Biz imzaları yox, əsərləri dərc edirik...

Özümdən tam narazıyam – Varisin müsahibəsi
2712
28 Fevral 2018, 10:45
    Artkaspi.az yazıçı Varisin müsahibəsini təqdim edir:
 
 

  – Varis bəy, sizcə bir yazar üçün ən önəmli faktor əsərinin xitab etdiyi kütləni tapa bilməkdir, yaxud bunu düşünmədən, sadəcə, mükəmməl, gözəl bir əsər yaratmaq?
  – Yazar üçün ən önəmli faktor mükəmməl, gözəl bir əsər yaratmaqdır. Ancaq bu mükəmməlliyi, bu gözəlliyi elə yaratmalıdır ki, oxucu kütləsi onu qəbul edə, qiymətləndirə bilsin.

  – Umberto Eko deyirdi ki, yazıçı oxucuya gözlədiyi şeyləri yox, gözləmədiyi şeyləri çatdırmalı, hətta onun hazır olmadığı şeyləri təqdim etməlidir. Oxucunu sözün yaxşı mənasında "dəyişdirməlidir”. Bu fikrə münasibətinizi bilmək maraqlı olardı.
  – Təbii ki, bədii əsərlə sənədli publisistika arasında fərq olmalıdır. Yazıçı hər hansı hadisəni olduğu kimi təsvir edən jurnalistdən, məhz ona görə fərqlənir ki, onun yoğurduğu xəmir tək un və sudan ibarət deyil, əlavə komponentləri də var. Nəsr gerçəkliklə xəyalın sərhədində yerləşir. Və hər bir nəsr nümunəsi, istər fikir ədəbiyyatına aid olsun, istər hadisə ədəbiyyatına, fərqi yoxdur, oxucuya mənəvi qida verməlidir, ona görmə bucağından kənardakıları görmək imkanı yaratmalıdır.
 


 
  – Müsahibələrinizdən birində "oxucularımın böyük əksəriyyəti gənc xanımlardır. Ona görə də əsərlərimdə hisslərə, sentimental notlara xüsusi diqqət ayırıram” fikrini səsləndirmişdiniz. Sizcə, bu cür yanaşmaq, bir növ hansısa yaş təbəqəsi üçün yazmaq başqa kütlədən oxucuları itirmək demək deyil?
  – Bilirsiniz, yaradıcılığımın ilk illərində ölkədə ümumi mütaliənin zəif olması, kitab mağazalarının qəssab dükanlarına çevrilməsi, bədii ədəbiyyatın qeyri-populyarlığı kimi faktorlara diqqət yetirərək mövcud kiçik bir oxucu zümrəsini, habelə oxucu ola biləcək potensial zümrəni saf-çürük etmiş, statistik oxucunun kim olmasını müəyyənləşdirmişdim. Ona görə də ilk balletristik romanlarımı, sentimental trillerlərimi bu zümrəyə ünvanlamışdım. 2008-ci ildə ölkədə ən böyük bədii ədəbiyyat tirajı 1000 nüsxə olduğu halda 10000 tirajlıq debüt və bu debütün ardınca gələn uğurlu karyera bu taktikanın doğruluğunun sübutu oldu əlbəttə ki. Həm cəmiyyətin marağını kitaba cəlb etmək, həm də məşhurlaşmaq, böyük oxucu kütləsi əldə etmək – bunlar mənim ilk hədəflərim idi. Amma sonrakı addımlarda artıq statistik oxucuya işləmək zərurətinə ehtiyac qalmadı. Necə deyərlər, öncə oxucunun ardınca getdim ki, sonra oxucunu ardımca apara bilim.

  – Bu bir reallıqdır ki, ən azı yaxın 5-6 il ərzində mütaliəyə başlayan oxucuların böyük əksəriyyəti oxumağa Varisin, Elxan Elatlının əsərləri ilə başlayıb. Sonradan bu oxucuların bir qismi daha "ağır” ədəbiyyatın, müəlliflərin oxucularına çevriliblər. Bu sizi narahat etmir? Özünüzü və yaxud əsərlərinizi bir növ "pilləkən” kimi hiss etmirsiniz?
  – Ədəbiyyata, mütaliəyə böyük oxucu kütləsi gətirmək çox xoş hissdir. Mən xoşbəxtəm ki, on minlərlə yeniyetmənin, gəncin mütaliə vərdişi ilk olaraq mənim kitablarımı oxumaqla formalaşıb. Sonradan bu oxucuların bir qisminin daha ağır ədəbiyyatın oxucusuna çevrilməsi də təbii prosesdir.
 
