Biz imzaları yox, əsərləri dərc edirik...

Özümü Selincerin ruh əkizi sayıram – Mustafa Məsturun müsahibəsi
1866
19 Oktyabr 2018, 11:56
 Artkaspi.az "Kaspi” qəzeti dünyaca məşhur İranlı yazıçı Mustafa Məsturun Türkiyənin "Kültür atlası” dərgisi üçün yazar Zeynəb Özələ verdiyi müsahibəni təqdim edir:
 
 

 
 – "Mümkün olanın ən yaxşısı” adlı kitabınızı tərcümə edərkən olduqca təsirləndiyimi etiraf etməliyəm. Aylarla kitabdakı obrazlarla yaşadım. Yazıçılıq macəranız necə başladı?
 – "Mümkün olanın ən yaxşısı”nda bir yerdə deyirəm ki: "Həyat heç də planlaşdırdığımız kimi olmur”. Bu, mənim həyatıma da aiddir. Balaca vaxtı yazmağı və sözləri çox sevərdim, sanki sözlərlə yaşayırdım, amma yenə də heç vaxt yazıçı olmaq barədə düşünməmişdim. Əslində, film çəkmək istəyirdim. Hətta ilk gənclik illərimdə bir-iki qısa film çəkib mükafat da almışdım. Lakin qısa müddətdə bu işin mənim üçün uyğun olmadığını anladım. Film çəkmək üçün diribaş olmaq lazım idi. Mən isə uşaqlığımdan bəri özünəqapanıq və utancaq idim. Hələ də eləyəm. Bundan sonra tərki-dünya ruhuma uyğun yazmağı sınamaq qərarına gəldim. Əvvəllər hekayələrimin çap edilməsi belə məni utandırırdı. İndi isə nadir hallarda bu hissi keçirirəm. Amma fikrimcə, yazmaq film çəkməkdən daha asandır. Ən azından bir qrup insanla işləmək məcburiyyətində olmursunuz. Yazmaq üçün bir az sakitlik, yalnızlıq və bir neçə səhifə kağız kifayət edir.

 – Daryuş Şayeqan Prustu, Qonkur qardaşlarını, Sen Simonu, Floberi təqlid edə-edə özünəməxsus bir üslub formalaşdırdığını dilə gətirmişdi. Bu metod haqqında siz nə düşünürsünüz? Və sevdiyiniz yazıçılar kimlərdir?
 – Yer üzündə yaşayan milyardlarla insan arasından bir-birinə bənzər iki nəfər tapa bilməzsiniz. Hətta əkizlər belə fərqlənir. Yəqin bu keçmişdə də belə olub. Ehtimal ki, gələcəkdə də dəyişməyəcək. Bunları qeyd etməklə demək istəyirəm ki, təbiət iki insanın tamamilə bənzər olmasını istəmir. Sənətin özəlliyi də fərdiliyindədir. Təqlidlə o fərdilik yoxa çıxır və yaranan şey artıq sənət olmur. Təbii, bəzi adamların zehni, ruhi və hissi oxşarlığına təqlid deyə bilmərik. Amerikalı yazıçı Selinceri çox sevməklə kifayətlənməyib, bənzər şeylər barədə düşündüyümüzə də inanıram, amma heç vaxt onu təqlid etmək istəmərəm. Polşalı rejissor və ssenarist Kyeslovskini də çox sevirəm, ancaq onun üslubunu təqlid etmərəm. İkisi də mənim hekayələrimi oxusaydılar bəyənərdilər, amma əminəm; heç biri məni təqlid etmək istəməzdi. Bunu "ruh əkizliyi” adlandıra bilərik. Mən də özümü Selincerin, Kyeslovskinin ruh əkizi sayıram.

