Bu günlərdə Özbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıya qastrol səfəri
ediblər. Hələ 2019-cu ilin fevralında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının
direktoru Naidə İsmayılzadə, Əməkdar artistlər Nicat Kazımov və İlham Əsədovun Özbəkistan
Gənc Tamaşaçılar Teatrının 90 illik yubiley tədbirində iştirakı zamanı
qarşılıqlı dostluq, əməkdaşlıq əlaqələri qurulub.

Bu əməkdaşlıq çərçivəsində fevralın 21-22-də Özbəkistan
sənətçiləri Bakıda Gənc Tamaşaçılar Teatrı
səhnəsində Özbəkistanın xalq şairi, SSRİ Dövlət mükafatı, Lenin mükafatı
laureatı Qafur
Qulamın "Ozornik" (Şumbola) tamaşasını
teatrsevərlərə təqdim edəcəklər.
"Şumbala” əsəri tərbiyəvi
əhəmiyyət daşıyır. Əsərin qəhrəmanı, təbiətcə dəcəl olan və ipə-sapa yatmayan
balaca oğlan hər dəfə müxtəlif qəribə və gülməli vəziyyətlərə düşür və
bacarıqla çıxış yolu tapır. Özünəməxsus danışıq tərzi və yumoristik aforizmləri
olan Şumbala uşaqlara "Təslim olma, mübarizə apar” ideyasını əyani olaraq izah
edir.
Qafur Qulamın Azərbaycana
və ədəbiyyatımıza, mədəniyyətimizə münasibəti də bir sıra əsərlərində özünü
göstərir. O, Azərbaycan poeziyası nümunələrindən özbəkcəyə tərcümələr etmişdir.
Həmçinin "Bir-birinə şagird, bir-birinə ustad", "Qırx yaşlı
Azərbaycan", "Səməd Vurğuna", " Qardaş Azərbaycan
pambıqçılarına", "Xəzər"... adlı şeirlərində Azərbaycana olan
məhəbbəti səmimi şəkildə ifadə olunub.
Qeyd edək ki, gələcəkdə bu
əməkdaşlıq çərçivəsində Gənc Tamşaçılar Teatrının Özbəkistana qastrol səfəri
planlaşdırılır.