Artkaspi.az filologiya elmləri doktoru, Əməkdar jurnalist, şair Sona Vəliyevanın "Zəfərin poetik tarixi" adlı yazısını təqdim edir:
(Sabir
Rüstəmxanlının "Qarabağa dönüş” poeması haqqında düşüncələr...)
"Ədəbiyyat qəzeti”nin ötən ilin 24 dekabr nömrəsində Xalq şairi Sabir
Rüstəmxanlının Vətən müharibəsində qələbəmizi tarixi salnaməyə çevirən
"Qarabağa dönüş" poeması ədəbiyyatsevər ictimaiyyətə təqdim olundu... Bu tale şairə
Tanrının müdrik yaşında ərməğan etdiyi ömür qismətidir. Çünki ilk qələm
nümunələrindən başlayaraq yaradıcılıq missiyası Azərbaycançılıq olan, Vətən,
millət sevdalısı S.Rüstəmxanlının Vətən müharibəmizin Zəfər dastanını yaratması
təsadüf sayıla bilməz. Sabir Rüstəmxanlı sovet ideologiyasının hökm sürdüyü
dövrlərdə istiqlal düşüncəsini poeziyası ilə yetişməkdə olan gəncliyin
düşüncəsinə ötürə bilirdi. 1970-ci illərdə yaradıcılığının ən yüksəlişli
dövründə yaratdığı bütün əsərlərində milli müstəqillik, azadlıq ideyaları,
cənub həsrəti əsas motiv kimi onu şairlər sırasında önə çıxaran keyfiyyət kimi
diqqəti cəlb edirdi. O illərdə qələmə aldığı şeirlərində deyirdi:
Müstəqillik! İlk inamım, ilk həsrətim,
Müstəqillik! Xalqın məslək bayrağıdır.
Müstəqillik hər ölkənin, məmləkətin,
Zülm, əsarət orbitindən çıxmağıdır.
Sovet ideologiyasının ən qüdrətli vaxtında ictimai tonla danışmağın
özü böyük cəsarət tələb edirdi.

Bu illərdən başlanan milli
mübarizə ideyalarının, azərbaycançılıq təfəkkürünün geniş şəkildə yaranması və
təbliğində, eləcə də 90-cı illərin əvvəllərində başlayan meydan hərəkatının
inkişafı, milli mücadilə tariximizin şanlı səhifələrin yazılmasında ictimai-siyasi
fəaliyyəti ilə yanaşı onun poeziyası müstəsna
rol oynadı. Milli həmrəyliyimizin poetik çağırışına çevrildi. Ən gərəkli
anlarda poeziyanın xalqların düşüncəsində yaratdığı dönüş haqqında bir fikrin
tarixi həqiqət olmasını təsdiq etdi. Bir daha sübut olundu ki, millətin
həmrəyliyində poeziya güc, enerji mənbəyi kimi həm də müvazinətimizi qoruyan
istinad yerimizdir. Onun bir vaxtlar cəsarətlə üz tutduğu "Vətən",
"21 Azər", "Sağ ol Ana dilim", "Azərbaycan sözü",
"Təbriz xiyabanı", "Taleyimlə barışmağım", "Şəhər
sovetinə məktub", "Yurdun qisməti" kimi şeirlərindən "Ömür
kitabı"na, "Göy Tanrı"ya,
sonralar "Difailər"ə uzanan
yaradıcılıq yolu bu gün "Qarabağa dönüş"ü yazmağına şairə
tarixi haqq qazandırdı.
Qarabağ mövzusunda qələm
adamlarının indiyə qədər yazmış olduqları və ya yazacaqları əsərlər müstəqillik
dövrünün ədəbiyyat tarixində mövcud mərhələnin ədəbi nümunələri kimi təhlil
olunanda, Sabir Rüstəmxanlı yaradıcılığı istiqlal ideyalarının tamlığı ilə öz əsaslı
yerini ön cərgədə tutur. Milli
mücadilənin ilk düşüncə tarixindən müstəqilliyin son Qarabağ Zəfərinə dastan
yazmaq haqqının sahibi kimi, istiqlal
şairi kimi...
İnanıram ki, hələ 1970-ci
illərdə "Əsgər mahnıları" şeirini yazanda, bir gün Azərbaycanın
müstəqil olacağını, tarixi zəfər yazmağa qadir öz ordusu olacağı arzusunu
poetik fəhmlə gələcək yaradıcılığına davamı kimi ötürmüşdü. Bu gün Qarabağın
zəfər tarixini yazanlardan biri olan şəhid Xudayarın səsi, Vətən nəğməsi bu
bədii fəhmin işığının ona ötürdükləri idi:
Döyüşdə gözünə çilənsə də qan
Təmizdi, ləkəsiz zirvə qanıdır,
Mahnılar əsgərin güllə batmayan
Alınmaz, basılmaz qalalarıdır.