 
 
  Mən bundan əsla narahat olmuram, çünki kütləvi oxucu üçün sentimental triller və balletristika yazan Birinci Varisdən fərqli olaraq özəl oxucuya psixoloji və fəlsəfi nəsr təqdim edən İkinci Varis də mövcuddur axı. Bu gün, söylədiyiniz o "ağır ədəbiyyat” oxucuları başqa yazıçılarla bərabər, mənim beynəlxalq aləmdə diplomlar, ödüllər qazanan "Metamorfoz”, "Yetmiş yeddinci gün”, "Yanvarın 13 günü”, "Zalımlar, babam və əncir ağacı”, "İyirmi bir”, "Sonuncu mogikan” kimi əsərlərimi də oxuya bilərlər.

  – "Mənim bir yazı günüm” rubrikasında siz də yazı gününüzü təsvir etmişdiniz. Olduqca planlı bir "iş günü” mənzərəsi idi. Sizcə, yazıçı bu qədər "səliqəli” olmağa məcburdur? Yəni, iş əsnasında, yazı  yazarkən qəfildən beyninizdən küçəyə çıxmaq, yağışda gəzmək, islanıb hansısa kafeyə sığınıb bir fincan qaynar qəhvə içmək istəyi keçsə, bunu asanlıqla dəf edib, işinizə qayıda bilərsiniz? Yaxud bu və ya başqa şəkildə "kənaraçıxmalar”la yazı gününüzü yarıda qoya bilərsinizmi?
  – Mən uzun müddət beynimdə hazırlanan yazımı vərəqə köçürmə prosesində həddən artıq robotlaşıram, zamansızlıq və məkansızlıq hiss edirəm. Həmin qısa müddətim həmişəki yeknəsək və adi həyatımdan tam fərqləndiyindən, orada nə günəş çıxır, nə yağış yağır.
 
  – Romanları sürətlə, məsələn, ildə bir roman yazmağın tərəfdarı olduğunuzu deyibsiniz, sizcə, əsərin keyfiyyəti ilə zaman arasında hansısa əlaqə yoxdur?
  – Zaman qısa, deyiləsi söz çoxdur. Mən ədəbiyyata, əslində, 90-cı illərdə gəlmişəm. Böyük İsmayıl Şıxlı mənim sənət müəllimim olub, mənə uğurlu yol diləyib. Amma 2008-ci ilə kimi ara-sıra qəzetlərdə hekayə, povest parçaları çap etdirməklə ortaya heç nə çıxarmamışam, yazıb yığmışam. Tam püxtələşməmi gözləmişəm. İndi həm sandığım əsərlərlə doludur, əvvəlkiləri üzə çıxarıram, həm də yenilərini yazıram.
 
 
 

  – Bir əsər yazmağa başlayarkən əvvəldən araşdırmalar edirsiniz? Məsələn, hansısa kitabları oxumaq, filmlərə baxmaq, musiqilər axtarmaq ehtiyacı hiss edirsiniz? Yaxud yazmaq üçün təkcə fikir və ideyanız sizə bəs edir?
  – İrihəcmli əsər – roman yazmağa heç vaxt yazıçının fikir və ideyası bəs edə bilməz. Əsərdə bəhs edilən coğrafi məkanda olmaq, bəhs edilən tarixi hadisə və proseslə bağlı məsləhətçilərdən bilgi almaq çox zəruridir. "Bir ovuc torpağ”ı yazanda cəbhə bölgəsinə, "Son məktub”u yazanda İstanbula, "Yaşıl üzlü gündəliy»i yazanda Praqaya səfərlərim, "Sonuncu ölən ümidlərdir”i yazanda qadın koloniyasında, yenə həmin "Bir ovuc torpağ”ı yazanda qonşu ölkələrdən birindəki qeyri-qanuni mütəşəkkil dəstədə müşahidələrim, "Əzilmiş fotoşəkillər»i yazarkən intihar üzrə, "Yaşıl üzlü gündəliy”i yazarkən itkin düşənlərlə iş üzrə, "Yolayrıcında azıb qalanlar”ı yazarkən hüquq-mühafizə sistemi üzrə mütəxəssislərlə, "Üçbucağ”ı yazanda itmiş mədəniyyətlərin bərpası üzrə beynəlxalq işçi qrupunun nümayəndəsi ilə birgə çalışmağımı qeyd edə bilərəm. Növbəti "AMİN” adlı romanımı yazmaq üçün mütləq alpinistlərlə birgə dağa çıxmaq zərurəti yaranıb.

