Biz imzaları yox, əsərləri dərc edirik...

Özüylə başladı həyat, özündə bitdi – Əli Şirin Şükürlünün şeirləri
302
22 Yanvar 2020, 09:17
  Artkaspi.az saytı Əli Şirin Şükürlünün "Ədəbi suprematizmə aid nümunələr” silsiləsindən yeni şeirləri təqdim edir:
 
  V şəklində uçuş – azadlığın fəlsəfəsi
 
Qadın həbsxanası...
Tikanlı məftilə qonan quş 
birdən pırr edib uçdu 
məhbus qadınların gözləri qarşısında 
və qəfil uçuşun arxasınca yüyürdü baxışlar.  
 
Doğrusu, mən nə məhbus qadınları, 
nə də onların baxışlarını gördüm. 
Mən həbsxana divarının yanından ötərkən   
bir quşun ürküb tikanlı məftildən 
aralandığının şahidi oldum və qəfil uçuşun arxasınca 
yüyürən baxışlar barədə düşündüm qeyri-ixtiyari: 
elə şeylər var o qədər aşkar ki, isbat olunmaz. 
Sonra ayaq saxlayıb, 
V şəkilli uçuşları seyr etdim bir qədər: V V V ... 
hər biri ayrılıqda
bir uçağı xatırladar səmada həm də. 
 
Və 
azadlığın əsl fəlsəfəsini anladım: 
azadlıq vərdiş imiş, demə, 
hər yaranmışda olmayan bacarıq –
başqa heç nə.  
Məsələn, quşların uçmaq vərdişi kimi. 
 
 

  Sahibsiz ev və vaxtın səsə çevrilməsi 
 
Vaxtiylə bu evin sahibini tanıyırdım, 
indi qarşısında dayandığım 
üçmərtəbəli evi deyirəm. 
Gülərüz, şən adam idi – həyatla dolu. 
Arabir kədər sezilərdi gözlərində
pəhləvan cüssəli bu adamın.
Qəfil dünyasını dəyişdi. 
 
Hazırda heç kim yaşamır evdə. 
 
Yaxın qohumlarından biri 
binanın qarşısındakı ağacları sulayırdı
mən binanın yanından keçərkən. 
Saralmış yarpaqları, çürümüş meyvələri 
süpürürdü bir qadın küçədən.  
Səs dəyir qulağıma: çıq. çıq. çıq ... Yadıma düşür, 
dəhlizdə iri bir saat asılmışdı divardan. Fikirləşirəm:
saat işləyir hələ də.
 
Vaxtı səsə çevirir saat, 
səs dalğa şəklində yetirir özünü mənə. 
Beləcə, hər bir şey ya ani, ya da tədricən 
çevrilir başqa bir şeyə  "yoxolma” adıyla.
 
Uzaqlaşdıqca gözdən itir bina, ağaclar, 
ağac sulayan kişi, küçə süpürən qadın... mənzərənin
ağ-qara təsviri köçür yaddaşıma, qulağımda hələ də 
saatın çıqqıltısı – vaxtın möcüzə dolu harmoniyası.
 
 
  Foto: metafizik düşüncə 
 
Mənim şəklimdi. Pəncərə qarşısında dayanmışam. 
Pəncərədən ağac görünür, yarımçıq. 
Neçə yaşım var orda o zaman, dəqiq deyə bilmərəm. 
Orda o zaman nə düşünürəm, indi xatırlamıram. 
Yarımçıq ağac təsviri; yarımçıq təsvir varsa, 
demək, ağac ya tam olub nə vaxtsa,  
ya da elə tamdı, şəkildə yarımçıq düşüb, sadəcə.
 
 İndi isə baxıb şəklə düşünürəm, hər şey 
 pəncərənin o şəkildə yarımçıq göstərdiyi ağac kimi 
 yarımçıqdı: nəyi nə qədər görüb, nə qədər anlayırıqsa,
 elə o qədərdi, inan və başqa ölçü axtarma israrla. 
 Nə varsa ətrafda, yalnız və yalnız
 biz ona baxıb gördüyümüz zaman mövcuddu təkcə:
 yum gözlərini, hər şey itəcək bir anın içində 
 bulanıq təsviri təsəvvüründə, 
 aç indi, hər şey yenidən canlanacaq. 
 
O şəkildən üzü bəri zaman-məkan içində  
çox hadisələr ardıcıl canlanır yaddaşımda:
bəzisi sürətlə, tez-tələsik ötüb keçir, bəzisi asta-asta. 
Amma bütün yaşananlar ilişib qalıb, hələ də  
ayrı-ayrı zaman parçalarında – işdi, geri qayıda bilsə, 
üz-üzə gələr adam öz-özüylə, qarşılaşar keçmiş gələcəklə. 
Maraqlıdı, zənn edək, tanıyıb bir-birini 
keçmiş və gələcəkdə yaşayan eyni adam ayaq saxladı, 
sonra?.. Yoxsa ötüb keçərlər yad adamlar kimi,
fikir vermədən bir-birinə?    
...
 
Əgər o şəkil canlı bir mənzərəyə çevrilsə qəfil və 
mən üzümü çevirsəm, pəncərə də itəcək dərhal, ağac da. 
O vaxt o otağı yaxşı tanıdığımdan 
öncə qapını görəcəyəm, bilirəm; qapı – təkcə otaqdan deyil, 
bəzən elə özümüzdən çıxıb getmək üçün bir vasitə. 
Sonra başqa mənzərə açılacaq qarşımda, 
yeni mənzərə - tam (bu da bir aldanış, əslində) 
və yarımçıq təsvirlərdə. 
 
