Biz imzaları yox, əsərləri dərc edirik...

Özlərini savadlı göstərməkdən ötrü dəridən-qabıqdan çıxırlar – Zahid Sarıtorpağın müsahibəsi
2225
07 Noyabr 2019, 11:39
  Artkaspi.az saytı Zahid Sarıtorpağın müsahibəsini təqdim edir:
 
  – Zahid müəllim, necəsiniz?
  – Çox sağ ol, Kənan. Təşəkkür edirəm.
 
  – Siz 80–cilər ədəbi nəslinə mənsub yazıçılardansınız. Nədənsə, bu nəsli "itirilmiş nəsil" adlandırırlar. Belə görünür ki, bu nəsil heç də itirilmiş nəsil deyil. Mənim fikrimcə, heç bir nəsil itmir, zamanın dalğasında görünməz olsa da, mütləq onların da bir zamanı gəlir. O nəslə mənsub imzalar bu gün də yazıb–yaradır. Bəs bu "itirilmiş nəsil" ifadəsi hardan gəlir? Niyə məhz 80–cilər?
  – Öncə onu deyim ki, mən ədəbiyyatda nəsil söhbətini qəbul etmirəm. Bu barədə dəfələrlə vurğulamışam. Poeziyaya nə zaman kökləndiyimi, ilk şeirimi nə vaxt və necə yaşadığımı bilmirəm, amma doqquz yaşımda qələmə almışam, 1968–ci ildə isə – on bir yaşımda çap etdirmişəm. Düzdür, mən istəsəm də, istəməsəm də biz səksənincilərik. Onu da deyim ki, XX əsr Azərbaycan ədəbiyyatına 80–ci illərdəki qədər töhfə verilməyib. "İdeal" da, "Qətl günü" də, digər şedevrlər də o illərdə gəlib meydana. Məncə, elə V.B.Odərin, E.Baxışın, R.Rövşənin şeir kitabları, S.Alışarlının, S.Budaqlının bu gün də sayılıb–seçilən hekayələri ilk dəfə həmin onillikdə çatıb oxuculara, bizim şeirlərimiz də həmçinin. Yaxşı, əgər bu nəsil "itirilmiş" sayılırsa, onda məntiqə söykənsək, "tapılmış" nəsil də olmalıdır. Maraqlıdır, bəs o hansıdır?
 
  – Siz ədəbiyyata şeirlə gəldiniz və bu şeirlər poeziyamızda tamamilə yeni, orijinal bir yolun başlanğıcı idi, ənənəvi şeir çərçivələrini dağıdan şeirlər idi. Bu poetik düşüncə sistemi hardan qaynaqlanırdı? Demək istəyirəm ki, hansı şairləri oxuyandan sonra belə şeirlər yazmağa başladınız?
  – Ədəbi taledə hərənin bir qisməti, bir payı var desəm, məncə, yanılmaram. Beş yaşımda artıq sərbəst qiraət edən, adı rayon uşaq kitabxanasında qeyddə olan birisi olmuşam. Kifayət qədər mütaliəm, sanballı orta və ali təhsilim olub. Amma düşünürəm ki, bütün bu sadaladıqlarımın nə qədər təsiri olsa da, yaradıcılıqda orijinallıq, uğur qazanmaq heç də bu amillərə bağlı deyil. Təbii ki, ortada ilahi bir diktə də var.
 
