edir, şairin əxlaqi görüşlərini onun humanist
ideyalarının əsas tərkib hissəsi kimi öyrənir.
40-cı illərdə Azərbaycan ədəbiyyatşünaslığında Nizami süjetlərinin
mənbələrinin araşdırılması üzrə bir sıra maraqlı, diqqəti cəlb
edən tədqiqlər aparılmışdır. Bu araşdırmalar problemin mühüm bir istiqamətinin
öyrənilməyə başlanması üçün böyük imkan yaratdı. Belə ki, "Leyli
və Məcnun” süjetinin folklor mənbələri ilə əlaqəsinin öyrənilməsi
məsələsi qarşıya qoyuldu və bununla da, çox mürəkkəb bir problemin
araşdırılması yolunda yeni fikirlər söyləndi, bu gün də Azərbaycan
nizamişünaslığında mühüm əhəmiyyəti olan ilkin incə mətləblər ortaya
atıldı. Görülmüş işlər içərisində H.Araslının 1939-cu ildə çap etdirdiyi
"Şərqdə "Leyli və Məcnun” mövzusu” adlı məqaləsi diqqəti cəlb edir.
Avropa orientalistləri və ozamankı sovet şərqşünaslarından
fərqli olaraq, Azərbaycan alimi "Leyli və Məcnun” mövzusunun ilk mənbəyi
kimi ərəb şifahi poeziyasını əsas götürür. O, A.Y.Krımski və digər
alimlərin Leyli və Məcnunun tarixi şəxsiyyətlər olması fikrinə
qarşı çıxır. Tədqiqatçı Qahirədə professor Taha Hüseynin çap etdirdiyi
"Əməvilər dövründə qəzəliyyat” adlı məqaləsində Məcnunun tarixi
şəxsiyyət olmaması barədə söylədiyi fikirlə tam razılaşır və
onun hekayəçilər, ravilər tərəfindən yaradılmış xəyali bir şəxsiyyət
olduğunu qeyd edir.
Müəllif daha sonra Taha Hüseynin göstərilən fikrinə qarşı çıxan
Misir alimi Əbdülqadir Əlməzini tənqid edərək, "Leyli və Məcnun”
mövzusunun şifahi xalq yaradıcılığının məhsulu olduğunu, onun
xalq tərəfindən yarandığını və ərəb şifahi poeziyasında müxtəlif
variantlarda yayıldığını yazır [9, s.100].
H.Araslı çox haqlı olaraq, Nizaminin özünün xalq ədəbiyyatına
fərdi münasibətinə əsaslanır və onun bütün yaradıcılığını, o cümlədən
"Leyli və Məcnun” əsərinin əsl canlı mənbə olan folklorla bağlı surətdə
öyrənilməsinin doğru istiqamət olduğunu bir tədqiqatçı intuisiyası
ilə hiss edir. O, nizamişünaslığın inkişafını bu sahəyə yönəltmək
üçün ilk işıq yandıranlardan biri olmuş, əgər belə demək mümkündürsə,
həmən işığın ucundan tutub, yeni məsələlərə – "Leyli və Məcnun”un
Azərbaycan folkloru ilə əlaqəsinin daha geniş aspektdən öyrənilməsinə
zəmin yaratmışdır.
Məlumdur ki, Nizaminin əxlaqi görüşlərində əsas yerlərdən birini
onun təbliğ etdiyi vətənpərvərlik ideyası tutur və bu sahədə aparılan
ilk işlər sırasında H.Araslının 1948-ci ildə çap olunan "Nizami və vətən”
kitabı maraq doğurur. Müəllif bu əsərində şairin özünün vətən sevgisi,
həmçinin poemalarındakı qəhrəmanların vətənpərvərliyindən bəhs
edir, onların sevgisini, mübarizələrini yüksək qiymətləndirir.
O, şairin öz qəhrəmanlarının qarşısında vətən uğrunda çarpışmaq
kimi ali bir məqsəd qoyduğunu, onların vətən və xalqın səadətini təmin
edə bilən kamil şəxsiyyət olaraq tərənnüm etdiyini yazır [10, s.28].