 – İlk hekayəniz olan "Şiraz”ın ithaf hissəsində müxtəlif qəzalarda ölən uşaqlıq dostlarınızı nəzərdə tutaraq belə deyirsiniz: "Əslində, bu hekayəni – əllə işlənmiş hədiyyə kimi – uşaqlıq dostlarım Əsi, Rəsul və Aydiyə ithaf eləyəcəkdim, amma sonra  fikrimdən daşındım. Hekayələrin dəyəri ilə bağlı həmişə narahat olmuşam. Elə bu davranışın altında yatan kobud, axmaqca özündənrazılığa görə də sonra fikrimi dəyişdim. O fikrə gəldim ki, onların ölümünə hekayə ithaf etmək, mənim sağ qalmağımla öyünməyim mənasına gəlir. İllər sonra bu üç dostuma "divar arxası”ndan belə səslənmək istəyirəm: "Uşaqlar, sizin üçün bu qədər çox darıxacağımı heç fikirləşməmişdim...”. Təsirlidir... Doğurdan da, Aydi, Əsi və Rəsul uşaqlıq dostlarınızmı idi və sonları hekayədəki kimi oldumu?
 – Sanki uşaqlığım çox uzun keçib Macəra dolu və aktiv. İndiki uşaqlar kimi evdən məktəbə, ana-atayla kinoteatra, ya da restorana gedib, bir istixanadakı kimi böyümürdük. Uşaqlığım xurma və tut ağaclarının təpəsində, yan-yörəsində keçib. Pişiklərlə, küçədə futbol oynamaqla, həyəcan, qorxu və macəralarla iç-içə. Yoxsulluq və səfalət içindəydik, fəqət çox yaxşı dostlarım var idi. Bəzisi sonradan oğru və qaçaqmalçı oldu, bəzisi də Avropa və Amerikaya immiqrant kimi getdi, bəziləri də müharibədə öldü. Əsi, Rəsul və Aydi dostlarım olmasalar da, bütün uşaqlıq dostlarımın simvollarıdırlar. Daha öncəki hekayələrimdə də Əsi, Rəsul və Aydidən dəfələrlə bəhs etmişəm.

 – Mühəndis olmağınız hekayə yaradıcılığınıza təsir edirmi?
 – Fizika və riyaziyyatla tanışlıq zehni məntiqli və sistematik formaya salır. Hekayə qurmaq üçün əvvəlcə süjet lazımdır. Mən də yazmamışdan əvvəl həmin süjeti planlaşdırıram. Hekayənin quruluşunu, xarakterləri və detalları müəyyənləşdirirəm, hətta bəzən hekayədəki mühiti memarlıq baxımından da ətraflı təsvir edirəm. Hekayəni fiziki və duyğu şəklində beynimdə canlandırmadıqca yazmıram.

 – "Tehran” hekayənizdə müxtəlif ölkələrdə yaşayan uşaq və nəvələrinə görə yalnız qalan yaşlı qadının həyəcanlarını, narahatlıqlarını çox gözəl əks etdirmirsiniz: "Eskalatora hər dəfə minəndə, ayağını kəndirbaz kimi diqqətli və ehtiyatlı şəkildə pilləyə qoyurdu... Yeməkdən sonra oturacağından qalxıb eləcə tərpənmədən masanın arxasında dayandı. Dənizin ortasında, ən adi bir hərəkətlə alt-üst olacaq qayığın ağırlıq mərkəzində durmuş kimiydi...” Bir az da dünyasını dəyişmiş ananızla münasibətlərinizdən danışardınız...
 – Dediyim kimi özünəqapanıq biriyəm və sosial həyatdan uzağam. Yəqin buna görə kişilərdənsə qadınlara, onların problemlərinə, ruh hallarına və fikirlərinə daha yaxınam. Onsuz da, yaşlı qadın və kişiləri çox sevirəm və onlarla saatlarla söhbət edə bilərəm. Məsələn, anam sağ olanda onunla çox danışardım. Adətən, onun üçün çox önəmli, mənim üçün isə elə də vacib olmayan mövzulardan...