  – Uzun illər fasilə verdiniz. Həmin illərdə çoxları ədəbiyyatdan uzaq düşdü. Qayıdanlar da oldu, qayıtmayanlar, it–bata düşənlər də. Siz isə qayıtdınız. Həyatınızın Moskva dövründə yaradıcılığınızda bir sükunət yaşandı. Bu qopma və qayıtma məqamları haqda bir qədər danışardınız.
  – Gənclik illərim ictimai–siyasi formasiyanın dəyişdiyi, ölkədə çaxnaşmalar başlandığı illərə təsadüf etdiyindən çox şey itirdim. Eləcə də iş yerimi. Ailəmi, körpələrimi saxlamaq, gündəlik tələbatı ödəmək lazım idi. Bu isə qarmaqarışıq bir dönəmdə çoxları kimi çətin bir duruma saldı məni. Sağ olsun Moskvadakı dostlarım. Məni işləməyə dəvət etdilər, çiynimə çiyin söykəyib dayaq durdular. Ancaq yaradıcılığımda bir sükunət yarandığını deməzdim. O illərdə də yazıb yaratmışam, sadəcə, üzə çıxarmamışam. Açığı, ədəbi mühitdə özünü gözə soxmaq, "mən də varam" prinsipi ilə çırpınıb–çabalamağı heç vaxt özümə meyar saymamışam. Qürbətdən qayıtdıqdan sonra iki şeir, bir nəsr kitabı nəşr etdirdim və məncə, pis də qarşılanmadı.
 
  – Hə, nəsr yazmağa başladınız, bir–birinin ardınca bir neçə roman yazıldı. Gənclik illərinizdə heç roman, hekayə yazmaq istəyiniz olmuşdumu? Birdən–birə nəsrə keçid nəylə bağlı idi? Bilirsiniz, şeirdən nəsrə keçid çoxlarında uğurlu alınmadı. Şeirlə başlayıb nəsrə keçən və uğur qazanan yazıçılarımız da oldu. Siz şair kimi artıq təsdiq olunmuş bir imza idiniz. Nəsrdə də öz sözünüzü deməyi bacardınız.
  – Həmişə şeirin içindən nəsrə cığırlar açıldığını hiss edirdim. Amma elə bil o cığırlara ayaq basmağın tez olduğunu duyur, özlüyümdə buna bir məqam gözləyirdim. Düzdür, gənclik illərimdə də nəsrə oxşar nələrsə yazıb, cızma–qara edirdim. Onlardan birini – "İlan tüpürcəyi" adlı mətni 1990–cı ildə "Ulduz" jurnalının 1–ci nömrəsində çap etdirmişdim. Yadıma gəlir ki, o mətnin janrını müəyyən etmək mümkün olmadığı üçün "Şeirə qədərki anlar" rubrikası altında vermişdilər və ədəbi mühitdə çox yaxşı qarşılanmışdı. Romanlara necə başlamağımı isə şeirə necə gəlməyimlə müqayisə etmək olar. Eynən eləcə: nə vaxt? necə? nəyə görə?.. – bu sualların cavabını özüm də bilmirəm və yəqin ki, heç vaxt da bilməyəcəm...
 
  – Deyirlər, nəzəri biliklər yazıçının yaradıcılığına mane olur. Məsələn, mən belə düşünmürəm. Əksinə, bu biliklər yazıçıya mətni qurmaqda, mətnə hakim olmaqda kömək edir. Siz necə düşünürsünüz?
  – Bilikli, savadlı olmağın ziyanı yoxdur. Amma yazı prosesində ruhlu olmaq, Allahlı olmaq, bəzən də lap iblisanə məqamlara baş vurmaq gərəkdir. Bunlarınsa nəzəri elmlərlə heç bir əlaqəsi yoxdur. Bəzən görürsən ki, güclü qiraət edənlər müsahibələrində, sosial şəbəkələrdə paylaşdıqları statuslarında dahilərdən sitatları bir–birinin ardınca düzür, necə deyərlər, özlərini savadlı göstərməkdən ötrü dəridən–qabıqdan çıxırlar. Amma öz yazdıqları mətnləri oxuduqda nə qədər zəif olduğu üzə çıxır və təəssüf hissi keçirirsən. Heyifsilənirsən ki, özlərinin bundan xəbəri yoxdur, yəqin. Yəni dediyim odur ki, nəzəri biliklərə yiyələnməyin bu tərəfi də var.
 