Nizami Gəncəvinin fəlsəfi görüşlərinin izahında da H.Araslının
özünəməxsus yanaşmaları var idi. Şairin son dərəcə mütərəqqi fikirlər
məcmuəsi olan "Sirlər xəzinəsi”nin sırf sufi, yəni o zaman bir sıra
Avropa alimlərinin təqdim etdiyi asket məzmunlu bir əsər kimi qiymətləndirilməsi
H.Araslının əks rəyinə səbəb olmuşdur. O, "Sirlər xəzinəsi” əsərinin
Sənainin "Hədiqətül-həqayiq” əsərinin sırf təsirilə yazılmış sufiyanə
bir əsər olduğu fikrini qəbul etmir, tutuşdurmalar apararaq, Nizaminin
əsərlərindəki təriqətə aid termin və ifadələri şairin öz fəlsəfi
fikirlərini ifadə etmək üçün yalnız ədəbi priyom olduğunu göstərir.
Müəllifə görə, Nizami xilqət, insanın yaranması, dünyanın vəfasızlığı
sərlövhəsi ilə verilən məqalətləri nəcib insani sifətləri təbliğ
etmək və pisliklərdən uzaqlaşmağın mümkün və zəruri olduğunu söyləmək
məqsədi ilə yazmışdır [11, s.9]. Bununla belə, alim öz araşdırmalarında şairin Gəncədə
fəaliyyət göstərən əxi təşkilatına yaxın olmasını da təsdiqləmişdir.
Görkəmli alim Nizami poeziyasının sənətkarlıq məsələləri üzərində
də dayanmışdır. O, öz araşdırmalarında Firdovsi – Nizami qəhrəmanları
paralellərində müqayisələr aparmış və belə nəticəyə gəlmişdir
ki, Nizami Firdovsidən fərqli olaraq bir sıra canlı, dərin psixoloji
surətlər yaratmış, insanın mənəvi təkmilləşmə prosesini izləmişdir.
Şirin surətinin Dantenin Beatriçe obrazı ilə müqayisəsi xüsusi
maraq doğurur. Alimin müqayisəli təhlilindən aydın olur ki, Dantenin
Beatriçesi bəzi xüsusiyyətləri ilə Şirin surətini xatırladır,
o da öz sevgilisinə doğru yol göstərir, onu yüksəldərək səadətə
çatdırır. Lakin alimin fikrincə, mühüm bir fərq – Nizami qəhrəmanını
bir fərd kimi yüksəldir. "Nizaminin Şirini həyat qızıdır, həqiqət
və məhəbbət rəmzidir”, "Beatriçe isə ilahiyyatın, teologiyanın mücəssəməsidir”,
– deyən alim həm də belə qənaətə gəlir ki, Dantenin "İlahi komediya”sında
olan mistika Nizami poemasındakı dərin həyat fəlsəfəsilə müqayisə
edilə bilməz [4, s.10].
H.Araslı Nizaminin epik janrda novatorluğu məsələlərinə də
diqqət yetirmişdir. O, bu orijinallıqları göstərmək üçün Nizami
poemalarının süjetlərini "Dədə-Qorqud” dastanının bəzi süjetləri
ilə bağlayır. O, Nizami süjetlərinin bitkinliyinə, onların mükəmməl
işləndiyinə xüsusi diqqət yetirir. Nizaminin arabir Firdovsi süjetlərindən
istifadə etməsinə baxmayaraq, yeni, bitkin, maraqlı süjet qurduğunu,
əsərlərinin canlı kompozisiya ilə seçildiyini yazır. Alimin araşdırmalarından
belə məlum olur ki, Azərbaycan ədəbiyyatında ilk mənzum roman müəllifi
olan Nizami o dövrə qədər yayılmış olan süjetlərdən məharətlə faydalanmışdır.
H.Araslı Nizaminin epik poema janrı quruluşunda etdiyi dəyişiklikləri
də qeyd etmişdir. Məlumdur ki, XX əsrdə Avropa alimləri çox zaman bu
məsələdə yanlış mövqe tuturdular. Belə ki, bəzən Nizaminin poeziyaya
gətirdiyi orijinallıq inkar olunur, onun qiyməti lazımınca verilmir,
fikir ayrılıqları mövcud idi. Məsələn, İ.Pitsiyə görə, "Nizamidə
epos alınmır. ...Onun qəlbi epik olmaqdan ziyadə lirik olmuşdur”. Başqa
bir ingilis alimi Q.Auzliyə görə isə, "Nizami Şərqin ən böyük epik şairidir”
[12, s.19]. Göründüyü kimi, Avropa şərqşünaslığında fikir ayrılığı
özünü göstərirdi. Bundan əlavə, epik janr dedikdə, göstərilən mərhələdə
Nizami şeiri ən çox Firdovsi poeziyası ilə müqayisə olunurdu.