 – Bu kitabınızdakı ən fərqli hekayəniz "Bəndər Ənzəli”dir. Siz bir obrazı eyni zamanda üç fərqli xarakterdə, bambaşqa həyatlarda, bir aşiq kimi yaratmısınız. Əslində, bu üç eyni insan fərqli talelər yaşayır, amma "Bəndər Ənzəli”də qarşılaşdıqları zaman özlərini güzgüdə bir başqasının gözüylə görmüş kimi olurlar. Qəribə quruluşdur. Bu hekayəniz haqqında nə fikirləşirsiniz?
 – Hekayələrimi şərh etmək, fikrimcə, heç də yaxşı bir şey deyil. Sadəcə "Bəndər Ənzəli” zahirən aşiqanə bir hekayə kimi görünsə də, əslində, müharibə əleyhinə hekayədir. Əgər müharibə olmasaydı, hekayənin qəhrəmanı o üç sevgi dolu həyatdan, hətta həyatlardan birini yaşayacaqdı, amma 17 yaşında müharibədə öldüyü üçün bu fərqli həyat seçimlərini itirir. Terrorda, ya da müharibədə ölən hər gənc, əslində, onu gözləyən həyatın təbii ləzzətlərinə çata bilmir. Hər gün dünyanın dörd bir yanında minlərlə gənc hədər yerə həyatın gözəlliklərindən məhrum olur. Mən bunları nə vaxtsa bir yerdə hayqırmaq istədim və "Bəndər Ənzəli” hekayəsi tam da o yer idi...
 
 

 
 – Kinematoqrafiya ilə maraqlandığınızı söylədiniz. Ən son hansı filmi izləmisiniz? Ən sevdiyiniz rejissorlar kimlərdir?
 – Filmləri çox sevirəm, amma, sözün əsl mənasında, bəyəndiyim filmlərin sayı azdır. Ən son "Üç Billboard Ebbing Çıxışı” və "Mission”u bəyənərək izlədim. Ayrıca şiddət əleyhinə olan Mike Leighin filmlərini də sevirəm. Richard Linklaterin "Gün Çıxmadan, gün batmadan və gecə yarısından öncə” seriyasını və xüsusilə Funny Gamesi ilə Michael Hanakeyi çox sevirəm. Spilberqin "Şindlerin siyahısı”, "Sıravi Rayanı xilas etmək” filmləri də olduqca yaxşıdır. Kyeslovski filmlərini də hədsiz sevirəm və çox izləmişəm. Bir neçə il əvvəl Yılmaz Güney haqqında yazılmış "Yol” adlı kitabı İngiliscədən Farscaya tərcümə etmişəm. "Yol”u izləmişdim və bəzi səhnələrini hələ də xatırlayıram. Yazı üslubumu formalaşdırmağımda kinonun təsiri olduğu qənaətindəyəm. Bu, dünyagörüşü qazanmağıma, təəssüratlar və təsvirə önəm verməyimə səbəb oldu. Bir yandan da bəzi səbəblərdən hekayələrimi bəyaz pərdədə görmək kimi bir həvəsim yoxdur.

 – İrandan xarici ölkələrə sənətçi axını var. Lakin mühacirət etsələr də, farsca yazmağa davam edirlər. Sizcə, mühacirət dönəmində ortaya daha yaxşı mətnlər çıxırmı? İranda yaşayan bir yazıçı kimi özünüzü təzyiq altında hiss edirsinizmi?
 – Məncə, yazıçılar İrandan ayrılıb fərqli ölkələrdə məskunlaşdıqdan sonra ədəbi güclərində bir zəifləmə müşahidə olunur. Bir səbəbi, yazdıqlarının bu cəmiyyətdə kök salmış olmasıdır. Torpaqdan ayrılan kök quruyur. İrandan köçdükdən sonra ruhən daha rahat olan bir yazıçı tanımıram. İranda isə senzura var. Bəzi qiymətli əsərlər işıq üzü görmür, ya da orijinalının təhrif olunmasına gətirib çıxaran bəzi müdaxilələrdən sonra çap edilir. Keçən il çap prosesindəki son romanımdan ("Eşq və digər şeylər”) bəzi bölümləri çıxartmağımı istədilər. Mən də qəbul etməyərək mediada etirazımı ifadə edən bir açıqlama verdim və dedim: "Əgər Mədəniyyət və İslami-İrşad Nazirliyi kitabımın çap olunmasına icazə verməsə onu tərcümə etdirib xaricdə yayımlayacam”. Bir neçə gün sonra həmin nazirlik kitabın çapına razılıq verdi. Bəzi adamların müəyyən kürsülərdə əyləşib şəxsi meyarları əsasında hansısa kitabın çapına icazə verib-verməməsi ilə razılaşmaq olmaz.
 
 Türkiyə türkcəsindən uyğunlaşdıran: Cahanxanım Seyidzadə