  – Hər bir yazıçının özünün yazmaq qaydaları var. Yazıçıların çoxu bu "mətbəx"in sirlərini açmaqda sanki xəsislik edirlər. Sizdə necədir? Hansısa romanın rüşeymi necə yaranır? Roman yazmağa impulsu hardan alırsınız?
  – Bu vaxta kimi yazıb–bitirdiyim romanların ərsəyə gəlməsi, bilirsən nəyə bənzəyir? Adətən, kənardan belə görünür: bax, təsəvvür et ki, bağçanda, bağında qəfil görürsən ki, qolay olmayan yerdə bir pöhrə cücərib. Bilirsən ki, onu çıxarıb sənə lazım olan yerə əksən, quruya bilər, tutmaz. Çünki hələ vaxtı, məqamı çatmayıb, çox zəifdir. Başlayırsan ordaca ona qulluq etməyə, yetişdirib–böyüdürsən, vaxtı gələndə çıxarıb gərək olan yerə əkirsən. Bundan ötrü qabaqcadan yer hazırlayır, gübrəsini–filanını təşkil edirsən. Məntiqlə nəsrin rüşeymi belə yetişdirilib ərsəyə gətirilir. Amma desəm, bəlkə də inanmazsan: nə bağ, nə bağça, nə pöhrə... mən bu vaxta qədər yazdığım romanların heç birinə müəyyən şərti sxemlərdən başqa heç bir plan qurmamışam, hamısı şüur axınının nəticəsidir, hamısı!
 
  – Siz öz yaradıcılığınızı hansı izmə aid edirsiniz?
  – Özüm heç birinə. Amma bir çoxları romanlarımı mistikaya, magik–realizmə, simvolizmə, modernizmə aid edirlər. Daha çox modernist əsərlər olduğunu vurğulayırlar. Açığı, bu məni elə də düşündürmür.
 
  – Ədəbi tənqidin yaradıcılığınıza münasibəti sizi qane edirmi?
  – Yaradıcılığım haqda kifayət qədər yazanlar olub. Yeri gəlmişkən, təşəkkür edirəm, sən özün də romanlarımla bağlı iki resenziya yazmısan. Bu yaxınlarda AMEA–da keçirilən "Ədəbi proses – 2018" adlı müşavirədə sən də iştirak edirdin və çıxış edən alimlərin, mütəxəssislərin demək olar əksəriyyətinin nəsrimə müsbət qiymət verdiklərinin şahidi oldun. Müşavirənin gedişinə rəhbərlik edən görkəmli akademik İsa Həbibbəyli də imzama müsbət mənada öz münasibətini bildirdi. Bu, bir qədər stimul verir və zəhmətimin hədər getmədiyini göstərir. Diqqət ayıran, romanlarım haqda mətbuatda, kütləvi informasiya vasitələrində yazılar yayımlayan, söz söyləyən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Məti Osmanoğlu, Elnarə Akimova, Nərgiz Cabbarlı, Aynur Xəlilova, Mətanət Vahid, Maral Yaqubova, Lalə Həsənova, Tehran Əlişanoğlu... sağ olsunlar, bu vaxta qədər yazılarıma bu və ya digər şəkildə münasibət bildiriblər. Ancaq elə tənqidçilər də var ki, nəinki əsərlərimin adını, hətta Zahid Sarıtorpağın ismini dillərinə gətirsələr, elə bil onları on min voltluq elektrik cərəyanı vuracağından qorxurlar, orda–burda qarama danışmaqdan, gözdən salmağa çalışmaqdan çəkinmirlər... Guya yazsalar nə olacaq və ya yazmasalar nə baş verəcək. Belələrinin ötən əsrin repressiya illərində hansı oyunlardan çıxdıqlarını çox gözəl anlayıram. Ancaq onlar bilmir ki, mən heç bir ədəbi qruplaşmaya, heç bir dəstəbazlara qoşulmayan, heç kimə yarınmayan, öz tənhalığına çəkilib yazılarını yazan birisiyəm və hər şey də göz qabağındadır. Heç kimdən də heç nə ummuram. Ədəbi mühitimizdə hər kəsə ancaq sevgilərimi sunuram. Sevgilərimi və sayğılarımı...
 