Ölümün üstünə getdi mahnılar,
Aldı qanadına çox ömrü darda...
Hayanda bir tənha əsgər qəbri var,
Sanıram, mahnı da dincəlir orda...
Bu şeirini 1970-ci illərdəki yaradıcılığından "Qarabağa
dönüş"ə ümid oyadan bədii nümunələrdən biri saymaq olar. Bəli, çağın zəfər
poemasını yazmağa bu gün ən çox tarixi, ədəbi, eləcə də bədii təfəkkür üfüqünün
genişliyinə görə haqqı olan S.
Rüstəmxanlı idi. O, bu missiyanı İlahi qismət kimi gözləyirdi...

"Qarabağa dönüş" –
poemasında Sabir bəy istiqlal mücadiləsinin zəfər sevincini yaşamaqla yanaşı,
hər əsgərin Vətən uğrunda şəhidliyinə, hər qazinin yaralanmasına dərin kədər
hissini də oxucusuna ötürür. "Oğul" – deyə müraciət etdiyi əsgərlərin özünü Vətən
qayası, Vətən qalası kimi ölümsüz təsvir etsə də, itkiləri ata kədəriylə
qarşılayır. Ölüm haqdır, bir gün gələn, bir gün də gedəcək, qalan Vətəndir,
Vətən əmanatı – deyir. Şuşa ruhumuzun
qalası kimi işğal olunduğundan, yarımcan yaşamağımız ömrün ən acı səhifələri
idi. O qalanı yenidən fəth edib bizə qürur yaşadan oğulların şəhidliyi,
mübarizə əzmi poemanın əsas ideyası kimi o qəhrəmanlıq önündə hər birimizi
sayğı duruşuna çağırır:
Nə ordu vecinədir,
Nə Qacar deyən "şüşə".
Bir həsrətli
tələsir
aşiqiylə görüşə.
Gecə nəmli, divar
yaş,
Oğlum, ehtiyatlı
ol, ayağından qaçar daş,
Əsgər hərdən
yan-yana, hərdən nəfəs-nəfəsə,
Hərdən qulaq
kəsilir qaladan gələn səsə.
O haqqın
sorğuçusu, son hökmü verən Allah
Görünməz bir tor
hörüb, kim bacarar, ya pənah!
Əsgər asılıb
tordan qalxır hörümçək kimi
Sarmaşıb qayalara
yazağzı çiçək kimi.
Hər millətin Zəfər tarixində elə hadisələr
baş verir ki, onsan sonra sanki xalq öz ruhu ilə yenidən doğulur. Aprel döyüşləri,
itkilərimiz önündə içdiyimiz müqəddəs and, əslində, türkün özünə qayıdışı kimi
qəbul olunmalıdır. Polad Həşimov kimi generalımızın itkisi milli həmrəyliyimizə
çağırış harayı oldu. Poemada xatırlanan hər şeyin və hər kəsin zəfər döyüşü
üçün birləşməsini şair belə tərənnüm edir:
Uzaq maviliklərdən
baxır Polad Həşimli
Mehriban bir səs
ilə "Qalx!" deyir əsgərinə.
Silkələ qayaları,
yol aç qaya döşünlə
Yürü, xeyir-duamla
mən də köməyəm sənə.
Şəhidlərin ruhları
qaya üstə çıraqdı,
Mübariz də
dumandan sıyrılıb gəlir birdən.
Fikrində son
döyüşü özü gedir qabaqda
Qoruyur divar kimi
əsgəri güllələrdən.
