Biz imzaları yox, əsərləri dərc edirik...

Özbəkistanın xəbər portalında Azərbaycan xanəndəsi haqqında məqalə
285
04 Mart 2021, 11:28
 Özbəkistanın "uchildiz.uz” xəbər portalı öz səhifəsində Azərbaycan vokal sənətinin inkişafında böyük rol oynayan görkəmli xanəndə Məşədi Məmməd Fərzəliyev haqqında rus dilində məqalə yerləşdirib.
 AZƏRTAC xəbər verir ki, məqalədə tanınmış xanəndənin Xarrat Qulunun şagirdi olması, tarzən Məşədi Cəmil Əmirovla birgə toylarda və bayramlarda iştirak etməsindən bəhs edilir.
 
 

 Qeyd olunur ki, ilk dəfə Məşədi Məmməd Fərzəliyev 1901-ci ildə Xandəmirovun teatrında keçirilən konsertdə musiqisevərlərin diqqətini cəlb edir. Xanəndə Şuşada doğulsa da gəncliyini Gəncə şəhərində keçirib, Tiflisdə, Batumda, Vladiqafqazda müxtəlif şənliklərin yaraşığı olub. Qısa müddətdə məşhurlaşan xanəndə təkcə Azərbaycanda deyil, Orta Asiya, Türkiyə, bir sıra Avropa ölkələrində konsertlərdə və el şənliklərində çıxış edir.
Xanəndə "Çahargah,”, "Şüştər”, "Bayatı kürd”, "Kürdü Şahnaz”, ritmik muğamlar - "Heyratı”, "Mənsuriyyə, Qarabağ şikəstəsi”, "Kərəmi” və digər muğamları məharətlə ifa edib. Muğamların mətni kimi Qasım bəy Zakirin, Seyid Əzim Şirvaninin, Natəvanın qəzəllərindən istifadə edib.
 Məqalədə vurğulanır ki, 1912-1915-ci illərdə xanəndə "Sport-rekord” və "Ekstrafon” musiqi şirkətlərinin dəvəti ilə Kiyev və Varşavada olub, 40-a yaxın muğamı vala yazdırıb.
 1926-cı ildə xanəndə öz triosunu yaradır və bu qrupla birgə Türkiyə, Almaniya, Polşa, Fransa, İngiltərə, Avstriya, Rumıniya və digər ölkələrdə qastrolda olur.
 Materialda bildirilir ki, görkəmli xanəndə 1929-cu ildə Türkiyəyə gedib, 1962-ci ildə orada 90 yaşında vəfat edib.
 Qeyd olunur ki, məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə musiqişünas Firudin Şuşinskinin "Azərbaycanın xanəndələri və musiqiçiləri” kitabı əsasında hazırlanıb.