  – Siz həm də məhsuldar tərcüməçilərimizdənsiniz. Tərcümə fəaliyyəti ilə nəsr yazmaq arasındakı vaxtı necə bölüşdürürsünüz? Niyə bu sualı verdim? Mən bir müddət tərcümə ilə məşğul oldum, gördüm ki, öz mətnlərimi yazarkən çevirdiyim mətnin havasından çıxmaqda çətinlik çəkirəm. Bu da yazıya sirayət edir, ona görə indi çox nadir hallarda tərcümə edirəm. Xoşuma gələn hansısa şeir, hekayə olanda çevirirəm, irihəcmli əsərlər məni qorxudur. İstər–istəməz enerji parçalanır.
  – Tərcüməylə məşğul olmağım öz yaradıcılığıma sözsüz ki, ziyan vurur. Bu, hardasa, vaxt itkisi və başqa ruha köklənmək kimi arzuolunmaz hallarla üzləşmək deməkdir. Buna baxmayaraq, bir sirri açıqlamaq istəyirəm. Məqsədə çatmaq üçün mütləq ciddi iş rejimi qurmaq lazımdır. İstirahət günləri səhər saat 6–dan, həftəiçi isə hər gün 7–dən işə başladığımı söyləsəm çoxları bəlkə də inanmaz. Ancaq bu, belədir. Hələ üstəlik işdən sonra axşamlar da işləyirəm. Onu da deyim ki, "harda qırıldı – qırıldı..." prinsipilə işləmədiyimə görə gözüm qorxmur. Öz işini sevəndə, çəkinmək, qorxu və yorğunluq olmur, gerçəkdən.
 
  – Sizə güclü təsir edən yazıçılar kimlər olub?
  – Düzü, bilmirəm. Gənclik illərimdən bəri Y.V.Çəmənzəminlini, A.Platonovu, M.Bulqakovu çox sevmişəm. Dünya ədəbiyyatından demək olar ki, bütün məşhurları oxumuşam. Mənə kimin təsiri nə qədər olub deyə bilmərəm.
 
  – "Kül" romanında Tağının məhz on altı ildən sonra o bilinməz, naməlum məkandan qayıtması da simvolik bir işarədir. Odissey də öz İtakasına on altı ildən sonra dönmüşdü, Beyrək də on altı il əsirlikdə qaldıqdan sonra el–obasına qayıtmışdı. Bu, mənim gəldiyim qənaətdir. Sizcə, düzgün qənaətdir?
  – Eynən sizin kimi öz analitik yazısında on altı il məsələsinə dəyərli tədqiqatçı alim Aynur Xəlilova da toxunub. Yenə deyirəm, romanlarım şüur axını prinsipilə yazılıb və heç nəyi düşünülmüş şəkildə oxucuya çatdırmaq məqsədim olmayıb. Bəlkə də on altı il məsələsi qeyd etdiyiniz mətnlərdəki hadisələrdən şüuraltı olaraq qaynaqlanıb. Amma yenə də deməyi borc bilirəm ki, bunlar düşünülmüş şəkildə olmayıb.
 
  – "Qarğa marşrutu" romanındakı qocanı heç unuda bilmirəm. Axı o qoca Nihatı, əsərin baş qəhrəmanını xilas etməliydi. Bəs niyə sonda göldə batır? Bəlkə mən səhv düşünürəm? Burda hansısa gizli bir məqam var?
  – Bu haqda müsahibələrimin birində də demişəm. "Qarğa marşrutu"nun sonunda kimin ölü, kimin diri qaldığını heç kim deyə bilməz. O "batanlar", əslində, bazarda Nihata ayrı–ayrılıqda yenidən rast gəlir və ona müəmmalı şəkildə göyün üzünü göstərirlər. Bax, sirr də burdadır... Bütün bunlara, əslində, oxucuya ünvanlanan sirr dolu, ağrı–acıyla yüklü cavabsız suallar da demək olar.
 