  – Ümumiyyətlə, dünya ədəbiyyatından və yerli yazarlardan ən sevdiyiniz müəlliflər və ya əsərlər hansılardır? 
  – Söhbət nəsrdən gedirsə, dünya ədəbiyyatında "ən sevdiyim” yox, sevdiyim klassik və müasir müəlliflərdən Dostoyevskini, Vasili Rozanovu, Viktor Hüqonu, Mari-Anri Beyli, Selinceri, Markesi, Haruka Murakamini, Joze Saramoqanı, Milan Kunderanı, Orxan Pamuku, Con Maksvell Kutzzeni, Nikolas Sparksı qeyd etmək istəyərdim. Azərbaycan nəsrindən Mirzə Cəlilin, İsmayıl Şıxlının, İsi Məlikzadənin, Anarın, Elçinin adını çəkərdim.

  – Steynbek deyirdi ki, ən xoşbəxt yazıçı "qorxmuram” deyə bilən yazıçıdır. Amma təəssüf ki, bu yazıçılar heç vaxt bircə dənə də olsun mükəmməl əsər yarada bilmirlər. Bəs sizin bir yazar kimin "qorxduğunuz”, "çəkindiyiniz” və ya daima beyninizi məşğul edən mövzular hansılardır?
  – Mən yaradıcılığımda milli və mənəvi maraqlara zidd olmayan heç nədən qorxub çəkinmirəm. Heç bir tabu, sədd tanımır, heç bir çərçivəyə sığışmıram. Bədiiliklə sənədliliyin vəhdəti, nəsrlə publisistikanın sərhədsizliyi, zamandan zamana, məkandan məkana, süjetdən süjetə inteqrasiya əsərlərimdə hər zaman hiss olunur. Bu özünəməxsusluğum, yenilikçiliyim Moskvadakı məşhur Qorki adına Ədəbiyyat İnstitutunda doktorluq işinin mövzu predmeti də olub. Kifayət qədər uğurlarım olsa da, özümdən tam narazıyam, insan özündən razı olanda inkişafdan qalar, tükənər. Yaxşı, mükəmməl əsərlərim təbii ki, zaman keçdikcə olacaq. "Ən” isə həmişə əlçatmazlıqda qalmalıdır ki, həmişə ona doğru şütüyəsən. Məni narahat edən nəsnələr isə hər halda, var. Ölkəmizin kitab bazarının çox kiçikliyi, oxucuların alıcılıq qabiliyyətinin aşağı olması, dünya kitab bazarına çıxışımızdakı dil baryeri, mədəniyyətimizə mesenatlığın töhfə verməməsi və s. və i.
 
  – Son olaraq gənc yazarlara məsləhətləriniz nələrdir?
  – Bu gün Azərbaycanda kifayət qədər yaxşı gənc şairlər yetişir, əsl pleadadır. Nəsrdə isə uğurlu imza çox azdır. Gənc nasirlərin əksəriyyəti dərhal roman yazmaq, kitab çıxarmaq, məşhurlaşmaq, varlanmaq xülyası ilə yaşayırlar. Amma nəsrdə uğur qazanmağın yolu çox uzun, daşlı-kəsəklidir. Məncə, yaxşı yazıçı olmaq üçün öncə istedadın, bu istedaddan yararlana bilmək üçünsə mütləq yaxşı mütaliən, filoloji savadın və elementar ensiklopedik biliyə yaxın biliyin olmalıdır. Ustadının və yaxşı redaktorunun olması da arzuolunandır. 
  Gənc nasirlər fərqinə varsınlar ki, hekayə, esse nəsrin bünövrəsidir. Bünövrəsiz ev tikəndə isə o, mütləq uçulub dağılır.
 
  Söhbətləşdi: Fəridə Uğur