Tanış qəhrəmanlar, şəhidlər, hadisələr Zəfər
dastanında, S.Rüstəmxanlı yaradıcılığında yenidən tarixiləşir. Mənfur erməni
işğalçılarının torpaq hərisliyini əvvəllər də S.Rüstəmxanlı elmi-publisistik və
nəsr əsərlərində dəfələrlə sübut etmişdi. Bu poema ilə şair saf, təmiz, axıcı
və yaddaşlara əbədi həkk olunacaq bir dillə Zəfərimizin bədii tarixini
yaratdı. Bir vaxtlar "bu dil şirinlikdə
şərbət kimidir" – deyən S.Rüstəmxanlı həm də dilimizin tarixi yaşam
haqqını zəfər dastanında əbədiləşdirir. Çünki sovetlər dövründə milli
təfəkkürün məhvi yollarını düşünən sovet ideoloqları yerlərdə milli dilin
dövlət səviyyəsində sıxışdırılmasından başlayanda S.Rüstəmxanlı Yazıçıların VII
qurultayında "Dilimiz və
taleyimiz" adlı çıxışında
"Sosializm ana dilinin məhvidirsə, bizə belə sosializm lazım
deyil" – deyəndə tarixin gələcək hadisələrinə milli düşüncədən baxa
bilmişdi. Axı dil özündə tarixi, milli yaddaş və milli düşüncəni qoruması ilə
yanaşı, həm də ideoloji və siyasi faktorları da yaşadır. Dilin saflığının
qorunması məxsus olduğu xalqa əbədi dirilik suyu bəxş edən bulağa bənzər. O
bulağın gözünün tutulmaması üçün S.Rüstəmxanlı hələ o vaxtlar dilinin keşikçi
ziyalısı kimi ehtiyatı əldən verməməyə çağırırdı.
Şair hadisələrin təsvirində oxucunun qəlbində
qürurla yanaşı, döyüş səhnəsinin bədii, eləcə də tarixi təsvirini rəsm tablosu
və ya film kimi gözümüzün qarşısına gətirir. Yüz illər sonrakı nəsillər ən ağır
silahlarla qazanılan qələbədə milli iradə və əzmimizin, ruhumuzun gücünün öndə
durduğunu bu poemadan müfəssəl şəkildə öyrənəcəklər. Şuşa övladlarının
sədaqətinə arxalanaraq əsarətə dözdü. Neçə-neçə ziyalılarımızın bu dərdə
dözmədən dünyadan nakam köçdüklərini də şair yada salır. Dünyadan Qarabağ nisgili ilə köç
edən qələm dostlarını xatırlaması ilə S Rüstəmxanlının sözə sədaqəti ilə yanaşı,
dostluğa da vəfa və etibarını sübut edir.
Qarış-qarış alınan torpağın uğrunda gedən 44 günlük
döyüşün sərkərdəsi, Ali Baş Komandanı, zabiti, sıravi əsgəri, arxa cəbhədəki
vətəndaşları tariximizin şanlı qəhrəmanlarına çevrilərək gələcək nəsillərin
qürur mənbəyinə çevriləcəklər:
Döşünə döyən ordu
qanqal kimi biçilib,
Leş leşin
üstündədir, oyanmaz bu yuxudan.
Düşmən siçana
dönüb, düşmən elə kiçilib
Silahla bir-birinə
saldırır qorxusundan.
Günahsız körpələrin qanı
tutub gözünü.
Hesabat verməlidir bu
qiyamət günündə.
Qorxudan ağlı çaşıb
biçir özü-özünü.
Bir ordu qaçıb gedir yüz
əsgərin önündən.
Poemada türkçülük düşüncəsi, qardaş türk
xalqı və ordusu ilə həmrəyliyimiz qələbəmizin əsas amili kimi dəyərləndirilir.
Bəli, içimizdə, qəlbimizdə birliyin, ruhumuzda istehkam möhkəmliyinin
qurulmasından sonra hərbi istehkamları fəth etmək qüdrətinə malik olmağımız
mümkün olurmuş!
Bu gün türkün
bayramı, işğalçının yasıydı,
Allahın hökmü ilə
yazılmışdı bu yazı,
Onun
"bəla" dediyi Allahın balasıydı.
Xocalı qırğınının
alınmışdı qisası.
Allahın hökmü ilə
yazılmışdı bu yazı,
Millətimin zilləti
axır çatmışdı sona.
30 illik həsrətin
alınmışdı qisası,
Bir milyon göz
baxırdı öz viranə yurduna!