  – Bu günlərdə daha bir romanınız kitab kimi işıq üzü görməlidir. "Quşların intiharına ağlamayın". Bu romanın yazılmasıyla bağlı mənə çox maraqlı bir əhvalat danışmışdınız. Həmin əhvalatla romandakı hadisələrin bir bağlılığı varmı?
  – "Quşların intiharına ağlamayın" 2018–ci ildə "Azərbaycan" jurnalının ikinci sayında çap olunub. Elə oldu ki, həmin tarixdən üç ay əvvəl onun sonuncu cümləsini iş yerimdə yazdım və otaqdakı yoldaşlarımdan birinə sevincək halda "axır ki, romanı bitirdim" dedim. İnanın, sözüm ağzımda qaldı. Otağımızın pəncərəsinə çox güclü şəkildə nəsə çırpıldı. Qaçaraq üçüncü mərtəbədən aşağı boylandım. Aşağıda təsərrüfat işçimiz Əlövsətin əlində boz rəngli ölü bir quş vardı. "Gözlərindən qan gəlir. Ölüb", – dedi. Qumruydu. Pəncərəyə çırpılıb ölmüşdü. Sanki intihar etmişdi... Bu romanla bağlı başqa bir mistik hadisəni də danışmaq istəyirəm. Əsəri həvəslə yazırdım, yəni hələ yarımçıq olan vaxtlarıydı. 2017–ci il mart ayının 12–si, istirahət günü S.Vurğun bağının yanında keçmiş iş yoldaşım, mərhum Mövlud Mövluda rast gəldim. Ağa Cəfərli ilə birlikdə idi. Məni nahara dəvət etdilər, üz vurdular, keçə bilmədim. Orada Mövlud məndən hazırda nə yazdığımı soruşdu."Quşların intiharına ağlamayın" adlı roman üzərində işlədiyimi bildirdim. Çalışdığı "Teleqraf.com" saytında yerləşdirmək üçün əsərdən kiçik bir parçanı göndərməyimi xahiş etdi. Səhərisi onun elektron poçtuna göndərdim. Yadımdadır ki, zəng vurub "Quşların intiharına ağlamayın"ın başlıq, yoxsa yarımbaşlıq olduğunu soruşdu. Romanın adının belə olduğunu bildirdim və diqqət göstərib sayta yerləşdirmək istədiyi üçün təşəkkür etdim. Göndərdiyim hissəni saytda yerləşdirdi, üstündən bir gün sonra Mövludun özünün bir quş kimi uçub getdiyini – intihar etdiyini eşidib uzun müddət şokdan ayıla bilmədim...
  Bu günlərdə "Quşların intiharına ağlamayın" romanımın kitab şəklində işıq üzü görəcəyinə lap uşaq kimi sevinirəm desəm, bəlkə də inanmazsınız. Mən "Əlifba bayramında qətl", "Köhnə mücrüyə elegiya" romanlarımın da çapını, sonra da nəşrini eləcə arzulayıram. Elə bir yaşantı içindəyəm ki, sanki bu əsərlər öz işarə sayı qədər ömrümü uzadacaqlar.
 
  – Şeirdən ayrı düşməmisiniz ki?
  – Yox... Şeir – içimi arındıran, ruhuma hüzur bəxş edən, məni mənə tanıdan bəlkə də yeganə vasitədir. Yəqin, sona qədər də belə olacaq.
 
  – Yazmaq üçün yazıçıdan nə tələb olunur? İstedad öz yerində, başqa hansı xüsusiyyətlər lazımdır?
  – Prinsipiallıq və zəhmət. Hər gün heç olmasa bircə cümlə də olsa yazmaq. İşləməkdən qorxmamaq. Mükafat və ad–san xəstəsi olmamaq. Yaradıcılıq deyilən zülmə–zillətə taleyin kimi qatlaşmaq. Belədə yazdıqlarının beşi alınmasa da, biri mütləq alınacaq, mütləq.
 
  – Zahid müəllim, söhbətimiz də pis alınmadı.
  – Məncə də.
 
  Söhbətləşdi: Kənan Hacı
  edebiyyatqazeti.az