Biz imzaları yox, əsərləri dərc edirik...

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi 2020-ci il üçün layihələrini elan edib.
595
22 Yanvar 2020, 11:41
  Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2020-ci il üçün Azərbaycan ədəbiyyatına dair prioritet tərcümə layihələrini elan edib. 
  Mərkəzdən verilən məlumata görə bu il Azərbaycan ədəbiyyatının klassikləri, dahi söz ustadları Məhəmməd Füzuli, Seyid Əzim Şirvani  və satirik şair Mirzə Ələkbər Sabirin əsərlərinin Özbək dilinə tərcümə layihələrinin həyata keçiriləcəyini və onların Daşkənddə nəşr ediləcəyi bildirib. 
  Azərbaycan Mədəniyyət Mərkəzi dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsərlərini Özbək dilinə tanınmış Füzulişünas Özbək alim, tərcüməçi Erqaş Açilov, şair Seyid Əzim Şirvanini Özbək alim, tanınmış tərcüməçi Tahir Qahhar, şair Mirzə Ələkbər Sabiri isə Özbəkistanın tərcüman-şairi Karim Bahriyev Özbək dilinə tərcümə etmələri ilə bağlı razılıq əldə edib. 
 
 

  Mərkəzdən bildirilib ki, bu il Azərbaycan ədəbiyyatının tanınmış şairi Seyid Əzim Şirvaninin 185 illiyi ilə əlaqədar hər iki ölkənin alimlərinin, ədəbiyyat nümayəndələrinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub. 
  Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2013-cü ildən apardığı iş nəticəsində tarixdə ilk dəfə olaraq dahi Azərbaycan şairi Nizami Gəncəvinin bütöv əsərləri "Xəmsə”, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və Molla Pənah Vaqifin qəzəlləri, habelə XX əsr Azərbaycan ədəbiyyatı nümayəndələrinin çoxsaylı əsərləri Özbək dilinə tərcümə olunmuş, Özbəkistanda nəşr edilmiş və sözügedən nəşrlərin  hər iki ölkədə geniş təqdimatları keçirilmişdir. 
  Ötən illər ərzində Azərbaycan Mədəniyyət Mərkəzi "Azərbaycanı tanıyaq” və "Azərbaycan tarixi, ədəbiyyatı hər bir ölkədə” layihələri çərçivəsində həm Azərbaycana dair Özbək dilində buraxdığı nəşrləri, həm də Azərbaycan, ingilis və rus dillərində Azərbaycandan göndərilmiş nəşrlər əsasında Özbəkistanın aparıcı kitabxanaları, elm, tədqiqat, habelə li təhsil ocaqlarının kitabxanalarına minlərlə nəşr hədiyyə edib. Hazırda bu iş uğurla davam etdirilir.