Milli idrakın, təfəkkürün məfkurə qatına
enməyi iri həcmli poetik əsərdə hər şair bacarmaz! Sabir bəy tarixin,
folklorun, milli ideologiyanın yorulmaz araşdırmaçısı olduğu üçün, poemada hər
şeyin öz yerli yerində ifadə olunmaq nizamını pozulmağa qoymur. Türk xalqı və
türk ordusu ədəbiyyatımızda mövzu olaraq, milli-tarixi, ideoloji fəlsəfəmizdə
xilaskar, yardımçı, qardaş obraz olaraq əbədiləşdi. Elə ən çətin anlarda biz də
qardaş əlimizi əsirgəmədən uzatdıq. S.Rüstəmxanlının bu poemadakı düşüncələrinin
məfkurə qaynaqları "Bu sənin xalqındır" (Bakı, 1995) kitabında publisistik dillə illər öncə belə ifadə
edilirdi: "Turançılıq, yaxud azərbaycançılıq – təkcə bu günü söhbəti
deyil. Mübarizə hərəkatımızın demək olar ki, bütün yolu bir iki anlayışdan
paralel keçir. Bu ikiqatlı idealın torpağa yaxın olan birinci qatı vətənçilik,
ikinci qatı azərbaycançılıqdırsa, buludlara yaxın ikinci qatı türk birliyinə
əsaslanan turançılıqdır."
Elmi – ideoloji düşüncəsindən
dərin izahdan keçərək bədii yaradıcılığında hər zaman təzahür olunan
türkçülüyün mahiyyəti "Qarabağa dönüş"də daha zirvəyə qalxdı. Bəli,
özünə qayıtdı türk, öz böyüklüyünü bütün dünyaya sübut etdi:
Zirvələrə qalxınca
gücümüz oyanacaq
Bu güc tarixdən
gələn ulu Turan gücüdür!
Savalandan
Tanrıya, Ağrıdan Altaylara
Min illərlə var
olan bir qəhrəman gücüdür.
Bir vaxtlar "Bu sənin xalqındır"
kitabından oxuduqlarım zəfər tarixini əbədiləşdirən dastanda bir daha isbatını tapdı:
"Görünür, islamçılığı, turançılığı, mənəvi, tərbiyəvi bir kateqoriya kimi,
birləşdirici vasitə kimi, bu günün işi kimi qəbul etməliyik. Türkçülüyü biz
yalnız müstəqil güclü türk dövlətlərinin mənəvi birliyi təsəvvür edə bilirik və
bu da ilkin mərhələdə hər kəsin öz dövlətinin möhkəmləndirilməsini
zəruriləşdirir."
S.Rüstəmxanlının türkçülük, azərbaycançılıq
düşüncəsi H.Zərdabinin, İ.Qaspıralının, Ə.Hüseynzadənin, Y.Akçuranın,
Ə.Ağaoğlunun, Z.Göyalpın bütün ümumtürk
dünyasının müstəqillik, azadlıq məfkurəsinin davamı kimi diqqəti cəlb edir:
Bir vaxt Nuru paşa da gəldi
qardaş hayına,
Dirək oldu yurdumda min könül
sarayına,
Ocağımız küllənib, ümidimiz
sönəndə,
Bakı, Şuşa, Zəngəzur qan gölünə
dönəndə.
Tiflisdən, Qarabağdan,
Naxçıvandan keçmişdi.
Neçə gizli tələdən, neçə qandan
keçmişdi.
Dünyanın müasir
inkişafında ekoloji xaosun və müharibələrin hökm sürdüyü bir vaxtda öz təsdiqini
tapan bir müddəanı unutmamalıyıq. Erməni vandallığına müttəfiqlik edən
dövlətlərin siyasi-dini baxışlarında
xristianlıq amili əsas prinsip kimi qəbul olunur. Soyqırımı törədənlərə silah
ötürənlər, həm də qırğınların iştirakçısına çevrilirlər. Ona görə də milli,
dini birliyin işığında əldə olunan qələbədə qardaş, dost xalqların
həmrəyliyinin "Qarabağa dönüş" poemasında tarixiləşdirilməsi faktı
gələcək nəsillər üçün çox gərəklidir. Sabir Rüstəmxanlı Qələbə əzmimizin
təməlində dayanan milli məfkurəni poemanın əsas leytmotivi kimi oxucuya çatdıraraq
hələ qarşıda xalqımızın şanlı tarix yazacağına inamın səbəblərini də
bədiiləşdirir.
Turan birliyimiz nəticəsində gələcəyimiz
keçmişimizdən daha böyük olacaq! Tanrı dağlarından Ağrı dağına qədər mövcud
olan coğrafiyada hər kəsin könlündə bir Turan vətəninin qurulması əbədiyaşarlığımızı
təmin edəcək:
Ey qoca
Azərbaycan! Haqq nazilir, qırılmır,
Sənin Zəfər gününə
yazıram yeni dastan.
İki bitməz nəğməsi
olmalı bu dastanın
Birincisi Türkiyə,
ikincisi Pakistan.
Üç bayraq
dalğalanır üç qardaşın şəninə.