Əgər o şəkil canlı mənzərəyə çevrilsə qəfil və 
mən indi burdan seyr etsəm o mənzərəni, 
o zamandakı mən də çönüb ordan baxsa mənə 
və nəsə soruşsa, mən də cavab versəm həvəslə,
dəyişən bir şey olarmı fəzanın geriyə buraxdığı 
zaman-məkan müstəvisində. Yəni, 
o məndən bu mənə yaşananlardan 
nəyisə dəyişmək olarmı, görəsən? Və nəyi?.. 
 
İndi bildiniz nə demək istəyirəm bayaqdan bəri? 
 

  Metro
  
Dayanıb metronun qarşısında
seyr edir – qarşısında mənzərə canlı mənzərə: 
adamlar tələsir, ləngiyir, 
nə tələsir, nə də ləngiyir 
canlı mənzərədə.
 
Biri metroya  girir. Ekskalator boyu üzü aşağı – yox olur. 
Çıxır metrodan biri üzü yuxarı – dəf edir yoxluğu.
 
Gedir yeraltı keçidə doğru – tədricən gözdən itir.
Çıxır yeraltı keçiddən – hissə-hissə bərpa olunur.
 
Gözəl bir qız yeriyir asta-asta, – üzündə məmnunluq.
Yanında bir gənc – başı əyilmiş qıza sarı.
Sevgi var bu ləngimədə.
 
Qoca – zorla yeriyir. Diqqətlə baxır
yanından keçənlərə, üzündə ümidsizlik.
Ölüm yağır bu ləngimədən.
 
Yeyin addımlarla üz alıb metroya  
zövqlə geyinmiş gözəl qadın.
Üz-gözündən həyat yağır,
həyat yağır tələsmədən.
 
Metrodan çıxıb harasa tələsir,
qalstuk taxıb, orta yaşlı. Qorxur gecikməkdən. 
Yaşamaq gizlənib bu tələsmədə.
 
Qaçıb sürətlə keçir metronun qarşısından
kimsəyə fikir vermədən. Nə qocadı, nə cavan, –  
özündən razı. Amma
ölüm boylanır tələsmədən.
 
Bəs o kimdi (nədi) – 
obyektiv varolma, gözəgörünməz.
Nə həyata tələsir, nə də ölümə.
Nə ölümə ləngiyir, nə də həyata.
 
Paralel talelərin
kəsişmə nöqtəsidi metro, – 
maraqlı, həm də kədərli əsrarəngiz mənzərə,
dayanıb seyr edəsən vaxtı vecinə almadan.
 
Bilirəm 
bilirsən, bilir, bilirlər:
yaşanan hər an gecikməsidi ölümün.
 
  Qoşa məzar
 
 
Gözəl qız idi.  
Çox idi onu sevənlər. 
 
Bir gün qız da sevdalandı – 
yoluxdu sevgiyə yaxşıca. 
Sevib-seçdiyi oğlan da
çox iztirablar keçirmişdi 
qazanınca gözəl qızın sevgisini. 
 
Zaman da ləyaqətlə görür işini:
sevgini də udur, cırmaqlayır gözəlliyi də ...
 
Oğlan – o gözəl qızın əri
əvvəlcə günləri, sonra ayları, sonra da illəri 
sərf etdi ötəri sevgilərə. Heç nə qalmadı ona 
ötəri sevgilərdən – adda-budda xatirələrdən savayı. 
Qocaldı və öldü.
 
Gözəl qız – sevimli ərin arvadı 
bir dəfə də söz açmadı xəyanətdən, 
getdikcə çoxalan və gözəlliyinə asta-asta 
kölgə salan soyuqluqdan.   
Qurban verdi gözəlliyini
əvvəlcə illərə, sonra aylara, sonra da günlərə.
Yoluxduğu sevgiylə birgə qocaldı dəyanətlə və öldü.
 
Ortayaşlı bir kişi dayanıb 
qoşa məzarın qarşısında:
bu atamdır, bu anam – deyir dostuna.
 
Hansını daha çox sevirdin? – 
Dostu, adətən, uşaqlara verilən sualla 
zarafatyana müraciət edir ona.
 
O isə duruxur, cavab yerinə 
gülümsəyir sadəcə. Uşaq vaxtı 
bu suala şəstlə "anamı” deyə verdiyi cavab 
və anasının özünü sındırmasa da, iztirabdan 
saralmış bənizi düşür yadına. 
 
Bu vaxt 
anası qucaqlayıb onu, 
"oğlum atasını da çox sevir” – demişdi.  
 
 
 
  Riyazi poeziya silsiləsindən minimalist şeirlər
 
1. düz xətt
 
nə əvvəli, nə axırı var:
hər addım iki nöqtə qeyd edər üstündə
zamanın.
 
2. mütənasiblik
 
adamlar
tərk edib onu kənara çəkilirdi ...
o öz içinə.
 
3. dördbucaqlı
 
fotolar – 
donmuş məkan və zaman 
salınıb çərçivəyə.
 
4. dairə
 
özüylə başladı həyat,
özündə bitdi.
 
5. sıfır
 
heç nə yox olmur:
yenidən başlanır hər şey.
 
6. şüa
 
dayandığın nöqtədə hayana çönsən
sonsuzluq açılar üzünə.
 
7. parça
 
bir ömür – 
iki ədəd arasında məsafə.