Biz imzaları yox, əsərləri dərc edirik...

Özünəqəsdi təbiətə xəyanət olaraq qəbul edirəm – Vüsal Aydının müsahibəsi
801
09 Avqust 2018, 10:48
   Artkaspi.az detektiv yazar Vüsal Aydınla, onun müəllifi olduğu "Dr.Səid” romanı barədə müsahibəni təqdim edir:
 
 
 

  – Romanın əsas qəhrəmanı olan Səid ixtisasca həkimdir. Cinayətlərin izinə tibbi savadı olan birinin düşməsi cinayətlərin daha asan çözülməsinə kömək edirmi? Yəni müəllif niyə qəhrəmanı digər peşə sahibi deyil, məhz həkim kimi yaradıb?
  –  Əsas obrazın cinayətlərə yanaşmasını daha aydın təsvir etmək üçün həkim olması işimi müəyyən qədər asanlaşdırıb.

  – Romanda vermək istədiyiniz mesaj məncə, budur: Hər intihar bir cinayətdir və burada intihar edəni bunu etməyə sövq edən bir çox cinayətkar var. Necə düşünürsünüz, intiharların olmaması üçün nə kimi məsuliyyətlərimiz, öhdəliklərimiz var?
  – Düşünürəm ki, intihar öz-özlüyündə cinayətdir, intihar edən şəxs özünü belə olsa, öldürdüyünə görə artıq bir adam öldürmüş olur. Əlbəttə, mən "nə edək ki, cəmiyyətdə intiharın kökü kəsilsin?” sualının cavabını bilmirəm, bunu hələ ki, heç kim bilmir. Əgər burada açıq-aşkar bir düstur, yaxud bir müalicə taktikası olsaydı, bütün ölkələrdə tətbiq olunar və intihar bir dəfəlik aradan qaldırılardı. Sadəcə olaraq, cəmiyyət olaraq bu məsələyə daha həssas yanaşsaq və diqqətimizi artırsaq, zənnimcə, intiharların sayını müəyyən qədər azalda bilərik.

  – Əsərdəki təsirli obrazlardan bir də Mirzədir. Reallıqlarla uydurulmuş dünya arasında Mirzə oxuculara nə mesaj vermək istəyir?
  – Düzü, elə bilirəm ki, hər insanın hər hansı obrazdan aldığı, götürdüyü şeylər fərqli ola bilər. Ona görə mən bu barədə ehkam göstərə bilmərəm, ancaq bəlkə də Mirzə həyat tərzi ilə bizə intiharın ən gözəl formasını öyrətməyə çalışır, ölümün çıxış yolu olmadığını göstərir və o ikinci həyatında öz mütaliəsi, daxili zənginliyi ilə nəinki intihardan tamamilə uzaqlaşır, həm də bizim əsas qəhrəmanımızın çətin vaxtlarda köməkçisinə, müəyyən mənada mentoruna çevrilir.
 
 
 

  – Bir çox cinayətin araşdırılmasında Dr.Səidə onun tibbi biliyi kömək edir. Müəllif olaraq, bu cinayətləri əvvəlcədən məntiqə əsaslanaraq düşünmüsünüz, yoxsa hadisələrin gedişatı zamanı hər hansı mənbəyə istinad etmisiniz?
  – Yazı prosesinin özünə məxsus sürprizləri olur, yəni yazmaq bir tərəfdən də elə araşdırmaqdır, ona görə demək olar ki, heç nəyi qabaqcadan planlaşdırmamışam. Həyatda rastlaşdığımız hadisələrə bənzər cinayətlərlə rastlaşan Dr.Səidlə birlikdə mən də hadisələrin necə açıldığına, eynən oxucular kimi şahid olmuşam. Ancaq müəyyən, xüsusi dəqiqlik tələb edən yerlərdə, məsələn, asılma zamanı baş verən dəyişikləri təsvir edərkən, yaxud qapı kilidinin açılmasının necə mümkün olduğunu yazarkən, sözsüz ki, araşdırmalar aparmışam, mümkün olanları özüm də yoxlamışam. Bir sözlə, əsərdə uydurma var, yalan yox.

  – Dr.Səid təbiət etibarı ilə çox sakit, təmkinli insandır. İnsanların ölüm faktlarını araşdıran və aşkarlayan obrazın daxili dünyasına çox varmamısınız. Amma oxucular həm də onun hisləri, duyğuları ilə də tanış olmaq istəyir. Növbəti hissələrdə bu məqama bir az geniş yer verməyi düşünürsünüzmü?
  – Əlbəttə. Roman üç hissədən ibarət olacağına görə, birinci müəyyən qədər "tanışlıq” xarakteri daşıyır. İkinci və üçüncü hissələrdə obrazların daxili dünyasına, nəyi niyə elədiklərinə daha yaxından şahid olacağıq.

  – Dr.Səidin yaranmasında doktor Vüsalın nə kimi xidməti var? Sizdən bir parça varmı onda, yoxsa tamamilə təxəyyül məhsuludur?
  – Zənnimcə bir əsərin, bir romanın bütün obrazlarında müəllifdən bir parça var və roman bütövlükdə təxəyyül məhsuludur.

  – Bir həkim və bir detektiv roman müəllifi olaraq, siz nə düşünürsünüz, intihar, özünəqəsd insanın, insanlığın hansı vəziyyətidir və bununla necə mübarizə aparmaq lazımdır?
  – Özünəqəsdi, birmənalı olaraq, təbiətə xəyanət olaraq qəbul edirəm. İstənilən halda, bunun sağlam düşüncə məhsulu olmadığı qənaətindəyəm, ancaq bununla necə mübarizə aparmaq lazım olduğunu dəqiq bilmirəm və bəlkə də intihar mövzusuna müraciətim məhz bu suala cavab axtarışıdır. Dediyim kimi, yazı özü araşdırmadır.
 
    Söhbətləşdi: İlahə Musayeva