Silir göz
yaşlarımı iki əl, çıxım yasdan.
Bir dua da artacaq
duamın üzərinə,
Alqış sənə,
Türkiyə, Alqış sənə, Pakistan!
S.Rüstəmxanlının milli, dini birlik
fəlsəfəsində sadəcə türk və ya müsəlmanlıq birliyi deyil, tərəqqipərvər bəşəri
düşüncələrin də tərəfində durduğu haqq-ədalət, yurd, ocaq sevgisinə vicdanın
səsi ilə dəyər verənlərin münasibəti ümumiləşir.
Poemada tarixi türk sərkərdələrinin adlarının
yer alması qürurvericidir. Mete xan, Qazan xan, Oğuz xan, Alparslan, Ərtoğrul
qəhrəmanlığından güc alan Azərbaycan əsgəri üçün əcdada, əsl-nəcabətə
bağlılığın, onlarla qürur duymağın özü yeni qələbə dastanı yazmaq üçün enerji
mənbəyidir. Çanaqqala savaşının dünəni, türkün neçə-neçə haqq davasının Şuşada
davam etməsi düşüncəsi Turan birliyinin vacibliyini göstərir:
Ölüm-dirim anında
haqdan gələn bir nida
Kəlmeyi-şəhadəttək
ürəklərdə bəslənir.
Bu əmrin ilk
vətəni Çanaqqala olmuşdu,
Yüz ili adlayaraq
Şuşada da səslənir.
Ermənistanın zaman-zaman havadarlarının
köməyi ilə Azərbaycandan torpaq qopartması siyasətin davamı, Daşnaksutyun
terror təşkilatının "dənizdən dənizə böyük Ermənistan" yaratmaq
ideyası 44 günlük haqq davasında iflasa uğradı. S.Rüstəmxanlının "Qarabağa
dönüş" poeması Zəfərin yaranma prosesinə qədərki tarixdən başlayaraq,
döyüş proseslərini və şanlı tarixin qəhrəman şəhid və qazilərinə Azərbaycan
xalqının sevgi və münasibətini əbədiləşdirdi. Eləcə də qələbənin təməlində
müdrik dövlətçilik siyasətinin və dövlət rəhbərinin sarsılmaz iradəsinin, Ali
Baş Komandanla xalq, ordu həmrəyliyinin durması kimi tarixi düstur da poemada
bədii həllini tapıb.
Bu bizim haqq
işimiz, ədalət savaşımız,
İntiqam ala-ala
dikələcək başımız.
Vur, əsgərim, vur!
– deyə əmr eləyir Komandan
Qoy bir də
yurdumuzda tökülməsin nahaq qan.
Qayıtsın Qarabağa
yenə xoşbəxt çağımız,
Başımızın üstündə
üçrəngli bayrağımız!..
Qovur öz yuvasına
quduzlaşan itləri
Ali Baş Komandanın
qələbə tvitləri!
İllər öncə Azərbaycanın böyük şairi, istiqlal
savaşımızın öncül ziyalısı Xəlil Rza Ulutürk S.Rüstəmxanlı haqqında tarixi
fikirlərini belə ifadə edirdi: "Milli və bəşəri tərəqqi uğrunda mübarizə
aparan kişilərdən biri, mənim nəzərimdə çağdaşımız Sabir Rüstəmxanlıdır. О,
sadəcə bir fərd deyil, bu gün Аzərbaycan qurtuluşu uğrunda gedən ölüm-dirim
mübarizəsinin bir damlası, bəlkə də, bir dalğasıdır. Lakin bu pak, ləkəsiz
dalğa milyon-milyon dalğa ilə һәmahəng оlduğu üçün itib-batmır, yadda qalır və
bəzən fırtınanın tacı kimi аpaydın görünür.
Sabir Rüstəmxanlıya mən dörd epiteti anasının
südü kimi halal bilirəm və buna görə
həmin təyinləri, qrammatik qaydaları pozub böyük hərflərlə yazıram:
ŞAİR, YAZIÇI, PUBLİSİST, REDAKTOR
və İCTİMAİ XADİM."
Yaşının və yaradıcılığının müdriklik çağında
xalqına, Azərbaycan ədəbiyyatına bəxş etdiyi bu poema ilə S.Rüstəmxanlı bir
daha vətəndaş şair olaraq hər zaman azərbaycançılıq məfkurəsini yaradıcılığında
yaşadan çağdaş dövrümüzün klassiki olduğunu bir daha göstərdi.