Belə
bir zamanda Həmid Araslı Azərbaycan şairi Nizami Gəncəvi və özbək
şairi Əlişir Nəvai, eləcə də Əmir Xosrov Dəhləvi, Məktəbi, Hatifi,
Füzuli əsərlərinin müqayisəsi fonunda silsilə araşdırmaları
ilə dünya nizamişünaslığına yeni töhfələr verdi. "Əlişir Nəvai”
("Ədəbiyyat” qəzeti, 30 yanvar, 1939, s.3–5), "Nəvai və Azərbaycan ədəbiyyatı”
("Revolyusiya və kultura” jurnalı,1940, №7, s.83–94), "Nizami və Nəvai”
("Ədəbiyyat”qəzeti, 6 sentyabr, 1940), "Şərqdə Leyli və Məcnun” əsərləri”
("Nizami” almanaxı, I kitab, Bakı, Azərnəşr, 1940, s.194–237), "Şərqdə
"Leyli və Məcnun” teması ("Nizami” almanaxı, II kitab, Bakı, Azərnəşr,
1940, s.86–105), "Yeddi gözəl” və "Yeddi cam” əsərlərinin müqayisəsi
("Nizami” almanaxı, III kitab, Bakı, Azərnəşr, 1941, s.70–90), "Nizami
müaqiblərindən Əssar Təbrizi” ("Ədəbiyyat” qəzeti, 1947, 12 mart),
"Əlişir Nəvai yaradıcılığı” (Nəvai-500), "İnqilab və Mədəniyyət”,1948,
№5, s.50–63), "Fərhad və Şirin”, Müqəddimə (Nəvai
Ə. "Fərhad və Şirin”, Bakı, Azərnəşr, 1948, s.5–13) və sair işlərində
Həmid Araslı Nizami Gəncəvinin Şərqdə epik janrın inkişafında oynadığı
mühüm rolu göstərməyə çalışırdı.
Nizami
və Nəvai əsərlərini mövzu və ideya, poetik məna və üslub baxımından
müqayisə edən H.Araslı 1940-cı ildə yazdığı "Nizami və Nəvai” məqaləsində
Nəvai "Xəmsə”sindən "Fərhad və Şirin” məsnəvisini müqayisəli təhlil
edir, Nəvai əsərinin öz sələfindən fərqli xüsusiyyətlərini göstərir
[13, s.3]. Alimin qənaətlərinə əsasən, Nizami "Xəmsə"sinin
təsirilə, Nəvai öz ustadının poetik fikirlərindən ilhamlanmış,
əsərlərindəki humanist ideyalarla Nizami sənətinə çox yaxınlaşmışdır.
Alim Nizami əsərindəki baş qəhrəman Fərhadın həyatı, ideal obraz
kimi təsviri, hər iki Fərhadın xarakter fərqləri, arzu və idealları
tutuşdurularaq, iki böyük sənətkarın poetik süzgəcindən keçirilən
surətlərin daxili aləmi, yüksək mənəvi keyfiyyətləri təhlil olunur.
Fərhadın baş qəhrəman kimi ön planda verilməsi,
personajların yerlərinin dəyişilməsi, hadisələrin tam başqa
axında inkişafı, bütün bunlar Nəvai poemasını Nizami əsərindən
ayırır. H.Araslı həm də bu əsas fərqi qeyd edir ki, Nizami əsərində birinci
planda olan Şirinin əhəmiyyəti bu əsərdə son dərəcə azaldılır, onun
qəhrəmanlıq və şücaəti burada göstərilmir [8, s.3]. Bu məsələni müəllif
ictimai siyasi hadisələrlə, qadının əsarət altında olduğu XV əsr
özbək mühiti ilə bağlayır.
Alimin qənaətlərinə əsasən, Nizami "Xəmsə”sinin
təsirilə Nəvai öz ustadının poetik fikirlərindən ilhamlanmış,
əsərlərindəki humanist ideyalarla Nizami sənətinə çox yaxınlaşmışdır
[8, s.4].
H.Araslı öz tədqiqlərində Nizami və Nəvai əsərləri
ilə yanaşı, eyni mövzularda əsərlər yazmış Əmir Xosrov Dəhləvi, Məktəbi,
Cami və Hatifinin "Leyli və Məcnun” əsərlərinin məzmununa da diqqət
yetirir və müqayisələr aparır [14, s.11; 1, s.104].
Məsələnin bu şəkildə öyrənilməsi, bütövlükdə Nizami və Şərq
ədəbiyyatının münasibəti, dahi sənətkarın öz davamçılarına ideya,
poetik fikir, üslub baxımından göstərdiyi çoxşaxəli təsir problemlərinin
öyrənilməsinə geniş perspektivlər açdı.
H.Araslının Azərbaycan nizamişünaslığında xidmətlərindən biri
də Nizami Gəncəvi əsərlərinin tərcümə və nəşri sahəsində olmuşdur.
Bu sahədə görülən işlərdən "Nizami. Lirika” (Sətri tərcümə, tərtib,
müqəddimə və şərhlər. H.Araslı, Bakı, 1940) kitabını göstərə bilərik.
1940-cı ildə ilk dəfə işıq üzü görən bu "Lirika” kitabı sonrakı
dövrlərdə, əsas baza həmin ilk tərcümələr olmaqla, "Azərnəşr” və
"Gənclik” nəşriyyatları tərəfindən bir neçə dəfə çap olunmuşdur. Həmid
Araslının sətri tərcümələri və redaktəsi əsasında yaranan bu ilk
poetik tərcümələrdə Nizami şeirinin dərin, lakin sadə və gözəl ifadə
olunan fəlsəfi mənaları, sənətkarlığı müəyyən dərəcədə ifadə
olunub xalqa çatdırılmışdır. Bu kitab Nizami "Divanı”nı bütöv şəkildə
əks etdirməsə də, görülmüş iş son dərəcə əhəmiyyətli idi. Kitabın
müqəddiməsində H.Araslı haqlı olaraq yazır: "Oksford, Berlin, Qahirə
və Hindistan kitabxanalarında "Nizami Divanı” adlanan əlyazmalar
vardır. Lakin bu vaxta qədər bu əlyazmalar tədqiq olunub çap edilmədiyindən
şairin qəzəlləri elm aləminə bütünlüklə tanına bilməmişdir” [15,
s.5]. Qeyd edək ki, Nizami "Lirika”sının ilk poetik tərcüməçiləri –
Ə.Vahid, C.Xəndan, M.Dilbazi, N.Rəfibəyli və O.Sarıvəlli kimi gözəl
şairlərimiz olmuşlar.
Nizaminin ilk "Lirika” kitabına qəzəllərdən əlavə, şairin qəsidələrindən
də nümunələr daxil edilmişdir. Nizami Gəncəvinin fəlsəfi dünyagörüşü,
ictimai-xəlqi fikirləri, şəxsiyyəti, sənətkarlığı haqqında oxucuda
kifayət qədər təsəvvür yaradan bu tərcümələr indiyədək öz əhəmiyyətini
saxlamaqdadır.
H.Araslının müstəsna xidmətlərindən biri də 1943-1944-cü illərdə
nəşr olunmuş ikicildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”nin
1-ci cildində yer alan "Nizami Gəncəvi” oçerkidir. Alim 1960-cı ildə
nəşr olunan üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi” kitabında Nizami
Gəncəvinin həyat və yaradıcılığını əhatə edən bu oçerki daha da genişləndirmiş,
Nizami Gəncəvinin tərcümeyi-halı və ədəbi irsi haqqında müfəssəl
məlumat vermişdir.
Alim öz araşdırmalarını Azərbaycan nizamişünaslığının sonrakı
mərhələlərində də yorulmadan davam etdirmiş, əsərlərini Bakıda
və bir sıra xarici ölkələrdə nəşr etdirmişdir. Nizami Gəncəvi.
"Sirlər xəzinəsi” (müqəddimə, Bakı, "Azərnəşr”, 1953, s.5–9), Nizami
Gəncəvi. Qəzəllər (müqəddimə, Bakı, "Azərnəşr”, 1953, s.3–14), Nizami
Gəncəvi. Poemalardan parçalar (müqəddimə, Bakı, "Uşaqgəncnəşr”,
1954, s.5–18), Nizami Gəncəvi. "Xosrov və Şirin” (müqəddimə, Bakı,
Azəbaycan SSR EA nəşriyyatı, 1962, s.3–18), "Cami və Azərbaycan ədəbiyyatı”
(Əbdürrəhman Caminin anadan olmasının 550 illiyi münasibətilə
"Ədəbiyyat və incəsənət”, 1964, 12 dekabr), Nizami poeziya günləri
qarşısında. ("Ədəbiyyat və incəsənət”, 1979, 20 may), Nizami Gəncəvi.
"Xosrov və Şirin” (müqəddimə, Bakı, "Elm”, 1981, s.5–23), Nizami və
Şərq ədəbiyyatı (Nizami Gəncəvinin anadan olmasının 840 illiyi münasibətilə
Azərbaycan EA Xəbərləri, Ədəbiyyat, dil və incəsənət seriyası,
1981, №4, s.3–9), Ölməz məhəbbət dastanı. Nizami Gəncəvi. "Xosrov və
Şirin” (müqəddimə, Bakı, "Yazıçı”, 1982, s.5–17) və başqa işlərində
ölməz şairin həyatı, yaradıcılığı, sənətinin təsir dairəsi ətrafında
elmi tədqiqatlar aparmışdır.
Görkəmli alimin elmi əsərləri dünyanın bir çox ölkələrində, o
cümlədən Moskva, Ankara, Kabil, Daşkənd, Tiflis, Bağdadda və başqa
şəhərlərdə dəfələrlə nəşr olunmuşdur.
H.Araslının Azərbaycan nizamişünaslığına verdiyi qiymətli
töhfələri bir məqalədə əhatə etmək mümkün deyildir. O, ömrünün sonuna
qədər öz amalları yolunda, Nizami Gəncəvinin həyatının, şəxsiyyət
və yaradıcılığının mükəmməl araşdırılması uğrunda çalışdı. XX
əsrin 80-ci illərində Türkiyə arxivlərində şairin vəqfinə dair xüsusi
mülkiyyəti təsdiq edən sənədin tapılması ilə əlaqədar H.Araslı "Nizami
vəqfi haqqında yeni sənəd” adlı məqaləsində məlumat verir, şairin
həyatı haqqında o dövrə qədər mövcud bir çox dolaşıqlara son qoyaraq
yazırdı: "Nizami öldükdən sonra qəbri ziyarətgaha çevrilmiş, onun
öz kəndinin gəlirlərindən başqa bizə məlum olmayan hökmdarlar və
ya bivaris ölən adamlar tərəfindən bu məqbərəyə vəqflər edilmişdir.
XVI əsrdə bu məqbərə çox gəlirli vəqfi olan, gəlib-gedənlərə və yoxsullara
hər gün yemək verən, müdərrisləri təmin edən bir xeyriyyə ocağı olmuşdur”
[16].
Akademik Həmid Araslı əsl elm fədaisi, dünyada tanınan nüfuzlu
alim, öz doğma xalqının ədəbiyyat və mədəniyyətinin tükənməz bilicisi
və təbliğatçısı idi. O, Azərbaycanın dahi klassiklərinin, o cümlədən
Nizami Gəncəvi irsinin dünyada tanınmasına yorulmaq bilmədən
bir ömür sərf etmişdi. Türk alimi Hüseyn Ayan onun Azərbaycan ədəbiyyatının
tədqiq və təbliğində rolunu yüksək qiymətləndirərək belə yazmışdır:
"Eğildiği ilmi mevzularda vardığı neticeleri, "kendine saklamayan”
Hamid Araslı, milli ve milletlerarası kongre ve konferanslara götürüp
ilim alemine sunmuştur” [17, s.39].
Türk dünyasının böyük ustad alimi Həmid Araslının ruhuna Allahdan
rəhmət diləyirik!